Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-911/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4363/2022 saylı 29 iyul 2022-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il tarixli 753- L/12 nömrəli müqavilə üzrə 7738 manat gecikdirilmiş borcun və hesablanmış 5548,37 manat cərimə borcunun, xx.xx.2012-ci il tarixli 830-L/12 nömrəli müqavilə üzrə 11363 manat gecikdirilmiş borcun və hesablanmış 6784,66 manat cərimə borcunun, xx.xx.2012ci il tarixli 1204-L/12 nömrəli müqavilə üzrə 12599 manat gecikdirilmiş borcun və hesablanmış 8400,21 manat cərimə borcunun və hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat cəmi 52783,24 (əlli iki min yeddi yüz səksən üç manat 24 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4363/2022 saylı 29 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyi tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçıya izah edilmişdir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyi şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4363/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4363/2022 saylı 29 iyul 2022-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin cavabdeh Cəfərov Füzuli Əsgər oğluna qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakı təsdiq edən sənəd kimi “elektron məhkəmə” informasiya sisteminə daxil edilən xx.xx.2021-ci il tarixli arayış müvafiq qaydada möhürlənməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, qeyd olunan sənəd mediasiyada iştirakı təsdiq edən sənəd kimi nəzərdən keçirilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi, 04 avqust 2022-ci il tarixli 519 saylı sorğu ilə Mediasiya Şurasına müraciət edilərək iddia ərizəsinə əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə tərtib edilmiş MŞİH-0285 nömrəli, 09 oktyabr 2021-ci il tarixli arayış”ın müvafiq qaydada möhürlənməsi xahiş edilmiş, Mediasiya Şurası tərəfindən vəkil sorğusuna cavab olaraq göndərilmiş 447/XO nömrəli, 05 avqust 2022-ci il tarixli məktubla 09 oktyabr 2021-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” mediasiya arayışının qanuna uyğun olaraq verildiyi və qeyd edilən arayışın mediasiya reyestrində olduğundan etibarlı sənəd olduğu qeyd edilmişdir. Eyni zamanda sorğuya cavab məktubunda xx.xx.2021-ci il tarixdə heç bir mediasiya təşkilatı fəaliyyət göstərmədiyindən və mediatorların yalnız fərdi fəaliyyət ilə məşğul olduğundan mediasiya sessiyası nəticəsində verilən hər hansı bir sənədə istər qanunvericilikdə göstərilmiş, istərsə də Mediasiya Şurası tərəfindən qoyulmuş heç bir möhür tələbi olmadığı qeyd edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə istinad etməklə iddia ərizəsinin geri qaytarılması ilə bağlı səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınaraq hazırki iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılmaqla qanuni və əsaslı qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4363/2022 saylı 29 iyul 2022-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin cavabdeh Cəfərov Füzuli Əsgər oğluna qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4363/2022 saylı 29 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin cavabdeh Cəfərov Füzuli Əsgər oğluna qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı Kommersiya Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-911/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-911/2022
21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver