Məhkəmə qərarları › İş №2-2(103)-917/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-917/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-917/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşıma müqaviləsi üzrə pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1139/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 100485,70 manat vurulmuş zərərin əvəzi kimi pul və mediasiya xərci kimi ödənilmiş 410 manat məbləğində xidmət haqqının reqres qaydada alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4554/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş zərərə görə 70000 (yetmiş min) manat, 410 (dörd yüz on) manat mediasiya xərci olmaqla, cəmi 70410 (yetmiş min dörd yüz on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1139/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində “cavabdehin onun tərəfindən ümumiyyətlə daşınmanın həyata keçirməməsi” qeyd edilməsi anlaşılan deyil. Çünki cavabdeh tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş iddia ərizəsinə etirazda da qeyd edilir ki, Cavabdeh iddiaçı şirkətə qarşı yalnız maşına yüklənmiş məhsulların daşımasını həyata keçirtməyi öhdəsinə götürmüşdür. Doğrudan da həmin yüklərin beynəlxalq daşınması həyata keçirilərək heç bir əskiklik olmadan toyuqları respublikanın ərazisinə çatdırılmışdır. Cavabdehin üzərinə əlavə öhdəliklər qoyan heç bir müqavilə, hüquqi sənəd mövcud olmamışdır, belə olduğu təqdirdə ondan niyə toyuqların -18 temperaturda gətirilmədiyi soruşulması olduqca absurddur (səhifə 1, abzas 4). Göründüyü kimi cavabdeh qəbul edir ki, iddiaçı qarşısında şifahi razılaşma əsasında avtomaşına yüklənmiş məhsulun heç bir əskiklik olmadan Azərbaycan Respublikasının ərazisinə çatdırılmasının, daşınmasının həyata keçirilməsi öhdəliyi götürülmüşdür. Belə ki, soyuducu kameralı 99OL-585/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşqu Cavabdeh mülkiyyətində olmuş, xx.xx.2023-cü il tarixdə o, sürücü Şahid nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Daha sonra 2023-cü ilin yanvar ayında Cavabdeh iddiaçının işçisi Nümayəndə2 ilə ***-***-**-** mobil nömrəli whatsapp sosial şəbəkəsi vasitəsilə yazışma aparılmış və 1400 ABŞ dolları müqabilində yükün Azərbaycana daşınmasının həyata keçirilməsi şifahi qaydada razılaşdırılmışdır. Lakin həmin Whatsapp yazışmasında yükün daşınma şərtləri, rejimləri, məhz -18 dərəcə ilə çatdırılması barədə heç bir təlimat verilməmişdir. Həmçinin həmin şifahi razılaşmadan sonra yükün ölkə ərazisinə məhz -18 dərəcə ilə çatdırılması barədə yazılı müqavilə bağlanmamışdır. Bundan sonra, sürücünün iddiaçıya verdiyi məlumata əsasən avtomaşın və qoşqu yüklənmə yerinə getmiş, mal yüklənmiş, qapıya plomb vurulmuş və zavod əməkdaşı lazımi temperaturu qoyduqdan sonra sürücüyə "нечего не трогай так и ежай" (heç nəyə əl vurma belə də get ) deyərək yola salmışlar. Sürücü, ümumiyyətlə temperatur rejiminin qoyulması prosesində istirak etmədiyini iddiaçıya bildirmişdir. Odur ki, məhkəmə qətnaməsində dondurulmuş toyuq ətinin -18 dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşınmalı olması barədə cavabdehin öhdəlik götürməsi barədə qeyd edilənlər absurddur və cavabdeh tərəfindən qəti qəbul edilmir. Çünki yükün -18 dərəcədə çatdırılması barədə cavabdehə heç bir sifariş verilməmiş və heç bir müqavilə, hər hansı yazılı razılaşma mövcud deyil. Təəssüf ki, iddiaçının Sərxan adlı işçisi ilə malın Azərbaycana daşınması barədə aparılmış Whatsapp yazışması telefondan silinmişdir. Odur ki, həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsi imkan xaricində olmuşdur. Hazırda həmin yazışma nə cavabdeh, nə də iddiaçıda (iddiaçı da yazışmanın silindiyini bildirir) mövcud deyil. Lakin yazışmanın bərpa olunması üçün mütəxəssis-proqramistə müraciət olunmuşdur. Əgər sübut əldə edilərsə və yazışma bərpa olunarsa, apelyasiya instansiyası məhkəməsində təqdim ediləcəkdir. Çünki həmin yazışmada malın Azərbaycana yalnız çatdırılması müzakirə olunur, hər hansı temperaturda çatdırılması barədə cavabdehə sifariş verilməmişdir. Cavabdeh müqavilə bağlamaqda sərbəstdir. Heç kəs cavabdehi hər hansı müqavilə bağlamağa məcbur edə bilməz. Qeyd edilənlərdən əlavə, iş materiallarında olan beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR) görünür ki, yüklərin çatdırılmasının xüsusi razılaşdırılmış şərtləri kimi dondurulmuş toyuq ətini -18 (mənfi on səkkiz) dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşınması qeyd edilir və həmin sənəd məhz sürücü Şahid tərəfindən imzalanmışdır. Hesab edirəm ki, bu məqam bir daha təsdiq edir ki, cavabdeh yükün Azərbaycana məhz -18 dərəcədə çatdırılması barədə hər hansı bir öhdəliyi olmamışdır, bu öhdəliyi iddiaçı qarşısında sürücü götürmüşdür. Cavabdehin isə sürücünün üzərinə götürüdüyü hər hansı məsuliyyəti daşımaq öhdəliyi yoxdur. Təəssüf ki, məhkəmə qətnaməsində də beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində (CMR) dondurulmuş toyuq ətininin -18 dərəcə temperaturda alıcının Azərbaycan Respublikasındakı ünvanına daşınması və həmin sənədin sürücü Şahid tərəfindən imzalanması qeyd edilsə də, sonradan qərəzli olaraq daşınmanın hansı şərtlərlə, hansı temperaturda daşınmalı olması barədə Cavabdeh əvvəlcədən məlumatlı olduğunu qeyd edir (səhifə 13, bənd 41). Hesab edir ki, məhkəmənin bu qənaəti əsassızdır və heç bir sübuta söykənmir. Çünki, iş materiallarında olan sifarişçi "xxxx" MMC ilə daşıyıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 5.6-cı, 5.7-ci, 5.8-ci, 5.11-ci bəndlərinə əsasən daşıyıcı İddiaçı MMC yükün daşınması prosesinə nəzarət etməli, sürücü ilə daimi telefon əlaqəsində olmalı, bu barədə hər gün sifarişçi "xxxx" MMC-yə məlumat verməli, tələb olunan temperatur rejiminin saxlanmasına nəzarət etməlidir. Göründüyü kimi bu barədə məsuliyyət Cavabdeh deyil, birbaşa daşıyıcı İddiaçı MMC-nin üzərindədir. Hətta xx.xx.2023-cü il tarixli müqavilənin 5.21-ci bəndindən görünür ki, daşıyıcı İddiaçı MMC nəqliyyat vasitəsinin sürücülərini bu Müqavilənin şərtləri haqqında məlumatlandırmalı və onlar tərəfindən bu şərtlərə əməl edilməsini təmin etməlidir. Lakin daşıyıcı İddiaçı MMC-nin nəinki cavabdehi, heç sürücünü Müqavilə şərtləri haqqında məlumatlandırması barədə heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Həmin Məcəllənin 859.5-ci maddəsinə əsaəsn daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi daşıyıcı İddiaçı MMC daşımanı başqa daşıyıcının vasitəsilə həyata keçirə bilər və daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Lakin daşıyıcı İddiaçı MMC daşıma üçün yükü verdiyi daşıyıcıya, yəni sürücü Şahid reqres hüququndan istisna halı kimi müəyyən edilmiş dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək rəsmi qaydada bildiriş göndərməmişdir. Məhkəmə iclaslarında iddiaçı tərəfindən bu barədə heç bir sübut təqdim edilməmişdir. Doğrudur, Cavabdeh iddia qəti qəbul etmir və bildirişin gönərilməsi barədə tələb daşıyıcı olan İddiaçı MMC-nin sürücüyə qarşı iddia qaldırdığı halda tətbiq oluna bilər. Hər halda bu pozuntu barədə də qeyd etməyi zəruri hesab edirik. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş həm “X3” MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda, həm də "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda dondurulmuş toyuq ətinin bütün yol boyu +18 dərəcə ilə daşınması və məhsulun anabara çatdırıldıqda istifadəyə yararsız hala düşməsi, qeyd olunan halın ekspeditor tərəfindən təyin olunmuş sürücü Şahid səhlənkarlığı ucbatından baş verməsi qeyd edilmişdir. Göründüyü kimi Cavabdeh yükün məhz -18 dərəcə ilə çatdırılmasında heç bir öhdəliyi mövcud deyil və bu heç bir sənəd ilə təsdiqini tapmır. Lakin işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələbini pozmuş və iddianı təmin etməklə əsassız nəticəyə gəlmişdir. Belə ki, həm iddia ərizəsində, həm pretenziya məktublarında, həm də məhkəmə qətnaməsində beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində (CMR) dondurulmuş toyuq ətinin -18 dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşınması sürücü Şahid ilə razılaşdırılması qeyd edilmiş və sürücü Şahid imzaladığı 001964 nömrəli CMR qaiməsi məhkəməyə təqdim edilmişdir. Deməli bu hal təsdiq edir ki, malın Azərbaycana məhz -18 dərəcədə daşınması sürücü ilə razılaşdırılmışdır, mülkiyyətçi olan cavabdeh ilə deyil. Odur ki, hesab edirəm ki, sürücü Şahid əsl cavabdeh olmalı idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək bu barədə tərəflərin fikrini soruşmamışdır. Məhkəmə ən azı həmin şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi də işə cəlb edə bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında Cavabdeh, nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

11. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir.

12. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

13. Həmin Məcəllənin 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.

14. Həmin Məcəllənin 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir.

15. Həmin Məcəllənin 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

23. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MMC (daşıyıcı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınma müqaviləsinə əsasən daşıyıcı sifarişçi ilə “X3” MMC (alıcı) arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə Rusiya Federasiyasının Belqorod vilayətində yerləşən satıcı ООО «Белгранкорм»dan dondurulmuş toyuq ətini -18 (mənfi on səkkiz) dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşımalı idi. Həmin dondurulmuş toyuq əti daşıyıcı tərəfindən daşınma üçün digər daşıyıcı Cavabdeh təklif edilmiş, Cavabdeh tərəfindən daşıyıcının təklifi qəbul edilmiş və mülkiyyətində olmuş soyuducu kameralı **-OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquya xx.xx.2023-cü il tarixdə satıcının ünvanında dondurulmuş toyuq əti yüklənmişdir. Bu hal beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi zamanı həmin qaimədə öz əksini tapmışdır. O qaimədə yüklərin çatdırılmasının xüsusi razılaşdırılmış şərtləri kimi dondurulmuş toyuq ətini -18 (mənfi on səkkiz) dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşınması qeyd edilmiş və həmin sənəd sürücü Şahid tərəfindən imzalanmışdər. Yükün əsas daşınma şərti olan -18 dərəcə temperaturda daşınmasına nəzarət edilməmiş və **-OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquda olan dondurucu kamerada temperatur +18 dərəcədə saxlanılaraq dondurulmuş toyuq əti alıcının ünvanına gətirilənə qədər ərimiş və tamamilə istehlaka yararsız hala düşmüşdür. Bu fakt yük ölkəyə gətiriləndən sonra alıcının ünvanında müəyyən edilmişdir. Alıcı tərəfindən dərhal Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilmiş və Agentliyin Abşeron-Xızı regional bölməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixli aktla 18200 kq istifadəyə yararsız toyuq əti "xxxx" ASC-nin işçi qüvvəsi tərəfindən Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda müvafiq qaydada məhv edilmişdir. Alıcı “X3” MMC-nin sifarişçi "xxxx" MMC-yə və sonuncunun da daşıyıcı İddiaçı MMC-yə ünvanlanmış pretenziya məktublarına əsasən cəmi 100485,70 manat vurulmuş zərər daşıyıcı İddiaçı MMC tərəfindən ödənilməlidir. Qeyd olunan məbləğdən 70000 manat məbləğində vəsait iddiaçı tərəfindən "xxxx" MMCnin hesabına ödənilmişdir. Qeyd olunan hallar iş üzrə sübutlarla öz təsdiqini tapır.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanan daşıma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdehin nümayəndəsi etirazında tərəflər arasında olan “Whatsapp” sosial şəbəkəsində aparılan yazışmalarda da həmin şirkətin yalnız yükün ünvanını bildirərək, Azərbaycana daşınmalı olduğunu, əlavə heç bir təlimat yaxud göstəriş vermədiyini qeyd edərək, iddiaçı ilə Cavabdeh arasında yük daşıma müqaviləsinin bağlanılmadığını bildirmişdir. Lakin məhkəmə cavabdehin nümayəndəsinin etirazını əsassız sayaraq hesab edir ki, daşıma müqaviləsi şifahi formada bağlanmışdır. Belə ki, müəyyən olunur ki, tərəflər arasında “Whatsapp” üzərindən daşıma ilə bağlı yazışmalar aparılmışdır (iddiaçı yazışmaların silindiyini bildirərək, həmin yazışmaları təqdim etməmişdir). Cavabdeh tərəf göründüyü kimi, tərəflər arasında olan “Whatsapp” sosial şəbəkəsində aparılan yazışmalarda da həmin şirkətin yalnız yükün ünvanını bildirərək, Azərbaycana daşınmalı olduğunu, əlavə heç bir təlimat yaxud göstəriş verməməsini qeyd etmişdir. Daşınma cavabdehin mülkiyyətində olan **-OL-***/99-ZX585 nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquda sürücü Şahid vasitəsilə daşınmışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin kömpüter çıxarışları məlumatlarından görünür ki, cavabdeh mülkiyyətində olan çoxsaylı nəqliyyat vasitələrini etibarnamə əsasında müxtəlif şəxslərə müəyyən müddətlər üçün vermişdir. **-OL-***/**- ZX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi hazırkı daşımanı həyata keçirmiş sürücüyə etibarnamə ilə (istifadə hüququ ilə) xx.xx.2023-cü il tarixdə verilmiş, xx.xx.2023cü il tarixdə isə həmin nəqliyyat vasitəsi başqa bir şəxsə verilmişdir. Beləliklə, daşıma ilə bağlı razılaşma tərəflər arasında olmuş, cavabdeh daşımanı həyata keçirməyi sürücü Şahid həvalə etmişdir. DYP tərəfindən verilən məlumatlardan göründüyü kimi, həmin sürücünün adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur, iddiaçı tərəfindən etibarnamə ilə müəyyən müddət üçün onun, daha sonra başqa sürücülərin istifadəsinə verilmiş nəqliyyat vasitələri olmuşdur. **-OL-***/**-ZX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi də daha sonra cavabdeh tərəfindən satılmışdır.

25. Cavabdeh etirazında bildirmişdir ki, toyuqların yararsız hala gəlməsinin başlıca səbəbi Cavabdeh diqqətsizliyi ucbatından deyil, İddiaçı MMC-nin tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi və digər subyektiv faktorlardan olmuşdur. Qeyd edildiyi kimi, cavabdeh etraz ərizəsində bildirmişdir ki, iddiaçı cavabdehə yalnız yükü Azərbaycana daşınmalı olduğunu qeyd etmiş, əlavə heç bir təlimat yaxud göstəriş verməmişdir. Lakin bu, inandırıcı görünmür, hər bir halda daşıyıcı hansı yükü, hansı şərtlərlə daşımalı olmasına dair məlumatlı olmuşdur. Bu, belə olmasaydı, tərəflər arasında hər hansı razılaşma olmaz və yüklərin daşınması həyata keçirilə bilməzdi.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin onun tərəfindən ümumiyyətlə daşınmanın həyata keçirməməsi, eyni zamanda daşınmanın həyata keçirilməsilə bağlı vəzifə təlimatlarını özündə əks etdirən müqavilə yaxud digər hüquqi sənədin imzalanmaması, həmin şirkətə qarşı üzərinə heç bir öhdəlik götürməməsinə dair etirazı əsassızdır. Həmçinin təqdim olunmuş beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR) görünür ki, yüklərin çatdırılmasının xüsusi razılaşdırılmış şərtləri kimi dondurulmuş toyuq ətini -18 (mənfi on səkkiz) dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşınması qeyd edilmiş və həmin sənəd sürücü Şahid tərəfindən imzalanmış, yəni daşınmanın hansı şərtlərlə, hansı temperaturda daşınmalı olması barədə cavabdeh tərəf əvvəlcədən məlumatlı olmuşdur.

27. Daşıyıcı olan hazırkı cavabdeh daşımanı verdiyi şəxsə tapşırmış, daşıma həyata keçirilmişdir. Daşıma üzrə öhdəliklər pozulmuş, daşınan yük tamamilə məhv olmuş, zərər dəymiş, dəymiş zərərin ödənilməsi müqavilə üzrə tərəflərdən tələb edilmiş, sonuncu olaraq isə iddiaçı tərəfindən dəymiş zərərdən 70000 manat "xxxx" MMC-yə ödənilmiş və iddiaçının cavabdehə qarşı reqres hüququ yaranmışdır.

28. İddiaçı cavabdehdən vurulmuş zərərin əvəzi kimi 100485,70 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Həmin məbləğə malın gömrük dəyəri – 78457,15 manat, köçürməyə görə bank komissiyası - 196,15 manat, gömrük rüsumları – 506,20 manat, broker xidməti - 145 manat, nəqliyyat xərci - 2250 ABŞ dolları (3825 manat), utilizasiya xərci: -1932,11 manat, boşaldılma xərci – 95,76 manat olmaqla, cəmi: 85157,37 manat + ƏDV 15328,33 manat (ümumilkdə 100485,70) daxildir.

29. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiaya etirazda irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin yuxarıda qeyd edilən arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən kollegiya yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1139/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar