Məhkəmə qərarları › İş №2-2(103)-908/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-908/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-908/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1884/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2018-ci il tarixli AL 005 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən 26089,8 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.06.2021-ci il tarixli e-2-2(113)-1884/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında 15 sentyabr 2018-ci il tarixli AL 005 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı 50 ton alüminium posa məhsulunu hər 1 tonuna 500 ABŞ dolları olmaqla alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və ümumilikdə 26089,8 ABŞ dolları məbləğini ödəməyi üzərinə öhdəlik götürmüşdür. Satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-yə ümumilikdə 26089,8 ABŞ dolları məbləğində 50 ton alüminium posa məhsulu təhvil verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 26089,8 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının təqdim etdiyi alüminium posa məhsulu keyfiyyətsiz olmuşdur. Göndərilən həmin malın 40 %-nin yararsız alüminium tozundan ibarət olmuşdur. Halbuki, iddiaçı cavabdehə toz yox alüminium posası göndərməli (satmalı) idi. "xxxx" MMC İddiaçı MMC-yə cavab məktubunda qeyd etmişdir ki, alüminium posasının 40%-i yararsız olduğu üçün alınmış mallar zavodun anbarında saxlanılır. 2018-ci il tarixdə alınmış məhsulun hələ də, anbarda saxlanılması bir daha sübut edir ki, həmin mallar yararsız olmuşdur. Buna görə də, cavabdeh malın keyfiyyətinə görə iddiaçıya 15653 ABŞ dolları ödəməyə razı olduqlarını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən 26089,8 ABŞ dolları məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır. Malların keyfiyyətsiz olması ilə bağlı cavabdeh dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Lakin cavabdeh alınmış malın qüsurlu (keyfiyyətsiz) olmasını, o cümlədən malın ehtimal olunan qüsurunun iddiaçının malı alıcıya təhvil verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Məcəllənin 588.1-ci maddəsi, o cümlədən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Apellyasiya baxışında təyin olunmuş materialların məhkəmə ekspertizasının keçirilməsi də mümkün olmamışdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin eksperti Sevinc Quliyevanın 21.10.2021-ci il tarixli məlumatında qeyd olunmuşdur ki, ekspert qarşısında qoyulmuş “İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 15 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə satılmış və hazırda onun anbarında saxlanılan alüminium posa məhsulu keyfiyyətinə görə təyinatı üzrə istifadəyə yararlıdırmı?” və “Əgər yararsızdırsa, bu saxlama şəraiti və ya müəyyən vaxtın keçməsi səbəbindən əmələ gələ bilərmi?” suallarının həlli materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyil, ekspert qarşısında qoyulmuş “Həmin alüminium posa məhsulunun 40 %-i yararsız alüminium tozundan ibarətdirmi?” sualının həll edilməsi üçün isə Mərkəzdə müvafiq maddi-texniki baza olmadığından həmin sualı cavablandırmaq mümkün deyildir. Bundan əlavə işin mübahisəsiz hallarına görə iddiaçı malları 2018-ci ilin oktyabr ayında cavabdehə təqdim etdiyi halda, cavabdeh bundan yalnız 2 ilə yaxın müddət keçdikdən sonra, yəni 2020-ci ilin avqust ayında malın keyfiyyətsiz olması ilə bağlı qiymətin azaldılmasını və ya malın qaytarılmasını iddiaçıya təklif etmişdir. Halbuki, Mülki Məcəllənin 595.1-ci maddəsində təsbit olunmuşdur ki, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş Erman Car adlı şəxsə ünvanlanmış e-mail məktubu ilə bağlı isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əvvəla həmin məktubun həqiqiliyi məhkəmə tərəfindən müəyyən edilməmiş, ikincisi həmin məktubun ünvanlandığı şəxsin iddiaçı şirkətə hər hansı bir aidiyyətinin olması da iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1884/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar