Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-907/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3967/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşdəki şəxsi vərəqədən görünür ki, hüquqi şəxs Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə vergilər üzrə ümumilikdə 747563,18 manat borcu olmuşdur. Borcun ödənilməsi üçün cavabdehə bildiriş və xəbərdarlıq göndərilmişdir.
2. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin yuxarı təşkilatı “Lifttəmir" İstehsalat Birliyi, tabeçiliyi Bakı şəhəri İcra Hakimiyyətidir. Həmin idarənin rəhbəri isə Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, idarənin əsas fəaliyyət növü binalarda liftlərin quraşdırılmasından ibarətdir. Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinə xx.xx.2004-cü il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir.
3. Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin xx.xx.1999-cu il tarixli nizamnaməsinin 1-ci bəndindən görünür ki, Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsi “Lifttəmir” İstahsalat Birliyinin nəzdində yaradılmışdır. İdarə “Lifttəmir” İstahsalat Birliyinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən yaradılmışdır. Qeyd edilmiş nizamnamə “Lifttəmir” İstahsalat Birliyi tərəfindən təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatlardan görünür ki, “Lifttəmir” İstahsalat Birliyi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan təşkilatdır. Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsi isə “Lifttəmir” İstahsalat Birliyinin strukturuna aid olan qurumlardan biridir.
Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hüquqi şəxs Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 490164,01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 253940,97 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəylə məhkəməyə müraciət etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin (VÖEN: **********) dövlət büdcəsinə 490164,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 322399,25 manat, faizlər üzrə 167604,76 manat, maliyyə sanksiyası üzrə 160 manat), Dövlət Sosial Müdafiə Fonduna 253940,97 manat olmaqla, ümumilikdə 744104,98 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********558800, xx.xx.2023-cü il tarixli **********110800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3967/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) ərizə rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxsin digər ayrıca bölməsinin (idarəsinin) uçota alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi idarənin müstəqil hüquqi şəxs kimi çıxış etməsi anlamına gəlmir.
8. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsi müstəqil hüquqi şəxs deyildir. Ona görə də, qeyd edilmiş İdarənin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar yoxdur. Belə ki, qanunda İdarənin rəhbərinin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması imkanı nəzərdə tutulmuşdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3967/2023 nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni təmin etməməklə Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin məcburi dövlət sosial sığorta haqqını və dövlət büdcəsinə olan vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır və qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. İş üzrə vergi ödəyicisi olan Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin ona aid şəxsi hesab vərəqəsindəki Dövlət Sosial Müdafiə Fonduna 253940,97 manat, dövlət büdcəsinə 490164,01 manat məbləğində borcu onun icra edilməmiş vergi öhdəliyini təşkil edir. Məhkəmə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsasında Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmaması Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi qarşısında olan mövcud vergi öhdəliyinin həmin vergi ödəyicisi tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. Məhkəmə yalnız borc olmadığı, yaxud həmin borc artıq ödənildiyi təqdirdə, bu tədbirin tətbiqinə zərurətin qalmadığı nəticəsinə gələ bilər. Məhkəmə qətnaməsində Vergi Məcəlləsinin 13.1, 13.2.2, 13.2.41, 33.1, 33.2, 13.2.39.3-cü maddələrinə istinad edərək qeyd edir ki,vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxsin digər ayrıca bölməsinin (idarəsinin) uçota alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi idarənin müstəqil hüquqi şəxs kimi çıxış etməsi anlamına gəlmir. Məhkəmənin bu dəlilini işin hallarına uyğun hesab etməyərək bildirik ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində vergi orqanına üquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilərkən məqsəd hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etməkdir. Bu da o anlama gəlir ki, vergi ödəyicisinin borclarını ödəmək üçün əldə edilmiş gəlirlə bağlı sərəncam verə bilən, yəni vergi borclarını ödəyən şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri, öz gəlirlərinə özü sərəncam verən qurum isə hüquqi şəxsdir. Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin nizamnaməsinin 1.1-ci bəndində əsasən idarənin banklarda hesabları vardır və 5.2-ci bəndinə əsasən büdcə ayırmaları idarənin mənfəəti hesabına idarənin özü tərəfindən həyata keçirilir. Həmçinin nizamnamənin 8-ci hissəsinə əsasən idarənin idarə etmə orqanı barədə məlumat, 9-cu hissəsinə əsasən idarə ləğv edilərkən kreditorların iddiaların bildirilməsi üçün rəsmi mətbuat orqanına elan verilməli olması qeyd olunmuşdur. Göründüyü kimi sadalananlar məhz hüquqi şəxsə xarakterik olan xüsusiyyətlərdir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qəbulundan əvvəl yaradıldığı üçün təşkilatı hüquqi formasının idarə kimi qeyd olunması təbiidir. Bundan başqa məhkəmə qətnaməsində Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin xx.xx.1999-cu il tarixli nizamnaməsinin 1-ci bəndinə əsasən Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsi “Lifttəmir” İstehsalat Birliyinin nəzdində, “Lifttəmir”İstehsalat Birliyinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən yaradıldığını, nizamnamənin “Lifttəmir” İstehsalat Birliyi tərəfindən təsdiq edildiyini, Bakı şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumata əsasən “Lifttəmir” İstehsalat Birliyinin Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan təşkilat olduğunu qeyd etmişdir. Məhkəmənin qeyd olunan dəlili də işin faktiki hallarına uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 43.2-ci maddəsinə əsasən hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Yuxarıda qeyd olunanalardan göründüyü kimi Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin Lifttəmir”İstehsalat Birliyi tərəfindən yaradılması həmin İdarənin hüquqi şəxs olması halını istisna etmir. Belə ki, bir hüquqi şəxs başqa hüquqi şəxslər yarada bilər. Eyni zamanda Mülki Məcəllənin 43.3-cü maddəsinin tələbləri baxımından Bakı şəhəri İcra Hakimiyyəti hüquqi şəxs deyildir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar (bundan sonra - yanında olan orqanlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
12. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
13. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 70-ci maddənin X bəndi - dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddəsinin İİİ hissəsi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 71-ci maddəsinin İİ hissəsi- əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.4-cü maddə- Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.15-3-cü maddə- vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır; 24.0.2-1-ci maddə- vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.2-ci maddəsinin 3-cü bəndinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. 13.2.39.3-cü maddəsinə əsasən .... həmin Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə anlayışı ilə əhatə olunur. 77.3-cü maddə-vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə-vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 355-7.4-cü maddə- vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edikdikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: -2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. -2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə-vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 14.Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3967/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Mübahisələndirilən məhkəmə qətnaməsi ilə Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsinin dövlət büdcəsinə və DSMF-na olan borclarına görə qanuni təmsilçisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə vergi orqanının ərizəsi təmin edilməmiş, əsas kimi qanunda İdarənin deyil, hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmalı olduğuna istinad edilmişdir.
17. Ərizəçinin apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində hüquqi şəxs dedikdə, eyni zamanda vergi ödəyicisi kimi qeydə alınan və dövlət orqanlarının nəzdində yaradılmış idarələr də nəzərdə tutulur.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanuni əsasını təşkil edən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsində vergi ödəiyicisi olan müəssisənin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulduğundan bu normalar hüquqa müdaxilə ilə bağlı olduğu üçün genişləndirici təfsir oluna bilməz.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Editorial Board of Pravoye Delo və Ştekel Ukraynaya qarşı” iş üzrə xx.xx.2011-ci il tarixli qərarında milli məhkəmələr tərəfindən qanuna genişləndirici təfsir edilməklə cavabdeh barəsində qanunda nəzərdə tutulmayan tədbirin görülməsi ifadə azadlığı hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilmişdi.
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə düzgün hüquqi qiymət verildiyindən qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3967/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3967/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.