Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-925/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Məhərrəm qızının və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1001/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Alıcı "xxxx" MMC və satıcı Cavabdeh MMC arasında 03 iyun 2020-ci il il tarixli, C- 016-Sa-20 №li avtomobilin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC müqavilənin 01 nömrəli əlavəsində göstərilmiş spesifikasiyaya uyğun olaraq, 1 ədəd 2020-ci il istehsal olan qara rəngli "Skoda Kodiaq" 2.0 TSi (VİN: TMBLD6NS5L8056083) markalı avtomobili İddiaçı MMC-nin istifadəsinə verməyi və müqavilənin 2.3-cü bəndinə uyğun olaraq şəkildə alıcı tərəfindən tam olaraq ödənildikdən sonra alıcının mülkiyyətinə verməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.-ci bəndinə əsasən avtomobilin qiyməti ƏDV daxil olmaqla 88201 manat təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin ümumi məbləğinin 13453 manat hissəsinin qabaqcadan ödəmək şərti ilə Cavabdeh MMC tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən 3 bank günü ərzində Cavabdeh MMC hesablaşma hesabına İddiaçı MMC tərəfindən ödənilir, qalan məbləğ olan 74748 manat isə İddiaçı MMC 36 ay müddətində aylıq 2076 manat olmaqla Cavabdeh MMC-nin hesablaşma hesabına ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Müqavilə üzrə İddiaçı MMC tərəfindən ilkin ödəniş olan 13453 manat məbləğində pulun 13400 manatı cavabdehə ödənilmiş, 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayına kimi ödənişlər vaxtlı-vaxtında aparılmış, daha sonra 2021-ci ilin sentyabr ayında 2500 manat məbləğində ödəniş edilmiş və 2022-ci ilin aprel ayına kimi İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, 2022-ci ilin aprel ayında İddiaçı MMC 20349 manat məbləğində ödəniş etmişdir. 2022-ci ilin iyun, iyul və avqust aylarında İddiaçı MMC tərəfindən ödəniş öhdəlikləri yenidən pozulmuş və bu səbəbdən Cavabdeh MMC iddiaçıya bildiriş göndərərək, müqavilənin 3.2.2-ci bəndini əsas gətirib (Cavabdeh MMC-nin hüquqlarından biri kimi, İddiaçı MMC müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ qeyd edilmişdir) müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmiş və müqavilə üzrə ödənilən 3614,49 manat ƏDV məbləği ƏDV depozit hesabına, 20080,51 manat məbləğində pul isə İddiaçı MMC-nin bank hesabına geri qaytarmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli C-016-SA-20 saylı avtomobilin alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair cavabdehin xx.xx.2022-ci il tarixli bir tərəfli əqdin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi və istifadəsi üçün iddiaçıya etibarnaməni verməklə 1 ədəd 2020-ci il istehsalı 99RH749 dövlətnömrə nişanlı “S koda Kodiaq 2 TSİ” markalı nəqliyyat vasitəsininin (VİN: TMBLD6NS5L8056083) cavabdehdən alınaraq "xxxx" MMC-nin qanuni sahibliyinə və istifadəsinə qaytarılması, 1500 manat vəkilə ödənilən xidmət haqqını, İMS-ı üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki mediasiya xərcini iddiaçı "xxxx"MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, onun tərəfindən cəmi ƏDV xaric 47761 manat məbləğində və ƏDV depozit hesabına cəmi 9000 manat ödəniş həyata keçirilmişdir. Lakin xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən guya iddiaçının müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirməməsi (ödənişlər həyata keçirilməmiş) səbəbi ilə tərəflər arasında bağlanılan xx.xx.2020-ci il tarixli C-**-SA-*** nömrəli alqı-satqı müqaviləsinin 3.2.2-ci bəndinə istinad edərək müqaviləyə xx.xx.2022-ci il tarixindən etibarən birtərəfli qaydada xitam verilməsinə dair bildiriş təqdim etmişdir. Daha sonra müqavilə predmeti olan nəqliyyat vasitəsinin istifadəsi üçün verilmiş etibarnaməni ləğv edərək, nəqliyyat vasitəsinin DYP vasitəsi ilə axtarışa verərək, nəticədə nəqliyyat vasitəsini iddiaçıdan polis vasitəsilə alınmışdır. Daha sonra xx.xx.2022-ci il tarixində 3614,49 manat ƏDV məbləği ƏDV depozit hesabına, xx.xx.2022-ci il tarixində isə 20080,51 manat məbləğinə pul bank hesabına geri qaytarılmışdır. Hesab edir ki, cavabdehin bu hərəkəti tamamilə qanunsuzdur. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 3.2.2-ci bəndi müqaviləyə xitam verilməsinə dair bir bənd deyil.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuş, müqavilə üzrə aylıq 2076 manat ödənilməsi nəzərdə tutulmuş məbləğin ödənilməsi öhdəliyi dəfələrlə gecikdirilmişdir. Nəticə etibarı ilə, cavabdehə maddi zərər dəymiş və dəymiş zərər nəticəsində cavabdeh müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (müqavilə üzrə aylıq ödənişlərin alıcı tərəfindən vaxtında həyata keçirilməsi) xeyli dərəcədə məhrum olmuşdur. Bu səbəbdən, cavabdeh tərəfindən 03 iyun 2020-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin 3.2.2-ci bəndinə əsasən, alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ var. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə satıcının öhdəlikləri “nəqliyyat vasitəsinin Alıcıya təhvil verilməsin”dən ibarət olmuşdur. “Satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi” isə sözügedən nəqliyyat vasitəsinin təhvil verilməsindən imtina etməsi və ya nəqliyyat vasitəsi artıq təhvil verilmişdirsə, həmin nəqliyyat vasitəsinin geri qaytarılaraq müqavilə münasibətlərinə xitam verilməsi deməkdir. Hazırkı halda da iddiaçı tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuş, yəni ümumilikdə ödəniş öhdəlikləri 12 ay müddətində ödəniş həyata keçirilməmiş və cavabdeh müqavilə bağlanarkən ümid etməyə haqqı çatan aylıq ödənişlərdən ümumilikdə 12 ay müddətinə məhrum olmuşdur. Qeyd olunanlara əsaslanaraq cavabdehin (satıcının) xx.xx.2020-ci il tarixli C-016-SA-20 saylı avtomobilin alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam vermək hüququ yaranmışdır. 04 iyun 2005-ci il 949-İİQD nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə 421.2-ci maddənin birinci cümləsindən “məhkəmənin qərarına əsasən” sözləri çıxarılmışdır. “Məhkəmənin qərarına əsasən” ifadəsinin sözügedən maddədən çıxarılması bir daha təsdiq edir ki, tərəflərdən birinin tələbi ilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda müqaviləyə xitam verilən zaman məhkəmə qərarının mövcud olmasına zərurət yoxdur. İddiaçı MMC tərəfindən 2021-ci ilin avqust ayından 2022-ci ilin aprel ayınadək (9 ay) ödəniş öhdəliklərinin icra edilməməsi və “Skoda Kodiaq 2 TSİ” markalı nəqliyyat vasitəsinin gizlədilməsi səbəbindən, cavabdeh tərəfindən “nəqliyyat vasitəsinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, lakin, daha sonra İddiaçı MMC tərəfindən yaranmış borc məbləği ödənilmiş və bu səbəbdən, Cavabdeh MMC tərəfindən iddia tələbi geri götürülmüşdür. Daha sonra 2022-ci ilin iyun, iyul və avqust ayları ərzində İddiaçı MMC tərəfindən ödəniş öhdəlikləri təkrarən pozulmuş və müqavilə üzrə razılaşdırılmış məbləğin ödənilməsi həyata keçirilməmişdir. Ödəniş həyata keçirilməsi tələbi ilə cavabdeh tərəfindən iddiaçıya dəfələrlə müraciətlər edilmiş, lakin alıcı tərəfindən həmin müraciətlərə heç bir məhəl qoyulmamış və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Eyni zamanda, iddiaçıya təqdim edilmiş sonuncu etibarnamənin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsinin iddiaçı tərəfindən qanunsuz olaraq (etibarnamə olmadan) idarə edilməsi səbəbindən, həmin nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılaraq cavabdehin qanuni sahibliyinə geri qaytarılmışdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmiş və bu barədə İddiaçı MMC-yə müvafiq bildiriş göndərilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1001/2023 saylı qətnaməsi ilə iddianın təmin edilərək, Cavabdeh MMC tərəfindən nəqliyyat vasitəsinin idarə ediıməsi və istifadəsi üçün iddiaçıya etibarnamə verilməklə 1 ədəd 2020-ci il istehsalı “Skoda Kodiaq 2 TSİ” markalı nəqliyyat vasitəsi (VİN: TMBLD6NS5L8056083) cavabdehdən alınaraq "xxxx" MMC-nin qanuni sahibliyinə və istifadəsinə qaytarılması, 1500 manat vəkilə ödənilən xidmət haqqı və ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğindəki mediasiya xərcinin Cavabdeh MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müqavilənin şərtlərinə düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin, cavabdeh tərəfindən müqaviləyə xitam verilərkən Mülki Məcəllənin 421 və 447-ci maddələrinin tələbləri nəzərə alınaraq xitam verilmişdir. Hazırkı halda iddiaçı tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuş, yəni ümumilikdə 11 ay müddətində ödəniş həyata keçirilməmiş və cavabdeh müqavilə bağlanarkən ümid etməyə haqqı çatan aylıq ödənişlərdən ümumilikdə 11 ay müddətinə məhrum olmuşdur. Qeyd olunanlara əsaslanaraq cavabdehin alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam vermək hüququ yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya baxışı zamanı "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb edilmişdir.
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Məhərrəm qızı isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
13. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
14. Həmin Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
15. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
16. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
17. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
18. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 650-ci maddəsinin tələblərinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
20. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
21. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
22. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
23. Həmin Məcəllənin 387.2 və 387.2.4-cü maddələrinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
26. Belə ki, tərəflər arasında sadə qaydada tərtib olunmuş avtomobilin alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
27. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir.
28. Mülki Məcəllənin 650-ci maddəsinin tələblərinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
29. Həmin Məcəllənin 144.1-ci maddəsində isə təsbit olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
30. Lakin hazırda tərəflər arasında avtomobilin alqı-satqısı ilə bağlı notarial qaydada təsdiqlənmiş müqavilə bağlanılmamış və avtomobil iddiaçının adına hər hansı şəkildə rəsmiləşdirilməmişdir.
31. Mülki Məcəllənin 329.1-ci maddəsində isə göstərilmişdir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
32. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi özü-özlüyündə əhəmiyyətsiz əqddir.
33. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrində isə təsbit olunmuşdur ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin müqaviləyə əsaslanaraq hazırki iddia tələblərinin irəli sürməsi əsassızdır.
35. Bununla yanaşı, işin mübahisəsiz hallarına görə iddiaçı ilə cavabdeh arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmış və davam etmişdir.
36. Kollegiya hesab edir ki, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox lizinq müqaviləsinin elementlərini özündə əks etdirir.
37. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi hazırda iddiaçı tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan avans ödəniş həyata keçirilmiş, daha sonra isə aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ cavabdehdə olmuş, iddiaçı həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqda sonra həmin avtomobil üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi razılaşdırılmışdır.
38. Bu mənada kollegiya hesab edir ki, hazırki mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından da qiymət verilməlidir.
39. Belə olan halda da müəyyən olunur ki, iddia əsassızdır.
40. Belə ki, Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
41. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, lizinq verənin müəyyən əşyanı lizinq alanın istifadəsinə vermək öhdəliyi yalnız lizinq alanın müəyyənləşdirilmiş dövriliklə muzd ödəməsi müqabilində yaranmış olur.
42. Eyni zamanda, həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrində təsbit olunmuşdur ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
43. Mülki Məcəllənin 421.3-cü maddəsində də nəzərdə tutulmuşdur ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
44. Hazırki işin də halları ondan ibarətdir ki, mübahisə predmeti olan avtomobil cavabdeh tərəfindən iddiaçının İddiaçı MMC-nin istifadəsinə verilmiş, sonuncu tərəfindən müqavilə üzrə ilkin ödəniş olan 13453 manat məbləğində pulun 13400 manatı cavabdehə ödənilmiş, 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayına kimi ödənişlər vaxtlı-vaxtında aparılmış, daha sonra 2021-ci ilin sentyabr ayında 2500 manat məbləğində ödəniş edilmiş və 2022-ci ilin aprel ayına kimi İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, 2022-ci ilin aprel ayında İddiaçı MMC 20349 manat məbləğində ödəniş etmişdir. 2022-ci ilin iyun, iyul və avqust aylarında İddiaçı MMC tərəfindən ödəniş öhdəlikləri yenidən pozulmuşdur.
45. Bu səbəbdən Cavabdeh MMC iddiaçıya bildiriş göndərərək, müqavilənin 3.2.2-ci bəndini əsas gətirib (Cavabdeh MMC-nin hüquqlarından biri kimi, İddiaçı MMC müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ qeyd edilmişdir) müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmiş və müqavilə üzrə ödənilən 3614,49 manat ƏDV məbləği ƏDV depozit hesabına, 20080,51 manat məbləğində pul isə xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin bank hesabına geri qaytarmışdır.
46. Göründüyü kimi məhz İddiaçı MMC-nin müəyyənləşdirilmiş aylıq ödənişləri 2021-ci ilin avqust ayından 2022-ci ilin aprel ayınadək ardıcıl 8 ay müddətində (2021-ci ilin sentyabrda 2500 manat ödəniş istisna olmaqla) ümumiyyətlə həyata keçirməmiş, daha sonra 2022-ci ilin aprel ayında birdəfəlik 20349 manat məbləğində ödəniş etsə də, 2022-ci ilin iyun, iyul və avqust aylarında yenidən heç bir ödəniş etməmiş və bu səbəbdən də Cavabdeh MMC müqavilədən birtərəfli qaydada imtina etmişdir. Onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili özündə saxlaması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur.
47. Bundan əlavə hazırki apellyasiya baxışı zamanı müəyyən olundu ki, cavabdeh mübahisəli avtomobili eyni şərtlərlə xx.xx.2022-ci il tarixli müqavilə əsasında üçüncü şəxs "xxxx" MMC-nin istifadəsinə vermişdir.
48. Həmçinin işin digər mübahisəsiz halıdır ki, cavabdeh müqavilə üzrə ödənilən 3614,49 manat ƏDV məbləği ƏDV depozit hesabına, 20080,51 manat məbləğində pul isə İddiaçı MMC-nin bank hesabına geri qaytarmışdır. Məhkəmə iclasında da cavabdehin nümayəndəsi bildirdi ki, onlar mühasibatlıq tərəfindən hesablama aparıldıqdan sonra iddiaçının ödənişlərinin digər bir qismini də geri qaytarmağa hazırdılar.
49. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbləri təmin edilə bilməz.
50. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, istinad olunan maddi hüquq normalarının tələblərini pozmuş, eyni zamanda MPM-in 218.3-cü maddəsinin tələblərini pozaraq iddiaçı tərəfindən irəli sürülmüş müqaviləyə birtərəfli qaydada xitam verilməsinə dair əqdin etibarsız hesab edilməsi barədə tələbi ümumiyyətlə qətnamədə qeyd etməmiş və qiymət verməmiş, habelə MPM-in 387.2.4-cü maddəsində göstərilən pozuntuya yol verərək mübahisəni işdə iştirak etməyə cəlb olunmamış "xxxx" MMC-nin hüquqlarının pozulması ilə həll etmişdir.
51. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
53. Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1001/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanılmış xx.xx.2020ci il tarixli C-016-SA-20 saylı avtomobilin alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair cavabdehin xx.xx.2022-ci il tarixli birtərəfli əqdin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi və istifadəsi üçün iddiaçıya etibarnaməni verməklə 1 ədəd 2020-ci il istehsalı 99RH749 dövlətnömrə nişanlı “S koda Kodiaq 2 TSİ” markalı nəqliyyat vasitəsininin (VİN: TMBLD6NS5L8056083) cavabdehdən alınaraq "xxxx" MMC-nin qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə iddia rədd edilsin. 1500 manat vəkilə ödənilən xidmət haqqı və ödənilmiş 400 manat məbləğindəki mediasiya xərci İddiaçı MMC-nin özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 177,3 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn