Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-903/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2791/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, **********124 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı bu müqavilə ilə müəyyən olunmuş qaydada alıcının yazılı sifarişi əsasında, bu müqaviləyə əlavə edilmiş 01 saylı sifariş orderində müəyyən olunmuş malları satmağı, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmçinin, tərəflər arasında **********232 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icraçı (iddiaçı) bu müqavilə ilə müəyyən olunmuş qaydada alıcının yazılı sifarişi əsasında, bu müqaviləyə əlavə edilmiş müvafiq sifariş orderində müəyyən olunmuş xidmətlərin aparılması, sifarişçi (cavabdeh) isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
3. Bundan əlavə, tərəflər arasında xx.xx.2021-ci il tarixli, **********436 saylı podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən podratçı (iddiaçı) CCTV kameralarının təchizatı və quraşdırılması işlərini (bir illik ödənişsiz texniki servis daxil) həyata keçirməyi, sifarişçi isə (cavabdeh) müqavilənin ümumi qiymətinin məbləğini podratçı malları sifarişçinin təyin etdiyi sahəyə öz vəsaiti hesabına çatdırdıqdan sonra təqdim etdiyi müvafiq təsdiq edici sənədlər, hesabfaktura və elektron qaimə faktura əsasında 10 iş günü ərzində podratçının bu müqavilədə qeyd edilmiş bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür.
4. Bundan başqa, tərəflər arasında xx.xx.2022-ci il tarixli, **********633 saylı podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən podratçı (iddiaçı) kamera sisteminin təmiri və bərpası işlərini həyata keçirməyi, sifarişçi isə (cavabdeh) 4050 manat məbləği işlər tam icra olunduqdan sonra tərəflərin qarşılıqlı imzaladığı təhvil-təslim aktı, hesabfaktura və elektron qaimə təmin edildikdən sonra 15 təqvim günü ərzində podratçının bu müqavilədə qeyd edilmiş bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya borclu olduğu 15.706,43 manat məbləğində pul, həmin məbləğə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 634,71 manat məbləğində pulun, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul olmaqla, cəmi 16.541,14 manat məbləğində pulun məhkəmə qaydasında alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, iddiaçı ilə cavabdeh 2020-ci ilin ortalarından etibarən malın, işin və xidmətlərin alqı-satqı müqavilələri əsasında kommersiya münasibətlərinə daxil olmuş və hazırkı mübahisənin yarandığı 2022-ci ilin son aylarınadək cavabdehlə əməkdaşlıq edərək ona xidmətlər göstərmişdir. Cavabdeh “iddiaçıya **********124 nömrəli xx.xx.2020-ci il tarixli malların alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş elektron qaimə fakturalarda göstəriləndən 4807,39 manat məbləğində artıq ödəniş etmişdir. Bununla yanaşı, cavabdehin iddiaçı tərəfindən görülən malın, işin və xidmətlərin əsasında təqdim edilmiş elektron qaimə fakturalarda göstərilən məbləğlərdən **********232 nömrəli xidmət alqı-satqı müqaviləsi üzrə 6793,44 manat (qarşılıqlı hesablaşmalarda müqavilənin nömrəsi **********132 kimi göstərilmişdir), **********36 nömrəli 06 dekabr 2021-ci tarixli podrat müqaviləsi üzrə 8941,38 manat; **********633 nömrəli 18 iyul 2022-ci il tarixli podrat müqaviləsi üzrə 4779 manat olmaqla cəmi 20513,82 manat məbləği ödənilməmiş qalmışdır. **********633 nömrəli müqavilə üzrə isə iddiaçıya ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Göstərilən müqavilələr üzrə ödənilməmiş olan 20513,82 manat məbləğindən artıq ödənilmiş 4807,39 manat məbləğini çıxaraq müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya rəsmi qaydada vergi sistemində qeydiyyatdan keçmiş hüquqi qüvvəyə malik olan sənədlər əsasında 15706,43 manat məbləğində qalıq borcu vardır.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, cavabdeh xx.xx.2020-ci il tarixli **********124 saylı alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 03/02/21 saylı hesab-fakturada qeyd edilən 29617,80 manat məbləğ əvəzinə artıq olaraq 47.964,8 mant və xx.xx.2021-ci il tarixli **********436 saylı xidmət alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş 07.12.21-ci il tarixli, 15/12_06 saylı hesab-fakturada qeyd edilən 105.447,43 manat əvəzinə artıq olaraq 112.833,30 manat ödəmişdir. Qeyd olunan müqavilələr üzrə göstərilmiş xidmətlərə və təqdim edilmiş mallara görə xidmət haqları tərəflərindən tam şəkildə ödənilmişdir. Cavabdeh iddiaçıya əlavə olaraq 25.732,87 manat artıq ödəniş etmişdir. Cavabdeh yalnız xx.xx.2022-ci il tarixli 169326 nömrəli və EBBV seriyalı e-qaimədə qeyd edilən 102.186,23 manat məbləğdən xx.xx.2022-ci il tarixli, 001AZ**********3 nömrəli ödəniş tapşırığı əsasında 5109,31 manat az olaraq 97.076,92 manat ödəmişdir. Qeeyd olunan müqavilələr üzrə 25.732,87 manat artıq ödəmədən 5109,31 manat əksik ödəməni çıxanda yerdə 20.623,56 manat artıq ödəmə qalır. Göründüyü kimi, cavabdehin iddiaçıya müqavilələrdən irəli gələn heç bir borcu mövcud deyildir. Əksinə, iddiaçının cavabdehə ödəməli olduğu 20.623,56 manat borcu mövcuddur. Cavabdeh iddiaçıya müqavilə üzrə bütün ödənişləri ödədiyinə görə iddiaçının digər məbləğləri tələb etməsi də əsasızdır.
8. Cavabdeh daha sonra etirazın dəyişdirilməsi barədə ərizə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixli iddia ərizəsinə etirazda iddiaçının cavabdehə ödəməli olduğu borcun məbləği (20.623,56 manat) səhv qeyd edilmişdir. Əslində cavabdeh tərəfindən iddiaçıya 516.254,33 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Lakin iddiaçının təqdim etdiyi hesab-fakturalarda qeyd edilən məbləğlərin cəmi 514.956,45 manat təşkil edir. Göründüyü kimi cavabdeh iddiaçıya tələb olunan məbləğlərdən artıq ödəniş edib (516.254,33 - 514.956,45 = 1297,88) və heç bir borcu mövcud deyildir.
9. İddiaçı təqdim edilmiş etiraz ərizəsinə yazılı mülahizə təqdim edərək göstərmişdir ki, cavabdehin istinad etdiyi xx.xx.2021-ci il tarixli 001AZ**********2 nömrəli ödəniş tapşırığında ödənişin təyinatı və əsas kimi xx.xx.2021-ci il tarixli 03/02/21 nömrəli hesab faktura və seriya EBBA N=200252 elektron qaimə göstərilmişdir. Hesab fakturadakı məbləğ 29617,80 manatdır, e-qaimədəki məbləğ isə 47964,80 manat. Buradan aydın olur ki, pulun köçürülməsi hesab faktura əsasında deyil, e-qaimə əsasında aparılıb və artıq ödəmə yoxdur. xx.xx.2021-ci il tarixli 15/12-06 saylı hesab fakturada qeyd edilən 105.447,43 manat ödənişə dair isə qeyd olunur ki, yuxarıda qeyd edilən birinci ödəniş tapşırığında ödənişin təyinatı və əsas kimi xx.xx.2021-ci il tarixli 15/12-06 nömrəli hesab faktura və seriya EBBM N 256862 və seriya EBBN N691365 e-qaimənin 50% ödənişi göstərilmişdir. Hesab fakturadakı məbləğ 110.997,30 manatdır. Müqavilənin 12-ci bəndinə əsasən 5% tutulma ilə (5549,87) ödəniləcək məbləğ 105447,43 manat müəyyənləşdirilib, e-qaimədəki məbləğ isə 110997,30 manatdır. Eyni zamanda, birinci ödəniş tapşırığına qoşma ilə əlavə edilmiş 79-05 nömrəli, xx.xx.2021-ci il tarixli hesab faktura və ödəniş tapşırığının ödənişin təyinatı və əsas hissədə qeyd edilən 256862 nömrəli e-qaimədə göstərilən 1836 manat məbləği də əlavə edilməklə həmin ödəniş tapşırığı ilə 1-ci hesab faktura və 691365 nömrəli e-qaimədə qeyd edilmiş məbləğin 5% tutulması nəzərə alınmadan 50 faizi+ikinci hesab faktura və elektron qaimədə olan məbləğ toplanaraq ödənilmişdir. xx.xx.2022-ci il tarixli 001AZ**********0 nömrəli ödəniş tapşırığı ilə də həmin tapşırığın ödənişin təyinatı və əsas hissəsində göstərilən seriya EBBN 691364 nömrəli, xx.xx.2021-ci il tarixli e-qaimədə və xx.xx.2021-ci il tarixli 15/12-06 nömrəli hesab fakturada göstərilən eyni məbləğ olan 110997,30 manatdan müqavilənin bəndinə əsasən 5% tutulma (5549,87) nəzərə alınmadan qalıq ödənişi yəni 50 faizi ödənilmişdir. Nəzərə alınsa ki, müqavilənin şərtlərinə görə işlər tam təhvil verildikdən sonra həmin tutulmalı olan 5 faiz məbləğ ödənilməli idi və artıq işlər də tam təhvil verilib, burada da artıq ödəmə yoxdur. Cavabdeh iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ona göndərilmiş prentenziya məktubuna xx.xx.2022-ci il tarixdə yazdığı cavab məktubunda bildirmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə üç müqavilə üzrə hazırki tarixə 15706,44 manat məbləğində borcun yaranması ilə əlaqədar, mühasibatlıq departamentindən bildirilir ki, hal-hazırda İddiaçı MMC-nin Cavabdeh MMC-yə (ƏDV daxil) 1297,88 manat borcu var. Göründüyü kimi Cavabdeh MMC pretenziya məktubuna yazdığı cavabda İddiaçı MMC-nin ona 1297,88 manat borcunun olduğunu, hazırki etirazda isə 20.623,56 manat borcunun olduğunu göstərir. Etirazın 3-cü səhifəsinin 4-cü abzasında doğru olaraq qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli 169326 nömrəli EBBV seriyalı e-qaimədə qeyd edilən 102.186,23 manat məbləği əvəzinə xx.xx.2022-ci il tarixli 001AZ**********3 nömrəli ödəniş tapşırığı ilə 5109,31 manat az olaraq 97076,92 manat ödənilib. Buraya xx.xx.2021-ci il tarixli 001XOH********** nömrəli avans ödənişi tapşırığının qoşma sənədlərinə əlavə edilmiş seriya EBBJ 873669 nömrəli e-qaimədə göstərilən 4836,97 manat əvəzinə 138,12 manat az olaraq 4698,85 manat ödənildiyini və xx.xx.2022-ci il tarixli 001AZ********** nömrəli ödəniş tapşırığında ödənişin təyinatı və əsas bölümündə qeyd edilən seriya EBBU 855203 nömrəli e-qaimədə göstərilən 49.362,73 manat məbləği əvəzinə 2.468,14 manat az olaraq 46.894,59 manat ödənildiyi də əlavə edilsə, müəyyən edilir ki, iddiaçının məhkəməyə təqdim etdiyi etiraz və ona əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş eqaimələrdən təkcə cavabdehin ödənişlər apararkən istinad etdiyi e-qaimələr üzrə cavabdehin iddiaçıya 7715,57 manat borcu mövcuddur.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2791/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
11. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda işin faktiki hallarına istinad olunmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1 və iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
16. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
17. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
23. Belə ki, əsas borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddələri təşkil edir.
24. Lakin hazırki işdə cavabdehdən pulun tutulması üçün əsaslar mövcud deyildir.
25. Belə ki, tərəflər arasında yuxarıda sadalanan alqı-satqı və podrat müqavilələrinin bağlanılması işin mübahisəsiz hallarını təşkil edir.
26. İddia ərizəsində və iddiaya etirazda tərəflər arasında bağlanmış bütün müqavilələrə və çoxlu sayda ödənişlərə istinad olunsa da, tərəflərin izahatlarından mübahisəsiz qaydada müəyyən edilir ki, hazırki mübahisənin predmeti olan 15706,43 manat məbləğində pul vəsaiti tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********124 nömrəli müqavilə üzrə göndərilmiş xx.xx.2021-ci il tarixli EBAY 516251 saylı elektron qaimə üzrə tələb olunur.
27. Cavabdeh bildirir ki, həmin qaimə təkrarən göndərildiyi üçün ödəniş həyata keçirilməmişdir. Belə ki, qaimənin birinci bəndində göstərilən “Fujikura 62S Fusion Splicer” adlı avadanlıq xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimə üzrə təqdim edilmiş və həmin qaimə üzrə bütün ödəniş həyata keçirilmişdir.
28. İddiaçı xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimə üzrə bütün ödənişin həyata keçirildiyini etiraf edir, lakin bildirir ki, xx.xx.2021-ci il tarixli EBAY 516251 saylı elektron qaimə üzrə də mallar təqdim edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2021-ci il tarixdə EBAY 516251 saylı elektron qaimə üzrə malların cavabdehə təhvil verilməsi sübut olunmur.
30. Belə ki, xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimədən görünür ki, həmin qaimə üzrə təqdim edilməli olan mallar və onların dəyəri ayrı-ayrılıqda deyil, birlikdə (bir bənddə) qeyd edilmiş və cəmi məbləğ göstərilmişdir.
31. xx.xx.2021-ci il tarixli EBAY 516251 saylı elektron qaimədən isə görünür ki, həmin qaimə üzrə təqdim edilməli olan mallar və onların dəyəri ayrı-ayrılıqda qeyd edilmiş və sonda ödənilməli olan yekun məbləğ göstərilmişdir.
32. İş materiallarında olan iddiaçının cavabdehə göndərdiyi digər elektron qaimələr və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.3-cü maddəsinin tələblərindən müəyyən edilir ki, elektron qaimədə təqdim edilməli olan mallar və onların dəyəri ayrı-ayrılıqda qeyd edilir və sonda ödənilməli olan yekun məbləğ göstərilir.
33. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli EBAW 628538 sayl elektron qaimə istinad olunan Qaydalara və tərəflər arasında olan təcrübəyə uyğun tərtib edilməmişdir.
34. Cavabdeh də bildirir ki, xx.xx.2021-ci il tarixli EBAW 628538 sayl elektron qaimə məhz səhv tərtib olunduğuna görə, iddiaçının mühasibi təkrar eyni avadanlıq üzrə xx.xx.2021-ci il tarixli EBAY 516251 saylı elektron qaiməni göndərmişdir.
35. Eyni zamanda, hər iki qaimədən görünür ki, “Fujikura 62S Fusion Splicer” adlı avadanlıq həm xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı, həm də xx.xx.2021-ci il tarixli EBAY 516251 saylı elektron qaimədə qeyd olunmuşdur.
36. Həmin avadanlığın adı xx.xx.2021-ci il tarixli EBAY 516251 saylı elektron qaimənin 1ci bəndində yazılmış və qarşısında dəyəri göstərilmiş, xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimədə isə digər avadanlıqlarla birlikdə (bir bənddə) qeyd edilmiş və cəmi məbləğ göstərilmişdir.
37. Hazırda cavabdehdən ödənilməsi tələb olunan məbləğ də yalnız həmin avadanlığın dəyəridir. Qaimədə qeyd olunan digər malların ödənilməsi tələb olunmamışdır.
38. Bundan əlavə, tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaiməni göndərmiş, xx.xx.2021-ci il tarixdə həmin qaimə sistem tərəfindən təsdiqlənmiş, daha sonra iddiaçı özü həmin qaiməni xx.xx.2021-ci il tarixdə ləğvə göndərmiş (qaydalara uyğun olaraq elektron qaiməni ləğvə göndərmək hüququ yalnız onu göndərən şəxsə məxsusdur), bundan 7 ay 11 gün sonra iddiaçı ləğvdən imtina etmiş və buna görə də həmin qaimə sistem tərəfindən avtomatik olaraq təsdiqlənmişdir.
39. Məhkəmə iclasında da xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaiməni məhz xx.xx.2021-ci il tarixli EBAY 516251 saylı elektron qaimənin göndərildiyi xx.xx.2021-ci il tarixdə hansı səbəbdən ləğvə göndərməsi barədə sədrlik edənin suallarına iddiaçının nümayəndəsi ağlabatan cavab verə bilməmişdir (mühasib texniki səhvə yol vermişdir).
40. Bundan əlavə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
41. Hazırki iş üzrə də iş materiallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri çərçivəsində çoxsaylı malların və xidmətlərin alqı-satqısı baş tutmuşdur.
42. Bununla bağlı tərəflər arasında yaranmış işgüzar adətlərə görə əvvəlcə sifarişçi tərəfindən sifariş verilir (təcili hallarda sifariş sonra da verilə bilər), daha sonra işlər görülür və ya mallar təhvil verilir, işlərin görülməsi və ya malların təhvil verilməsi isə təhvil-qəbul aktları ilə təsdiq olunur. Təhvil-təslim aktları tərtib olunmadığı halda isə elektron qaimələrdə malların təhvil verilib-alınmasına dair qeydlər edilir və hər iki tərəf qaiməni imzalayır və möhürü ilə təsdiq edir.
43. İddiaçı bildirir ki, xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimə üzrə sifariş həmin tarixdən əvvəl göndərilmişdir.
44. Cavabdeh isə bildirir ki, işgüzar adətlərə uyğun olaraq sifariş təhvil-təslimdən həm əvvəl, həm də sonra ola bilər. xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimə üzrə sifariş sonra verilmişdir.
45. Mübahisəli “Fujikura 62S Fusion Splicer” adlı avadanlıq üzrə iş materillarında xx.xx.2021-ci il tarixə aid mal-material sifarişi mövcuddur (cild 1, i/v 100).
46. İddiaçı bildirir ki, həmin sifariş xx.xx.2021-ci il tarixli EBAY 516251 saylı elektron qaimə üzrə tərtib olunmuşdur.
47. Cavabdeh isə bildirir ki, həmin sifariş xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimə üzrə tərtib olunmuş, lakin sonradan göndərilmişdir.
48. Kollegiya iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı həmin sifarişin xx.xx.2021-ci il tarixli EBAY 516251 saylı elektron qaimə üzrə tərtib olunduğunu bildirsə də, xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimə üzrə sifarişin olduğunu təsdiq edən digər hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir.
49. Halbuki, yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında yaranmış işgüzar adətlərə görə sifariş hər bir halda mütləq qaydada verilməlidir (işin hallarından asılı olaraq ya əvvəl, ya da sonra).
50. Bununla bağlı iddiaçı xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimə üzrə sifarişin verildiyini təsdiq edən sübut kimi yalnız email yazışmalarını məhkəməyə təqdim etmişdir.
51. Kollegiya hesab edir ki, həmin sənədlər də sübut qismində dəyərləndirilə bilməz. Çünki, istinad olunan email yazışmalarında xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimə üzrə sifarişə dair hər hansı qeyd yoxdur.
52. Göründüyü kimi işin yuxarıda qeyd olunan halların hər biri ayrı-ayrılıqda və birlikdə dəyərləndirildikdə bir daha təsdiq olunur ki, xx.xx.2021-ci il tarixli EBAY 516251 saylı elektron qaimə üzrə iddiaçı tərəfindən cavabdehə hər hansı mal təhvil verilməmiş, həmin qaimə məhz eyni avadanlıq üzrə xx.xx.2021-ci il tarixli EBAW 628538 saylı elektron qaimənin yanlış tərtibatına görə cavabdehə yenidən göndərilmişdir.
53. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi dəlillər əsassızdır. Ona görə də, Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən irəli sürülmüş 15.706,43 manat məbləğində pulun tutulması barədə iddia tələbləri rədd edilməlidir.
54. Həmçinin, həmin tələbdən irəli gələn gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 634,71 manat məbləğində pulun tutulması barədə iddia tələbləri də rədd edilməlidir.
55. Çünki cavabdehin iddiaçı qarşısında pul öhdəliyi yaranmadığı üçün mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən həmin tləbin irəli sürülməsi əsassızdır.
56. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə iddiaçıya aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2791/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı cavabdehin iddiaçıya borclu olduğu 15.706,43 manat məbləğində pul, həmin məbləğə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 634,71 manat məbləğində pulun, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul olmaqla, cəmi 16.541,14 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia rədd edilsin. İddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Cavabdehin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 69,80 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn