Məhkəmə qərarları › İş №2-2(103)-904/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-904/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-904/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-524/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə (3-cü şəxs "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" ASC-yə son 5 ildə hüquqi əsas olmadan artıq ödənilmiş 15.000 manat məbləğində pul vəsaitinin əsassız varlanma qaydasında cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.03.2021-ci il tarixli e-2-2(113)-524/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3514,68 (üç min beş yüz on dörd manat altmış səkkiz qəpik) manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qalan 15 (on beş) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi obyektdə sərf edilmiş elektrik enerjisinin hesablanması və ödəniləcək məbləğin müəyyən edilməsi üçün 3220465M602312 saylı sayğac quraşdırılmışdr. 2010-cu il tarixdə "xxxx" MMC-nin nümayəndələri onlar fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə gələrək həmin şirkət tərəfindən binanın damına "xxxx" MMC-yə məxsus antena yerləşdirmək niyyətində olduqlarını bildirdilər. Aralarında əldə olunmuş razılıq əsasında "xxxx" MMC-nin antenası onlara məxsus qeyri-yaşayış binasında quraşdırıldı və onların elektrik xəttinə qoşuldu. Gələn elektrik xətti eyni olsa da, onlar tərəfdən də "xxxx" ASC-dən müvafiq texniki şərt alınmış, sərf edilmiş elektrik enerjisinin dəyərinin müəyyən edilərək ödənilməsi məqsədilə "xxxx" MMC tərəfindən sayğac quraşdırılmışdır. Uzun illər ərzində iddiaçı tərəfindən elektrik enerjisinin aylıq sərfiyyatı ödənilərkən "xxxx" MMC-nin antenasının istehlak etdiyi elektrik enerjisinin haqqı da onlardan tutulmuşdur. Halbuki, "xxxx" MMC həmin antenanın istehlak etdiyi enerjinin dəyərini ödəmişdir. Onlar bu faktı bu ilin əvvəllərində təsadüfən aşkar ediblər. Belə ki, bu ilin mart ayından etibarən “Covid-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə idman zallarının fəaliyyəti dayandırıldığından onlar da fəaliyyətini tam dayandırdılar və elektrik enerjisindən istifadə etmədilər. Lakin aprel, may və iyun ayı üçün sərf edilmiş elektrik enerjisinə görə ödəniləcək məbləğ barədə bildiriş ünvanlarına göndərilərkən obyektin fəaliyyət göstərməməsinə baxmayaraq müvafiq olaraq 388,80, 460,80 və 380,61 manat borclarının olduğunu müəyyən etdilər. Bundan sonra, onlar aidiyyəti üzrə "xxxx" ASC-yə bu barədə məlumat verdilər və yaranmış problemi ətraflı izah etdilər. "xxxx" ASC-nin nümayəndələri əraziyə gələrək xəttə kənar qoşulma olub olmadığını və fəaliyyət göstərən elektrik cihazlarını yoxladılar. Həmin yoxlama zamanı da müəyyən edildi ki, həmin "xxxx" MMC-nin antenasının istehlak etdiyi elektrik enerjisinin dəyəri paralel olaraq həm də onların sayğaclarına hesablanır. "xxxx" MMC ilə bu barədə əlaqə saxladıqda şirkət tərəfindən bu günə kimi sözügedən antenaya görə "xxxx" ASC-yə müvafiq ödənişlər etdiklərini bildirdilər. Cavabdeh iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 12.11.2020-ci il tarixli 0199/H-429/5263 saylı cavab məktubunda bildirmişdir ki, "xxxx" ASC sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən kompüter məlumatlar bazasında müvafiq düzəliş aparılmış və "xxxx" MMC-yə məxsus olan ötürücünün sərf etdiyi elektrik enerjisinin sərfiyyatı İddiaçı MMC-yə məxsus 73220465 nömrəli elektrik sayğacının sərfiyyatından çıxılır. Göründüyü kimi "xxxx" ASC-nin məktubuna və iş materiallarında ola digər sənədlərə əsasən müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus ötürücü 2010-cu ildən İddiaçı MMCnin elektrik şəbəkəsinə qoşulmuşdur. Həmin ötürücünün sərf etdiyi elektrik enerjisinin hesablanması üçün sayğac quraşdırılmış, abonent kodu verilmiş və "xxxx" ASC tərəfindən quraşdırılmış sayğacın göstəricilərinə əsasən ötürücünün sərf etdiyi elektrik enerjisi hesablanaraq "xxxx" MMC-yə hər ay hesab-fakturalar təqdim edilmişdir. Lakin buna baxmayaraq 2020-ci ilin may ayınadək cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin elektrik enerjisi sərfiyyatı hesablanarkən sözügedən ötürücünün elektrik enerjisi sərfiyyatı iddiaçıya məxsus sayğacın göstəricilərindən çıxılmamış, ötürücünün elektrik enerjisi sərfiyyatına görə borc İddiaçı MMC-yə hesablanmış və həmin borc İddiaçı MMC tərəfindən ödənilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı əsassız varlanma qaydalarına uyğun olaraq həmin borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tam təmin edilə bilməz. Belə ki, iddiaçı elektrik enerjisinin istehlakına görə son 5 ildə (60 ay ərzində aylıq 250 manat) tutulmuş məbləğ, yəni 15000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini irəli sürmüş, lakin həmin pulun hansı qaydada hesablanması ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bununla yanaşı hazırki apelyasiya baxışı zamanı cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilən arayışa göstərilmişdir ki, abonent kodu 12/37-317, uçot nöqtəsi **********16238 olan "xxxx" MMC-yə 2015-ci ilin noyabr-2020-ci ilin may aylarında elektrik enerjisindən istifadəyə görə cəmi 9939,09 manat məbləğində hesabat təqdim edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və 9939,09 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən iki illik müddətin kəsici müddət olması ilə bağlı birinci instansiya məhkəməsinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, həqiqətən də hazıra qədər məhkəmə təcrübəsində həmin müddət kəsici müddət kimi tətbiq edilsə də, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında fərqli hüquqi mövqe əks olunaraq qeyd olunmuşdur ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqeyindən aydın olunur ki, əsassız varlanma ilə əlaqədar tətbiq olunan 2 illik müddət (Mülki Məcəllənin 1095-ci maddəsi) kəsici müddət deyil, iddia müddətidir və onun tətbiq edilməsi üçün Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən tərəfin ərizə verməsi tələb olunur. Hazırki işdə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməyib və ona görə də, iddia müddəti tətbiq edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-524/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-dən 9939,09 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar