Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-895/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə3 və vəkili Vəkil, cavabdehin nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı-nın Cavabdehnə qarşı “borcun silinməsi və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.01.2019-cu il tarixli, 2-2(82)-93/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, qanunsuz və əsassız olaraq hesablanmış 459 986.00 manat borcun silinməsi və dəymiş zərərin əvəzi olaraq 100 000 (yüz min) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki olaraq mənzil tikintisi, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi ilə məşğul olur. Cavabdeh tərəfindən İddiaçı-nın 500 şagirdlik məktəb binasının və idman kompleksinin qazanxanası üçün 18 mart 2011-ci il tarixli qaz təchizatı üçün Texniki Şərt, həmçinin, “Qurtuluş 93” yaşayış kompleksi üçün 15 noyabr 2011-ci il tarixli qaz təchizatı üçün Texniki Şərt verilmişdir. Cari ilin 01 avqust tarixində əraziyə nəzarət edən əməkdaşlar gələrək borcun olduğunu bildirmişlər və xəbəri olmadan MTK-ya verilən qazı dayandırmışlar. Cari ilin iyul ayının 18-i üçün iddiaçının qalıq borcunun 459986 manat olduğu bildirilmişdir. Aşağıda qeyd olunanlar sübut edir ki, sözügedən məbləğ şişirdilmiş və əsassız hesablanmış məbləğdir. 2017-ci ilin yanvar ayından müəssisəyə məxsus qaz sayğacını götürüb aparmış, bu səbəbdən də 2017-ci il yanvar və fevral aylarında müəssisədə qaz sayğacı olmamışdır. İki ay sonra sayğacı geri gətirmişlər. Yanvar və fevral aylarında sayğac olmasa da qaz işçiləri özlərindən məbləğlər uyduraraq borc kimi yazmışlar. Sayğacı geri qaytardıqdan sonra sayğac əvvəlki aylara nisbətdə qat-qat artıq hesablamalar aparmağa başlamışdır. Həmin maraqlı vəziyyət 2018-ci il üçün müəyyən edilmiş borc cədvəlində də təsdiqini tapır. Belə ki, cari ilin yanvar ayı üçün 186519,80 manat, fevral ayı üçün 180176,19 manat, mart ayı üçün 235936,80 manat, aprel ayı üçün 152814,40 manat borc hesablanmışdır. Göründüyü kimi, 2017-ci il mart və aprel aylarında qeyd olunan məbləğ ilə 2018-ci il mart və aprel aylarında qeyd olunan məbləğ bir-birinə ziddir. 2017-ci ilin aprel ayında ən yüksək məbləğ hesablansa da bu il isə mart ayı üçün ən yüksək məbləğ hesablanılıb. Hesablanmış 459986 manat 2017-ci ildən bu vaxta qədər cavabdeh tərəfin əməkdaşlarının etdikləri qanunsuzluğun nəticəsidir. Sözügedən məbləğin hansı qaydada, hansı meyarlar əsasında hesablanmasına heç bir aydınlıq gətirilmir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-93/2019 saylı, 16 yanvar 2019cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 317.476,02 manat borcun silinməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.07.2019-cu il tarixli 2-2(103)-228/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsinin iddianın qismən təmin olunaraq, Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 317476,02 manat borcun silinməsi hissəsində (mübahisələndirilən hissədə) ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-512/19 saylı, 22.11.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 iyul 2019-cu il tarixli 2-2(103)-228/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.09.2020-ci il tarixli 2-2(103)-140/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-93/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə dəyişdirilməsi, həmin hissədə iddianın qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 257405,58 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.05.2021-ci il tarixli 2-2(102)-89/21 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 2-2(103)-140/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin yanvar və fevral ayının ilk 6 günü sayğacsız dövr üçün təbii qazdan istifadə etmişdir. Sayğacsız dövr üçün əvvəlki ilin (2016-cı ilin) eyni dövrü üçün normativ hesabat aparılmışdır. Tərəflər arasında bununla bağlı heç bir narazılıq olmamışdır. Abonent saldosuna baxıldıqda da 2017-ci ilin müvafiq dövrü ilə 2016-cı ilin müvafiq dövrü arasında heç bir fərq olmamışdır. Aparılmış hesabatlar arasında olan xırda fərq isə ayın günlərinə görə yaranmış fərqdir. Qaz sərfiyyatına görə yaranmış məbləğ fərqləri isə 2016-cı ilin dekabr ayından Tarif Şurasının qərarına əsasən qeyri-əhali abonentləri üçün qazın hər m3 üçün ödəniş 20 qəpik olduğundan ödənişlərdə artım olmuşdur. 2018-ci il üçün iddiaçının ödəməli olduğu məbləğ sərfiyyata uyğun hesablanmışdır. İddiaçının qaz sayğacı istismara yararlı olduğu üçün qaz xəttinin üzərinə quraşdırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və kommersiya işinin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin mahiyyəti ondan ibarətdir ki, iddiaçının bildirdiyinə görə 2017-ci ilin yanvar ayında cavabdehin əməkdaşları tərəfindən xəbərdarlıq edilmədən və hər-hansı akt tərtib edilmədən iddiaçıya məxsus sayğac çıxarılmış, iki aydan sonra yerinə qaytarıldıqda isə sayğac düzgün işləməmiş, ziddiyyətli və düzgün olmayan formada borc hesablanmışdır. İddiaçıya 2017-ci ilin yanvar və aprel aylarında və 2018-ci ilin aprel ayınadək 459,986 manat borc hesablanmış, lakin həmin borcun hesablanma qaydası barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə 18.05.2021-ci il tarixli 2-2(102)-89/2021 saylı qərarında qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən istinad edilən Qaydalarda müəyyən edilmiş sayğacın çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfini müəyyən edərkən “Abonentin saldosuna” və “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın hesablanması haqqında” aktlar adlı sənədlərə istinad etmişdir. “Abonentin saldosu” adlı sənədlər işin 1-ci cildinin 168-170-ci səhifələrində və 2-cildin 56-59-ci səhifələrində mövcuddur ki, onlarda əks olunmuş borc göstəriciləri müxtəlifdir. Lakin hər iki sənəddən və təqdim edilmiş aktlardan göründüyü kimi, “Abonent” qismində “**********00700 01/15920 "xxxx" MTK qeyd olunmuşdur. İşin halları ilə isə "xxxx" MTK ilə iddiaçı müəssisə arasında hər hansı hüquqi bağlılığı, onlara məxsus abonent kodlarına dair məlumatlar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyini nəzərə alıb və iş materiallarını araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maraqlarının müdafiəsindən də bəhs olunur. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-in 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında iddiaçının istinad etdiyi kimi abonentin sayğacsız işləməsi səbəbindən hesablamaların aparılmasına dair 5 ədəd akt mövcuddur. Həmin aktlar 28.11.2016-cı il tarixli ******* nömrəli (38721,2 manat borc), 20.12.2016-cı il tarixli ******* nömrəli (154679,40 manat borc), 31.01.2017-ci il tarixli ******* nömrəli (145418,80 manat borc), 06.02.2017-ci il tarixli ******* nömrəli (23457,60 manat borc) və 31.03.2017-ci il tarixli 000253 nömrəli (16288,4 manat borc) aktlardır ki, həmin aktların surətlərindən də görünür ki, sayğacsız dövr üçün qaz sərfi üzrə borc məbləğləri "xxxx" MTK-ya hesablanmışdır. "xxxx" MTK-nın abonent kodu **********00700 kimi qeyd edilmişdir. "xxxx" MTK-ya məxsus abonent saldosundan da həmçinin görünür ki, yuxarıda qeyd edilən aktlara əsasən hesablanmış borc məbləğləri abonent saldosunda öz əksini tapmış, əksinə iddiaçıya münasibətdə aktlar olmadığı kimi, qeyd edilən aktlarda müəyyən edilən məbləğlər də iddiaçının abonent saldosunda öz əksini tapmamışdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MTK-ya yazılmış 31.03.2017-ci il tarixli 000253 nömrəli akt "xxxx" MTK tərəfindən həmçinin möhür vurulmaqla təsdiq edilmişdir. Sonda məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə bir tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara, xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də adi qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Hazırkı halda isə iddiaçı nə Konstitusiya ilə, nə qanunlarla, nə də ki, digər normativ hüquqi aktlarla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı subyektiv hüququnun olmasını əsaslandırmır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2019-cü il tarixli 2-2(82)- 93/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bektaşi İlham Kərimli
Məhkəmə qərarları › İş №2-2(103)-895/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-895/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver