Məhkəmə qərarları › İş №2-2(103)-9/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-9/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-9/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdeh Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı hərracın yekunlarına dair protokolun və alqı – satqı müqaviləsinin bağlanması tələbinə dair Açar söz: protokolun və alqı – satqı müqaviləsinin bağlanması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, üçüncü şəxs X9 və vəkili X1 iştirakları ilə, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdeh Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı hərracın yekunlarına dair protokolun və alqı – satqı müqaviləsinin bağlanması tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(113)-1053/2021 nömrəli qətnaməsindən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin sübutlar əsasında müəyyən olunmuş mübahisəsiz hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə Sabunçu rayon icra və probasiya şöbəsinin sifarişi əsasında Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən tutma yönəldilmiş üçüncü şəxs X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilin satışı üçün xx.xx.2020-ci il tarixində İ hərrac, xx.xx.2020-ci il tarixində İİ hərrac keçirilmiş, əmlak hərracda satılmadığından ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə yəni 38250 manata tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə təklif edilmişdir.

2. İşdən görünür ki, 2-ci hərracın baş tutmaması barədə elan “Birja yenilikləri” qəzetində xx.xx.2020-ci il tarixdə dərc edilmişdir.

3. Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən "xxxx" BOKT MMC-yə ipoteka predmetinin əldə edilməsi üçün xx.xx.2020-ci il tarixli 01/512 saylı təklif məktubu göndərilmişdir.

4. TBC Kredit BOKT MMC Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 1572/HO-OUT saylı məktubda təklifin qəbul edildiyi qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə X7 rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, au/2002 saylı məktubda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı hərracların baş tutmadığı və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayanın hərracın baş tutmadığı gündən 30 gün ərzində ipoteka predmetini əldə etmədiyi qeyd edilərək qanunun 43.8-ci maddəsinə uyğun olaraq 26-10 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunun icrasını yekunlaşdırma məqsədilə icra şöbəsinə göndərilməsi qeyd olunmuşdur.

6. Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ipoteka predmetinin əldə edilməsi üçün "xxxx" BOKT MMC-yə tərəflərindən 01/512 saylı, xx.xx.2020-ci il tarixli təklif məktubu göndərilmiş, tələbkar tərəfindən 1572/HO-OUT saylı, xx.xx.2020-ci il tarixli əmlakı əldə etmə razılıq məktubu təşkilatlarına xx.xx.2020-ci il tarixində daxil olmuş, lakin qeyd olunan əmlakla bağlı xidmət haqqının ödənilməsi ilə bağlı hesab faktura təşkilatdan tələb olunmadığından tələbkara təqdim edilməmiş və bu səbəbdən tələbkar əldə etməmiş və tərəflərindən 01/2001 saylı, xx.xx.2020-ci il tarixli məktubla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə uyğun olaraq sifariş məktubunun icrasını yekunlaşdırmaq məqsədi ilə Sabunçu rayon icra və probasiya şöbəsinə geri qaytarıldığı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı iş üzrə 20 fevral 2019-cu il tarixli icra sənədi üzrə ipoteka predmeti X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilinin keçirilmiş hərracın yekunlarına dair protokol və alqısatqı müqaviləsinin bağlanması vəzifəsinin Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC X8 və X6 qızına qarşı “kredit borcunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması” tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-88/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixində qəbul etdiyi qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cəmi 47729,01 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınması, ipoteka predmeti olan X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə açıq hərracdan satılması və cavabdehlərin ipoteka predmeti olan ərazidən 1 ay ərzində çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi cavabdehlərin apellyasiya şikayətlərini 2(103)- 7165/19 saylı iş üzrə 30 may 2019-cu il tarixdə qəbul etdiyi qərarla qismən təmin etmiş, faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilməsi, faiz borcunun 8174,48 ABŞ dolları, cəmi borcun isə 45455,04 ABŞ dolları olmasını müəyyən etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 7379/2019 saylı iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2019-cu il tarixli Qərarla təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmış və “İcra Haqqında” AR Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi "xxxx" MMC-yə Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı olan Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi "xxxx" MMC-nin təşkilatçılığı ilə “açıq hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 01 №-li və xx.xx.2020-ci il tarixli 01/2 saylı bildirişlərlə kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7165/2019 saylı iş üzrə 30 may 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmetinin 30 mart 2020-ci il tarixdə hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından və Covid19 virusunun yaratdığı pandemiya şəraiti ilə bağlı olaraq cavabdehin fəaliyyət müəyyən müddətə qadağan edildiyi üçün növbəti hərrac xx.xx.2020-ci il tarixli 01 №-li və xx.xx.2020-ci il tarixində 02 nömrəli bildirişlə təkrar hərracın xx.xx.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. Lakin, təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti 38250 manata "xxxx" MMC-nə təklif olunmuşdur. İddiaçı cavabdehin ipoteka predmetini əldə etmək təklifinə cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olduğunu 30 oktyabr 2020-ci il tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etmişdir. “Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi "xxxx"MMC 19 noyabr 2020-ci il tarixli məktubla 26-10 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunu “İpoteka haqqında” Qanununun 43.7-ci maddəsinə əsasən AR ƏN Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qaytarmışdır. Cavabdeh tərəfindən təşkilata hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsi üçün heç bir sənəd və hesab-faktura və ya elektron hesab-faktura təqdim edilməmişdir, buna görə də xidmət haqqının ödənilməsi tərəflərindən mümkün olmamışdır. Əlavə olaraq təkliflə bağlı 30 oktyabr 2020-ci il tarixli № 1572 nömrəli cavab məktubu, həmin əmlakın "xxxx" MMC tərəfindən qəbul edilməsini təsdiq edir. Qeyd olunanları nəzərə alaraq, cavabdehin hərrac sənədlərini icra məmuruna qaytarılması əsassız hesab edilməli, hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsinin bağlanması “Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulmalıdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1053/2021 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia təmin edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlarla Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2021-ci il tarixli təklif məktubuna tələbkar "xxxx" BOKT MMC xx.xx.2020-ci il tarixli əmlakı əldə etmə barədə razılıq məktubu təsdiq olunur.

11. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi təklifində (ofertada) Mülki Məcəllənin 408.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada (Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.) xidmət haqqının nə qədər təşkil etməsi, hansı hesaba ödənilməli olması və digər məlumatları qeyd etmədiyindən, o cümlədən "xxxx" BOKT MMC-nin akseptini aldıqdan sonra da bu məlumatları sonuncuya təqdim etmədiyindən əsassız olaraq müddət bitdikdən sonra sifariş məktubunu icra edilmədən icra şöbəsinə qaytarmışdır. Yəni, "xxxx" BOKT MMC təklifin qəbulu ilə bağlı müəyyən olunmuş müddət ərzində məlumat verilməklə müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, Hərrac Mərkəzinin üzərinə düşən vəzifələri yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmadığından iddia təmin edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Üçüncü şəxs qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1053/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracda iştirakçı olmamağının səbəbi bildirişlərin hərracı keçirən tərəfindən düzgün göndərilməməsidir və hesab etmək olar ki, təkrar hərracda da bu səbəbdən əmlaka ilkin satış qiyməti ilə eyni qiymət qoyulmalı idi, lakin hərracı keçirən düzgün şəkildə hərracın keçirilməsi qaydalarına riayət etmədiyi üçün və həmin hərraca yenidən qiymət qoyulmasında yanlışlığa yol verildiyi üçün hərrac nəticələri etibarsız hesab edilməlidir. Bundan əlavə hərrac yalnız təkrar hərrac olmaqla 2 dəfə keçirilə bilər və Mülki Məcəllədə yalınız bir təkrar hərracın keçirilməsi qaydası nəzərdə tutulub. Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahat vermişdir ki, həmin ipoteka predmeti olan əmlak 3 dəfə hərraca çıxarılmış və daha sonra "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə satın alınması üçün təklif etmişdir. 3-cü dəfə hərracın keçirilməsi qanunsuz olduğundan və X4 hərracın keçirilməsində iştirakı təmin olunmadığından həmin hərracın nəticələri ləğv olunmalıdır və TBC Kredit” Bank Olmayan Kredit X3 Cəmiyyətinin iddiası təmin olunmamalıdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Üçüncü şəxs X9 və vəkili X2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişlər.

15. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.4-cü maddə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 414-cü maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanun: 42.4-cü maddə hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddə- hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7-ci maddə-bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddə-təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddə-ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 17.Qətnamə üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1053/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsinin tələbləri baxımından düzgün həll etməmişdir.

20. İşdəki sübutlara əsasən məhkəmə müəyyən edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən üçüncü şəxs X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin açıq hərracda satışı üçün Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə sifariş verilmiş, xx.xx.2020-ci il tarixdə İ hərrac, xx.xx.2020-ci il tarixdə İİ hərrac keçirilmiş, əmlak hərracda satılmadığından hərraclar baş tutmamış elan edilmiş, bu barədə xx.xx.2020-ci il tarixdə elan dərc edilmiş və əmlak ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə yəni 38250 manata tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMCyə təklif edilmiş, bankın bu əmlakı xx.xx.2020-ci il tarixədək əldə etmək hüququ olmuşdur.

21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il qərardadında qeyd edilmişdir ki, “təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır... “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır. ...O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir....“İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər... Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.... Məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.”

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə 43.7-1-ci maddədə nəzərdə tutulmuş, təkrar hərrac baş tutmadıqda ipotekasaxlayanın ipoteka predmetini əldə etməsi üçün 30 günlük müddət kəsici müddət olmaqla müddətin axımı təkrar hərracın baş tutmadığı elan edildiyi vaxtdan başlayır və ipotekasaxlayanın ipoteka predmetinin əldə edilməsinə iradə ifadəsi hər hansı bir təklif məktubunun cavablandırılmasında deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalamansına nail olmaq üçün aktiv hərəkətlərin edilməsində ifadə olunur.

23. Hazırkı halda iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilin satışı üçün xx.xx.2020-ci il tarixində keçrilmiş İİ hərracın baş tutumaması barədə elan dərc edildiyi tarixdən 30 təqvim günü ərzində əmlakın əldə edilməsi məqsədilə təklifə cavab məktubundan başqa hər hansı hərəkət etdiyini (ödənişin edilməsi üçün hesabın tələb edilməsi və s) iddia etmir və bu məktubu göndərməklə, yəni tələbkar kimi ipoteka predmetini əldə etməyə iradə ifadəsi olduğunu bildirməklə öz vəzifəsini bitmiş hesab edir.

24. Cavabdeh Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin isə bu müddət ərzində yekun protokolun imzalanmasında əsassız imtina etməsi və yaxud yayınması halı iş materialları ilə təsdiq edilmir. Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi işdəki xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, xidmət haqqının ödənilməsi barədə hesab faktura bank tərəfindən tələb edilmədiyi üçün tələbkara təqdim edilməmiş, bu səbəbdən əmlak əldə edilməmişdir.

25. İddiaçının xx.xx.2020-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, yalnız həmin tarixdə iddiaçı cavabdehə müraciət edərək hərracın xidmət haqqının ödənilməsi üçün hesab fakturanın təqdim edilməsini xahiş etmişdir.

26. Göründüyü kimi, iddiaçı ipoteka predmetini əldə etmək üçün qanunla nəzərdə 30 günlük müddəti ötürdüyündən iddia tələbinin təmin edilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən olunmur.

27. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçının TBC Kredit BOKT MMC Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 1572/HO-OUT saylı məktubun həqiqətən cavabdehə təqdim edildiyi əsaslı şübhədən kənar sübutlarla təsdiq edilmir. Belə ki, Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi işdəki xx.xx.2021-ci il tarixli məktubunda bankın təklifə cavab məktubunun Mərkəzə xx.xx.2020-ci il tarixdə daxil olduğunu qeyd etsə də, X7 rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda bu barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan əlavə iddiaçının xx.xx.2020-ci il tarixli məktubunun sürətli poçt xidməti tərəfindən çatdıtılmasının təsdiqi barədə iddiaçı tərəfindən təsdiq edilmiş qəbzin surətindən görünür ki, sənədin çatdırılma tarixinin üzərində düzəliş edilməklə “xx.xx.2020-ci il” qeyd edilmişdir.

28. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxsin nümayəndəsinin vəsatətinə əsasən məhkəmə tərəfindən Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə iddiaçının qeyd edilən məktubunun həqiqətən xx.xx.2020-ci il tarixdə Mərkəzə daxil olduğunun təsdiq edilməsi üçün müvafiq qeydiyyat kitabının təqdim edilməsi barədə sorğu verilmiş, Hərrac Mərkəzi qeydiyyat kitabını baxış keçirilməsi üçün təqdim etmək əvəzinə məhkəməyə kitabdan çıxarış adlı özü tərəfindən tərtib edilmiş sənəd göndərmişdir.

29. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsaslı olduğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair iş üzrə gəldiyi nəticə əsassız hesab edilir.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 1053/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1053/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar