Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-90/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndələri X3 və X9 Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndələri X7 və X1 (etibarnamə əsasında) iştirakları, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019cu il tarixli, 2-2(81)-214/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə yenidən apellyasiya qaydasında məhkəmənin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC 21 sentyabr 2018-ci il tarixdə Cavabdeh İKB ASC-yə (hazırkı adı "xxxx" ASC) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İKB ASC-dən 67838,93 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 67868,93 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabe qurumu olan X8 Stansiyası ilə Cavabdeh X5 Açıq Səhmdar Cəmiyyəti arasında rabitə xidmətlərinin (şəhərlərarası, beynəlxalq, sifarişli (107)) rabitə xidməti və.s) göstərilməsi barədə 11 may 2016-cı il tarixli 13043 saylı müqavilə imzalanmışdır.Müqavilənin 2.2.1-ci bəndinə əsasən istifadəçi Cavabdeh İKB ASC hər ay müəssisə tərəfindən göstərilmiş xidmət haqlarını təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq BATS-a ödəməlidir.Lakin, Cavabdeh İKB istifadəsində olan (012) ***-**-** saylı telefondan 21.07.2017- 24.07.2017-ci il tarixlərdə xarici ölkələr istiqamətində edilmiş 104358.78 dəqiqə zənglər nəticəsində yaranmış 67838,85 manat danışıq haqqı üzrə borcu ödəməkdən imtina edir. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdeh İKB-yə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc tam ödənilməmiş, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün dəfələrlə hər iki tərəfin nümayəndə heyətinin iştirakı ilə görüşlər keçirilmiş, lakin bu görüşlərin də heç bir nəticəsi olmamışdır. Cavabdeh iddiaçı tərəfin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməmiş, lakin cavabdehin istifadəsində olan telefondan aparılan beynəlxalq zənglər, beynəlxalq operatorlara məxsus kanallar üzərindən ötürüldüyündən və danışıqlar beynəlxalq operatorların stansiyalarında qeydiyyata alındığından mübadilə edilən trafikin həcminə görə beynəlxalq operatorlarla hesablaşmalar aparılaraq ödənişlər olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-214/2019 saylı, 26.02.2019-cu il tarixli qərardadı ilə (hakim S.Nuriyeva) iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. 26.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2019-cu il tarixli, 7425 №-li məhkəmə ekspertizası rəyi məhkəməyə daxil olmuşdur. İş hakim A.Hüseynin Bakı Apellyasiya Məhkəməsinə təyinatı ilə bağlı hakim M.Əkbərovun icraatına verilmişdir. Hakim M.Əkbərovun ezamiyyətinin bitməsi ilə bağlı iş hakim S.Nuriyevanın icraatına verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli, 2-2(81)-214/2019 nömrəli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iddiaçı "xxxx" MMC-dən ekspertiza xərcinin əvəzi olaraq 61,17 (altmış bir manat on yeddi qəpik) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir. 30.01.2020-ci il tarixdə verilmiş icra vərəqəsi (hakim Z.Pirverdiyev) icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsində tələbkar "xxxx" MMC, borclu Cavabdeh İKB ASC göstərilmişdir. 19.02.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə iddiaçının öz tələbini sübuta yetirə bilmədiyini qeyd etmiş və ekspert rəyinə əsaslanaraq iddianı rədd etmişdir. Lakin ekspert rəyinin Cavabdeh İKB ASC-yə aid hissəsində iddiaçının avadanlıqlarının testləşdirildiyinə dair məlumatın olmaması, eyni zamanda, istifadə etdikləri avadanlıqların içərisində CİSCO «İP» telefon aparatlarının mövcud olduğu qətnamədə qeyd edilməmişdir. Bu baxımdan da məhkəmə ekspert rəyindəki ziddiyyətlərə qiymət verməmişdir. Məhkəmə tərəflər arasındakı müqavilənin mübahisələndirilən 2.5-ci bəndinə hər hansı qeyd verməmişdir. Müqavilənin həmin bəndi ilə cavabdeh öz üzərinə son rabitə qurğularını (faks, paralel telefon, kompüter, mini ATS və s.) rabitə müəssisəsində qeydiyyatdan keçirərək, ona dair preyskuranta uyğun və vaxtında ödəniş aparmaqla istifadə etmək vəzifəsini götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən istifadə olunan avadanlıqların qeydiyyatdan keçmədiyi təsdiq edilsə də, məhkəmə buna münasibət bildirməmişdir. Göründüyü kimi, mübahisəyə səbəb olmuş telefon zəngləri hətta «Fraud» xarakterli olsaydı, bunun məsuliyyəti cavabdehin üzərində idi. Çünki, yalnız cavabdehin istifadəsində «İP» qurğular olmuş və müqavilə şərtlərinə zidd olaraq istifadə olunan qurğular rabitə müəsissəsində qeydiyyata alınmamışdır. Bundan əlavə, iş üzrə mütəxəssis qismində işə cəlb edilmiş DİN Baş İnformasiya - Kommunikasiya İdarəsinin əməkdaşı Elmar İbrahimov bildirmişdir ki, kiber hücumlarla bağlı məsələlərin araşdırılması ilə Xüsusi Dövlət Mühafizə Xidməti məşğul olur (Mülki Məcəllənin 443.1, 448.2 və MPM-in müddəalarına istinadən şikayətin təmin edilməsi xahiş olunur). İş Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Əhmədovun icraatına verilmişdir. Hakim İ.Əhmədovun iş yerinin dəyişməsi ilə əlaqədar olaraq iş hakim C.Yusifovun icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-255/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər C.Yusifov, R.Qurbanov, V.Baxışova) iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-214/2019 saylı 27.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-307/2020 saylı, 30 sentyabr 2020ci il tarixli qərarı ilə (hakimlər B.Qəribov, A.Hüseynov, İ.Dadaşov) iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 2 iyun tarixli, 2- 2(103)-255/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə şikayətin bu dəlili ilə bağlı yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsinin mütəxəssis qismində cəlb olunmuş əməkdaşının birinci instansiya məhkəməsində kiber (konkret halda “Fraud” dolandırıcı xarakterli) hücumların XDMX-in səlahiyyətində olması və belə hallarda cinayət işinin açılmasını bildirdiyi izahatına istinad etmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, XDMX-nın əməkdaşının cəlb edilməsi ilə bağlı iddiaçının verdiyi vəsatətin təmin olunmamasının əsaslandırılmaması və yalnız yuxarıda göstərilən mütəxəssisin izahatına istinad olunması prosessual qanunvericiliyin əvvəldə göstərilən müddəalarının tələbi baxımından məqbul hesab edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən XDMX-in səlahiyyətli nümayəndəsi mütəxəssis qismində cəlb edilməli, həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də rəyinin alınması məsələsi müzakirə olunmalıdır.” Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciətlər ünvanlanaraq mütəxəssisinin məhkəmə iclasında iştirak etməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi X12 izahat verərək, bu tipli zənglərin qarşısının alınmasının hər bir müəssisənin rabitənin dayanıqlılığının təşkil edilməsi üçün əsas borclarından biri olduğunu, bu halların baş verməsinin işçi-personalın bilərəkdən və yaxud bilməyərəkdən şəbəkəni virusa yoluxdurma, lokal şəbəkə və yaxud da internet çıxışı olduğu halda, internet çıxışı üzərindən baş verə biləcəyini, əldə olunmuş ***-**-** nömrəsinin ilkin baxışdan göründüyü kimi 30 kanallı iki ədəd siqnallaşma kanalı ilə ATS ilə bank arasında müqavilə bağlanaraq bağlantını əldə etdiyini, bu qoşuntunun əsasında abunəçiyə xidmət olunduğunu, bu müqavilə əsasında həm bank tərəf, həm Rabitə Nazirliyi arasında müvafiq müqavilə bağlandığını, həmin müqavilədə hansı tərəflərin hansı məsuliyyətləri öz üzərinə götürmələrinin qeyd olunmasına nəzər salmağın məqsədəuyğun olduğunu, məsələnin araşdırılması vaxtında olsaydı, məqsədəuyğun ola biləcəyini, bağlantının bank ilə Aztelekom arasında birbaşa olmadığını, hər hansı müdaxilə ehtimalının olduğunu, bu proses 3 ATS-dən keçdiyini, məsələnin vaxtında araşdırılsaydı, kəsintinin hansı zamanda edilməsi müəyyən oluna biləcəyini qeyd etdi. Əlavə olaraq, müdaxilənin adətən bank tərəfindən olduğunu, hesablanmanın MHN mərkəzi tərəfindən həyata keçirildiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin mütəxəssisi X4 izahat verərək, Həmkarımın izahatını müdafiə etdiyini və hər hansı bir əlavəsinin olmadığını bildirdi. Üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və yazılı münasibətini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İş materiallarında olan: - Aztelekom” MMC X8 Stansiyası (müəssisə) və Cavabdeh İKB ASC (istifadəçi) arasında bağlanan 13043 saylı, 11 may 2016-cı il tarixli rabitə xidmətlərindən istifadə barədə müqavilədən görünür ki, bu müqavilə müəssisə ilə istifadəçi arasında rabitə xidmətləri göstərilməsi və xidmət haqqının yığımı ilə bağlı münasibətləri tənzimləyir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, rabitə müəssisə tərəfindən hər ayın 1-dən 15-dək göstərilmiş xidmət haqları təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq hər ayın 20-dək ödəniş aparılmasını, eləcə də hər ayın 16-dan ayın sonunadək göstərilmiş xidmət haqlarının növbəti ayın 10dək ödənilməsini təmin etmək istifadəçinin vəzifəsidir. - "xxxx" MMC BATS X11 19.09.2018-ci il tarixli arayışdan görünür ki, 11 may 2016cı il tarixli 13043 saylı müqaviləyə əsasən Cavabdeh İKB ASC-nin "xxxx" MMCnin BATS-ına 19.09.2018-ci il tarixinə 67838,93 manat borcu vardır. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Cavabdeh İKB ASC-nin adı "xxxx" ASC olaraq dəyişdirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2019-cu il tarixli 7425 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “ekspert tərəfindən hərtərəfli tədqiqat aparılmış və aşağıdakı nəticəyə gəlinmişdir. - «1. 21.07.2017- 24.07.2017-ci il tarixlərdə (012)-440-86-41 nömrədən xarici ölkələrə icra olunmuş zənglər aşkar edilmiş hallara əsasən, “FRAUD” xarakterli zənglərdir; -bir anda çox sayda zənglərin icrası onların “İP” səs rabitəsi üzərindən icrasını bildirir və əməkdaşlar (ümumiyyətlə insan faktoru) tərəfindən edilməməsini bildirir; -əldə olunmuş “LOG” tipli məlumatlar əsasında kiberhücumların izləri aşkarlanmamışdır. Bu halda dəqiqliklə hücumun hansı mənbədən və İP ünvanlardan icra olunmasını, kimlər tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmur. -belə qənaətə gəlmək olar, danışıq trafikin oğurlanması ilə əlaqədar ehtimal olunan hücumlar ortaq bir nöqtədən irəli gələn hücumdur və təşkilatın infrastrukturuna aidiyyəti yoxdur. - 2. "xxxx" MMC-yə məxsus avadanlıqlara baxış keçirərkən müəyyən olunmuşdur ki, cihazlar mütəmadi olaraq sertifikatlaşmadan keçir, avadanlıqlar işləyir və təyinatı üzrə yararlıdır; - Qurumda quraşdırılan avadanlıqlar əsasən beynəlxalq trafikin yönəltməsi və hesablaşmaların aparılması üçün nəzərdə tutulmuşdur. - -“Alcatel” markalı “1000 S12” modelli ATS cihazlar mütəmadi olaraq testləşdirilir, həmin cihazlara və sistemə kənardan qoşulma, internetə çıxış və “İP” protokolun dəstəyi imkanları mövcud deyil.» - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış HP № 084242 seriya və nömrəli, 09.08.2017-ci il tarixli X15-Fakturaya əsasən 13043 №-li Ş/H üzrə iyul ayının aylıq borcu – 73338,3600 manat təşkil etmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış EAAC № 150004 seriya və nömrəli 04.08.2017-ci il tarixli elektron qaiməyə əsasən 13043 №-li Ş/H üzrə iyul ayının aylıq borcu – 73338,3600 manat təşkil etmişdir. - Cavabdeh İKB ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 22.09.2017-ci il tarixli, 02-2837 №-li məktubda qeyd edilmişdir ki, "xxxx" MMC ilə Bank arasında 25.09.2017-ci il tarixində saat 17:00-da baş tutacaq görüşdə Bank adından X14 Nikoloz Şurqaia və İnformasiya Texnologiyaları departamentinin nümayəndələrinin iştirak edəcəyi və görüşün təşkil edilməsinə və Banka məxsus telefonlara tərəflərindən xidmət göstərilməsi dayandırılmadığına görə təşəkkür etdikləri qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2) Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehdən 67838,93 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 67868,93 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2019-cu il tarixli 7425 nömrəli ekspert rəyində (ekspert Məmməd Ramazanov) Cavabdeh İKB ASC-nin avadanlıqlarının testləşdirildiyinə dair məlumatın olmaması, onların istifadə etdikləri avadanlıqların içərisində CİSCO İP telefon aparatlarının mövcud olduğu göstərilmişdir. Göründüyü kimi cavabdehin istifadəsində “İP” qurğuları olmuş və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həmin qurğuların qeydiyyatdan keçməsi iş materialları ilə təsdiqini tapmamışdır. Tərəflər arasında bağlanmış 13043 saylı, 11 may 2016-cı il tarixli rabitə xidmətlərindən istifadə barədə müqavilənin 2.3-cü bəndinə əsasən sertifikatı olmayan və nasaz cihazların (telefon aparatı, faks, kompyüter və s.) şəbəkəyə qoşulmasına yol verməmək, telefondan yalnız təyinatı üzrə istifadə etmək istifadəçinin vəzifəsidir. Həmin müqavilənin 2.5-ci maddəsindən görünür ki, son rabitə qurğularını (faks, paralel telefon, kompyuter, mini ATS və s.) rabitə müəssisəsində qeydiyyatdan keçirərək, ona dair preyskuranta uyğun vaxtında ödəniş aparmaqla istifadə etmək istifadəçinin hüquq və vəzifələri sırasında göstərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş diskdən müəyyən edilir ki, cavabdehin istifadəsində olan rabitə vasitələri ilə müxtəlif vaxtlarda, Somali, Kuba, Vunuatu, Yamayka , Tunis, Mavritaniya, Mali, Qvineya və s. xarici dövlətlərlə telefon əlaqəsi yaradılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" ASC-dən 67838,93 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 67868,93 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, "xxxx" MMC-nin tabe qurumu olan X8 Stansiyası ilə Cavabdeh İKB ASC arasında rabitə xidmətlərinin (şəhərlərarası, beynəlxalq, sifarişli (107)) rabitə xidməti və.s) göstərilməsi barədə 11 may 2016-cı il tarixli 13043 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən istifadəçi cavabdeh hər ay müəssisə tərəfindən göstərilmiş xidmət haqlarını ona təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq ödəməlidir. İş materiallarından müəyyən edildiyi kimi, cavabdehin istifadəsində olan müvafiq telefondan 21.07.2017 - 24.07.2017-ci il tarixlərdə Albaniya, Benin, Bolqarıstan, Bosniya və Herseqovina, Burundi və s. xarici ölkələr istiqamətində edilmiş 104.358.78 dəqiqə zənglər nəticəsində 67838,93 manat danışıq haqqı üzrə borcu yaranmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən qeyd edilən zənglərin “Fraud” xarakterli olması və zənglərin onlar tərəfindən edilməməsi qeyd edilsə də, cavabdeh tərəfindən bu hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmələri, həmçinin bankın daxili araşdırma aparılması barədə hər hansı sənəd-sübut iş materiallarında mövcud deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan işin birinci instansiya icraatı zamanı 27.12.2019-cu il tarixli məhkəmə iclas protokolunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunukasiya İdarəsinin mütəxəssisi (ekspert) Elmar İbrahimovun iştirak etdiyi göstərilsə də, onun səlahiyyətlərini təsdiq edən etibarnaməsi, xidməti vəsiqəsinin surəti, mütəxəssis və ya ekspert olması barədə sənəd iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istifadəsində olmuş “İP” qurğularının tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən qeydiyyatdan keçirilməsi müəyyən edilmədiyindən, həmçinin mütəxəssisin izahatına əsasən bu tipli zənglərin qarşısının alınmasının həmin müəssisənin əsas öhdəliklərindən biri olduğundan, bu halların baş verməsinin əsası kimi işçi-personalının şəbəkəni bilərəkdən və yaxud bilməyərəkdən virusa yoluxdurmasından irəli gəldiyindən və bank tərəfindən qeyd edilən məsələ vaxtında araşdırılma aparılmadığından, dolayısı ilə bankın hərəkəti və ya hərəkətsizliyi nəticəsində borc məbləği yarandığından hazırkı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli, 2-2(81)-214/2019 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli, 2-2(81)-214/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin xeyrinə cavabdeh "xxxx" ASC-dən 67.838,93 manat (altmış yeddi min səkkiz yüz otuz səkkiz manat doxsan üç qəpik) borc və 30 (otuz) manat dövlət rüsumu cəmi 67.868,93 manat (altmış yeddi min səkkiz yüz altmış səkkiz manat doxsan üç qəpik) tutulsun. Cavabdeh "xxxx" ASC-dən ekspertiza xərcinin əvəzi olaraq 61,17 (altmış bir manat on yeddi qəpik) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-90/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-90/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver