Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-906/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-955/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 514163,14 ABŞ dolları (beş yüz on dörd min bir yüz altmış üç dollar, on dörd sent) məbləğinin qətnamənin çıxarıldığı tarix üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizləri ilə birlikdə, ödəniş günü manata olan məzənnə ilə alınaraq «X3ayi və Ticaret Ltd» şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.04.2021-ci il tarixli e-2-2(113)-955/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən malmaterialın 1.973.226,62 ABŞ dolları məbləğində bir hissəsinin ödənişinin edilməsi, 514.163,14 ABŞ dolları məbləğində qalan hissəsinin ödənişinin isə edilməməsi, 514.163,14 ABŞ dolları məbləğində qalan hissənin ödənişi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə pretenziyalar göndərilməsi, hər dəfə cavabdehin xahişləri nəzərə alınaraq sözügedən qalan hissənin ödənişinə möhlət verilməsinin qeyd olunmasına və həmin pretenziyanı almasına baxmayaraq, cavabdeh tərəfindən borcun qalan hissəsinin ödənişinə möhlət verilməsi ilə bağlı etdiyi xahişlərə görə qalan hissənin ödənişinə möhlət verildiyini təkzib etməməsi, əksinə pretenziyaya cavab verməməklə, bununla da pretenziyada göstərilənlərə susmaqla razılığını bildirməsi ilə cavabdeh borcu etiraf etməsini göstərən hərəkətlər etmiş və bununla da, iddia müddətinin axımı kəsilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh MMC arasında 01.07.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı SCHUCO sistemi alüminium panel fasad, klassik çubuq sistemi fasad və doğrama sistemləri ilə birlikdə bu sistemlərə aid olan şüşələr (panel sistemin üzərində 3 mm alüminium fasad örtük lövhə sisinus vizuallıqda alüminium fasad profilləri, alüminium şüşə qorxuluq, fırlanan qapı, paslanmaz giriş saçağı və dam örtük işlərinin polad dam konstruksiyası) alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya bu müqavilə əlavə razılaşmada nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, mal-material Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Malmaterialların ilk hissəsi 09.09.2013-cü il tarixində, son hissəsi 23.10.2015-ci il tarixində olmaqla, 69 dəfəyə göndərilmiş, göndərilmiş bütün mal-material tam həcmdə Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Lakin Cavabdeh MMC tərəfindən mal-materialın 1973226,62 ABŞ dolları məbləğində bir hissəsinin ödənişi edilmiş, 514163,14 ABŞ dolları məbləğində qalan hissəsinin ödənişi isə edilməmişdir. 514163,14 ABŞ dolları məbləğində qalan hissənin ödənişi ilə bağlı cavabdehə tərəflərindən dəfələrlə pretenziyalar göndərilmiş, hər dəfə cavabdehin xahişləri nəzərə alınaraq sözügedən qalan hissənin ödənişinə möhlət verilmişdir. Lakin dəfələrlə möhlət verilməsinə baxmayaraq, cavabdeh qalan hissənin ödənişini etməmişdir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 598.3-cü maddəsinin tələblərinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Hazırki işin materiallarından da görünür ki, iddiaçı tərəfindən müqavilədən nəzərdə tutulan mallar cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və ödənişləri tam həyata keçirməmişdir. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi malların təhvil verildiyini etiraf etmişdir. Eyni zamanda, iddia tələbində qeyd olunan məbləğdə borcun olmadığını bildirmişdir. Bununla yanaşı borcun tam ödənilməsi ilə bağlı sübutları təqdim etməmişdir. Lakin kollegiya hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iddiaçı özü bildirir ki, mal-materialların ilk hissəsi 09.09.2013-cü il tarixində, son hissəsi 23.10.2015-ci il tarixində göndərilmişdir. Hazırkı iddia ərizəsi isə 13.01.2021-ci il tarixdə, yəni sonuncu təhvil tarixindən hesablandıqda 5 il 2 ay 20 gün keçdikdən sonra verilmişdir. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Lakin iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göründüyü kimi borclunun pretenziya məktubuna qarşı susması və ümumiyyətlə hərəkətsizlik etməsi borcun etiraf olunması hallarına aid deyildir. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-955/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-906/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-906/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver