Məhkəmə qərarları › İş №2-2(103)-920/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-920/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-920/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-528/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24 iyun 2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli e-2-2(113)-528/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair iddia qismən təmin edilmişdir. İddiaçı "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 17 may 2021-ci il tarixli e-2-2(113)-528/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli, e-2-2(113)-528/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 31.05.2021-ci il tarixdə elektron məhkəmə sistemində qeydiyyatdan keçmiş və bu tarixdə özünə elektron kabinet yaratmışdır. Bundan sonra elektron kabinet vasitəsi ilə iddiaçı tərəfindən qətnamənin təqdim edilməsi xahişi ilə məhkəməyə ərizə ilə müraciət edilmiş və yalnız həmin müraciətdən sonra Bakı Kommersiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli, e-2-2(113)-528/2021 saylı qətnaməsi rəsmi qaydada iddiaçının elektron kabinetinə yerləşdirilərək rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Beləliklə, qətnamə iddiaçıya qeyd olunan tarixdə rəsmi qaydada təqdim edildiyinə görə ondan apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötmədən verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, e-2-2(113)-528/2021 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 07.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, qətnamə cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Halbuki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli e-2-2(113)-528/2021 saylı qətnaməsi 09 mart 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərindən də göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-528/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar