Məhkəmə qərarları › İş №2-2(103)-892/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-892/2024

17.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-892/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, X11 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh5, Bakı şəhər 38 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, X2 qarşı “səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2- 2(113)-877/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ATSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Qanuni nümayəndə cavabdehlər Bakı Şəhəri 38 Saylı Notariat Ofisi, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, Cavabdeh3, Cavabdeh4, X2 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Xüsusi Notariat ofisinin notariusu İkram Xəlilov tərəfindən xx.xx.2023-cü il tarixli 3M/133, 3M/134 və 3M/135 saylı reyestrlə təsdiq edilmiş səhmlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, iş üzrə iddiaçı Qanuni nümayəndə əsl iddiaçı "xxxx" ASC ilə əvəz edilmişdir.

3. Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia ərizəsi üzrə icraata cavabdeh X4 münasibətdə xitam verilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2-2(113)-769/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2-2(113)-769/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və cəmiyyətin nizamnaməsinə əsasən, səhmlərin alqı-satqısına dair mübahisələndirilmiş əqdlər, iddiaçı "xxxx" ASC ilə əlaqəlidir. Həmin səhmlər, cəmiyyətin idarə edilməsilə, cəmiyyətin əmlaklarına hüquqlarla, itiriləcəyi və ya əldə edəcəyi əmlaklara hüquqlarla birbaşa əlaqəlidir, cəmiyyətin idarəçiliyində mühüm rol oynayır. Həmin səbəbdən də "xxxx" ASC, səhmlərlə bağlı qanunazidd hərəkətlərdən və başqa (borclu) şəxslərdən tələb etmək hüququ ilə müdafiə olunmaq hüququna, yəni, səhmlərin alqı-satqısına dair mübahisəli əqdlərə münasibətdə subyektiv hüquqa malikdir. Digər tərəfdən, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli məktubundan göründüyü kimi Quba Rayon Məhkəməsini 2(027)- 579/2007 saylı, 18 oktyabr 2007-ci il tarixli iddianın təmin olunması barədə qərardadına əsasən X4 məxsus olan "xxxx" ASC-nin 19.106 manat dəyərində 40512 səhmin satılmasına qadağa qoyulmuşdur. 2007-ci il tarixdən 23 fevral 2024-cü il tarixə qədər qadağanın götürülməsi barədə məhkəmənin arxivində heç bir məlumat yoxdur. Göründüyü kimi, hazırki iş üzrə səhmlərlə və həmin səhmlərin alqı-satqılarına dair əqdlərlə bağlı "xxxx" ASC subyektiv hüquqa malikdir. "xxxx" ASC-nin səhmlərinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 3M/133, 3M/134 və 3M/135 reyestr nömrəli müqavilələr cəmiyyəti maraqlarına toxunur. İşin hallarından göründüyü kimi cavabdehlər, iddiaçı "xxxx" ASC ilə əlaqəli səhmlər üzərində həbsin qoyulmasına dair Quba Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(027)-579/2007 saylı, 18 oktyabr 2007-ci il qərardadını qərəzli şəkildə icra etməmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Cavabdeh4 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.

8. Etiraz belə əsaslandırılmışdır ki, iddianı təmin etmə tədbiri iş yekunlaşdığına görə əhəmiyyətini itirdiyindən və iddiaçının subyektiv hüququ olmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehlər məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

18. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

25. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Quba Rayon Məhkəməsinn xx.xx.2007-ci il tarixli 2-579 2007 saylı qərardadına əsasən X4 məxsus olan Quba Nəqliyyat ATSC-nin 19.106 manat dəyərində 40512 səhmin satılmasına qadağa qoyulmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2/xx-xx/2008 saylı qətnaməsi ilə cavabdeh X3 Quba Nəqliyyat ATSC-i üzrə mülkiyyətində olan 39680 ədəd səhmindən dəyəri 768 manat olan 384 ədədinə mülkiyyət hüquqlarının tanınması və səhmlərin səhmdarların reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzinə həvalə edilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu l tarixli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş və səhmlərin qaytarılmasına dair iddia tələbi rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(102)2809/09 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Quba Rayon Məhkəməsinin 2(027)-579/2007 saylı, xx.xx.2007-ci il tarixli iddianın təmin olunması barədə qərardadına əsasən cavabdeh X4 məxsus olan Quba Nəqliyyat ASC-nin 19106 manat dəyərində 40512 səhminin satılması qadağa qoyulduğu və həmin tarixdən xx.xx.2024-cü il tarixə qədər qadağanın götürülməsi barədə məhkəmənin arxivində heç bir məlumat olmadığı qeyd olunmuşdur.

26. İşdə olan xx.xx.2023-cü il tarixli səhmlərin alqı-satqı müqavilələrinə əsasən X6 Milli Depozit Mərkəzinin xx.xx.2023-cü il tarixli, AB47284768 saylı Depo hesabından çıxarışa əsasən Quba şəhəri, Azərbaycan prospekti 210 hüquqi ünvanı olan "xxxx" ASCdə olan 39680 ədəd qiymətli kağızların tam hissəsini Cavabdeh5, Cavabdeh3 Milli Depozit Mərkəzinin xx.xx.2023-cü il tarixli, AB16960133 saylı Depo hesabından çıxarışa əsasən ASC-də olan 41806 ədəd qiymətli kağılarının tam hissəsini Cavabdeh5 və Cavabdeh6 Milli Depozit Mərkəzinin xx.xx.2023-cü il tarixli, AB38204916 saylı Depo hesabından çıxarışa əsasən 35618 ədəd qiymətli kağızlarının tam hissəsini Cavabdeh5 satmışdır.

27. İddiaçı iddianı təmin etmə tədbiri olmasına baxmayaraq səhmlərin alqı-satqısının qanunsuz olmasına istinad edərək, əqdin etibarsız hesab edilməsini xahiş etmişdir. Tələbin maddi hüquqi əsası Mülki Məcəllənin 329.1-ci maddəsidir.

28. Məhkəmə qeyd etmişdir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.

29. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

30. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ATSC tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli 3M/133, 3M/134 və 3M/135 saylı reyestrlə təsdiq edilmiş səhmlərin alqı-satqı müqavilələri alıcı - Cavabdeh5 ilə satıcılar X6, Cavabdeh3 və Cavabdeh6 Ağalı qızı arasında bağlanmışdır. Acıq Sahmdar Cəmiyyətinin səhmdarları isə onlara məxsus səhmləri nə digər səhmdarların, nə də ki, səhmdar cəmiyyətinin özünün razılığı olmadan istənilən şəxslərə özgəninkiləşdirə bilər. Belə olan halda müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı iddiaçı iddia irəli sürməyə dair subyektiv hüquqa malik olmamışdır.

31. İddiaçının müqavilələrin etibarsız hesab edilməsinə əsas kimi göstərdiyi hal isə Quba Rayon Məhkəməsinn xx.xx.2007-ci il tarixli 2-579 2007 saylı qərardadına əsasən X4 məxsus olan Quba Nəqliyyat ATSC-nin 19.106 manat dəyərində 40512 səhmin satılmasına qoyulmuş qadağadır. Bu arqumetlə bağlı məhkəmə qeyd etmişdir ki, qeyd edilən qərardadın qəbul edildiyi 2007-ci ildə qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin məzmununa əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Quba Rayon Məhkəməsinin sorğuya göndərdiyi cavabdan və sənədlərdən də müəyyən edilir ki, həmin qərardad Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2/xx-xx/2008 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə tətbiq edilmiş, həmin qətnamə isə xx.xx.2009-cü il tarixində (iş üzrə Ali Məhkəmənin qəbul etdiyi qərar tarixi) qanuni qüvvəsini almışdır. Qətnamənin qüvvəyə mindiyi 2009-cü il tarixdən mübahisələndirilən müqavilələrin bağlandığı xx.xx.2023-cü il tarixinə kimi 14 il keçmiş və hələ də Quba Rayon Məhkəməsinn xx.xx.2007-ci il tarixli 2- 579 2007 saylı qərardadı ilə tətbiq edilmiş iddianın təmin tədbirinin qüvvədə olması arqumenti yuxarıda qeyd olunalara əsasən məhkəmə tərəfindən tamamilə əsassız hesab edilmişdir.

32. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddia tələbində irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" ATSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-2(113)-877/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar