Məhkəmə qərarları › İş №2-2(103)-913/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-913/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-913/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)- 1957/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2020 tarixli 076/2020 saylı məhsulların nisyə alqı-satqısı müqaviləsinə əsasən müxtəlif çeşidli 30.000 manat məbləğində məhsulların alğı-satqısı tərəflər arasında razılaşdırılmış, borcun üç ay ərzində ödəniləcəyini alıcı öz üzərinə götürmüşdür.

2. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında cəmi 30.000 manat, toplam 25.423,73 manat məbləğində malların Cavabdeh təhvil verildiyi qeyd edilmişdir.

3. İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli 811883 saylı, 24 dekabr 2020-ci il tarixli 805701 nömrəli, 17 mart 2020 tarixli 810751 nömrəli mədaxil qəbzi kötüklərində Cavabdeh Mirbadulla oğlu tərəfindən ödənişlərin olduğu qeyd edilmişdir.

4. "xxxx" MMC-yə Cavabdeh adı qeyd edilməklə yazılmış xx.xx.2020-ci il tarixli ərizədə 30.000 manat borcun qəbul edildiyi, həmin borcun üç ay ərzində ödəniləcəyi qeyd edilmişdir.

5. İş üzrə məhkəmə xəttşünaslıq ekspertizası keçirilmiş 19 iyun 2023-cü il tarixli 4/968 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli 076/2020 saylı məhsulların nisyə alqı-satqısı müqaviləsində “alıcı” hissəsində “imza” qrafasındakı imza və həmin müqavilə üzrə xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında “təhvil aldı: alıcı” hissəsində “imza” qrafasındaki imza- Cavabdeh Mirbadulla oğlu tərəfindən icra olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 8223,19 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 (yüz manat) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 076/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 (otuz min) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yəolan borcunun 8223,19 manat hissəsini bu günədək ödəməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1957/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, tərəflər arasında müxtəlif malların alğısatqısı barədə razılaşma olmuş, həmin razılaşma əsasında tərəflər arasında müqavilə imzalanmış, müqavilə üzrə mallar cavabdehə təhvil verilmişdir. Cavabdeh təhvil verilmiş malların dəyərini tam olaraq ödəməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan məlum olmuşdur ki, ümumilikdə 30.000 manat məbləğində mallar cavabdehə təqdim edilmişdir. Eyni zamanda mədaxil orderlərindən cavabdeh tərəfindən malların bir qisminin ödənildiyi təsdiq edilir.

11. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası keçirilmiş və imzaların Cavabdeh tərəfindən icra edildiyi ekspert rəyində qeyd edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1957/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, əmək kitabçasından da görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixədək İddiaçı MMC nin əməkdaşı olmuş və satış üzrə nümayəndə vəzifəsində çalışmışdır. Tərəflər arasında kommersiya münasibəti yox, işçi işverən münasibəti olmuşdur və cavabdeh heç bir zaman iddiaçı cəmiyyətdən bizon məhsulları əldə etməmişdir. Eyni zamanda iddiaçı da cavabdehə bu məhsulların satılmasına dair əsaslı sübut təqdim etməmişdir. Belə ki, tərəflər arasında cavabdeh hələ işə başlamazdan qabaq öhdəlik kimi etibarsız bir nisyə alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh boş bir kağıza da imza etmişdir. Ekspertiza nəticəsində imzaların cavabdehə məxsus olmasının da səbəbi məhz budur. Lakin ekspertiza qarşısında yazıların kimə məxsus olmasına dair sualların olmaması da işin qərəzli nəticələndirildiyinin bir digər sübutudur. Yəni ortada tərəflər arasında heç-bir kommersiya münasibəti olmamışdır və cavabdeh heç-bir bizon məhsulunu iddiaçıdan almamışdır. Dolayı yolla cavabdehin iddiaçıya qarşı heç-bir öhdəliyi olmamışdır. Satıcı kimi görünən və pərdələmə alqı-satqı müqaviləsi ilə iddia edən, əslində isə öz işçisinə əvvəlcədən haqsız öhdəlik yükləyən İddiaçı MMC- nin lehinə qətnamə çıxarmış Bakı Kommersiya Məhkəməsi əsassız qətnamə çıxarmışdır. Ortada satıcı kimi görünən iddiaçı cavabdehin öhdəliyinə heç bir bizon məhsulu verməmişdir. Tərəflər arasında olan müqavilənin varlığı qəbul edilsə bilə, bu ən başdan etibarsız əqd olduğu üçün və belə bir borc olsa belə etibarsız əqd əsasında bu borcun yaranması səbəbilə xx.xx.2020-ci il tarixdə 3 ay müddətə bağlanmış müqavilənin üzərindən 3 ilə yaxın müddət keçdikdən sonra məhkəmənin bu halı araşdırmadan və kəsici müddətlərə baxmadan iddia tələbini qəbul etməsi və qətnamə çıxarması tamamilə qərəzli olmuşdur. Cavabdeh, iddiaçıdan heç bir mal təhvil almamışdır. Tərəflər arasında olan müqavilə ən başından bəri işverənin işçisinin üzərinə öhdəlik qoyulması üçün bağladığı pərdələmə bir müqavilə olmaqla etibarsızdır və cavabdehin iddiaçıya qarşı heçbir pul ödəmək öhdəliyi yoxdur. Bakı Kommersiya Məhkəməsi Mülki Məcəllənin bu müddəasını tamamilə yanlış bir şəkildə işə tədbiq edərək əsassız bir qətnamə çıxarmışdır. Cavabdeh həqiqətən etibarsız əqd üzrə borcalan olsa idi, 2021-ci ilin yanvar ayından yəni, etibarsız əqdin bağlanıldığı andan 3 ay keçdikdən sonra, bir il müddət hesablanaraq məhkəmə tərəfindən müəyyən edilmiş etibarsız əqd üzrə MM-nin 354.1-ci maddəsində göstərilən müddət elə məhkəmə tərəfindən tədbiq edilərək iddia rədd edilməli idi. İşin hallarından və təqdim edilən sübutlardan görünür ki, tərəflər arasında qarşılıqlı sahibkarlıq fəaliyyəti mövcud deyildir. Cavabdeh 19 sentyabr 2019-cu il tarixdən 2021-ci ilin 14 yanvar tarixinədək iddiaçının çalışanı olmuşdur və o bu dövrlər ərzində satışlar edərək iddiaçının kassasına pullar daxil etmişdir. Tərəflər arasında sahibkarlıq fəaliyyəti və müqavilə əsasında hər-hansı bir öhdəlik ümumiyyətlə mövcud olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

15. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1957/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdəki sübutlarla təsdiq olunur ki, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli 076/2020 saylı məhsulların nisyə alqı-satqısı müqaviləsinə əsasən müxtəlif çeşidli 30.000 manat məbləğində məhsulların alqı-satqısı tərəflər arasında razılaşdırılmış, borcun üç ay ərzində ödəniləcəyini alıcı öz üzərinə götürmüş, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktını imzalamaqla ƏDV daxil cəmi 30.000 manat dəyərində malı qəbul etdiyini qəbul etmiş, əl yazısı ilə yazılmış xx.xx.2020-ci il tarixli ərizədə isə 30.000 manat borcun qəbul edildiyi, həmin borcun üç ay ərzində ödəniləcəyi qeyd edilmişdir.

20. Cavabdeh qeyd edilən sənədlərdəki imzanın ona məxsus olduğunu qəbul etmədiyindən işə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023 tarixli 4/968 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli 076/2020 saylı məhsulların nisyə alqı-satqısı müqaviləsində “alıcı” hissəsindəki “imza” qrafasındakı imza və həmin müqavilə üzrə xx.xx.2020-ci il tarixli təhvil-təslim aktındakı “təhvil aldı: alıcı” hissəsində “imza” qrafasındaki imza- Cavabdeh Mirbadulla oğlu tərəfindən icra olunmuşdur.

21. Bundan sonra cavabdeh məhkəməyə bildirmişdir ki, o İddiaçı MMC-də əmək müqaviləsi əsasında satış nümayəndəsi işləmiş və işdən çıxarkən həqiqətən satdığı mallar üzrə müştərilərdə 8223,19 manat ödənilməmiş borc olmuşdur. Lakin hesab edir ki, işdən çıxdığına görə iddiaçı qeyd edilən borcu ondan deyil, mal təqdim etdiyi müştərilərdən tələb etməlidir. Cavabdehin İddiaçı MMC-nin işçisi olması barədə əmək kitabçasının surəti apellyasiya şikayətinə əlavə edilmiş, birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi cavabdehin İddiaçı MMC-də işləməsini mübahisələndirməmiş, lakin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin əmək münasibətlərinə hər hansı aidiyyəti olmadığını, alqı-satqı müqaviləsinin cavabdeh işə qəbul edildikdən bir il sonra bağlandığını bildirmişdir.

22. Apellyasiya şikayətində cavabdeh iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinə etibarsız əqd kimi hüquqi qiymət verilməsini xahiş etmişdir.

23. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh və nümayəndəsi izahat verərək bildirmişlər ki, alqı-satqı müqaviləsi və digər sənədləri cavabdeh İddiaçı MMC-də işə qəbul olunarkən imzalamışdır. Bu hal işdəki hər hansı sübutla təsdiq edilmir. Məhkəmə araşdırması zamanı iddianın əsası kimi istinad edilmiş müqaviləə əhəmiyyətsiz əqd kimi hüquqi qiymət verilməsi üçün əsaslar müəyyən edilməmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh işə birinci instansiya qaydasında baxılarkən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindəki və digər sənədlərdəki imzalarıın ona aid olduğunu qəbul etməsə də ekspert rəyi ilə təsdiq edilmişdir ki, imzalar onu tərəfindən icra edilmişdir. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh iddiaya etirazının əsasını dəyişərək göstərmişdir ki, sənədlərdəki imza ona məxsus olsa da sənədləri işə qəbul edildiyi gün imzalamışdır. Halbuki cavabdehin özünün apellyasiya şikayətinə əlavə etdiyi əmək kitabçasındakı qeydə əsasən o İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsinə xx.xx.2019cu il tarixdə işə qəbul edildiyi halda, tərəflər arasındakı alqı-satqısı müqaviləsi bir il sonra xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Həmin müqavilənin və digər sənədlərin cavabdehə imza üçün işə qəbul edildiyi gün tarix qeyd edilmədən təqdim edildiyinə dair mülahizələr inandırıcı hesab edilmir. Cavabdehin alqı-satqı müqaviləsi üzrə qalıq 8223,19 manat borcunun ödənilməsi icra edilmədiyindən iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1957/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1957/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar