Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-924/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-397/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC (əvvəlki adı İddiaçı MMC) və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC (əvvəlki adı İddiaçı MMC) cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış PİC/02/27/2020 nömrəli 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin, 1.218.645,0 manat və 225.000 manat məbləğində əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş ziyana görə 500.000 manat məbləğində pul vəsaitinin və hüquqi xidmətlərin göstərilməsinə görə 1.000 manat məbləğində xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC tərəfindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda "xxxx" MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMC-dən 04.02.2020-ci il tarixli, 02 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 17304.21 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.05.2021-ci il tarixli e-2-2(113)-397/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 27.02.2020ci il tarixli PİC/02/27/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə 30.000 (otuz min) manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən 01.02.2020-ci il tarixli 02 nömrəli alqı-satqı müqaviləsi üzrə 17.304,21 manat (on yeddi min üç yüz dörd manat iyirmi bir qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx"xxxx"xxxx" MMC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı MMC (alıcı) ilə cavabdeh “Şərq Kimya Şirkəti-Bakı" MMC (satıcı) arasında № PİC/02/27/2020 nömrəli 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, satıcı kalsium bromid məhlulunu (CaBr2 Liquid), “İnkoterms-2010”-a əsasən DDP Bakı şərti ilə alıcının ünvanına çatdırmağı, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onun əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, alınan və satılan malların miqdarı və qiyməti müqaviləyə əlavə olunmuş 1 saylı qoşmada öz əksini tapır. 1 saylı qoşma bağlanan müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən, müqavilənin ümumi dəyəri, ƏDV daxil 3.495.455 manat təşkil edir. Bu müqavilənin 3.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə mallar, təchizat müddətlərinə müvafiq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir. Malların hissə-hissə təchiz edilməsi mümkündür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, alınan malların dəyəri, ƏDV daxil 3.945.455 manat təşkil edir. Alıcı satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabına köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün DDP Bakı şərti çatdırıldıqdan sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 10.1-ci maddəsinə əsasən, malların müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0 %-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%dən çox ola bilməz. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən, malın təchizi iki aydan çox gecikdirildikdə, satıcı ona ödənilməmiş pul vəsaitini tam geri qaytarır və alıcı müqaviləni ləğv etmək, yaxud onun şərtlərinə yenidən baxmaq hüququnu özlərində saxlayırlar. Sözügedən müqavilə əsasında mallar müqavilənin qüvvəyə mindiyi 27.02.2020-ci il tarixdən 120 gün müddətində, yəni 27.06.2020-ci il tarixədək çatdırılmalı olsa da, bu günədək çatdırılmamışdır. Göründüyü kimi, cavabdeh “Şərq Kimya Şirkəti Bakı" MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Belə olan halda, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10-cu maddəsinə əsasən, icranı gecikdirən cavabdeh “Şərq Kimya Şirkəti-Bakı" MMC tərəfindən mallarının dəyəri olan 3.495.455 manat məbləğin 5%-i, yəni 174.772,75 manat məbləğində cərimə cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Belə ki, İddiaçı MMC ilə SOCAR “Azneft” İB arasında 03.03.2020-ci il tarixdə 141/SAM/2020 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh “Şərq Kimya Şirkəti Bakı" MMC tərəfindən təhvil veriləcək “Kalsium Bromid” məhlulunun SOCAR “Azneft” İB-yə təhvil verilməsi, “Azneft” İB tərəfindən isə 4.714.100 manat məbləğində pulun ödənilməsi razılaşdırılmışdır. İddiaçı MMC ilə “Azneft” İB arasında bağlanan 03.03.2020-ci il tarixli müqavilənin qarantiyası kimi 27.01.2020-ci il tarixli M/17-595 saylı bank qarantiyası da “Azneft” İB-yə təqdim edilmişdir. Həmin bank qarantiyası "xxxx" ASC tərəfindən 60.000 manat həcmində verilmişdir. Lakin cavabdeh “Şərq Kimya Şirkəti-Bakı" MMC malları iddiaçıya təhvil vermədiyinə görə iddiaçı “Azneft” İB qarşısında öhdəliklərini yerinə yetirə bilməmişdir. Əgər "xxxx" MMC malları vaxtında təhvil versəydi, iddiaçı həmin malları “Azneft”İB-nə verib külli miqdarda gəlir əldə edəcəkdi. İndi isə cavabdehin təqsiri üzündən iddiaçı həmin gəlirini itirmişdir, həmçinin “Azneft” İB-yə ziyan ödəməli olmuş, iddiaçı ilə bağlanmış müqavilələrə blok qoyulmuşdur. “Azneft” İB İddiaçı MMC-dən vurulmuş zərəri tələb edir. Sözügedən müqavilə əsasında “Azneft” İB tərəfindən 4.714.100 manat məbləğində pul ödənildiyi təqdirdə, İddiaçı MMC-nin əldə edəcəyi xalis gəlir, mənfəət 1.218.645 manat təşkil edəcəkdir. Lakin hal-hazırda cavabdehin təqsiri ucbatından həmin gəlirdən məhrum edilmişdir. Hesab edir ki, cavabdeh “Şərq Kimya Şirkəti-Bakı" MMC-nin təqsiri ucbatından İddiaçı MMC şirkətinin məhrum olduğu 1.218.645 manat məbləğində xalis mənfəət və əldən çıxmış fayda da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı həmçinin SOCAR “Azneft” İB və SOCAR-ın tabeliyində olan digər bütün idarələrlə 2021-ci il üçün bağlanmalı olan müqavilələrdən cavabdehin təqsiri üzündən məhrum olmuşdur. Belə ki, İddiaçı MMC SOCAR-ın idarələri ilə orta hesabla hər il 1.500.000 manat dəyərində müqavilələr imzalayır. 2020-ci ildə SOCAR “Azərikimya” ilə 91.542,39 manat, SOCAR “Heydər Əliyev adına X3” ilə 736.573,31 manat, "xxxx" MMC ilə 435.559,70 manat məbləğlərində müqavilələr bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə məbləğlərin 15%-i, yəni təxminən 225.000 manat məbləğində xalis gəlir əldə edəcəkdi. Lakin cavabdehin təqsiri ucbatından İddiaçı MMC, SOCAR-ın “Azneft” İB-nin müqaviləsi üzrə öz öhdəliklərini icra edə bilmədiyinə görə SOCAR-ın bütün strukturlarında qara siyahıya salınmış, gələn 2021-ci il üçün tenderdə iştirak etmək hüququndan, o cümlədən əldə edəcəyi 225.000 manat məbləğində gəlirlərindən məhrum edilmişdir. Hesab edir ki, 225.000 manat məbləğində əldən çıxmış fayda da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, öz öhdəliyini icra etmədiyinə, icranı gecikdirdiyinə görə, “Azneft” İB tərəfindən İddiaçı MMC qara siyahıya salınmış və tenderdə iştirak etmək hüququ məhdudlaşdırılmışdır. Bununla da İddiaçı MMC-nin işgüzar nüfuzuna ziyan vurulmuş, onun nüfuzunun SOCAR-ın digər bütün şirkətləri, həmçinin digər müəssisələr və işgüzar aləmdə imicinin sarsılmasına səbəb olmuşdur. Elə bu əsasla da İddiaçı MMC-nin işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzi olaraq 500.000 (beş yüz min) manat məbləğində ödəniş də cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Bundan əlavə, cavabdeh "xxxx" MMCdən borcun məcburi qaydada alınması üçün hüquqi xidmət müqaviləsi əsasında hüquq şirkətinə 1.000 manat məbləğində xidmət haqqı ödənilmişdir. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında 04.02.2020-ci il tarixdə 02 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı müqaviləyə əlavədə qeyd edilən miqdarda malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilən xammallar üzrə hesab-fakturalar alıcıya təqdim edilmiş, elektron qaimələr göndərilmişdir. Ümumi məbləği 21.762,19 manat təşkil edən xammallara görə alıcı tərəfindən 4457,98 manat məbləğində pul ödənilmiş (16.03.2020-ci il tarixli faktura üzrə), digər hesab fakturalar üzrə qalıq qalan 17.304,21 manat pul isə hal-hazıradək ödənilməmişdir. Qeyd edilən 17.304,21 manat pulun ödənilməsi ilə bağlı alıcıya pretenziya qaydasında bildiriş göndərsələr də, həmin məbləğ ödənilməmişdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən alıcı malın dəyərini Müqavilənin 3-cü maddəsi ilə müəyyən olunan şərtlərlə və qaydada satıcıya ödənilməsini; 2.4.3-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü, vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməsini öhdəsinə götürür. Birinci instansiya məhkəməsi aşağıdakı sübutlara istinad etmişdir. İş materiallarında olan "xxxx" MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında 27 fevral 2020-ci il tarixdə PİC02/27/2020 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən satıcı kalsium bromid məhlulunu (CaBr2 Liquid), “İnkoterms-2010”-a əsasən DDP Bakı şərti ilə alıcının ünvanına çatdırmağı, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onların əvəzini ödəməyi öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri, ƏDV daxil 3.495.455 manat təşkil edir. 3.1-ci bəndinə görə bu müqavilə üzrə mallar, təchizat müddətlərinə müvafıq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir. Malların hissə-hissə təchiz edilməsi mümkündür. 3.2-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq satıcı: Müqavilənin şərtlərində göstərilmiş malları alıcıya təchiz etməlidir. 3.3-cü bəndinə görə müqavilənin şərtlərinə uyğun olaraq alıcı: Müqavilədə göstərilmiş qiyməti satıcıya ödəməli; Müqavilədə göstərilmiş ünvana çatdırıldıqda malları qəbul etməli və bu andan mallarla bağlı bütün risklər alıcıya ötürülmüş olur. 4.1-ci bəndinə əsasən alınan malların dəyəri, ƏDV daxil 3.495.435 manat təşkil edir, alıcı satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabına köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün DDP Bakı şərti ilə çatdırdıqdan sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür. 10.1-ci bəndinə görə malların müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin, cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%-dən çox ola bilməz. 27 fevral 2020-ci il tarixli, PİC02/27/2020 saylı müqaviləyə 1 saylı qoşmadan görünür ki, 500 m3 məhsulun dəyəri ƏDV daxil 3.495.455 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (satıcı) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi (alıcı) arasında 03.03.2020-ci il tarixdə SOCARSS-004.2011 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən satıcı kalsium bromid məhlulunu "inkoterms-2010”-a əsasən DDP Bakı şərti ilə alıcının ünvanına çatdıracaq, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onun əvəzini ödəyəcək. 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil 4.714.100 manat təşkil edir. 3.1-ci bəndinə görə bu müqavilə üzrə mallar, təchizat müddətlərinə müvafiq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir. 4.1-ci bəndinə əsasən alınan malların dəyəri, 4.714.100 manat (ƏDV ilə) təşkil edir. Alıcı satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabına köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün rəsmiləşdirilmiş qaimənin yazıldığı tarixdən 60 gün ərzində ödəməyi öhdəsinə götürür. 10.1-ci bəndinə görə malların Müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 8%-dən çox ola bilməz. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 03.03.2020-ci il tarixli, 141/SAM/2020 saylı müqaviləyə 1 saylı qoşmadan görünür ki, 500 m3 məhsulun dəyəri ƏDV daxil 4.714.100 manat təşkil edir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 12.06.2020-ci il tarixli məktub ilə müraciət edilərək, malın çatdırılma tarixi haqqında məlumat verilməsi xahiş edilmişdir. Şərq Kimya Şirkəti-Bakı” MMC tərəfindən İddiaçı MMC-yə 16.06.2020-ci il tarixli məktubla 12.06.2020-ci il tarixli məktuba cavab olaraq dünyada baş verən pandemiya ilə əlaqədar olaraq məhsulun çatdırılmasında bir sıra problemlər yarandığı, məhsulun bir hissəsinin (200 m3) 23.06.2020-ci il tarixdə Azərbaycan Gömrük sərhəd buraxılışından sonra təhvil veriləcəyi bildirilmişdir. Şərq Kimya Şirkəti-Bakı” MMC tərəfindən İddiaçı MMC-yə 23.06.2020-ci il tarixli məktubla müraciət edilərək müqavilə üzrə 200 m3 kalsium bromid məhsulunu növbəti həftə təchiz etməyə hazır olduqları bildirilmişdir. Cənubi Afrika Respublikasının Durban şəhərində yerləşən BH Company LTD tərəfindən Sevda Yusubovaya (həmin vaxt cavabdeh "xxxx" MMC-nin direktoru) ünvanlanmış 63 saylı 03.07.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Covid 19 pandemiyasına görə ölkədəki müəssisələrin fəaliyyətindəki məhdudiyyətlər və nəqliyyat problemlərinə görə şirkət fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmağa məcburdur. Bu səbəbdən 190 ton Kalsium Broid məhsulunu yükləyə bilməyəcəklər. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 09.07.2020-ci il tarixli məktubla müraciət edilərək, bildirilmişdir ki, təklif edilmiş məhsulu istehsal edən ölkə - cənubi Afrika Respublikasında 20 may 2020-ci il tarixindən müəssisənin fəaliyyəti dayandırılmışdır. Buna baxmayaraq digər istehsalçı ölkələrə də müraciət edilmiş, lakin pandemiya ilə əlaqədar olaraq konkret heç bir təklif almamışlar. Göstərilən səbəbləri nəzərə alaraq məhsulu müqavilənin 3.1-ci bəndinə əsasən 120 gün müddətinə təmin edə bilməmiş, buna görə də müqavilənin 11.3-ci bəndini nəzərə alaraq qarşılıqlı razılaşma əsasında ya iki tərəfli ya da bir tərəfli xitam verilməsinə qərar verilmişdir. Qərara qarşılıqlı olaraq anlayış göstərilməsi xahiş edilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 27.07.2020-ci il tarixli, 21/20 saylı məktubla müraciət edilərək, bildirilmişdir ki, "xxxx" MMC-nin 09.07.2020-ci il tarixində göndərdiyi məktubda gecikmənin fors-major halı ilə əlaqədar olması iddiası və müqaviləyə birtərəfli xitam verilməsi əsassız və qəbuledilməzdir. Əvvəlki məktubda qeyd edilmiş bütün hallar şirkətin müştəri qarşısında öhdəliyini yerinə yetirə bilməməyinə, reputasiya və ciddi maddi risklərə səbəb olur. Odur ki, ən qısa zamanda öhdəlik yerinə yetirilmədiyi təqdirdə müvafiq addımlar atılacaqdır. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ilə müraciət edilərək, 3 gün müddətində İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış PİC/02/27/2020 nömrəli 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsini icra etmədiyinə görə həmin müqavilənin ləğv edilməsi, öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin; 1.218.645 manat və 225.000 manat məbləğində əldən çıxmış faydanın; 500.000 manat məbləğində işgüzar nüfuza vurulmuş ziyanın və hüquqi xidmətlərin göstərilməsinə görə 1000 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmiş, yuxarıda göstərilən məbləğ ödənilməyəcəyi halda, müqavilənin ləğvi və pul tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Satınalmalar Komitəsinin iclasının 24 sentyabr 2020-ci il tarixli, 47 saylı protokolundan çıxarışa əsasən müəyyən edilir ki, kalsium bromid məhlulunun "Azneft’’ İB tərəfindən satın alınması məqsədi ilə keçirilmiş 11022AM-20 saylı açıq müsabiqənin nəticələrinə uyğun olaraq "xxxx" MMC ilə İB arasında bağlanmış 03.03.2020-ci il tarixli, 141/SAM/2020 saylı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq, "xxxx" MMC-nin bu qərar qanuni qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində SOCAR-da təşkil olunacaq bütün satınalma əməliyyatlarında iştirakı qadağan edilmişdir. SOCAR “Azneft” İB tərəfindən İddiaçı MMC-yə 02.11.2020-ci il tarixli məktub ünvanlanaraq İddiaçı MMC tərəfindən 03.03.2020-ci il tarixli, 141/SAM/2020 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi nəzərə alınaraq, həmin müqavilənin 13.2-ci bəndinə müvafiq olaraq, müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. İddiaçı MMC-nin təsisçilərin 17 dekabr 2020-ci il tarixli qərarına əsasən İddiaçı MMCnin adının dəyişdirilərək "xxxx" MMC kimi müəyyən edilməsi, cəmiyyətin adının dəyişməsi və təsisçi payının dəyişikliyi ilə əlaqədar cəmiyyətin nizamnaməsində dəyişiklik edilməsi və 4-cü redaksiyada nizamnamənin təsdiq edilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından müəyyən edilir ki, "xxxx" MMCnin əvvəlki adı İddiaçı MMC olmuşdur. "xxxx" MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında 04 fevral 2020-ci il tarixdə 02 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı 1.2-ci bəndində göstərilən əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə görə bu müqavilə üzrə satılan malların miqdarı və adı əlavələrdə qeyd ediləcəkdir. 3.1-ci bəndinə əsasən satılacaq malların qiyməti əlavələrdə qeyd ediləcəkdir. 3.2-ci bəndinə görə malın dəyəri 30 gün ərzində ödəniləcəkdir. 4.1-ci bəndinə əsasən bu müqavilə 04 fevral 2020-ci ildən 31 dekabr 2020-ci il tarixədək qüvvədədir. 5.1-ci bəndinə görə bu müqavilə ilə öz vəzifəsini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 4764,25 manat dəyərində malın göndərilməsinə dair 05.02.2020-ci il tarixli, **********8 saylı hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında 05.02.2020-ci il tarixli, EBAF seriyalı, 947001 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 4212,60 manat dəyərində malın göndərilməsinə dair 27.02.2020-ci il tarixli, **********5 saylı hesab-faktura təqdim edilmiş və həmin hesbab-faktura əsasında 27.02.2020-ci il tarixli, EBAG seriyalı, 930505 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 7293,50 manat dəyərində malın göndərilməsinə dair 17.04.2020-ci il tarixli, **********4 saylı hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında 17.03.2020-ci il tarixli, EBAH seriyalı, 795221 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 1033,86 manat dəyərində malın göndərilməsinə dair 06.05.2020-ci il tarixli, **********3 saylı hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında 08.05.2020-ci il tarixli, EBAJ seriyalı, 680204 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. Gömrük bəyannaməsindən müəyyən edilir ki, 02.07.2020-ci il "xxxx" MMC-yə ünvanlanmış 17.000,00 kq kalsium bromid məhlulu Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 07.12.2020-ci il tarixli məktubla müraciət edilərək, 04.02.2020-ci il tarixli, 02 saylı alqı-satqı müqaviləsi üzrə 17.304,21 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Qeyd olunan sübutları araşdıraraq birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC (əvvəlki adı İddiaçı MMC) ilə cavabdeh "xxxx" MMC arasında 27 fevral 2020-ci il tarixli PİC/02/27/2020-ci nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC 3.495.455 manat dəyərində kalsium bromid məhlulunu müqavilə qüvvəyə minmə anından 120 gün müddətində (yəni 27 iyun 2020-ci il tarixədək) "xxxx" MMC-yə çatdırmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı "xxxx"xxxx"xxxx" MMC-nin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyini əsas göstərərək sonuncudan müqavilədə nəzərdə tutulmuş cərimənin, eləcə də əldən çıxmış faydanın və işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə qeyd etmişdir ki, dəbbə pulunun ödənilməsi tələbinə dair hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 462-ci maddəsi təşkil edir. Hazırkı halda cavabdeh "xxxx" MMC-nin 27.02.2020-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin predmeti olan 3.495.455 manat dəyərində olan malı müqavilədə göstərilən müddətdə - 27.06.2020-ci il tarixədək iddiaçı "xxxx" MMC-yə təchiz etməməsi, bununla da öhdəliklərin lazımi qaydada icra etməməsi işin mübahisəsiz halını təşkil edir. Cavabdeh "xxxx" MMC ilk iddia tələbinə etirazına əsas kimi iki hala, birincisi, müqavilə üzrə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə (Сovid-19 pandemiyası ilə əlaqədar malın Azərbaycan Respublikasına gətirilməsinin mümkün olmaması) lazımi qaydada icra edə bilməməsinə, belə olan halda isə Mülki Məcəllənin tələblərinə əsasən öhdəliyin lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşımalı olmamasına; ikincisi, müqavilə üzrə təchiz etməli olduğu malın bir hissəsini 30.06.2020-ci il tarixdə Azərbaycan Respublikasına gətirsə də, iddiaçının həmin malı qəbul etməkdən imtina etməsinə istinad etmişdir. Birinci halla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsinin onun iradəsindən asılı olmayan hallardan baş verməsi barədə dəlillərini sübuta yetirmək üçün Cənubi Afrika Respublikasında yerləşən “HB Company LTD” şirkətinin ona ünvanlandığı pandemiya ilə əlaqədar kalsium bromid məhsulunun 190 ton hissəsini təchiz edə bilməməsi barədə 03.07.2020-ci il tarixli məktubuna istinad etmişdir. Halbuki məktubun məzmunundan da göründüyü kimi həmin məktub yalnız 03.07.2020-ci il tarixdən etibarən “HB Company LTD” şirkətinin kalsium bromid məhsulunun göndərilməsini həyata keçirə bilmədiyini təsdiq etməklə, həmin tarixədək Cənubi Afrika Respublikasından malın göndərilməsində çətinliklərin mövcud olması barədə məlumatları əks etdirmir, belə olan halda həmin məktuba əsasən "xxxx" MMC-nin mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını məhz CAR-dan məhsulunun göndərilməsinin mümkün olmaması səbəbindən gecikdirdiyini müəyyən etmək və ilkin iddia üzrə cavabdehin müqavilə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə icra edə bilməməsi barədə əsaslı nəticəyə gəlmək mümkün deyil. Digər tərəfdən borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətdən azad edilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 448.4-cü maddəsinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, göründüyü kimi pozuntunun borclunun cavabdeh olmadığı haldan irəli gəlməsinin müəyyən edilməsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətdən azad edilməsi üçün kifayət etmir, göstərilən halla yanaşı məhkəmə tərəfindən müqavilə bağlanarkən borclunun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığı, eləcə də borclunun vicdanlı davranması, yəni xəbərdar olduğu maneə barədə kreditora dərhal məlumat verməsi kimi hallar da müəyyən edilməlidir. Bundan əlavə tərəflər arasında bağlanmış 27.02.2020-ci il tarixli müqavilənin 11.2-ci bəndində də müəyyən edilmişdir ki, fors-major vəziyyətinə məruz qalmış tərəf həmin şəraitin başlaması və qurtarması haqda, onların baş verməsi günündən ən geci 10 gün ərzində digər tərəfi yazılı şəkildə dərhal xəbərdar etməlidir. Fors-majorun baş verməsini müvafiq qurum tərəfindən verilmiş elan və ya bildiriş təsdiqləməlidir. Hazırkı halda isə cavabdeh malın təchiz edilməsində pandemiya ilə əlaqədar çətinliklərin yaranması barədə yalnız 16.06.2020-ci il tarixdə, yəni müqavilədə müəyyən edilmiş öhdəliyin icrası müddətinin başa çatmasına 10 gün qalmış ilkin iddia üzrə iddiaçıya məlumat vermişdir. İlkin iddia üzrə cavabdehin iddia etdiyi kimi məhsulun Cənubi Afrika Respublikasından gətiriləcəyini nəzərə aldıqda aydın olur ki, cavabdeh malın vaxtında təchiz edilməyəcəyi barədə həmin tarixdən xeyli əvvəl məlumatlı olmalı idi. Bununla yanaşı, cavabdeh "xxxx" MMC iddiaçıya ünvanlanmış 09.07.2020-ci il tarixli məktubunda CAR-dan məhsulun gətirilməsinin mümkün olmaması barədə məlumatı aldıqdan sonra məhsulun əldə edilməsi üçün digər istehsalçı ölkələrə də müraciət etdiyini, lakin müraciətlərinin nəticə vermədiyini bildirsə də, məhsulun digər təchizatçılardan əldə etməsi üçün hər hansı bir tədbir görülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 425.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci və 14.2-ci maddələrinə istinad edərək, məhkəmə cavabdeh Şərq Kimya Şirkəti-Bakı” MMC-nin vicdanlılıq prinsipinin tələb etdiyi tərzdə davranmayaraq öhdəliyinin icrasında yaranmış maneələr barədə vaxtında məlumat vermədiyini, eləcə də öhdəliyin pozulmasının qarşısının alınması üçün zəruri tədbirlər görmədiyini (məs, digər təchizatçılardan malın alınmasına cəhd etməklə) nəzərə alaraq belə qənaətə gəlmişdir ki, hazırkı halda öhdəliyinin icrasının gecikdirilməsinin cavabdehin iradəsindən asılı olmayan hallardan baş verməsi ehtimal edilsə belə göstərilən hal cavabdehi öhdəliyin pozulmasına görə məsuliyyətdən azad etmir. Mübahisəli alqı-satqı müqaviləsi üzrə təchiz etməli olduğu malın bir hissəsini 30.06.2020-ci il tarixdə Bakıya çatdırsa da, iddiaçı "xxxx" MMC-nin həmin malı qəbul etməməsi barədə cavabdehin istinad etdiyi dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh malın bir hissəsini Bakıya gətirdiyi barədə iddiaçıya məlumat verdiyini və həmin məhsulun təhvil alınmasını iddiaçıya təklif etdiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, göstərilən dəlillərini təsdiq etmək üçün cavabdehin məhkəməyə təqdim etdiyi iddiaçının əməkdaşı Şahid ilə aparılmış whatsapp yazışmalarının həqiqiliyi iddiaçı tərəfindən qəbul edilməmişdir. Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə görə isə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Beləliklə, hazırkı halda məhkəməyə təqdim edilmiş yazışmaların həqiqiliyi müəyyən edilmədiyindən həmin yazışmalar sübut qismində qəbul edilmir. İkincisi, gətirilmiş malın iddiaçı tərəfindən qəbul edilməməsi barədə cavabdehin istinad etdiyi dəlillər onun tərəfindən ilk iddia üzrə iddiaçıya göndərilmiş 09.07.2020-ci il tarixli məktubla da təkzib edilir. Belə ki, həmin məktubda cavabdeh "xxxx" MMC mübahisəli müqavilə üzrə alqı-satqı predmeti olan məhsulu müqavilədə göstərilən müddət ərzində təchiz edə bilmədiyini təsdiq etmiş və fors-major halı ilə əlaqədar müqaviləyə xitam verildiyini bildirmişdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə gətirilməli olan məhsulun bir hissəsinin Bakıya gətirilməsi, lakin iddiaçı tərəfindən qəbul edilməməsi barədə dəlillərinin əsaslı olması ehtimal edilsə belə göstərilən hal cavabdehin müqavilə öhdəliklərinin pozuntusuna yol verməməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Belə ki, birincisi, mübahisəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqavilədə nəzərdə tutulmuş mal 27.06.2020-ci il tarixədək tam şəkildə alıcıya təqdim edilməli olduğu halda cavabdeh malın bir hissəsini öhdəliyin son icra tarixindən bir neçə gün sonra - 30.06.2020-ci il tarixdə Azərbaycan Respublikasına gətirmişdir. İkincisi, iş materiallarında olan gömrük bəyannaməsindən də göründüyü kimi 30.06.2020-ci il tarixdə "xxxx" MMC-nin adına Azərbaycan Respublikasına gətirilmiş kalsium bromid məhsulunun gömrük dəyəri 57.222 manat olmaqla həmin məhsul mübahisəli alqı-satqı müqaviləsi üzrə təchiz edilməli olan məhsulun cüzi hissəsini təşkil edir. Beləliklə, cavabdeh "xxxx" MMC-nin 27.02.2020-ci il tarixli mübahisəli müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığından, eləcə də cavabdehin öhdəliyin pozulmasına görə məsuliyyətdən azad edilməsi üçün qanunda nəzərdə tutulmuş halların mövcud olması müəyyən edilmədiyindən iddiaçı "xxxx" MMC 27.02.2020-ci il tarixli müqavilənin 10.1-ci bəndinə əsasən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə dəbbə pulunun məbləğini müəyyən edilərkən kreditorun və borclunun əsaslı mənafeyi ilə yanaşı COVİD-19 pandemiyası əlaqədar 2020-ci il mart ayından başlayaraq dünyada tətbiq edilmiş məhdudiyyət tədbirlərinin dövlətlərarası mal göndərmələrin həyata keçirilməsində yaratdığı çətinlikləri işin diqqətəlayiq halı nəzərə almış və hesab etmişdir ki, ilk iddia üzrə cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 30.000 manat məbləğində müəyyən edilməlidir. İlk iddianın əldən çıxmış faydaya görə pulun ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21 və 443cü maddələri təşkil edir. Maddi zərərin formalarından biri olan əldən çıxmış faydanın tutulması barədə işlərə baxılarkən digər əhəmiyyət kəsb edən hallarla yanaşı cavabdehin əməlləri ilə iddiaçıya əldən çıxmış fayda formasında vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən isə görünür ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən kimyəvi reagentlərə açıq satınalma müsabiqəsi 25.12.2019-cu il tarixdə elan edilmiş, həmin müsabiqə üzrə təklif zərfləri isə 28.01.2020-ci il tarixdə açılaraq "xxxx" MMC müsabiqədə qalib gəlmişdir. Müsabiqənin nəticələrinə əsasən “Azneft” İstehsalat Birliyi ilə "xxxx" MMC arasında 03.03.2020-ci il tarixdə kalsium bromid məhlulunun satınalınmasına dair müqavilə bağlanmışdır. Beləliklə, iş materiallarından təsdiq edilir ki, "xxxx"xxxx"xxxx" MMC arasında 27.02.2020-ci il tarixli mübahisəli alqı-satqı müqaviləsi kalsium bromid məhsulunun satınalınmasına dair “Azneft” İstehsalat Birliyi tərəfindən açıq müsabiqə keçirildikdən və "xxxx" MMC həmin müsabiqədə qalib elan edildikdən sonra bağlanmışdır. Belə olan halda isə açıq-aşkardır ki, "xxxx" MMC sözügedən müsabiqə üzrə təklif irəli sürərkən, eləcə də həmin müsabiqədə iştirak edərkən "xxxx" MMC-nin mübahisəli müqaviləyə əsasən üzərinə götürdüyü kalsium-bromid məhlulunun təqdim edilməsinə dair öhdəliyinə əsaslanmamışdır. Bununla yanaşı "xxxx" MMC-nin 27.02.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş öhdəlikləri vaxtında icra edə bilməyəcəyi "xxxx" MMC-yə 16.06.2020-ci il tarixdə, öhdəlikləri ümumiyyətlə icra edə bilməyəcəyi isə 09.07.2020-ci il tarixdə məlum olmuşdur. Həmçinin, müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar "xxxx" MMC-nin SOCAR-ın satınalma əməliyyatlarında iştirakının qadağan edilməsi barədə SOCAR-ın Satınalmalar Komitəsinin qərarı 24 sentyabr 2020-ci il tarixdə qəbul etmiş, eyni zamanda “Azneft” İB tərəfindən "xxxx" MMC ilə aralarında bağlanmış 03.03.2020-ci il tarixli müqaviləyə 02.11.2020-ci il tarixdə birtərəfli qaydada xitam verilmişdir. Göründüyü kimi "xxxx"xxxx"xxxx" MMC-nin kalsium-bromid məhsulunu təqdim edə bilməyəcəyi barədə xəbərdar olduğu vaxtdan SOCAR-ın "xxxx" MMC-yə qarşı 03.03.2020-ci il tarixli müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə əlaqədar tədbirlər görməyə başladığı vaxtadək iki aydan artıq müddət keçmişdir. Lakin həmin müddət ərzində "xxxx" MMC-nin “Azneft” İB ilə aralarında bağlanmış müqavilənin icrasını təmin etmək istiqamətində hər hansı tədbir görülməsi (malın digər təchizatçılardan alınmasına cəhd edilməsi və s.) iş materiallarına əsasən müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" MMC-nin 27.02.2020-ci il tarixli mübahisəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməməsi ilə "xxxx" MMC-nin SOCAR-ın “Azneft” İB ilə aralarında bağlanmış müqavilə üzrə əldə edəcəyi 1.218.645 manat məbləğində mənfəətdən məhrum olması arasında birbaşa səbəbli əlaqə mövcud olmadığından həmin mənfəətin əldə edilməməsinə görə məsuliyyətin "xxxx" MMC-nin üzərinə qoyulması üçün əsasların mövcudluğu müəyyən edilmir. İlk iddianın 225.000 manat məbləğində əldən çıxmış faydadan tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC həmin hissədə iddiasının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün 2019-cu ildə SOCAR-ın müxtəlif idarələri ilə bağlandığı müqavilələri məhkəməyə təqdim etsə də, həmin müqavilələr üzrə əldə etdiyi mənfəətin məbləğini sübuta yetirə bilməmişdir. İkincisi, "xxxx" MMC-nin 2019-cu ildə SOCAR-ın idarələri ilə bağladığı müqavilələrdən 225.000 manat mənfəət əldə etməsi təsdiq edilmiş olsa belə həmin hal satış qadağası olmadığı təqdirdə 2020-ci ildə də eyni məbləğdə mənfəət əldə edə biləcəyi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Bundan əlavə 2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar iqtisadiyyatın bir çox sahələrində müşahidə olunan durğunluq nəzərə alınarsa, belə bir mənfəətin əldə ediləcəyi heç inandırıcı da görünmür. Belə olan halda məhkəmə hesab etmişdir ki, əldən çıxmış faydaya görə pulun tutulması hissəsində ilk iddia əsassız olduğundan rədd edilməlidir. İşgüzar nüfuza vurulmuş ziyana görə 500.000 manat pulun tutulmasına dair ilk iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən 3-cü maddəsinə əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, iddiaçı nə cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində onun işgüzar nüfuzunun ləkələndiyini, nə də həmin əməllər nəticəsində ona maddi zərər (real zərər və ya əldən çıxmış fayda formasında) dəyməsini sübuta yetirə bilməmişdir. Belə olan halda isə işgüzar nüfuza dəymiş zərərin ödənilməsi tələbinə dair hissədə də ilk iddia əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC (satıcı) ilə qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC (alıcı) arasında 04 fevral 2020-ci il tarixdə 02 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətlər yaranmışdır. "xxxx" MMC həmin müqavilə üzrə "xxxx" MMC-yə 17.304,21 manat məbləğində mal təqdim etsə də, qarşılıqlı iddia üzrə cavabdeh həmin malların dəyərini ödəməmiş, bununla müqavilə üzrə öhdəliyini pozmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmədə verdiyi izahatında "xxxx" MMC-nin 04 fevral 2020-ci il tarixli 02 saylı müqavilə üzrə "xxxx" MMC-yə 17.304,21 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə, o cümlədən Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə istinad edərək, məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 17.304,21 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə qarşılıqlı iddia üzrə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, həmin hissədə iddia təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMCdən 17.304,21 manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda tərəflərin öz iddia və etirazlarının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətlərində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx"xxxx"xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-397/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-924/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-924/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver