Məhkəmə qərarları › İş №2-2(103)-892/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-892/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-892/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(113)-2646/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 005XOH********** nömrəli xx.xx.2023 tarixli ödəniş tapşırığına əsasən 100 manat “Bakı 18 saylı” Mediasiya Təşkilatının bank hesabına İddiaçı MMC tərəfindən köçürülmüşdür.

2. İddiaçı MMC “satıcı” Cavabdeh QSC “alıcı” olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli 1984/20M nömrəli müqaviləyə əsasən “satıcı” “alıcı”ya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “qiymətlərin razılaşdırılması protokolu”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “alıcı” isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini “satıcı”ya ödəməyi və malları qəbul etməyi öhdəsinə götürür.

3. xx.xx.2022 tarixli M-11 nömrəli malların təhvil-qəbul aktında ümumilikdə 5.273,71 manat, 949,27 manat ƏDV məbləği olmaqla cəmi 6.222,98 manat məbləğində malların təhvil verildiyi qeyd edilmişdir. Akt, "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş, Hüseynov adlı şəxs təhvil alan kimi göstərilmişdir.

4. EBBX seriyalı, 508255 nömrəli, xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 6.222,98 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ödənilməsi üçün təqdim edilmişdir.

5. Dövlət Vergi Xidməti ƏDV sub-uçot hesabı çıxarışından məlum olur ki, xx.xx.2022 tarixində 949,27 manat Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

6. Cavabdeh QSC-yə göndərilmiş xx.xx.2023 tarixli pretenziya məktubunda 5.271,33 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks halda 10 iş günü ərzində ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 5.273,71AZN (beş min iki yüz yetmiş üç manat 71 qəpik) məbləğində əsas borc, 1.054,74 AZN (min əlli dörd manat, 74 qəpik) məbləğində dəbbə pulu, 100 (yüz) AZN məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh QSC arasında malların alqı-satqısına dair xx.xx.2020- ci il tarixli 1984/20M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı "xxxx" MMC satıcı, Cavabdeh QSC isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimə və “malların təhvil qəbul” aktından aydın olur ki, xx.xx.2022-ci il tarixində satıcı tərəfindən 6.222,98 AZN (altı min iki yüz iyirmi iki manat, 98 qəpik) (ƏDV daxil) məbləğində mal alıcıya satılmışdır. Alıcının satıcıya etdiyi ödənişləri təsdiq edən çıxarışlardan da görünür ki, 949,27 AZN (doqquz yüz qırx doqquz manat, 27 qəpik) ƏDV məbləği, həqiqətən də İddiaçı MMC-yə köçürülmüşdür. Lakin, alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malın dəyərini təşkil edən 6.222,98 AZN (altı min iki yüz iyirmi iki manat, 98 qəpik) (ƏDV daxil) məbləğindən Cavabdeh QSC tərəfindən 949,27 AZN (doqquz yüz qırx doqquz manat, 27 qəpik) ƏDV məbləği köçürülmüş,əsas məbləğ olan 5.273,71 AZN (beş min iki yüz yetmiş üç manat 71 qəpik) isə bu günki günə qədər cavabdeh tərəfindən ödənilməyib. Cavabdehin iddiaçıya olan borcundan əlavə tərəflər arasında bağlanmış 1984/20M saylı müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, əsas borc 5.273,71 AZN (beş min iki yüz yetmiş üç manat 71 qəpik) təşkil edir, həmin məbləğin 20 (iyirmi) faizi 1.054,74 AZN (min əlli dörd manat, 74 qəpik) təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablansa, ümumilikdə 5.273,71 + 1.054,74 = 6.328,45 (altı min üç yüz iyirmi səkkiz manat qırx beş qəpik) manat tələb məbləği yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdeh QSC-yə 01 mart 2023-cü il tarixində, 000568 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2646/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia qismən təmin edilərək Cavabdeh QSCdən 5.273,71 manat əsas borc, 256 manat dəbbə pulu, 100 manat məbləğində mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

10. Məhkəmə əsas borcla bağlı qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə göndərilmiş EBBX seriyalı, 508255 nömrəli, xx.xx.2022 tarixli elektron qaimədə 5273,71 manat məbləğində mallar və eyni zamanda 949,27 həmin mallar üzrə hesablanmış ƏDV məbləği göstərilmişdir.

11. Məhkəmə iddia tələbinin dəbbə pulu ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında ödəniş müddətinin razılaşdırıldığını, cavabdeh tərəfindən isə ödəmələrin gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı dəbbə pulu tələbini irəli sürməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə tələb olunan dəbbə pulu miqdarının əsas borca olan nisbətini nəzərə alaraq hesab etmişdir ki, 256 manat dəbbə pulu cavabdehdən tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2646/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tam rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən cavabdehin ödəməli olduğu əsas borc məbləğ 5273,71(beş min iki yüz yetmiş üç) manat 71 (yetmiş bir) qəpik, 256 (ikiəllialtı) manat dəbbə pulu göstərilmişdir. Hesab edirik ki, bu məbləğ qeyri-obyektiv olaraq hesablanmışdır. Belə ki, iddiaçının birinci məhkəmə instansiyasında təqdim etdiyi sübutlar əsaslı deyildir. Təqdim olunan qaimələrdə ki, borc məbləğdən bir qismi iddiaçıya ödənilib. Lakin iddiaçı ödənilən məbləğləri nəzərə almadan iddia qaldırmışdır. Həmin iddia ərizəsi formal olaraq tərtib edilmişdir, iddia ərizəsində göstərilən borc məbləğ artıqlmasıyca hesablanmışdır. Birinci instansiya məhkəməsi iddiaçının təqdimetdiyi sübutları tam şəkildə araşdırmadan iddia ərizəsində qeyd olunduğumiqdarda qətnamə qət etmişdir. Halbuki, birinci instansiya məhkəməsi işə baxarkən məsələni obyektiv, şəffaf və hərtərəfli araşdırmalı və borc məbləği olduğu kimi hesablanması üçün “məhkəməmühasibatlıq ekspertizası” təyin etməliidi. İddia tələbi əsassızdır, cavabdehin iddiaçıya qeyd olunan məbləğdə borcu yoxdur. Bu səbəbdən də hesab edirik ki, birinciinstansiya məhkəməsi işi tamvə obyektiv araşdırmamış qətnamə qəbuletmişdir. İddianın tələb olunan məbləğ hissəsinə nəzərsaldıqda aşkar görülür ki, tələb edilən cəmi borc məbləği düzgün hesablanmayıb. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2646/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdəki alqı-satqı müqaviləsi, xx.xx.2022 tarixli M-11 nömrəli malların təhvil-qəbul aktı, . EBBX seriyalı, 508255 nömrəli, xx.xx.2022 tarixli elektron qaimə ilə təsdiq olunur ki, ƏDV daxil 6.222,98 manat dəyərində mal satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh QSC-yə təhvil verilmişdir. İddiaçı həmin malın dəyərindən 949,27 manat ƏDV-nin ödənildiyini qəbul edərək, qalan borcu tələb etmiş, cavabdeh alqı-satqı müqaviləsi üzrə malın dəyərinin tam ödənilməsi barədə birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.

20. Cavabdeh apellyasiya şikayətində borcun bir hissəsinin ödənildiyini qeyd etsə də, bu barədə şikayətə sübut əlavə etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti yalnız formal mülahizələrə əsaslandığından iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2646/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2646/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar