Məhkəmə qərarları › İş №2-2(103)-906/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-906/2025

09.12.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-906/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7304/2024 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarına əlavə edilmiş vergi ödəyiciləri məlumatına əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəridir.

2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin direktoru Maraqlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata, istintaqla müəyyən olunmuş cinayət nəticəsində vurulmuş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 65718 manat məbləğində ziyan və cari bəyannamələrlə hesablanmış 7.80 manat məcburi dövlət sosial sığorta haqları tamamilə ödənildiyindən, Azərbaycan Respublikası CPM-in 40.4-cü maddəsinə əsasən xitam verilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli (AVİS **********342100) rəyinə əsasən, "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqədə 299.701,44 manat (280.100+19.601) binanın tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinə azalma verilməklə müvafiq düzəlişlər aparılması üçün hazırki qərarın surətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilməsi qərara alınmışdır.

3. Vergi ödəyicisi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə olan şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə vergi borcundan 299.701,44 manat məbləğində azalma verilmiş, qalıq vergi borcu 57.151,48 manat ( o cümlədən əsas borc 12.334,68, faiz borcu 28.512,64 və dövlət torpaq sahələrinin icarəsi üzrə borc 16.321,05 manat) təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 491.927,79 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 491927,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 294378,38 manat, faizlər üzrə 197449,41 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 491927,79 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********559900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7304/2024 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim K.Hüseynov).

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2024-cü il tarixli elektron qaydada sorğu göndərilmiş və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən silinməli olan vergi borcunun silinib-silinməməsi barədə məlumatın Məhkəməyə təqdim edilməsi xahiş edilsə də, sorğuya laqeyd yanaşılmış və ümumiyyətlə hər hansı bir cavab verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, şəxsi hesab vərəqinə nəzər yetirildikdə aydın olur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 22 iyul 2024-cü il tarixli qərarı ilə azalmaya verilmiş 299.701,44 manat manat pul icra edilməmişdir və hazırda da, ərizəçi tərəf qeyd edilmiş qərarda azalmağa verilmiş pul və ona hesablanmış faiz üzrə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş edir. Qeyd edilmiş qərarda Vergi orqanının özü tərəfindən verilmiş 299.701,44 manat azalma, Vergi qurumunun digər idarəsi tərəfindən icra edilməmiş, əksinə faiz hesablanmasını davam etdirmişdir.

8. Ərizəçinin irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5 və 355-7-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı tamamilə əsassızdır və məhkəmənin şəxsi hesab vərəqəsinə diqqətsiz və qeyri-dəqiq yanaşması nəticəsində qanunsuz məhkəmə qətnaməsi çıxarılmışdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* saylı cinayət işi üzrə qəbul edilmiş müvafiq Qərarına əsasən vergi ödəyicisi "xxxx" Mənzil-Tikinti Kooperativinə (VÖEN: **********) 2018-ci ilin 2-ci rübünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin 299701,44 manat hissəsi azaldılaraq şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə vergilər üzrə şəxsi hesab vərəqisində 57150.98 manat ( o cümlədən 16.321,05 manat dövlət torpaq sahələrinin icarəsi üzrə və 28512,67 manat faiz borcu üzrə), muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqədə 11.26 manat (o cümlədən 3.46 manat faiz borcu üzrə) ödənilməmiş borcu vardır. Göründüyü kimi, məhkəmə tərəfindən borcun müəyyən hissəsinin silinməsi, vergi orqanının təqribi əlli yeddi min manat borcun tələb edilməsi hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilmişdir. Məhkəmə işə baxarkən qanunun aliliyi və mütənasiblik prinsiplərinə birtərəfli yanaşmışdır. Bakı Kommersiya Məhkəməsinin mübahisəli qətnaməsi qanuni və əsaslı deyil. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, ərizəçinin dəlillərinə münasibət bildirilməmişdir. İş üzrə maraqlı şəxsin şəxsi hesab vərəqəsinə əsasən onun borclarının olması barədə dəlillər məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə yalnız vergi ödəyicisinin borcunun azalmasına istinad edərək və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız maraqlı şəxsin gətirdiyi dəlillərə istinad etməklə iş üzrə yanlış qərar vermişdir. Halbuki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər saldıqda görürlər ki, ərizə üzrə tələb olunan borc tam şəkildə ödənilməmiş qalmaqdadır. Belə ki, şəxsi hesab vərəqəsindən də göründüyü kimi, vergi ödəyicisinin dövlət büdcəsinə 57150.98 manat (o cümlədən 16.321,05 manat dövlət torpaq sahələrinin icarəsi üzrə və 28512,67 manat faiz borcu üzrə), Muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqədə 11.26 manat (o cümlədən 3.46 manat faiz borcu üzrə) ödənilməmiş borcu aktiv olaraq mövcuddur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər İdarəsi ilə rəhbər olduğu "xxxx" MTK arasında olan istintaq və məhkəmə çəkişmələri ünvan 1 ünvanda bir bloklu yaşayış binasının inşasına başladığı andan başladı. 6 il davam edən məhkəmə və istintaq araşdırılması nəticəsində nəhayət 22 iyul 2024-cü ildə Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsi MTK barəsində başlanan ********* saylı cinayət işinə xitam verdi. Həmin Qərarda MTK-nin şəxsi hesab vərəqəsinə qanunsuz işlənmiş vergi borclarına görə 299.701,40 manat azalma verilməsi Bakı şəhəri Lokal Gəlirlər İdarəsindən tələb olundu və qərar Bakı şəhər Lokal Gəlirlər İdarəsinə göndərildi. Lakin Bakı şəhər Lokal Gəlirlər İdarəsi qərarı icra etmədi. Əvəzində 2 ay sonra xx.xx.2024-ci il tarixdə onun ölkədən çıxmağına qadağa qoyulması barədə Kommersiya Məhkəməsində rəis müavini Nümayəndə1 tərəfindən verilən iddia ərizəsi əsasında e-2-2(113)-7304/2024 saylı məhkəmə işi açıldı. İddia ərizəsində ona qarşı vergi üzrə 294 378,38 manat, faizlər üzrə 197 449,41 manat və maliyyə sanksiya üzrə 100 manat, cəmi 491 927,79 manat məbləğində borcunun olması barəsində iddia qaldırdılar. Təbii tərəfindən bu iddianin əsassız olması barədə, borcumun olmaması əksinə artıq vergi ödəməsinin olması barədə Kommersiya Məhkəməsinə sənədlər təqdim etdi. Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədi. X5 tərəfindən xx.xx.2024-ci il tarixli Vergi Cinayətləri İbtidai Araşdırması Baş İdarəsinin Qərarının icra olunub olunmaması barədə sorğu göndərilsə də, Bakı şəhəri Lokal Gəlirlər İdarəsi sorğuya cavab vermədi və Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin iddiası xx.xx.2024-cü il tarixində son məhkəmə iclasında rədd edildi. Çünki Bakı şəhər Lokal Gəlirlər İdarəsi Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-ci il tarixli qərarını sonuncu məhkəmə iclasına qədər icra etməmişdi. Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinin qərarı yalnız xx.xx.2024- cü il tarixdə Kommersiya Məhkəməsinin qərarından sonra icra edildi, amma qərar düzgün icra edilmədi. Bu MTK-nin şəxsi hesab vərəqəsində öz əksini tapıb. Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin xx.xx.2024-cü il tarixli iddia ərizəsində iddia edir ki, MTK-nin 294 378,38 manat vergi borcu var Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsi xx.xx.2024-ci il tarixli qərarında isə 299 701,40 manat məbləğində verginin MTK-nin şəxsi hesab vərəqəsində azalma verilməsini qərara alır. Nəticədə azalmadan sonra 299.701,40 manat – 294.378,38 = 5 323,02 manat MTK-nin vergilər üzrə artıq ödəməsi qalmalı idi və heç bir vergi faizindən söz belə gedə bilməzdi. Onlar isə şəxsi hesab vərəqəsində xx.xx.2024-ci il tarixdə edilən azalmadan sonra 12.334,68 manat vergi borcu və 28.512,64 manat vergi faizi saxlayırlar. Bu necə olur azalma tələb edilən rəqəm 299 701,40 manat, iddia edilən 294.378, 38 manatdan böyükdür. Necə 12.334 ,68 manat vergi borcu yarana bilər? Çünki tərəflərindən Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə şəxsi hesab vərəqəsinə qanunsuz işlənən verginin düzgün olmaması barədə ilk gündən onların nəzərinə çatdırılıb müddət ötürülməyib. Şəxsi hesab vərəqələrinə Bakı şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən xx.xx.20218-ci ildən BTFSV-si kameral vurulub amma MTK isə xx.xx.2018-ci ildən başlayıb bunu Bakı şəhər İcra Hakimiyyətin Memarlıq Və Şəhərsalma Baş İdarəsi tərərəfindən tikinti işlərinə başlanılması üçün əsas olan 255 saylı xx.xx.2018-ci il tarixli Xüsusi Nişan təsdiq edir və onlar bəyannaməni 20 oktyabr 2018-ci il tarixinə qədər təqdim edəcəkdilər. Lazım gəlsə bir portfel müraciətlərini təqdim edə bilər. Müraciətlərinə isə Bakı şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən məhəl qoyulmur və cavab verilmir. Nə də Vergi Məcəlləsinin 94-ci maddəsinin tələbinə uyğun yazdıqlarını subut etmirlər. Son dəfə xx.xx.2024-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə onlarda **********705200 nömrəsi ilə qeydə alınan müraciəti və xx.xx.2024-ci il tarixdə qeyd etdiyi iradlar barədə görüşü olub. Amma nəticə yoxdur. Qaldırdığı məsələlər öz həllini tapmır. Cavab belə vermirlər. Cavabları da belə olur, müraciət araşdırılır, qanunamüvafiq tədbir görüləcək, heç nə də araşdırılmır, tədbir də görülmür və məsələ öz həllini tapmır. Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinin qərarının 9-cu səhifəsində MTK tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin müəyyən edilmədiyi göstərilir. Bakı Apellyasiya Məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-153/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7304/2024 saylı qətnaməsi ləğv edilərək, ərizənin təmin edilməsi, "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxx 1994-cü il tarixdə İmişli şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış, gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli (AVİS **********342100) rəyinə görə, "xxxx" MMCyə məxsus şəxsi hesab vərəqədə 299.701,44 manat (280.100+19.601) binanın tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinə azalma verilməklə müvafiq düzəlişlər aparılması üçün hazırki qərarın surətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərara əsasən vergi orqanı tərəfindən sözügedən hüquqi şəxsin vergi borcundan (10 dəfə 29.970,14 manat olmaqla) 299.701,44 manat məbləğində silinmə aparılmış və silinmədən sonra MMC-nin 12.334,68 manat məbləğində vergi borcu, 28.512,64 manat faiz borcu borcu ödənilməmiş qalmışdır.

15. İşə məhkəmədə baxıldığı dövrdə vergi ödəyicisi tərəfindən qalıq borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamış, əksinə maraqlı şəxs borcun əsassız olduğunu bildirməklə vergi orqanı tərəfindən hesablanmış borcu ödəmək niyyətinin olmamasını ifadə etmişdir.

16. Vergi orqanı tərəfindən vergi borcundan silinmənin düzgün aparılmaması, torpaq icarəsi üzrə borcun düzgün hesablanmaması və s. barədə maraqlı şəxsin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı tərəfindən hesablanmış borcun əsaslı olub-olmaması hazırkı iş üzrə məhkəmə araşdırmasının predmeti olmadığından həmin dəlillər vergi orqanının ərizəsinin rədd edilməsi üçün əsas vermir. Hazırkı halda borclu hüquqi şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə onun icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 65.1, 65.2, 65.2.1, 65.2.2, 65.2.3-1, 65.3, 65.4, 65.7, 77.1, 77.3, 78.1, 89.1, 89.3, 89.4, 89.5, 89.6-cı maddələrinə, MPM-in 355-5.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

18. Maraqlı şəxs həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-327/2025 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-153/2025 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – B.Qəribov və V.Baxışova).

20. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, hazırki ərizə hüquqi şəxsin 491.927,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 294.378,38 manat, faizlər üzrə 197449,41 manat, maliyyə sanksiyası üzrə 100 manat) borcunun ödənilməsi məqsədiilə qaldırılsa da, həm ərizəçinin apellyasiya şikayətindən, həm də apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan göründüyü kimi, icraat gedişində vergi orqanı borcun miqdarının azalaraq 40.847,32 manat olduğunu, maraqlı şəxs isə əksinə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 2024-cü il 22 iyul tarixli qərarı ilə nəzərdə tutulmuş silinmənin düzgün aparılmamasını, 5.067,09 manat artıq ödəmənin olduğunu göstərmişdiir.

21. Həmçinin Bakı Apellyasiya Məhkəməsində icraat zamanı 2025-ci il tarixli məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi izahatında 40848 manat borcun əsassız hesablandığını, həmin məbləğin ödənilməli olmadığını, hazırkı iş yekunlaşdıqdan sonra inzibati məhkəmədə iddia qaldıracağını bildirmişdir.

22. Məhkəmə kollegiyası hazırki ərizəyə xüsusi icraat qaydasında baxıldığını, həmin icraatda isə hər hansı mübahisəli hallar üzrə iddia icraatına uyğun olaraq araşdırma aparılması imkanlarının prosessual baxımdan mümkünsüzlüyünü nəzərə alaraq qeyd edir ki, ancaq elə borclar üzrə müvafiq məhdudiyyət tətbiq oluna bilər ki, bununla bağlı təqdim olunmuş sənədlərdə hər hansı uyğunsuzluq mövcud olmasın.

23. Digər tərəfdən hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.

24. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin olunması üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) işin materiallarından müəyyən olunmur.

25. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 71-ci maddəsinin İİ hissəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1, 65.1, 65.2, 65.2.1, 65.2.1.1, 65.2.1.2, 65.2.1.3, 65.2.1.4, 65.2.2, 65.2.3, 65.2.3-1, 65.2.3-2, 65.2.3-3, 65.3, 65.4, 65.7, 65.7-1, 65.7-2, 65.7-3, 77.1, 77.3, 78.1, 89.1, 89.3, 89.4, 89.5, 89.6-cı maddələrinə, MPM-in 217, 355-5.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

26. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

27. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri qaydada lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Konstitusiyasının: - 28-ci maddəsinin 3-cü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

22. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. - 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. - 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. - 65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda. - 65.2.2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. - 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. - 65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. - 65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir. - 65.4-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. - 65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir. - 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. - 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. - 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - 89.5-ci maddəsinə əasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. - 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 355-5.1-ci maddəsinə əsasən Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Apellyasiya baxışının hədləri:

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7304/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Qeyd olunmalıdır ki, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi meyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Belə ki, mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.

27. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.

28. Borcun məbləği ilə məhkəmə kollegiyası qeyd edir ki, hazırki ərizənin verilməsinə əsas olan borc, vergi orqanın digər qurumunun - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 22 iyul 2024-cü il tarixli qərarı ilə silinməsi nəzərdə tutulmuş 299.701,44 manat manat borcun silinməməsi nəticəsində yaranmış və həmin borca faiz hesablanmasını davam etdirmişdir.

29. Apellyasiya şikayətində vergi orqanı vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə vergilər üzrə şəxsi hesab vərəqisində 57150.98 manat (o cümlədən 16.321,05 manat dövlət torpaq sahələrinin icarəsi üzrə və 28512,67 manat faiz borcu üzrə), muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqədə 11.26 manat (o cümlədən 3.46 manat faiz borcu üzrə) ödənilməmiş borcunun olmasını, maraqlı şəxs isə etirazında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 22 iyul 2024-cü il tarixli qərarı ilə nəzərdə tutulmuş silinmənin düzgün aparılmamasını və 5.067,09 manat artıq ödəmənin olduğunu qeyd etmiş və bununla bağlı dəfələrlə Vergi Xidmətinə müraciət etdiyini bildirmişdir.

30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş məlumatdan görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2025-ci il tarixə vergilər üzrə 60319,18 manat və sosial sığorta haqları üzrə 10,50 manat borcunun olduğu müəyyən edilmişdir. Əlavə olaraq, "xxxx" MMC-nin (VÖEN **********) 2020, 2021 və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri kameral yoxlama ilə təsdiq edilmişdir.

31. Borcun ödənilməməsi səbəbləri ilə bağlı məhkəmə kollegiyası bildirir ki, maraqlı şəxs ümumiyyətlə borcunun olmasını qəbul etmir və artıq ödəməsinin olduğunu bildirir. Eyni zamanda məsələnin həlli üçün inzibati qaydada müraciət etdiyini vurğulayır.

32. Qeyd olunmalıdır ki, borcun ödənilməsi ilə bağlı borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən hər hansı digər tədbirlər həyata keçirilməmiş sadəcə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 22 iyul 2024-cü il tarixli qərarı ilə silinməsindən əvvəl şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət olunmuşdur.

33. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 65 və 89cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülüb-görülməməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), tədbirlərin nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.

34. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin bu hal ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi də qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

35. “X3 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il 26 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

36. . Bununla bağlı, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № 28975/05 2013-cü il 11 iyul tarixli qərarı). 30. Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

37. Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, § 119). 32.Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.

38. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələblərinə cavab vermir.

39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7304/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7304/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar