Məhkəmə qərarları › İş №2-2(103)-90/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-90/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-90/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4057/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(001)-184/2021 saylı qanuni qüvvəyə minmiş hökmü ilə xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus İddiaçı Ticarət Mərkəzində sığort hadisəsinin baş verdiyi xx.xx.2019-cu il tarixdən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 130 saylı inkasso sərəncamının qoyulduğu xx.xx.2023-cü il tarixədək keçən 3 il 5 ay 9 gün ərzində sığortalıya ödənilməli olan sığorta ödənişinin (1.250.000 manat) gecikdirildiyi təxminən 1226 gün üçün 1.532.500 manat dəbbə pulu cavabdeh "xxxx" ASCdən alınaraq bizə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin e-2-2(113)-3485/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 birinci instansiya məhkəməsinə iddia və apellyasiya şikayətindən imtina barədə ərizə təqdim etmiş, iş üzə icraata xitam verilməsini xahiş etmişdir. Hər iki tərəf tərəflərin imzası və notarial qaydada təsdiq edilmiş barışıq sazişini elektron məhkəmə informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPMin 376.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsinə baxaraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, bununla əlaqədar qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Belə olan halda məhkəmə kollegiyası iddiadan imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3485/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəbbə pulunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar