Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-893/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsi üzrə avans ödənişi, avans ödənişinin hüquqi təbiəti, sübutetmə) hakimlər X3 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X8 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, Bank "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2864/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC (“Alıcı”) ilə X10 (“Satıcı”) arasında xx.xx.2023-cü il tarixli AK- 381/23 saylı “Avtomaşının alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən “Satıcı” “AUDİ” markalı, “A6 MİNİK” modelli, 2013-cü il buraxılışlı, “WAUZZZ4G3EN060368” ban nömrəli avtomaşını satmağı, “Alıcı” avtomaşını lizinq obyekti məqsədi ilə alıb 29962 manat hissəsini müqavilə şərtləri üzrə ödəməyi öhdəsinə götürmüş, qiymətin 9988 manat hissəsinin avtomaşının sənədləri “Alıcı”ya verildikdən sonra avans şəklində satıcıya ödənilməsi, 29962 manat hissəsinin təhvil-təslim aktı imzalandıqdan sonra “Alıcı” tərəfindən ödənilməsi razılaşdırılmışdır;
2. "xxxx" ASC (“Lizinq verən”) ilə X7 (“Lizinq alan”) arasında bağlanmış 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən “Lizinq verən” lizinq obyektini (2013-cü il buraxılışlı, “AUDİ” markalı, “A6 MİNİK” modelli, “WAUZZZ4G3EN060368” ban nömrəli, ağ rəngli, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil) əldə etməyi və “Lizinq alan”ın müvəqqəti sahiblik və istifadəsinə verməyi, “Lizinq alan” isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüş, “Lizinq alan” tərəfindən bütün ödənişlər və öhdəliklər yerinə yetirdikdən sonra lizinq obyektinə mülkiyyət və sərəncam hüququnu əldə etməsi razılaşdırılmış, “Lizinq alan” tərəfindən 9988 manat ilkin ödəniş edilmiş, müqaviləyə 01 nömrəli əlavə olan ödəniş cədvəli ilə 29962 əsas, 10675,4 manat müfakat borcunun xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ödənilməsi şərtləşdirilmişdir;
3. "xxxx" ASC, X7 və Cavabdeh2 arasında bağlanmış 19 may 2023-cü il tarixli, L/M2-381-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, 11 aprel 2023cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş bütün hüquq və öhdəliklər Cavabdeh2 ötürülmüş, 19 may 2023-cü il tarixli “Təhvil-təslim akt”na əsasən, lizinq predmeti lizinq alan Cavabdeh2 tərəfindən təhvil alınmış, “Daxili maliyyə lizinq müqaviləsi”nə 02 nömrəli əlavə olan ödəniş cədvəli ilə 29357,52 manat əsas, 10151,08 manat müfakat borcunun xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ödənilməsi şərtləşdirilmiş, “Daxili maliyyə lizinq müqaviləsi”nə 03 nömrəli əlavə olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəli ilə 26600 əsas, 7274,62 manat müfakat borcunun xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək edilməsi şərtləşdirilmişdir;
4. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2023-cü il tarixli, 381- 1/23 nömrəli “Zaminlik müqaviləsi”nə əsasən, zamin lizinq verən qarşısında lizinq alanın 19 may 2023-cü il tarixli, L/M2-381-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür;
5. xx.xx.2024-cü il tarixli razılaşmadan sonra ümumilikdə 1270 manat ödəniş edilmiş, həmin məbləğdən 734,31 manat əsas borca, 473,6 manat mükafat borcuna, 62,09 manat isə cərimə borcuna silinmişdir;
6. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”ə əsasən "xxxx" ASC tərəfindən tələb hüquqları Bank "xxxx" ASC-yə ötürülmüşdür. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank "xxxx" ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə Cavabdeh2 arasında bağlanmış 19 may 2023-cü il tarixli, L/M2-381-1/23 saylı “öhdəliklərin verilməsi haqqında müqavilə”dən irəli gələn 22 may 2025-ci il tarixə hesablanmış 4747,52 manat əsas borc, 1719,62 manat faiz borcu, 624,32 manat dəbbə pulu, 0,40 manat bank xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 175 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən X1 ilə "xxxx" ASC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “AUDİ” markalı, “A6 MİNİK” modelli, “SEDAN” tipli, “WAUZZZ4G3EN060368” ban nömrəli, ağ rəngli, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 3.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 11.1-ci bəndinə əsasən, lizinq alan lizinq haqqını lizinq verənə ödəniş cədvəlinə uyğun olaraq ödəməlidir və əmlakın haqqını lizinq verənin hesabına ödəməzsə, ödənişin pozulması baş verir. Bununla da, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəməlidir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 14.1-ci bəndinə əsasən, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, əmlaka xidmət edilməsi, eləcə də cari və əsaslı təmir və buna oxşar digər xidmətlər onun hesabına olmalıdır. “Daxili maliyyə lizinq müqaviləsi”nin 15-ci bəndinə görə, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, müqavilə imzalandıqdan sonra, əmlakın hər cür zədələnməsinə və ya dağılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək, hətta əmlak sıradan çıxsa belə, lizinq ödənişlərini cədvələ uyğun həyata keçirəcəkdir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 18.2-ci bəndinə əsasən, lizinq alanın öz vəzifələrini yerinə yetirməməsinə görə lizinq verənin çəkdiyi bütün məsrəflər, o cümlədən iddia xərcləri lizinq alan tərəfindən ödənilir. 19 may 2023-cü il tarixli, LM-381-1/23 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə Əlavə №2) əsasən Cavabdeh2 illik 21% hesablanmaqla 35 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1128,83 manat, ümumilikdə isə 39508,60 manat məbləğində pulu "xxxx" ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 22 aprel 2024-cü il tarixində lizinq ödənişləri üzrə gecikmə yaranması səbəbindən yeni ödəniş qrafikinin açılması üçün müraciət etmişdir. Nəticədə 22 aprel 2024-cü il tarixli, LM381-1/23 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə Əlavə №3) əsasən Cavabdeh2 illik 21% hesablanmaqla 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1209,81 manat, ümumilikdə isə 33874,62 manat məbləğində pulu "xxxx" ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, "xxxx" ASC ilə Cavabdeh1 arasında 19 may 2023-cü il tarixli, 381-1/23 nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 19 may 2023-cü il tarixli, L/M2- 381- 1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2023-cü il tarixli, 381-1/23 nömrəli “Zaminlik müqaviləsi”nin 2.2-ci bəndinin tələbinə əsasən, zamin öz öhdəsinə götürür ki, lizinqalan müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərcləri və ümumilikdə digər zərərlərin əvəzinin ödənilməsinə görə lizinq verən qarşısında lizinq alanla eyni məsuliyyəti daşıyır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilənin tələbi pozulduğu halda lizinq verən həm borclu, həm də zaminə qarşı müqavilə üzrə tələblərini irəli sürür Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”ə əsasən "xxxx" ASC tərəfindən tələb hüquqları Bank "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq obyekti 28 noyabr 2024-cü il tarixli təhvil-təslim aktı ilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən təhvil alınmışdır. Lizinq obyektinin lizinq alanın istifadəsində olduğu müddət ərzində hesablanmış (22 may 2025-ci il tarixli maliyyə arayışına əsasən) və ödənilməmiş 4747,52 manat əsas borc, 1719,62 manat faiz borcu, 624,32 manat dəbbə pulu olmaqla ümumilikdə 7971,46 manat borcu vardır.
9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2864/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
10.1. "xxxx" ASC, X7 və Cavabdeh2 arasında bağlanmış 19 may 2023-cü il tarixli, L/M2-381-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən X2 Seymur Bəhram oğluna 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə tələb hüquqlarını güzəşt etmiş, öhdəliklərini vermiş, Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS- B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”ə əsasən isə "xxxx" ASC Bank "xxxx" ASC-yə 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə tələb hüquqları güzəşt etmişdir. Beləliliklə, 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə lizinq verənin yerini "xxxx" ASC, lizinq alanın yerini isə Cavabdeh2 tutmuşdur, hər bir tərəf müqavilədən irəli gələn etirazları digər tərəfə qarşı irəli sürə bilər. 10.2. 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nin 21.1- ci maddəsinə əsasən, Lizinq verən bu müqaviləni xitam edə bilər, əgər: Lizinq alan lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq iki dəfə lizinq haqqını ödəməzsə. 10.3. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur. 10.4. Məhkəmə qeyd edir ki, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə ödənişlərin edilməsinə dair öhdəliyi əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, tərəflərin “Daxili maliyyə lizinq müqaviləsi”nə 03 nömrəli əlavə olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən lizinq obyektinin cavabdehin istifadəsində olduğu xx.xx.2024-cü il tarixədək ödənilməli lizinq ödənişlərinin cəmi 8670,3 manat (aylıq lizinq ödənişi 1209,81 manat * 7 ay = 8468,67 manat + 5 günün lizinq ödənişi 201,635 manat (1209,81 manat : 30 gün * 5 gün) olmuş, cavabdeh tərəfindən cəmi 1207,91 manat (cəriməyə silinən 62,09 manat nəzərə alınmadan) ödəniş edilmişdir. Beləliklə, müəyyən olunur ki, cavabdeh öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuş, lizinq verənin lizinq müqaviləsindən birtərəfli qaydada imtina hüququ yaranmışdır. 10.5. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2- ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 10.6. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). 10.7. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, cavabdehlər iddiaçı tərəfindən lizinq obyektinin geri alındığını bildirmiş, iddiaçı isə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı təqdim edərək lizinq obyektinin geri alındığını təsdiqləmişdir. Belə olan halda, 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” lizinq verənin iradə ifadəsinin lizinq alana çatdığı, yəni lizinq obyektinin lizinq alandan alındığı xx.xx.2024-cü il tarixdən xitam edilmiş hesab edilməlidir. 10.8. Məhkəmə iddia tələbinin əsaslılığının qiymətləndirilməsi üçün lizinq alan tərəfindən edilmiş 9988 manat avans ödənişinə münasibətdə aşağıdakıları qeyd edir. 10.9. 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə lizinq alan lizinq obyekti üzrə 9988 manat məbləğində avans ödənişi etmiş, həmin müqavilə üzrə öhdəliklərin verilməsi ilə yanaşı tələblər də hazırkı iş üzrə Cavabdeh2 güzəşt edilmişdir. Lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. 10.10. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı çəkilən xərclər, yəni avans kimi ödənilən məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. 10.11. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini lizinq alan çəkmişdir. Lizinq alanı isə hazırki iş üzrə cavabdeh əvəz etmişdir. 10.12. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbini təşkil edən və ödənilməyən 6467,14 (4747,52 manat əsas + 1719,62 manat mükafat borcu) manat lizinq ödənişindən avans məbləği olan 9988 manat çıxılmalıdır. 10.13. Məhkəmə tələb edilən 624,32 manat dəbbə puluna münasibətdə isə göstərir ki, Müqavilənin 11.1-ci bəndinə əsasən, lizinq alan lizinq haqqını lizinq verənə ödəniş cədvəlinə uyğun olaraq ödəməlidir və əmlakın haqqını lizinq verənəin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla da, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəməlidir; 10.14. Məhkəmə kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alaraq belə hesab edir ki, cərimə məbləğinin 624,32 manat müəyyən olunması ağlabatan və ədalətlidir və bu hissədə də tələbdən avans ödənişi çıxılmalıdır. 10.15. Beləliklə, iddiaçının ödənilməyən lizinq ödənişi 6467,14 manat və dəbbə pulu 624,32 manat tələbindən (cəmi 7091,46) avans məbləği olan 9988 manat çıxıldıqda müəyyən olunur ki, qeyd olunan məbləğlər avans məbləği ilə tam əhatə olunur. 10.16. Məhkəmə prosessual qənaət prinsipinin tələbini rəhbər tutaraq hesab edir ki, əsas borc üzrə iddia əsassız olduğundan zaminin məsuliyyət və hazırkı iddiaya cavab verib-verməməsi məsələsinin qiymətləndirilməsinə zərurət yoxdur.
11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 193.1, 194.1, 194.2, 196, 199.1, 522.1, 524, 421.2, 748-1.12, 748-1.12.4, 748-10.1, 748-11.1, 748- 11.1.2, 750-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2864/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı Bank "xxxx" ASC apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. lizinq verənin Mülki Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Lizinq obyektinin dəyəri 39950 manat təşkil etmişdir. 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə lizinq alan lizinq obyekti üzrə 9988 manat məbləğində avans ödənişi edildikdən sonra qalıq məbləğ 29962 manat təşkil etmişdir. Həmin məbləğ üzrə lizinq Alana ödəniş qrafiki açılmışdır. 19 may 2023-cü il tarixli, LM- 381-1/23 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (11 aprel 2023-cü il tarixli 381/23 saylı“Daxili maliyyə lizinq müqaviləsi”nə Əlavə №2) əsasən Cavabdeh2 29357.52 manat məbləğində lizinq ayrılmışdır. Cavabdeh2 isə illik 21% hesablanmaqla 35 aylıq müddətə hər ay sabit məbləğ olmaqla (faiz daxil olmaqla) 1128,83 manat, ümumilikdə isə 39508,60 manat məbləğində pulu "xxxx" ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 22 aprel 2024-cü il tarixində lizinq ödənişləri üzrə gecikmə yaranması səbəbindən yeni ödəniş qrafikinin açılması üçün müraciət etmişdir. Yeni qrafikə əsasən əvvəlki ödənişlər nəzərə alınaraq Cavabdeh2 onun müraciəti əsasında 26600 manat mələğində yeni qrafik açılmışdır. Göründüyü kimi istər öhdəliklər 19 may 2023-cü il tarixdə Seymur Bəhram oğluna ötürüldüyü zaman, istərsə də 22 aprel 2024-cü il tarixində yeni qrafik açılan zaman əvvəlki ödənişlər nəzərə alınmışdır. Yeni qrafik açıldıqdan sonra lizinq obyekti təhvil verilənə qədər cavabdehlərin 4747,52 manat əsas borc, 1719,62 manat faiz borcu, 624,32 manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə tərəfindən isə bütün bu xüsusatlar nəzərə alınmamışdır. Bununla da AR Mülki Məcəlləsinin 748-10.1 və 748-13.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən işə qeyri-obyektiv və qərəzli yanaşılmış, iş materialları hərtərəfli araşdırılmamışdır. Təqdim edilmiş iddia tələbini təsdiq edən maliyyə arayışı və digər iş üzrə əhəmiyyət kəsb edən sənədlərə lazımi qiymət verilməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmçinin məhkəmə tərəfindən hər hansısa bir ekspertiza təyin edilmədən, iş üzrə təqdim edilmiş maliyyə arayışı, ödəniş cədvəlləri, cavabdehin müraciət ərizələri və digər sənədlər nəzərə alınmadan, məhkəmə tərəfindən heç bir fakta, sübuta əsaslanmadan iddia rədd edilmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
22. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın.
23. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
24. Maddə 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir.
25. Maddə 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.
26. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
27. Maddə 524. Öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz.
28. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
29. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
30. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:
31. Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
32. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
33. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.
34. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
45. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
46. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarına əsasən Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir.
47. İşin mübahisəsiz halı ondan ibarətdir ki, lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq lizinq alan öz öhdəliyini lazımınca yerinə yetirməmiş və lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə MM-nin 750-ci maddəsinin tələblərinə görə lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmalı olduğundan Lizinq verənin lizinq obyektini əldə edərkən qənaət edilmiş xərclərinə eyni zamanda lizinq alan tərəfindən həyata keçirilmiş ilkin ödəniş də daxildir.
49. 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən “Lizinq alan” tərəfindən 9988 manat ilkin ödəniş edilmiş, müqaviləyə 01 nömrəli əlavə olan ödəniş cədvəli ilə 29962 əsas, 10675,4 manat müfakat borcunun xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ödənilməsi şərtləşdirilmişdir.
50. “Daxili maliyyə lizinq müqaviləsi”nə 03 nömrəli əlavə olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən lizinq obyektinin cavabdehin istifadəsində olduğu xx.xx.2024-cü il tarixədək ödənilməli lizinq ödənişlərinin cəmi 8670,3 manat (aylıq lizinq ödənişi 1209,81 manat * 7 ay = 8468,67 manat + 5 günün lizinq ödənişi 201,635 manat (1209,81 manat : 30 gün * 5 gün) olmuş, cavabdeh tərəfindən cəmi 1207,91 manat (cəriməyə silinən 62,09 manat nəzərə alınmadan) ödəniş edilmişdir.
51. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda, lizinqə verilmiş avadanlıqlar yalnız lizinqverənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edildiyindən lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avans məbləğinin ümumi borcdan çıxılmalı olub-olmadığı mülki qanunvericiliyin müvafiq normalarına və müqavilə şərtlərinə əsasən həll edilməlidir.
52. İş materallari ilə müəyyən edilir ki, lizinqalan tərəfindən lizinq müqaviləsi üzrə 9988 manat ilkin ödəniş həyata keçirilmiş, 19 may 2023-cü il tarixli, L/M2-381-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən öhdəliklərin verilməsi ilə yanaşı tələblər də hazırkı iş üzrə Cavabdeh2 güzəşt edilmişdir.
53. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı çəkilən xərclər, yəni avans kimi ödənilən məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini lizinq alan tərəfindən çəkildiyi işin mübahisəsiz halıdır. Hazırki işdə isə lizinq alanı cavabdeh əvəz etmişdir.
54. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.
55. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2864/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamə dərhal qanuni qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.