Məhkəmə qərarları › İş №2-2(103)-894/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-894/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-894/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1872/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli URL- 013/20220609 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müqavilədə nəzərdə tutulan malları alıcıya satmağı, alıcı isə alınmış malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9028,50 (doqquz min iyirmi səkkiz manat 50 qəpik) manat əsas, həmin məbləğə hesablanmış 1625,13 (bir min altı yüz iyirmi beş manat 13 qəpik) manat ƏDV, cəmi 10653,63 (on min altı yüzəlli üç manat, 63 qəpik) manat, alqı-satqı müqaviləsinin 4.3-cü maddəsinə əsasən borcla bərabər hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında 191,76 manat cərimə, mənəvi zərərə görə 20.000 (iyirmi min) manat, maddi ziyana görə 10.000 (on min) manat, hüquqi xidmətə görə ödənilmiş 600 (altı yüz) manat, ödənilmiş 200 (iki yüz) manat mediasiya rüsumu, həmçinin 30 manat məhkəmə rüsumu tutulalaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, o, müqaviləyə əsasən, satılacaq məhsulların dəyəri 9028,50 manat əsas vəsait xx.xx.2022-ci il tarixli 377104/00034 saylı ödəniş tapşırığına və həmin məbləğə hesablanmış 1625,13 manat ƏDV xx.xx.2022-ci il tarixli **********182223 saylı bildirişə əsasən, cəmi 10653,63 (on min altı yüz əlli üç manat, 63 qəpik) manat pul vəsaiti Cavabdeh MMC-nin bank hesabına ödənilmişdir. Lakin həmin müqavilənin 4.1-ci maddəsinə əsasən malların dəyəri tam ödənilsə də, sifariş verilmiş mallar 3 gün müddətində alıcıya təhvil verilməmiş və hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında cərimə borcunun yaranmasına səbəb olmuşdur.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, seriya: EBBY №: 000228 xx.xx.2022 tarixli elektron qaiməyə əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mallar iddiaçıya təqdim edilmiş, qaimə qüvvədədir, ləğv olunmamış və çox guman ki, vergidə də əvəzləşdirilmişdir. Belə olan halda həmin elektron qaimənin qüvvədə olmasına baxmayaraq iddiaçı əsassız olaraq cavabdehə qarşı iddia ərizəsi vermişdir, çünki qaimə ilə malların alınması təsdiq edilir. Cavabdeh tərəfindən iddiaçıya borc yoxdur və iddiaçı heç bir əsası olmayan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1872/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 9.028,50 (doqquz min iyirmi səkkiz manat 50 qəpik) manat əsas, həmin məbləğə hesablanmış 1.625,13 (bir min altı yüz iyirmi beş manat 13 qəpik) manat ƏDV, cəmi 10653.63 (on min altı yüz əlli üç manat, 63 qəpik) manat, 191,76 manat cərimə məbləği, ödənilmiş 200 (iki yüz) manat mediasiya rüsumu, 12,54 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin istinad etdiyi hallara lazımi hüquqi qiymət verməmiş və ümumiyyətlə araşdırmamışdır. Məhkəmə yalnız iddiaçının mövqeyindən çıxış etmiş, Cavabdeh MMC-nin mövqeyi ilə maraqlanmamış, cavabdeh tərəfimdən sübutların təqdim edilməsinə şərait yaratmamışdır. Məhkəmə tərəfindən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

13. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

18. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.

19. Hazırki işdə də həmin maddənin bütün dispozisiya şərtləri mövcuddur.

20. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması, eləcə də alıcı (iddiaçı) tərəfindən 9.028,5 manat, ümumilikdə isə (ƏDV daxil) 10.653,63 manat məbləğində əşyaların dəyərinin əvvəlcədən satıcının (cavabdehin) bank hesabına ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.

21. Eyni zamanda, cavabdeh müqavilə üzrə malları alıcıya təhvil verməmişdir.

22. Çünki cavabdeh malları təqdim etməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

23. Cavabdehin istinad etdiyi 00228 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə isə bunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən tam ödəniş həyata keçirildikdən 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi təhvil veriləcək malların qabaqcadan ödənilməsi tərəflər arasında müqavilə şərti ilə razılaşdırılmış haldır. Həmin şərtə uyğun olaraq da 000228 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ödəniş olmuşdur. Ona görə də, həmin qaimə ilə hər hansı malın təhvil verilməsi təsdiq olunmur.

24. Bundan əlavə, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının audiovideo yazısından müəyyən edilir ki, cavabdehin nümayəndəsi malların təhvil vermədiyini etiraf etmiş və müqavilədə göstərilən bütün malların təhvil verilməsi üçün müəyyən müddətin verilməsi ilə bağlı sədrlik edənin təklifinə razılıq vermişdir.

25. Göründüyü kimi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə alıcı malların dəyərini satıcıya ödəmiş, satıcı isə həmin əşyaları alıcıya təhvil vermək vəzifəsini vəzifəsini yerinə yetirməmişdir.

26. Ona görə də, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsində təsbit edilmiş hüququndan istifadə edərək təhvil verilməmiş mallara görə ödədiyi 9.028,5 manat, ümumilikdə isə (ƏDV daxil) 10.653,63 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

27. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

28. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən razılaşdırılmışdır ki, malın təhvil verilməsinin və “alıcı”ya çatdırılmasının gecikdirilməsi halında “satıcı” “alıcı”ya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 01%-i miqdarında cərimə ödəməlidir.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərini, işin hallarını, o cümlədən tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğu nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 191,76 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə iddianı tam təmin etmişdir.

30. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin həm hazırlıq, həm də məhkəmə baxış iclaslarında iştirak etmiş və izahatlar vermişdir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi malların təhvil vermədiyini etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə isə belə olan halda iddiaçı tərəf həmin faktı sübut etmə vəzifəsindən azaddır. Həmçinin, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtinə görə malların təhvil verilməsi halını sübut etmək vəzifəsi satıcıya (cavabdehə) aiddir.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlilləri isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1872/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar