Məhkəmə qərarları › İş №2-2(103)-925/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-925/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-925/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-76/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 147775,69 manat borc, 59865,91 manat cərimə, 160 manat vəkil xərci və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 207831,60 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh "Azsement Ltd” MMC-dən 137775,69 manat (yüz otuz yeddi min yeddi yüz yetmiş beş manat altmış doqquz qəpik) borc, 59865,91 manat (əlli doqquz min səkkiz yüz altmış beş manat doxsan bir qəpik) cərimə, 160 (yüz əlli) manat vəkil xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 197831,60 manat (yüz doxsan yeddi min səkkiz yüz otuz bir manat altmış qəpik) məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.05.2021-ci il tarixli e-2-2(113)-76/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 93775,69 manat (doxsan üç min yeddi yüz yetmiş beş manat altmış doqquz qəpik) borc, 4000 (dörd min) manat cərimə, 160 (yüz altmış) manat vəkil xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat olmaqla, cəmi 97950,69 manat (doxsan yeddi min doqquz yüz əlli manat altmış doqquz qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pulun Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni əsas borcun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən yalnız **********424661 saylı bildirişə əsasən 10000 manat ödənilmişdir. Debet haqqında 10.01.2019-cu il tarixli bildirişdə göstərilən 17500 manat, debet haqqında 08.02.2019-cu il tarixli bildirişdə göstərilən 26500 manat isə tarixlərindən də göründüyü kimi məhkəməyə müraciət edilməmişdən əvvəl ödənilmişdir. İş üzrə 07 aprel 2021-ci il tarixli 9/5786 saylı ekspert rəyinə əsasan məhsulun çatdırılmasını təsdiq edən qaimə fakturalar və çatdırılmış məhsula görə verilmiş hesab fakturalara əsasən iddiaçı tərəfindən cavabdehə satılmış malların dəyəri 289475,83 manat məbləğində olmuş, həmin məbləğdən 141700,14 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Əgər ödənilmiş borcun məbləğini yalnız cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən etsək sonuncunun yalnız 44000 manat (iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl) ödəniş etdiyi müəyyən edilməli idi. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə vəsatət verilərək, təkrar ekspertiza təyin edilməsi xahiş edilmiş, həmin vəsatətdə ekspertiza araşdırması zamanı tərəflərin iştirakını təmin edilməli olduğunu və tərəflərin əlavə ödənişlərlə bağlı sənədlərini ekspertə təqdim edilməsi üçün şərait yaradılmalı olduğu bildirilmişdir. Lakin məhkəmə vəsatəti təmin etməyərək hal-hazırda qətnamədə qeyd olunan məbləğdə borc olmamağına baxmayaraq cəmi 97950,69 manat məbləğində pulun tutulması qət edilmişdir. Eyni zamanda məhkəmədə cavabdeh tərəfindən qeyd edilmişdir ki, hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-də aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müəssisəyə aid sənədlər vergi orqanına təhvil verildiyindən iddia tələbini rədd edəcək sübutları təqdim etmək mümkün görünmür. Halbuki məhkəmə tərəfindən və ya məhkəmə tərəfindən təyin edilən ekspertiza tərəfindən sözügedən müvafiq sənədlər vergi yoxlayıcısından tələb edildikdə iddiaçının iddiasının əsassız olduğu müəyyən olunacaqdır. Eyni zamanda məhkəmədə cavabdeh tərəfindən qeyd edilmişdir ki, iddia tələbi ilə ekspert rəyi arasında ziddiyyət vardır. Çünki iddia tələbinin həcmi iddiaçı tərəfindən azaldılmasına və cavabdeh tərəfindən təqdim edilmiş əlavə ödənişlərlə bağlı ödəniş tapşırıqlarına baxmayaraq ekspert bunu nəzərə almamış və həqiqətə uyğun olmayan rəy vermişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız əsas borca aid hissədə və dəbbə pulunun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı ASC ilə alıcı qismində Cavabdeh MMC arasında 19.12.2018-ci il tarixdə 2019/ASM/065 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı hər bir tonun qiyməti 112,10 manat olmaqla sementin alıcıya çatdırılmasını, alıcı isə məhsulu qəbul edərək onun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdehə 245318,50 manat dəyərində sement satılmış, həmin məbləğdən 107542,81 manat ödənilmiş, 137775,69 manat məbləğ hazıra qədər ödənilməmişdir. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 137775,69 manat, cərimə borcu isə 59865,91 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqavilə üzrə edilən ödənişlərdən əlavə onun tərəfindən iddiaçıya 30.01.2019-cu il tarixdə 30000 manat, 25500 manat və 09.01.2019-cu il tarixdə 17500 manat ödənilmişdir. Borc tam ödənilib və hazırda iddiaçıya borcu yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması və iddiaçı tərəfindən həmin müqavilə üzrə cəmi 245318,50 manat dəyərində malların cavabdehə təhvil verilməsi işin mübahisəsiz hallarıdır. Tərəflərin mübahisələndirdiyi hal malların dəyərinin ödənilməsi ilə bağlıdır. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə müəyyənləşdirilmiş pul məbləğini ödəmək öhdəliyi alıcının üzərinə düşdüyünə görə hazırki işdə bu halı sübut etmək vəzifəsi alıcı olan cavabdehə aiddir. Eyni zamanda, cavabdehin cəmi 107542,81 manat məbləğində ödəniş etməsi iddiaçı tərəfindən etiraf edilir. Ona görə də, cavabdeh həmin məbləğdə ödəniş etməsini sübut etmək vəzifəsindən azad edilir və yalnız həmin məbləğdən daha artıq ödəniş etməsini sübut etmək vəzifəsini daşıyır. Lakin o, iddiaçının etiraf etdiyi 107542,81 manat məbləğində pul vəsaitindən daha artıq məbləğdə ödəniş etməsini təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehin təqdim etdiyi 10.01.2019-cu il tarixdə 17500 manat, 08.02.2019-cu il tarixdə 26500 manat və 03.10.2019-cu il tarixdə 10000 məbləğində ödənişlər etməsi ilə bağlı sübutlar isə onun tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməsi anlamına gəlmir. Belə ki, həmin ödənişlərin cəmi 54000 manat təşkil edir və iddiaçının etiraf etdiyi 107542,81 manat məbləğindən azdır. İddiaçı da bildirir ki, iddia ərizəsi verilərkən cavabdehin ödədiyi digər məbləğlərlə bərabər həmin 17500 manat və 26500 manat məbləğində ödənişlər də nəzərə alınmış, 10000 manat məbləğində ödəniş isə işə birinci instansiya məhkəməsində baxılarkən nəzərə alınmış və iddia tələbinin həcmi həmin məbləğdə azaldılmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının etiraf etdiyi 107542,81 manat məbləğində pul vəsaitindən daha artıq məbləğdə ödəniş etməsi halı sübut olunmur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı mallara görə ödənilməyən 137775,69 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və iddia həmin hissədə tam əsaslıdır. Dəbbə pulunun tutulması tələbləri ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, onun tərəfindən aparılmış ödənişləri, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 4000 manat məbləğində dəbbə pulunun tutulması barədə tələblərin rədd edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əsas borca aid hissədə ləğv edilməli, yuxarıda qeyd olunan əsaslara görə həmin hissədə iddia tam təmin edilməli, qətnamənin digər mübahisələndirilən hissəsi isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-76/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.05.2021-ci il tarixli qətnaməsi qismən, yəni əsas borca aid hissədə ləğv edilsin. Həmin hissədə iddia tam təmin edilsin və Cavabdeh MMC-dən 137775,69 manat məbləğində əsas borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamənin digər mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar