Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-925/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2356/2022 nömrəli iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. xx.xx.2019-cu il tarixli 058/19 nömrəli Alqı-satqı müqaviləsinə əsasən, alıcı (cavabdeh) bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan alış sifarişlərində göstərilən tərkibdə, miqdarda və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları almağı, satıcı (iddiaçı) isə həmin malları almağı öhdəsinə götürmüşlər. Müqavilənin: - 1.2. Satıcı müqavilə ilə nəzərdə tutulmuş malları alıcıya müvafiq alış sifarişində göstərilmiş tarixdə təhvil verməlidir. Malların alıcıya təhvil verilməsi tərəflərin iştirakı ilə təhvil-təslim aktına və ya qaimə fakturaya əsasən rəsmiləşdirilir; - 4.1. Alıcı müvafiq alış sifarişləri üzrə ödənişləri satıcının hesablaşma hesabına AZN-lə həyata keçirir. Malların dəyəri mallar təhvil-təslim aktı əsasında alıcıya təhvil verildikdən və ödəniş sənədləri təqdim edildikdən sonra 30 (otuz) gün ərzində ödənilir; - 8.1. Müqavilə və (və ya) alış sifarişində göstərilən təhvil müddətində gecikmələr baş verdiyi halda, satıcı hər gecikdirilmiş gün üçün vaxtında çatdırılmayan malın dəyərinin 0,1% faizi məbləğində, lakin ümumən vaxtında çatdırılmayan malın dəyərinin 1 %-dən çox olmayan miqdarda cərimə ödəyir; - 8.2. Müqavilədə göstərilən ödəniş müddətində gecikmələr baş verdiyi halda, alıcı hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş məbləğin 0,1% faizi məbləğində, lakin ümumən vaxtında ödənilməyən məbləğin 1%-dən çox olmayan miqdarda cərimə ödəyir; - 8.3. Əgər alıcı hər hansı səbəbə görə cərimə məbləğinin satıcının hesabı üzrə ödənilməli olan məbləğdən çıxmayıbsa, bu halda alıcının birinci tələbi ilə satıcı cəriməni ödəməlidir;
2. xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktlarından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli 058/19 tarixli müqavilənin predmeti olan həmin aktlarda göstərilmiş mallar müvafiq elektron qaimələr tərtib edilməklə cavabdehə təhvil verilmişdir.
3. İddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərə görə təqdim edilmiş EBAD 178601 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 8,02 manat, EBAD 233526 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 1.416 manat, EBAD 627379 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 782,34 manat, EBAD 803616 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 1.862,28 manat, EBAE 008188 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 2.271,59 manat, EBAE 011132 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 230,81 manat, EBAE 256494 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 10,43 manat, EBAİ 634309 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 4.177,20 manat, EBAİ 750926 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 1.559,96 manat, EBAİ 751846 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2.817,84 manat, EBAJ 752637 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 53,10 manat, EBAJ 924251 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 53,10 manat, EBAK 076795 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 106,20 manat, EBAL 071875 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 401,20 manat, EBAL 179687 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 80,24 manat, EBAL 516839 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 501,50 manat məbləğdə pul ödənilməlidir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə borc məbləğinin 10 gün müddətdə ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
5. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 16.331,81 manat (ƏDV daxil) əsas borc, 163 manat dəbbə pulu, 200 manat ödənilmiş mediasiya xərci və 400 manat vəkil xərci məbləğinin tutularaq iddidaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 058/19 nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı satıcı, cavabdeh isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağladığı müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələrdən aydın olur ki, 16.331,81 manat (ƏDV daxil) məbləğdə mal satıcı tərəfindən alıcıya satılmışdır. Lakin alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmiş, malın dəyərini təşkil edən 16.331,81 manat (ƏDV daxil) məbləğ cavabdeh tərəfindən bu günə qədər ödənilməmişdir. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında imzalanmış 058/19 nömrəli müqavilənin 8.2-ci bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin ümumən ödənilməyən məbləğin 1%-dən çox olmayan miqdarda) cərimə ödəməlidir. Beləliklə, əsas borc 16.331,81 manat (ƏDV daxil) təşkil edir. Həmin məbləğin 1 faizi 163 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə alıcıya yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı satıcı tərəfindən xəbərdarlıq məktubu göndərilmiş, lakin həmin məktub alıcı tərəfindən cavablandırılmamışdır. xx.xx.2022-ci il tarixdə müqavilə üzrə əsas borc 16.331,81 manat (ƏDV daxil), həmin məbləğin 1 faizi dəbbə pulu 163 manat məbləğdə borcun cavabdeh tərəfindən ödənilməsinə dair cavabdehə pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 iş gün müddətində ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuş, nə də ki, məktuba bir cavab alınmışdır. xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif olunmasına baxmayaraq, cavabdeh tərəfindən bu təklif cavablandırılmamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən məcburi mediasiya üçün Mediasiya Şurasına müraciət olunmuş, xx.xx.2022-ci il tarixdə isə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. xx.xx.2019-cu il tarixli 058/19 nömrəli müqavilənin 2.1-ci bəndi müvafiq alış sifarişinin qiymətini nəzərdə tutulmuş qaydada və şərtlərlə alıcıdan tələb etmək hüququnu qeyd edir, 2.4-cü bəndi isə alıcının malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəmək öhdəliyini nəzərdə tutur. Lakin indiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Qətnamənin əsaslarına görə, “Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 16.331,81 manat məbləğdə pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin qənaətə gələrkən məhkəmə əvvəla nəzərə alır ki, iddiaçı 16.331,81 manat məbləğdə malların təhvil alınması ilə bağlı məhkəməyə elektron qaimələr, elektron qaimələrin verilməsinə əsas olan təhvil-təslim aktları təqdim etmişdir. Cavabdeh həmin malların təhvil alınmasını inkar etməmiş, lakin həmin malların onların etibarnamə vermədiyi əməkdaşları tərəfindən təhvil alındığını bildirmişdir. Həmin hal, eyni zamanda cavabdehin istinad etdiyi sifariş sənədinin olmaması cavabdehi müqavilə üzrə yaranmış borcun ödənilməsi öhdəliyindən azad edə bilməz. Çünki müəyyən olunur ki, yazılı surətdə olmasa da, razılığa əsasən mallar sifariş edilmiş, təhvil alınmış, lakin malların dəyəri ödənilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən 16.331,81 manat (ƏDV daxil) məbləğdə borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan 163 manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.”
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 567, 598.1, 598.2, 462.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, rədd olunmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Ancaq, iddiaçı müqavilə şərtlərinə əməl etməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 2.2.1-ci maddəsi üzrə iddiaçı, əsas vəzifəsi olan, malların alıcıya təhvil verilməsini təmin etməmişdir. Düzdür malların Nicat Ağakişiyevə təhvil verilməsi barədə akt məhkəmə işinə əlavə edilsə də, həmin şəxsə şirkət tərəfindən malların təhvil alınması səlahiyyətini verən etibarnamə, sənədlərə əlavə edilməmişdir. Əslində, müqavilənin 1.2-ci bəndinin tələbinə görə, təhvil-təslim aktları tərəflərin iştirakı ilə rəsmiləşdirilməli idi. Tərəfi, nümayəndəsi əvəz etdiyi halda, ona bu səlahiyyətin verildiyini təsdiqləyən sənəd olmalı idi. Belə olan halda, malların cavabdehə verildiyi sübuta yetirilmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onu iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. 20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”: - 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır; - 3.3. Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaiməfaktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir; - 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
17. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar aşkar olunmur, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
20. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir.
21. Belə ki, cavabdehin iddiaçıya borclu olması işdə olan alqı-satqı müqaviləsi, malların təhvil-təslim aktları və elektron qaimələrlə təsdiq olunur.
22. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
24. Belə ki, cavabdeh iddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin bağlandığını, malların ona təqdim edildiyini, ona göndərilən qüvvəyə minmiş elektron qaimələri, borcun mövcudluğunu və miqdarını mübahisə etmir.
25. Cavabdeh malları onun adından təhvil alan Nicat Ağakişiyev adlı şəxsin onun işçisi olduğunu da mübahisə etmir.
26. Belə olan halda, cavabdehin malları onun adından təhvil alan Nicat Ağakişiyev adlı həmin şəxsin etibarnaməsini iddiaçıdan tələb etməsi vicdanlılığın tələb etdiyi tərzə uyğun olmamışdır. Digər tərəfdən, mallar təhvil verilərkən iddiaçının cavabdehin nümayəndəsindən onun səlahiyyətlərini təsdiq edən etibarnamə tələb etməsi müqavilə ilə də nəzərdə tutulmamışdır. Etibarnamənin mövcud olmaması da malların təhvil alındığını istisna edən faktor deyil.
27. Odur ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli, borcun ödənilməməsinə haqq qazandırmağa və onu ödəməkdən yayınmağa yönəlmiş mülahizələr kimi qiymətləndirilməlidir.
28. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2356/2022 nömrəli iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova