Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-896/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Şəmistan oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1048/2019 saylı 19 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 12 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında 05 oktyabr 2009-cu il tarixdə bağlanmış “Kabel kanalizasiya qurğularından və paylayıcı şkaflardan birgə istifadə haqqında” müqaviləyə 09 noyabr 2009-cu il tarixdə daxil edilmiş 2 saylı əlavə protokolun cavabdehin ödəniş öhdəlikləri ilə bağlı təxirəsalıcı şərt müəyyən edən bəndinin cavabdehin mənfəətlə işlədiyi 2014-cü maliyyə ilinin sonundan qüvvədən düşməsi, cavabdehin iddiaçının infastrukturundan istifadəyə görə hər ay ödənişlər etməli olan və ondan 01.08.2019-cu il tarixədək icra edilməmiş öhdəlikləri üzrə yaranmış 1.973.101,85 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1048/2019 saylı 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 593.487,52 manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, iddianın rədd edilən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Eyni zamanda həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-506/2020 saylı 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, 19 dekabr 2019-cu il tarixli qətnamənin dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə 451.073,00 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 20 manat vəsaitin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-220/2021 saylı 16 iyun 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin olunması, cavabdehin kassasiya şikayətinin isə təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 506/2020 saylı 12 noyabr 2020-ci il tarixli qətnaməsinin qismən – iddianın təmin edildiyi hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddiaçının iddiasının təmin edildiyi hissədə yoxlanılır. Apellyasiya baxışı zamanı iddiaçının vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Şəmistan oğlu ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə edildiyini və bununla bağlı barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (maddə 191.2). Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə iddianın təmin edildiyi hissədə ləğv olunmalı və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 263, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərəflər arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər təsdiq edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2- 2(103)-896/2021 saylı iş üzrə mübahisələndirilən borc məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş və iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən tərtib edilmiş tələb olunan məbləğ Cavabdeh MMC tərəfindən tam olaraq ödənilmişdir.
2. Tərəflər təsdiq edirlər ki, "xxxx" MMC-yə məxsus fiber-optik liflərdən Cavabdeh MMC-nin istifadəsinə dair, "xxxx" MMC-nin kabel-kanalizasiya qurğularından Cavabdeh MMC tərəfindən istifadə edilməklə kabellərin çəkilməsi və kabellərin həmin qurğularda saxlanılmasına dair, "xxxx" MMC-yə məxsus EATS binalarında Cavabdeh MMC-yə aid avadanlıqların yerləşdirilməsinə dair, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə telekomunikasiya xidmətlərinin (portların icarəsi, telefoniya və s.) təqdim edilməsinə dair yeni müqavilələr bağlamışlar.
3. Tərəflər təsdiq edirlər ki, hazırki barışıq sazişinin 2-ci bəndində istinad edilən yeni müqavilələrdən hər biri bağlandığı tarixdən etibarən həmin müqavilələrin predmetinə dair tərəflər arasında daha əvvəl mövcud olan bütün razılaşmalar qüvvədən düşmüşdür.
4. Tərəflər təsdiq edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2- 2(103)-896/2021 saylı iş üzrə tərəflər arasında mübahisəli məsələ qalmamışdır.
5. Tərəflər təsdiq edirlər ki, "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-896/2021 saylı iş üzrə mübahisələndirilən borc məbləğləri ilə əlaqədar hər hansı iddiası yoxdur və olmayacaq.
6. Tərəflər bu sazişi imzalayaraq bəyan edirlər ki, bu sazişin şərtləri və müddəaları üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərə zidd deyildir.
7. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 153.2.2, 191.1 191.2, 161.0.2 və 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər.
Bu barışıq sazişi 3 nüsxədə tərib olunur və imzalanır.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1048/2019 saylı 19 dekabr 2019cu il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov