Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-912/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(113)-1904/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən ümumi 3750 ABŞ dolları məbləğində borcun manat ekvivalentini, yəni 6375 manat məbləğində vurulmuş zərərin və ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi yazı xətasının düzəldilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbi və iddia tələbinin həcminin artırılmasına dair ərizələrin tələb hissəsində qeyd edilən “ziyanın 20000 manatını cavabdeh X3” ifadəsindəki 20000 manat yazı xətası olduğundan həmin ifadənin ziyanın 10000 manatını cavabdeh X3 ifadəsi kimi oxunulmasını və qəbul edilməsini, tələb hissəsində qeyd edilən X4 tərəfindən 2000 manat ifadəsinin yazı xətası olaraq iki dəfə qeyd edildiyindən X4 tərəfindən 2000 manat ifadəsinin birinin nəzərə alınmamasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-2(113)-1904/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-1904/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını iddiaçının istinad etdiyi Mülki Məcəllənin 451-ci maddəsi təşkil etmir. Çünki həmin maddə podrat münasibətlərindən irəli gələn öhdəliyin icra olunmaması nəticəsində yaranan zərərin ödənilməsini nəzərdə tutmuşdur. Lakin bu mövqe yanlışdır, çünki 451-ci maddə Kreditor və Borclu arasında olan istənilən münasibətlərə şamil edilir. Bu maddədə podrat ilə bağlı heç bir qeyd yoxdur. Digər tərəfdən məhkəmə özü qeyd edir ki, iddiaçının tələb irəli sürməyə hüququ çatır, amma iddianı rədd edir. Həm də qeyd edir ki, cavabdeh tərəfə irad bildirilməyib. Axı Cavabdehə Məhkəmədən qabaq pretenziya məktubu (irad) göndərilib. Pretenziya göndərilmiş olmasaydı, iş məhkəmənin icraatına qəbul olunmazdı. Belə çıxır ki, məhkəmə əsassız olduğuna görə yox, texniki məsələlərə görə iddianı rədd edib. Məhkəmə qeyd etmişdir: Bundan başqa iddiaçı cavabdehin öhdəliyi pozması nəticəsində məcbur olub "xxxx" MMC ilə müqavilə bağladığını və 160 ABŞ dolları bahasına 25 ton mis aldığını bildirsə də, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə xx.xx.2021-ci il tarixdə, yəni cavabdehlə razılaşmadan təxminən bir il öncə bağlanmış və ilk dəfə xx.xx.2022-ci il tarixdə, 4-cü dəfə xx.xx.2023-cü il tarixdə alqı-satqı olmuşdur. Göründüyü kimi iddiaçının "xxxx" MMC-dən 25 ton mis alması cavabdehin öhdəliyi pozması nəticəsində olmamış, əvvəldən "xxxx" MMC ilə iddiaçı arasında bir neçə dəfə alqı-satqı olmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 1 nömrəli Razılaşma protokolu ilə iddiaçı "xxxx" MMC-dən 1 tonu 14229,85 manat olmaqla, 402989,35 manat dəyərində olan ümumi çəkisi 24 ton mis almış, xx.xx.2023-cü il tarixli 4 nömrəli Razılaşma protokolu ilə isə iddiaçı "xxxx" MMC-dən əvvəlkindən daha ucuz, 1 tonu 13941,70 manat olmaqla, 411280,15 manat dəyərində olan ümumi çəkisi 25 ton mis almışdır. Bütün bunlar cavabdehin müqavilə üzrə öhdəliyi pozması nəticəsində iddiaçının müqavilədən imtina edərək ləğv etmədiyini, başqa şəxsdən daha yüksək qiymətə mal almadığını göstərir. Bu mövqeyə etiraz edir. Bunun nə fərqi var başa düşə bilmədi. İşgüzar təcrübədə geniş yayılmış elementar bir praktikadır ki, sahibkarlar bir-birləriylə çərçivə (ana) müqavilə deyilən ümumi şərtləri razılaşdırırlar və fərqli vaxtlarda həmən müqaviləyə əlavə razılaşma kimi (Müqavilənin predmetinin dəyişdirilməsi barədə) Müqaviləyə qoşmalar imzalayırlar və bu əsasda əməkdaşlıq edirlər. Cavabdeh Paper.az öz öhdəliyini icra etmədiyinə görə digər təchizatçı "xxxx" MMC ilə xx.xx.2023cü il tarixdə əlavə razılaşma imzalanıb və həmən əlavə razılaşma bu məsələdə nəzərə alınır. Bundan qabaq iddiaçının üçüncü şəxs "xxxx" MMC ilə olan münasibətlərin bu məsələyə heç bir aidiyyəti yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Həmin Məcəllənin 451-ci maddəsinə əsasən borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər.
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 645.1-ci maddəsinə əsasən əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər.
16. Həmin Məcəllənin 645.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər.
17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC xx.xx.2021-ci il tarixli 31/21 nömrəli müqavilənin bağlanması, hazırda da müqavilənin ləğv edilməməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən və təqdim olunmuş sübutlarla təsdiqini tapdığından işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında mal göndərmə müqaviləsində irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, cavabdeh müqavilə əlavəsi olan xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolunda razılaşdırılmış qaydada və məbləğdə iddiaçıya mis xurda və katod satmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir.
24. İddiaçı tərəf Mülki Məcəllənin 451-ci maddəsinə istinad edərək müqavilə üzrə cavabdehin öhdəliyi icra etməməsi nəticəsində istehsal zərurəti ilə əlaqədar "xxxx" MMCdən məcburi olaraq baha qiymətə 25 ton mis aldığını bildirmiş və bununla bağlı zərərin əvəzinin ödənilməsini tələb etmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbinin qanuni əsasını iddiaçının istinad etdiyi Mülki Məcəllənin 451-ci maddəsi təşkil etmir. Çünki həmin maddə podrat münasibətlərindən irəli gələn öhdəliyin icra olunmaması nəticəsində yaranan zərərin ödənilməsini nəzərdə tutumuşdur. İddiaçının hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 645.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbləri baxımından cavabdehin öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə iddiaçı müqavilədə nəzərdə tutulan malın əvəzinə "xxxx" MMC-dən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini cavabdehə qarşı irəli sürə bilər.
26. Məhkəmə iş materiallarını araşdıraraq, hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Çünki iddiaçı cavabdehin öhdəliyi pozması nəticəsində müqavilənin ləğv edilməsi və ya bu barədə cavabdeh tərəfə öz iradə ifadəsini bildirməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Əksinə, iddiaçı hazırda da həmin qiymətlə mal verə bildiyi halda cavabdehlə münasibətləri davam etdirməyə razı olduqlarını bildirmişdir. Bu isə tərəflər arasında müqavilənin ləğv edilmədiyini göstərir. Mülki Məcəllənin 645.1-ci maddəsində isə müqavilə ləğv edildikdən sonra başqa şəxsdən daha yüksək mal alındığı halda qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələb edilə bilər.
27. Bu səbəbdən, yəni müqavilə ləğv edilmədiyindən Mülki Məcəllənin 645.1-ci maddəsi tərəflər arasında olan münasibətlərə tətbiq edilə bilməz.
28. Bundan başqa iddiaçı cavabdehin öhdəliyi pozması nəticəsində məcbur olub "xxxx" MMC ilə müqavilə bağladığını və 160 ABŞ dolları bahasına 25 ton mis aldığını bildirsə də, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə xx.xx.2021-ci il tarixdə, yəni cavabdehlə razılaşmadan təxminən bir il öncə bağlanmış və ilk dəfə xx.xx.2022-ci il tarixdə, 4-cü dəfə xx.xx.2023-cü il tarixdə alqı-satqı olmuşdur. Göründüyü kimi iddiaçının "xxxx" MMC-dən 25 ton mis alması cavabdehin öhdəliyi pozması nəticəsində olmamış, əvvəldən "xxxx" MMC ilə iddiaçı arasında bir neçə dəfə alqı-satqı olmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 1 nömrəli Razılaşma protokolu ilə iddiaçı "xxxx" MMC-dən 1 tonu 14229,85 manat olmaqla, 402989,35 manat dəyərində olan ümumi çəkisi 24 ton mis almış, xx.xx.2023-cü il tarixli 4 nömrəli Razılaşma protokolu ilə isə iddiaçı "xxxx" MMC-dən əvvəlkindən daha ucuz, 1 tonu 13941,70 manat olmaqla, 411280,15 manat dəyərində olan ümumi çəkisi 25 ton mis almışdır.
29. Bütün bunlar cavabdehin müqavilə üzrə öhdəliyi pozması nəticəsində iddiaçının müqavilədən imtina edərək ləğv etmədiyini, başqa şəxsdən daha yüksək qiymətə mal almadığını göstərir.
30. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
31. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Həmçinin iddia qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-2(113)-1904/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.