Məhkəmə qərarları › İş №2-2(103)-919/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-919/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-919/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2705/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı MM-nin Azərbaycan Respublikasındakı Filialı arasında № L- SM-026/22, 26 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə cavabdeh iddiaçını müqavilənin əlavələrində öz əksini tapmış tikinti materialları və avadanlıqlarla təmin etməyi, alıcı isə əvəzində təqdim edilmiş mal-materialın həcminə uyğun şəkildə müqavilənin əlavələrində müəyyən edilmiş məbləğdə ödənişi həyata keçirməyi üzərinə götürmüşdür.

2. İddiaçı tərəfindən cavabdehə 443.402 manat məbləğində ödəniş edilmiş və cavabdeh tərəfindən iddiaçıya 207.447,95 manat məbləğində mallar təhvil verilmişdir. İddiaçı həmin təhvil verilmiş mallar üzrə 18.943,13 manat dəyərindəki malları elektron qaimə əsasında geri qaytarmışdır. Eyni zamanda iddiaçıya daha sonrakı tarixdə 12.361,68 manat məbləğində mallar təhvil verilmişdir. 242.505,5 manat məbləğində mallar iddiaçıya təqdim edilməmişdir. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 242.505,5 manat məbləğində əsas borc, 6871 manat məbləğində faiz borcu, 16.490 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 265.866,50 manat (iki yüz altmış beş min səkkiz yüz altmış altı manat əlli qəpik) məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, müqavilə üzrə edilmiş cəmi 254.867,18 manat məbləğində ödənişin qarşılığında müvafiq mal-materialın təqdim edilməsi ilə bağlı cavabdehə satınalma sifarişi göndərilməsinə, bununla bağlı yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq. yalnız xx.xx.2023-cü il tarixində, yəni müqaviləyə görə malların əslində təqdim edilməli müddət ötürüldükdən sonra cəmi ƏDV daxil 12.361,68 manat məbləğinə mütənasib dəyərdə mal təqdim edilmiş, qalıq 242.505,5 manat qarşılığında malın təqdim edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı addım atmamışdır. Müqavilənin 14-cü bəndinə əsasən, malların təhvil verilməsi 6.2-ci yarımbəndində göstərilən çatdırılma tarixlərindən sonrakı müddətə gecikdirildikdə satıcı tam gecikmə gününə görə alıcıya hər gün üçün müqavilə dəyərinin 0,05%-i (yüzdə beş) məbləğində müstəsna zərərin əvəzini ödəməlidir. Müqavilənin 6.2-ci yarımbəndinə əsasən, mallar müqavilənin Əlavə 4 və Əlavə 5-də göstərilən müddətlərdə alıcının nəqliyyat vasitələrinə göndərilmə və yüklənmə üçün hazır vəziyyətə gətirilməlidir. Əlavə 5-dən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya təqdim edilməli ən sonuncu mal partiyasının təhvil tarixi xx.xx.2022 olmalı idi. Həmin tarixdən etibarən, gecikdirilmiş hər gün üçün minimum məbləğlə faizləri hesablandıqda, cavabdeh iddiaçıya qalıq avans ödənişinin (242.505,5 manat) 0,05 faizi qədər cərimə ödəməlidir. Cərimə məbləği xx.xx.2023-cü il tarixi üçün 16.490 manat təşkil edir (242.505,5 manat x 0.05 % x 136 gün). Həmçinin, cavabdeh iddiaçıya məxsus pul məbləğini özündə heç bir əsas olmadan saxladığı üçün mülki qanunvericiliyə əsasən məsuliyyət daşıyır. Cavabdehin dəfələrlə icranı gecikdirməsi nəticəsində iddiaçı icraya marağını itirmişdir. Buna görə də, cərimə ilə bərabər ona vurulan maddi zərərin (faizlərin) ödənilməsini də tələb edir. 16 noyabr 2022-ci ildə cavabdehə qeyd edilən məsələ ilə bağlı pretenziya məktubu göndərilmiş və Mülki Məcəllənin müddəalarına uyğun olaraq, 10 (on) gün müddətində müqavilə üzrə öhdəliklərini yerinə yetirərək malın təqdim edilməsi və ya avans şəklində ödənilmiş müvafiq məbləğlərin geri qaytarılması tələb edilmişdir. Lakin, bundan sonra da iddiaçıya məxsus qalıq 242.505,50 manat pul məbləğini cavabdeh əsassız olaraq saxlamaqla ondan faydalanmış və geri qaytarmamışdır. Nəticədə, iddiaçının cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsi ilə nəzərdə tutulan faizləri tələb etmək hüququ yaranmışdır. Ona görə də, cavabdehin iddiaçıya Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, xx.xx.2022-xx.xx.2023-cü illər aralığında 4 aylıq gecikməyə görə 6871 manat məbləğində faiz borcu yaranmış olur.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2705/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 242.505,5 manat məbləğində əsas borc, 4.041 manat faiz borcu, 7.275 manat məbləğində cərimə borcunun iddiaçının xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh MMC həmin qətnamədə apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı şirkətlə şifahi danışıqlar aparılaraq cavabdehə ödənilmiş məbləğin hissə-hissə geri qaytarılması üçün razılıq əldə olunmuşdur. Lakin iddiaçı cavabdehi gözləməyərək tez müddətdə məhkəmə müraciət etmişdir. Məhkəmə tərəfindən müqavilədə nəzərdə tutulmadığı halda əlavə olaraq faiz və cərimə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz etdi.

11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 445.7-ci maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

13. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

14. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

16. Həmin Məcəllənin 599.4-cü maddəsinə əsasən satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz və cərimənin tutulması barədə tələblərin qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

20. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 14.1-ci bəndinə əsasən malların təhvil verilməsi 6.2-ci yarımbəndində göstərilən çatdırılma tarixlərindən sonrakı müddətə gecikdirildikdə satıcı tam gecikmə gününə görə alıcya aşağıdakı müstəsna zərərin əvəzini ödəməlidir: hər gün üçün bu, müqavilə dəyərinin 0,05%-i (yüzdə beş) məbləğində hesablanmalıdır. Eyni faiz dərəcəsi ödənilməli məbləği vaxtında ödəmədiyi təqdirdə alıcıya da şamil olunur.

21. Həmin müqavilənin 14.2-ci bəndinə əsasən bu müqavilənin digər müddəalarında başqa hal nəzərdə tutulmayıbsa, gecikdirilmiş müstəsna zərərin əvəzinin ödənilməsi üçün ümumi məbləğ müqavilə dəyərinin 10%-dən (on faizindən) çox ola bilməz.

22. Həmin müqavilənin 6.2-ci yarımbəndində əsasən mallar Əlavə 4 və Əlavə 5-də göstərilən müddətlərdə alıcının nəqliyyat vasitlərinə göndərilmə və yüklənmə üçün hazır vəziyyətə gətirilməlidir.

23. Əlavə 4 və Əlavə 5-dən isə müəyyən edilir ki, müxtəlif malların gətirilməsi tarixləri 2022-ci ilin yanvar, aprel-sentyabr, noyabr ayları müəyyən edilmişdir.

24. Eyni zamanda, hazırki iddia xx.xx.2023-cü il tarixdə verilmiş və iddiaçı xx.xx.2023-cü il tarixə (136 gün üçün) hesablanmış cərimə pulunun tutulması tələbini irəli sürülmüşdür.

25. Eyni zamanda işin mübahisəsiz halıdır ki, hazıra kimi 242.505,5 manat məbləğində mallar iddiaçıya təqdim edilməyib və iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsində təsbit edilmiş hüququndan istifadə edərək qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edir.

26. Müqavilənin qeyd olunan şərtlərini və işin hallarını nəzərə alaraq və Mülki Məcəllənin 462.1-ci maddəsinə əsaslanaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 7.275 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

27. Bu mənada kollegiya hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

28. Həmçinin kollegiya hesab edir ki, faiz borcunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır.

30. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir.

31. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışlar. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

32. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

34. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

35. İddiaçı tərəfindən cavbdehə ünvanlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı xx.xx.2022-ci il tarixli pretenziya məktubu xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırılmışdır (i/v 21-22). Hazırki iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla yanaşı, iddiaçı cəmi 4 ay üçün hesablanmış faizlərin tutulması tələbini irəli sürmüşdür.

36. Həmin müddət üçün hesabladıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasını gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləği 4.041 manat təşkil edir (1 il üçün - 242.505,5 x 5% = 12125,25 manat; 1 ay üçün - 12125,25 / 12 = 1010,43 manat; 4 ay üçün - 1010,43 x 4 = 4.041 manat).

37. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, cavabdehdən faiz və cərimə borcunun tutulma əsasları yuxarıda qeyd olunmuşdur. Əsaslandırmadan da göründüyü kimi bu həm tərəflər arasında bağlanmış müqavilə şərtlərindən, həm də qanunvericiliyin tələblərindən irəli gəlmişdir. Ödənişlərin hissə-hissə ödənilməsi ilə bağlı tərəflər arasında bağlanmış müqaviləyə hər hansı əlavə və ya dəyişiklik isə edilməmişdir. Çünki bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2705/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi faiz və cərimənin tutulması barədə tələblərin qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar