Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-909/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə ödənilmiş pulun qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: müqavilə üzrə ödənilmiş pulun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı müqavilə üzrə ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2043/2022 nömrəli iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Alıcı (iddiaçı) ilə satıcı (cavabdeh) arasında imzalanmış xx.xx.2021-ci il tarixli CAR-ASM-04/21 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malın alqı-satqısı barədə razılığa gəlmişlər. Müqavilənin: - 3.2. Satıcı keyfiyyətsiz mala görə tam məsuliyyət daşıyır və alıcıya keyfiyyətsiz malın verilməsi və/və ya onun hər hansı qaydada istifadə edilməsi və ya kəmiyyətcə uyğun olmayan malın təchiz olunması ilə dəymiş ziyanın əvəzini ödəməlidir; - 6.1. Alıcının hüquqları: - 6.1.2. Satıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, müqavilədən birtərəfli qaydada imtina etmək və satıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək.
2. xx.xx.2021-ci il tarixli 612917-127 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə məxsus bank hesabına 6.000 manat köçürülmüşdür.
3. EBBJ 649423 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən CAR-ASM- 04/21 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabehin təqdim etdiyi etilen polimerlərinin plastmas tullantılarına görə 61.877,08 manat məbləğdə pul iddiaçı tərəfindən ödənilməlidir.
4. İddiaçının tərtib etdiyi xx.xx.2021-ci il tarixli sınaq nəticələrinə dair protokolda qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin təqdim etdiyi 25.705 kq polietilen xammaldan sınaq olaraq 2.145 kq boru hazırlanması üçün istehsala buraxılmışdır. Sınaq nəticəsində istehsal olunan borular tam yararsız olmuşdur.
5. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmiş ƏDV sub-uçot hesabından köçürülmənin aparılması haqqında çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli **********951606 nömrəli bildiriş ilə 2.200 manat xx.xx.2021-ci il tarixli **********985469 nömrəli bildiriş ilə 3.800 manat, xx.xx.2021-ci il tarixli **********014529 nömrəli bildiriş ilə 2.940 manat, xx.xx.2021-ci il tarixli **********029165 nömrəli bildiriş ilə 498,88 manat (cəmi 9.438,88 manat) iddiaçının subuçot hesabından cavabdehin sub-uçot hesabına köçürülmüşdür.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ödənilmiş 6.000 manat əsas məbləğ, 9.438,88 manat ƏDV məbləğinin və ödənilmiş 137 manat məbləğdə dövlət rüsmununun, ümumilikdə 15.575,88 manat məbləğdə vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddianın əsaslarına görə, tərəflər arasında CAR-ASM-04/21 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya 25.705 kq polietilen xammal təhvil verilmişdir. 25.705 kq polietilen xammal iddiaçıya təhvil verildikdən sonra e-qaimə tərtib olunmuş, e-qaimənin əsasında qəbul edilmiş xammalın yoxlanılmasına qədər iddiaçı tərəfindən cavabdehə əsas məbləğdən 6.000 manat və bütün ƏDV məbəği – 9.438,88 manat tam olaraq ödənilmişdir. Həmin xammalın 2.145 kq miqdarı boru istehsalı məqsədilə sınaq üçün istifadə olunmuş və xammalın tam yararsız olduğu aşkar olunmuşdur. Xammalın yararsız olması ilə bağlı protokol tərtib olunmuş və qalan 23.560 kq xammal geri qaytarılmışdır. 2.145 kq xammal da sınaq üçün istifadə olunmuş və yararsız olduğu aşkar olunduğu üçün cavabdehə geri qaytarılacağı bildirilmişdir. Buna görə də cavabdehə ödənilmiş 6.000 manat və bütün ƏDV məbəği – 9.438,88 manat iddiaçıya geri qaytarılmalıdır. Müqavilənin 6.1.2-ci maddəsinə əsasən satıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, müqavilənin icrasından birtərəfli imtina etmək və satıcıdan vurulmuş zərərin ödənilməsini tələb edə bilər.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, CAR-ASM-04/21 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehdən 6.000 manat və 137 manatın iddiaçının xeyrinə tutulmuşdur.
9. Qətnamənin əsaslarına görə, “İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək, təhvil verilmiş mallar üzrə ödənişi həyata keçirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuş, malları müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə təqdim etməmişdir. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilmiş pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddia tələbi 6.000 manat əsas məbləğ hissəsində təmin olunmalıdır. Məhkəmə iddia tələbinin 9.438,88 manat ƏDV-nin geri qaytarılması hissəsində qeyd edir ki, iddia tələbi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilməmiş, bununla bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Bununla bağlı iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir.”
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2, 442, 567, 587.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, məhkəmə iddia tələbinin 9.438,88 manat ƏDV-nin geri qaytarılması hissəsində iddia tələbinin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilməməsini əsas gətirərək təmin etməmişdir. Halbuki, ümumilikdə 9.438,88 manat ƏDV-nin ödənilməsi 1) **********951606 nömrəli xx.xx.2021-ci il saat 11:20:36 tarixli (2.200 manat), 2) **********985469 nömrəli xx.xx.2021 saat 11:30:35 tarixli (3.800 manat), 3) **********014529 nömrəli xx.xx.2021 saat 15:57:29 tarixli (2.940 manat), 4) **********029165 nömrəli xx.xx.2021 saat 17:27:30 tarixli (498,88 manat) Vergilər xidmətinin vahid elektron bazasında ƏDV sub-uçot hesabından köçürülmənin aparılması haqqında bildirişlərlə tam təsdiqini tapır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
17. MPM: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu üçün, qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, alqı-satqı müqaviləsinə əsasən keyfiyyəti müqaviləyə uyğun gələn əşyanın verilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu, o cümlədən əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçının ona ödədiyi pul məbləğini qaytarmalıdır.
21. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya xammal təhvil verilmiş, xammala görə cavabdehə əsas mədləğdən 6.000 manat və ƏDV məbəğindən isə hamısı, yəni 9.438,88 manat ödənilmiş, lakin istehsala yararsız olduğundan həmin xammal cavabdehə qaytarılmışdır.
22. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş ƏDV sub-uçot hesabından köçürülmənin aparılması haqqında çıxarışdan görünür ki, xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasında cəmi 9.438,88 manat məbləğdə ƏDV iddiaçının sub-uçot hesabından cavabdehin sub-uçot hesabına köçürülmüşdür.
23. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi qətnaməsi iddia rədd olunan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 9.438,88 manat ƏDV məbləği tutulmalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
QƏT ETDİ :
Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2043/2022 nömrəli iş üzrə 29 iyun 2022ci il tarixli qətnaməsi iddia rədd olunan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, eyni hissədə iddia təmin edilsin. Cavbadeh Cavabdeh MMC-dən 9.438,88 manat (doqquz min dörd yüz otuz səkkiz manat səksən səkkiz qəpik) ƏDV məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova