Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-913/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2341/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı “X6” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X6” MMC cavabdehlər "xxxx" ASC, “X2” MMC, “X1”, MMC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 7711,20 manat, “X1” MMC-dən 2158,80 manat, “X2” MMC-dən 1044,60 manat, "xxxx" MMC-dən 436,80 manat borcun və cavabdehlərdən müştərək qaydada 130 manat vəkilə ödənilmiş xərcin, 20.000 (iyirmi min) manat miqdarında mənəvi zərərin və hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “X6” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli e-2-2(113)-2341/2021 saylı qərardadı ilə iddiaçı “X6” MMC-nin cavabdehlər “X2” MMC, “X1”, MMC "xxxx" MMCyə qarşı hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin 25.06.2021-ci il tarixli e-2-2(113)-2341/2021 saylı qətnaməsi ilə iddiaçı “X6” MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun ödənilməsi tələbi barədə iddiası rədd edilmişdir. İddiaçı “X6” MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, “X6” MMC ilə “X5” ASC arasında 14 oktyabr 2019-cu il tarixli malın alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı və alıcı bu müqavilənin ayrılmış tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə bu sifarişlə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə malı qəbul edib bu müqavilə ilə şərtləşdirilmiş qaydada malın dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. “X6” MMC yuxarıda qeyd olunan müqavilə öhdəliklərini tam olaraq yerinə yetirsə də, "xxxx" ASC müqavilədə nəzərdə tutulan malları aldığı halda bu günə qədər müqavilə öhdəliklərini yerinə yetirməmiş və onun 7711,20 manat borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu sübut olunmur. Belə ki, əvvəla tərəflər arasında malların alqı-satqısı ilə bağlı yazılı müqavilənin bağlanması müəyyən olunmur. Çünki iddiaçı məhz cavabdeh "xxxx" ASC ilə bağlanmış alqı-satqı müqaviləsini məhkəməyə təqdim etməmişdir. Bununla belə həmin tərəflər arasında alqı-satqı müqaviləsinin şifahi olaraq bağlanması istisna olunmur. Lakin iddiaçı müqavilə üzrə nəzərdə tutulan malları cavabdehə təhvil verilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi “excel cədvəlindən çıxarış” isə həmin halları təsdiq edən sübut qismində qiymətləndirilə bilməz. Çünki həmin cədvəldən çıxarışda yalnız malların, işlərin və xidmətlərin təqdim edilməsi qaimələrinin adları, seriya nömrələri və s. sadalanmış, həmin sənədlərin özləri, yəni elektron qaimə-fakturalar və onların hansı sənədlər əsasında doldurulmasını təsdiq edən digər sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə həmin məlumatların həqiqiliyini müəyyən etmək mümkün deyil. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapmır. Ona görə də, Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən borcun tutulması tələblərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X6” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2341/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-913/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-913/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver