Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-924/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-374/20221 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borc üzrə 611506 manat, cərimə borcu üzrə 30000 manat olmaqla, cəmi 641506 (altı yüz qırx bir min beş yüz altı) manat məbləğində pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi və ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim Z.Axundova, iş № 2-2(113)-374/22) apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyinə görə geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məcburi köçkün olmaqla yanaşı, həmçinin müharibə veteranı və Çernobıl əlilidir. “Dövlət rüsumu haqqında” Qanunda məcburi köçkün, müharibə veteranı və Çernobıl əlili olan fərdi sahibkarların dövlət rüsumu ödəməli olduğu nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ləğv edilməli, iş qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən cavabdehin fərdi sahibkar statusuna malik olan fiziki şəxs olmasına və hazırkı mübahisənin onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına istinad etmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh məcburi köçkün olsa da, mübahisə onun sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan o, hazırkı iş üzrə dövlət rüsumu ödəməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdən göründüyü kimi, apellyator məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsində dövlət rüsumu ödəməkdən azad edilən şəxslərin konkret dairəsi müəyyən olunmuş və həmin şəxslərin, o cümlədən məcburi köçkünlərin fərdi sahibkar olduqları halda dövlət rüsumu ödəməli olmalarına dair hər hansı qeyd nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti göstərilən əsasla geri qaytarmaqda haqlı olmamışdır. Ona görə də Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş şikayətin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357.1, 361.3, 363-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-924/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-924/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver