Məhkəmə qərarları › İş №2-2(103)-911/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-911/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-911/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, pretenziya tələbinə riayət edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5447/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli QGS/06-2023 saylı Distribütorluq müqaviləsinə əsasən 218980,15 manat əsas borc, 15876,06 manat faiz borcu, 78832,85 manat dəbbə pulu (peniya), 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc olmaqla, ümumilikdə 314689,06 manat pul və 604,70 manat ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5447/2025 nömrəli qərardadı ilə iddia ərizənin geri qaytarılması qərara alınmışdır.

3. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti olmadığı halda, iddiaçı pretenziyanı “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirmişdir. Halbuki, iddiaçı pretenziyanı cavabdehin “İnternet Vergi İdarəsi”ndəki avtomatlaşdırılmış inernet vergi sistemində olan kabinetinə göndərməli, həmçinin, tərəflər arasında olan xx.xx.2023-cü il tarixli müqavilənin 10.2-ci bəndində və pretenziyada qeyd olunmuş 30 gün müddəti gözlədikdən sonra iddia ərizəsi ilə məkhəməyə müraciət etməlidir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanunsuz və əsassızdır. İddia ərizəsinin geri qaytarılması üçün qərardada göstərilənlər tam yanlışdır və həqiqəti əks etdirmir. Belə ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına qanunla müəyyən olunmuş qaydada tam riayət edilmiş və bunu təsdiq edən sübutları, həm, eməhkəmə vasitəsi ilə xx.xx.2024-cü il tarixdə pretenziyanın cavabdehə göndərilməsi, eyni zamanda xx.xx.2024-cü il tarixdə pretenziyanın cavabdehin “İnternet Vergi İdarəsi”ndəki avtomatlaşdırılmış internet vergi sistemində olan kabinetinə göndərilməsi barədə sübutları məhkəməyə təqdim etmişdir. Pretenziyada 30 günlük müddət müəyyən olunmuşdur. Bir ildən sonra xx.xx.2025-ci il tarixdə isə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin, pretenziya müraciətinin mətni də iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd olunanları təsdiq edən sübutlar elektron kabinet vasitəsi ilə iddia ərizəsinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətinə prossesual hüquq normaları düzgün tətbiq olunmamış, iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etdiyinə dair sübutları diqqətə almamış, bununla bağlı iddia ərizəsinə əlavə edilmiş sübutlara formal yanaşılmışdır. Qeyd olunan maddənin tələbinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Bununla bağlı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair xx.xx.2024-cü il tarixdə həm e-məhkəmə həm də İnternet Vergi İdarəsində cavabdehin elektron kabinetinə göndərilməklə müraciət göndərilmiş və müqavilə ilə müəyyən olunmuş 30 gün müddətində razılıq əldə edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Məhkəmə bu faktı nəzərə almamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

9. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq həmçinin bildirmişdir ki, pretenziyanın xx.xx.2024-cü il tarixində cavabdehə göndərildiyi barədə sübut iddia ərizəsinə əlavə edilərək xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutu nəzərə almamışdır. Daha sonra pretenziya məktublarının cavabdehə göndərilməsi barədə sübutlar və əlavə sübutlar xx.xx.2025-ci il tarixdə yenidən portala yerləşdirməklə məhkəməyə təqdim edilmişdir. Məhkəmə bu sübutlara da əhəmiyyət verməmişdir. Məhkəmə iddianın qaytarılması barədə qərardad çıxardığı barədə bildirişi elektron sistemə xx.xx.2025-ci il tarixdə yerləşdirmişdir. Lakin qərardad yerləşdirilərkən qərardadın xx.xx.2025-ci il tarixdə çıxarıldığı qeyd olunmuşdur. Həmçinin bildirir ki, xx.xx.2025-ci il tarixli qərardaddan verilən şikayətdə bu faktlar qeyd olunsa da, məhkəmə bu faktları nəzərə almamış və 10 gün sonra xx.xx.2025-ci il tarixində şikayətin təmin edilməməsi barədə qərardad çıxarmaqla işi apellyasiya məhkəməsinə göndərmişdir. Halbuki, məhkəmə özü şikayəti təmin edə bilərdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Məhkəmə kollegiyasının mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. İddiaçı bildirir ki, o, xx.xx.2024-cü il tarixdə cavabdehin “İnternet Vergi İdarəsi”ndəki avtomatlaşdırılmış inernet vergi sistemində olan kabinetinə pretenziya göndərmiş və bunu təsdiq edən sənədi məhkəməyə təqdim etmiş, iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə bir ildən sonra müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş həmin sənədi nəzərdən keçirərək ona qiymət verməmişdir.

14. O da qeyd edilməlidir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Birinci instansiya məhkəməsi qanunvericilikdə nəzərdə tutulmuş bu imkandan da istifadə etməklə iddiaçı tərəfindən təqdim edilən sözügedən sənədi tərəflərin iştirakı ilə nəzərdən keçirə, bunun nəticəsi olaraq iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə müvafiq qərardad qəbul edə bilər.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5447/2025 nömrəli qərardadı ləğv olunsun və iş, bu qərardadda göstərilənlər nəzərə alınmaqla iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar