Məhkəmə qərarları › İş №2-2(103)-922/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-922/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-922/2025 05.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu (sədrlik edən və məruzəçi), hakimlər Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Cavabdeh3 adına qeydə alınmış 0,0262 faiz nisbətində olan 99 səhmə dair alğısatqı müqaviləsinin, Cavabdeh2 adına qeydə alınmış 0,0011 faiz nisbətində olan 4 ədəd səhmə dair alğı-satqı müqaviləsinin, Cavabdeh1 adına qeydə alınmış 0,0003 faiz nisbətində olan 1 ədəd səhmə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, eyni zamanda İddiaçı ASC tərəfindən vəkilə ödənilmiş 1500 manat xərcin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5928/2025 saylı qərardadı ilə hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında başqa olduğundan iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5928/2025 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5928/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5928/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Şikayətin dəlillərində isə iddiaçı qeyd etmişdir ki, hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında olan digər iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5148/2025 saylı qərardadı ilə iddiaçının ərizəsi əsasında geri qaytarılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, hazırkı e-2-2(113)-5928/2025 saylı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina barədə yekun məhkəmə aktının nəticəsi xx.xx.2025-ci il tarixdə saat 15:52-də «Elektron məhkəmə» informasiya sisteminə yerləşdirilmişdir. Digər, e-2-2(113)-5148/2025 saylı (birinci instansiya məhkəməsinin digər hakimi Nərmin Əhmədovanın icraatında olan) iş üzrə iddia ərizəsinin geri qaytarılması barərə qərardad məhkəmənin xx.xx.2025-ci il tarixli, saat 16:25-də keçirilmiş hazırlıq iclasında qəbul edilmiş və həmin qərardad üzrə məhkəmə aktının nəticəsi qeyd edilən saatdan sonra elektron məhkəmə sisteminə daxil edilmişdir. Göründüyü kimi, e-2-2(113)-5928/2025 saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən e-2-2(113)-5148/2025 saylı iş hələ birinci instansiya məhkməsinin digər hakimi Nərmin Əhmədovanın icraatında olmuşdur. Belə olan halda, xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5928/2025 saylı qərardadını qəbul edən zaman digər iş icraatda olduğundan məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur. Eyni zamanda, qeyd edilməidir ki, e-2-2(113)-5928/2025 saylı qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə baxılarkən e-2-2(113)-5148/2025 saylı iş üzrə qəbul edilmş (iddia ərizəsinin qaytarılması) qərardad hələ qanuni qüvvəsini almamışdır. Mülki Prosessual Məcəllənin 269-cu maddəsində şikayətə baxılması və nəticəsi ilə bağlı müəyyən edilmiş müddət e-2-2(113)-5148/2025 saylı iş üzrə qəbul edilmş (iddia ərizəsinin qaytarılması) qərardadın qanuni qüvvəyə minməsini gözləməyə də imkan vermir. Bu səbəbdən xx.xx.2025-ci il tarixli qərardaddan verilən şikayət əsaslı deyil və təmin oluna bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında başqa iş olduğundan iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5928/2025 saylı qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar