Məhkəmə qərarları › İş №2-2(103)-926/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-926/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-926/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-167/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli e-2-2(113)-167/2021 saylı qətnaməsi ilə iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqaviləsinin ləğv edilməsi və pulun tutulması tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pulun tutulması tələbinə dair qarşılıqlı iddia qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli e-2-2(113)-167/2021 saylı qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli e-2-2(113)-167/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 167/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsi ünvana çatmamış, "X3" MMC tərəfindən rəsmi qaydada qəbul edilməmişdir. Mülki Prosessual Məcəllədə həmçinin, məhkəmə aktlarının rəsmi qaydada verilməsi “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılması göstərilmişdir. Həmçinin, məhkəmə təcrübəsində də sənədlərin rəsmi qaydada çatdırılması deyilən zaman elektron yox, poçt vasitəsi ilə fiziki olaraq çatdırılması halları müşahidə olunur. Əksər hallarda isə məhkəmə elektron kabinet vasitəsi ilə yüklənən sənədlərin əsillərini fiziki olaraq tələb edir. Belə olan halda tərəflərin təcrübədə qarşılaşdığı hallar və MPM-də qeyd olunan müddəaların hansının tətbiq olunduğu və həmin qeyd olunan müddəaların məzmununda məhkəmə sənədlərinin nələrdən ibarət olduğu, məhz məhkəmə aktlarının ayrıca olaraq poçt vasitəsi ilə çatdırılması və ya elektron kabinetdə yerləşdirilməsinin nəzərdə tutulması qaranlıq qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, e-2-2(113)-167/2021 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, qətnamə cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Halbuki, iş materiallarından göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli e-2-2(113)-167/2021 saylı qətnaməsi 07 may 2021-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-167/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar