Məhkəmə qərarları › İş №2-2(103)-928/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-928/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-928/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəliyin lazımınca icra edilməməsi, pul tələbi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Rəcili Aysel Naib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5692/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları

1. Ekspeditor qismində "xxxx" MMC ilə sifarişçi qismində "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə (müqavilənin predmeti) əsasən ekspeditor sifarişçinin sifarişinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də qeyd edilən 18 ədəd drezin VMT-dəmir yolu maşınlarının və əlaqədar ehtiyat hissələrinin sifarişçi tərəfindən müəyyən edilmiş marşrutla daşınması məqsədi ilə nəqliyyat eskpedisiya xidmətlərini müqavilədə nəzərdə tutulan qaydada və qiymətlə sifarişçiyə təqdim etməyi, sifarişçi isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən xidmətləri təhvil alıb müqavilədə müəyyən olunan qiymətini ekspeditora ödəməyi öhdəsinə götürür. Müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətlər müqabilində sifarişçi tərəfindən ekspeditora ödəniləcək ümumi məbləğ bütün vergi və digər xərclər daxil 934.065 manat təşkil edir. Müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilədə nəzərdə tutulan qaydada və məbləğdə, ekspeditorun təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır (1.2-ci bənd). Həmin müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.

2. "xxxx" QSC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqaviləyə Əlavə 1 ilə xidmətlərin həcmi, spesifikasiyası və qiymətləri müəyyənləşdirilmişdir.

3. Adıçəkilən müqaviləyə Əlavə 1 ilə məbləği 437.580 manat olan 10 ədəd VMT 865 C/GR markalı drezinlərin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (İncoterms 2020:DAP Baku), məbləği 338.703,75 manat olan 7 ədəd VMT 865 C/GR markalı drezinlərin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (İncoterms 2020:DAP Baku), məbləği 43.758.0 manat olan 1 ədəd VMT 865 C/GR markalı drezinlərin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (İncoterms 2020:DAP Baku), məbləği 53.519,4 manat olan demontaj edilmiş ehtiyat hissələrinin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (standart çadır ilə), məbləği 60.503,85 manat, sığorta dəyəri 24.140.170 Azərbaycan manatı olan malların müqavilənin 13-cü bölməsi üzrə nəzərdə tutulan sığorta xərcləri daxil olmaqla, ümumilikdə 934.065 manat məbləğində xidmətlərin göstərilməsi razılaşdırılmışdır. 1 saylı Əlavənin “Qeyd” hissəsində yükləmə zamanı sərbəst vaxt (low-bed): 8 (səkkiz) saat (demuraj - 255,0 (iki yüz əlli beş) AZN / saat), boşalma zamanı sərbəst vaxt (low-bed): 48 (qırx səkkiz) saat demuraj - 680,0 (altı yüz səksən AZN / günlük), yükləmə və boşalma zamanı sərbəst vaxt (standart yük maşını): 48 (qrıx səkkiz) saat (demuraj - 255,0 (iki yüz əlli beş) AZN təşkil etdiyi qeyd olunur.

4. İddiaçındə baş mühasibin müavini vəzifəsində çalışan Orxan Əhmədov tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (Vüsal Ağakişiyev) ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron poçt məktubunun məzmununda qeyd olunmuşdur ki, cari tarixə "xxxx" QSCnin İddiaçınə olan borcu 80.235,93 manat təşkil edir. Müqavilələr üzrə borcun açıqlaması aşağıdakı kimidir: - 240439 nömrəli xidmət müqaviləsinə (drezinlərin daşınması) əsasən əsas məbləğ üzrə borcunuz: 33.183,87 manat təşkil edir; - 240439 nömrəli xidmət müqaviləsinə (drezinlərin daşınması) əsasən, boşdayanma (demmurage) üzrə borcunuz 38.203,56 manat təşkil edir. - 264776 nömrəli xidmət müqaviləsinə (Chelyabinsk daşınması) əsasən borcunuz 8.848,50 manat təşkil edir.

5. İddiaçı əvvəlki direktoru olmuş Məhəmməd Rzayev tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (Vüsal Ağakişiyev) ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron poçt məktubunun məzmununda qeyd olunmuşdur ki, biz sizə 71.387,43 manat güzəşt etmiş oluruq. Lakin, siz də bizimlə əməkdaşlığı davam etdirirsiniz.

6. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanaraq, 71387.42 manat məbləğində borcun ödənilməsi xahiş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən öhdəliklərinin üzrlü səbəblər olmadan, qərəzli və qəsdən yerinə yetirilməməsi səbəbindən yaranmış 71,387.42 manat əsas borc, həmçinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 1 illik 5 faiz hesabı ilə 20 ay üçün 5.949 manat gecikmə borcu, dövlət rüsumu və bank xərci olaraq 304.16 manat məbləğində xərcin, ümumilikdə 77.640,58 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh – "xxxx" QSC ilə aralarında bağlanmış 240439 saylı, xx.xx.2022-ci il tarixli müqavilə əsasında şirkət cavabdehə bir sıra daşıma xidmətləri göstərmişdir. Həmin müqaviləyə əsasən ECO tərəfindən müvafiq malların – yəni 18 ədəd “DREZİN VMT” avadanlığının daşınması həyata keçirilmiş və ADY-yə müvafiq qaydada təhvil verilmişdir. Daşınmaların həyata keçirilməsi zamanı ECO tərəfindən ADY-yə mütəmadi status hesabatları təqdim edilmişdir. Malların – “DREZİN VMT” avadanlığının ADY tərəfindən təhvil alınmasını təsdiq edən sənəd qismində ADY-nin müvafiq əməkdaşı tərəfindən təsdiq edilmiş “CMR” sənədləri çıxış edir. ECO öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra edib bütün malları vaxtında ADY-yə çatdırsa da, ADY ödənişlə bağlı öhdəliyi tam şəkildə icra etməmiş və hazırda ADY-nin ECO-ya 71,387.42 manat məbləğində borcu vardır. Daşıma başa çatdıqdan və mallar tam təhvil verildikdən bir ay müddət sonra onlara malların – “DREZİN VMT”-nin birində zədələnmə olduğu bildirilmiş və qalan borc məbləğinin məhz bu səbəbdən ödənilməsi ADY tərəfindən saxlanılmışdır. Tərəfindən göstərilmiş 71,387.42 manat dəyərində xidmətin ödənişi uzun müddətdir cavabdeh tərəfindən şifahi və yazılı müraciətlərə baxmayaraq ödənilmir. Sözügedən məbləğin ödənilməsi və məsələnin danışıqlar yolu ilə həll olunması üçün cavabdehə müvafiq pretenziya məktubu da təqdim edilmiş, lakin cavabdeh heç bir geri dönüş etməmişdir.

9. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə “iddiaya etiraz ərizəsi” ünvanlayaraq qeyd etmişdir ki, iddianı qəbul etmirlər. Belə ki, cavabdeh ADY ilə "xxxx" MMC (iddiçının əvvəlki adı) arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilə bağlanmışdır. Müqavilənin ümumi məbləği vergilər və digər xərclər daxil olmaqla, 934065 manat təşkil etmişdir. Müqaviləyə əsasən "xxxx" MMC tərəfindən 17 ədəd drezin daşınmış, bunun müqabilində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" MMC-yə 900.881,14 manat ödəmişdir. Lakin 18-ci drezin digər drezinlərdən fərqli olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə gec çatdırılmış, çatdırıldıqdan sonra məlum olmuşdur ki, qeyd olunan drezin zədələnmiş, zədə yeri sonradan suvaq ilə örtülmüşdür. Bu haqda xx.xx.2023-cü il tarixdə akt da tərtib olunmuşdur. Bu məsələ ilə bağlı "xxxx" MMC-nin rəhbərliyi ilə görüşlər təşkil olunmuş və nəticədə tərəflər razılığa gəlmişdir ki, zədələnmiş drezinin təmirini ADY öz üzərinə götürür, "xxxx" MMC isə müqavilə üzrə qalıq borc məbləğini ADY-yə güzəşt edir. Şirkətin direktoru ADY-yə mail vasitəsilə ünvanlanmış məktubda bunu qeyd etmişdir. ADY tərəfindən müqavilə üzrə götürülən öhdəliklərə riayət edilmiş, "xxxx" MMC-yə heç bir ziyan vurulmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5692/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 33.183,86 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,17 manat olmaqla, cəmi 33.322,03 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Z.Axundova)

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilənin bağlanması, müqavilənin ümumi dəyərinin 934.065 manat razılaşdırılması, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə drezinlərin daşınması xidmətlərinin göstərilməsi, cavabdeh tərəfindən müqavilə üzrə cəmi 900.881,14 manat ödənişin həyata keçirilməsi işin mübahisələndirilməyən hallarıdır.

12. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazının əsası kimi qeyd etdiyi MMCnin direktorunun müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsini əks etdirən elektron poçt məktubu hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndi ilə 2023-cü il 1 may tarixində xitam verilmişdir. X3 tərəfindən müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə ifadələrin əks olunduğu elektron poçt məktubu QSC-yə 2023-cü il 24 avqust tarixində ünvanlanmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, X3 müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmamışdır.

13. Bundan başqa, məhkəmə cavabdehin etirazında qeyd etdiyi 18-ci drezində qüsurun olması ilə bağlı qeyd etmişdir ki, müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçinin aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməli olduğunu, belə bir bildirişin ekspeditora təqdim edilməsinə dair heç bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyini əsas götürülərək avabdehin etirazının dəlili kimi əsaslandırdığı bu hal da əsassızdır.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələb etdiyi məbləğin bir hissəsini demurajla bağlı məbləğin ödənilməsi təşkil edir. İddiaçının nümayəndəsi həmin hissə ilə bağlı sübutları təqdim edə bilmədiklərini qeyd etmişdir. Məhkəmə, iddiaçı tərəfin iddia tələbinin həmin hissəsi ilə bağlı heç bir sübut təqdim edə bilmədiyini, müqavilə üzrə cavabdeh tərəfindən 900.881,14 manat ödənişin həyata keçirilməsini, (934.065-900.881,14), müqavilə üzrə cavabdehin qalıq borcunun 33.183,87 manat təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, 33.183,86 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 442, 445.1, 445.5, 448.1, 850.1, 851, 852.1, 852.2, 852.3, 852.4-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki birinci icraat

Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ADY (Sifarişçi) ilə İddiaçı MMC (Ekspeditor) arasında xx.xx.2022-ci il tarixli 240439 nömrəli nəqliyyatekspedisiya xidmətlərin satın alınmasına dair müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Ekspeditor Sifarişçinin sifarişinə əsasən Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də qeyd edilən 18 (on səkkiz) ədəd drezin VMT – dəmir yolu maşınlarının və əlaqədar ehtiyat hissələrinin Sifarişçi tərəfindən müəyyən edilmiş marşrutla daşınması məqsədilə nəqliyyat-ekspedisiya xidmətlərini (Xidmətlər) Müqavilədə nəzərdə tutulan qaydada və qiymətlə Sifarişçiyə təqdim etməyi, Sifarişçi isəöz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Xidmətləri təhvil alıb Müqavilədə müəyyən olunan məbləği Ekspeditora ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği bütün vergi və digər xərclər daxil olmaqla 934 065 (doqquz yüz otuz dörd min altmış beş) manat təşkil etmişdir. Müqaviləyə əsasən ekspeditor 17 ədəd drezin daşımış və bunun müqabilində ADY tərəfindən ekspeditora 900.881,14 (doqquz yüz min səkkiz yüz səksən bir manat on dörd qəpik) manat ödənilmişdir. Lakin 18-ci drezin digər drezinlərdən fərqli olaraq ADY-yə gec çatdırılmış və çatdırıldıqdan sonra məlum olmuşdur ki, həmin drezin zədələnmiş, zədə yeri sonradan suvaq ilə örtülmüşdür. Bu haqda xx.xx.2023-cü il tarixdə Akt da tərtib edilmişdir. Qeyd olunan məsələ ilə bağlı iddiaçının rəhbərliyi ilə görüşlər təşkil olunmuş və nəticədə tərəflər razılığa gəlmişdir ki, zədələnmiş drezinin təmirini ADY öz üzərinə götürür, iddiaçı isə müqavilə üzrə qalıq borc məbləğini ADY-yə güzəşt edir. Güzəştlə bağlı razılaşma 24 avqust 2023-cü il tarixli elektron məktubda öz əksini tapmışdır. Güzəşt barədə elektron məktub X3 tərəfindən yazılmışdır. M.Rzayev xx.xx.2022-ci il tarixli 240439 nömrəli müqaviləni direktor qismində imzalamış, həmçinin iddiaçı şirkətinin təsisçisi olmuşdur. M.Rzayev xx.xx.2023-cü il tarixdə güzəşt barədə elektron məktubu iddiaçının korporativ elektron poçt ünvanı vasitəsi ilə göndərmiş, həmçinin yazışmanın surəti İddiaçı MMC-nindigər əməkdaşlarına da elektron poçt vasitəsi ilə göndərilmiş, başqa sözlə, digər aidiyyəti əməkdaşlarında güzəşt barədə məlumatı olmuşdur. Məhkəmənin M.Rzayevin müqavilə üzrə borc məbləğini güzəşt etməsinə dair iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmaması mövqeyi qanunvericiliyin normalarına və işgüzar münasibətlərə ziddir. ki hüquqi şəxslərin əməkdaşları arasında korporativ elektron poçt vasitəsilə yazışmalar aparıldıqda tərəflərin hər dəfə sənədləri imzalamaq səlahiyyətlərinin olubolmamasının yoxlanılması nə dərəcədə məqsədəuyğun və ağlabatan olması aydın deyildir. Həmçinin, əgər M.Rzayevin məbləğin güzəşt edilməsi ilə bağlı səlahiyyəti olmamışdırsa, o zaman yazışmada direktor qismində iştirak edən Teymur Mirzəyev nəyə görə bu məsələyə dərhal reaksiya verməmiş və ADY-yə qarşı iddia ərizəsi yalnız razılaşmadan 1 il ötdükdən sonra qaldırılmışdır. Məhkəmə qanunvericiliyin bu normasını nəzərə almamışdır. Belə ki, səlahiyyətli şəxs Teymur Mirzəyev güzəşt edildiyi dövrdə aparılan yazışmada iştirak etmiş, M.Rzayevin korporativ elektron poçt ünvanın aktiv olmasını və M.Rzayevin yazdığını görmüş və bununla razılaşmışdır. Əks halda o dərhal reaksiya göstərməli idi. Lakin ADYyə qarşı iddia 1 ildənsonra, T.Mirzəyev direktor vəzifəsindən azad olunduqdan sonra verilmişdir. Bu isə o deməkdir ki, M.Rzayevin xx.xx.2023-cü ildə səlahiyyəti olmasa belə, o borcun silinməsi ilə bağlı iradə ifadəsini səlahiyyətli şəxsin icazəsi və razılığı ilə həyata keçirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci i l tarixli 240439 nömrəli nəqliyyatekspedisiya xidmətlərin satın alınmasına dair müqavilənin xüsusi şərtlərinə əsasən (12) xidmətlərin təhvil alınması barədə müvafiq təhvil-təslim aktı Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və möhürləri ilə təsdiq edildikdən sonra Sifarişçi tərəfindən qəbul edilmiş sayılır. Lakin iddiaçı tərəfindən təhvil-təslim aktları, qaimə və digər sənədlər təqdim olunmamış və bu xüsusat məhkəmə tərəfindən araşdırılmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qüsurlarla bağlı bildiriş təqdim olunmamışdır. Lakin qeyd olunmalıdır ki, zədələnmiş drezinlə bağlı iddiaçıya dərhal məlumat verilmiş, drezinin şəkilləri çəkilmiş, xx.xx.2023-cü il tarixdə Jeysmar şirkətinin iştirakı ilə Akt tərtib edilmişdir. Bununla bağlı iddiaçıilə dəfələrlə görüşlər təşkil olunmuş və görüşün nəticəsi olaraq, qalıq borc güzəşt olunaraq silinmişdir. Həmin ərəfədə razılaşma əldə olunmasaydı cavabdeh ADY ona dəymiş zərəri tələb etmək hüququndan istifadə edərdi. Lakin razılaşmanı rəhbər tutub drezini öz hesabına təmir etdikdən və bu məsələnin üzərindən 2 il müddət keçdikdın sonra öz hüquqlarınndan istifadə edilməsi də çətinləşir. Bu isə iddiaçı tərəfin öz vəzifələrini vicdanlı icra etməməsinə dəlalət edir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən 900881,14 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməkdən qərəzli şəkildə boyun qaçırsaydı, o həmin məbləği də ödəməzdi. İddiaçı tərəfdən 18-ci drezinin cavabdehə təhvil verilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Məhkəmə yalnız şifahi məlumata əsaslanıb qətnamə qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-326/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

19. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilənin bağlanması, müqavilənin ümumi dəyərinin 934.065 manat razılaşdırılması, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə drezinlərin daşınması xidmətlərinin göstərilməsi, cavabdeh tərəfindən müqavilə üzrə cəmi 900.881,14 manat ödənişin həyata keçirilməsi işin mübahisələndirilməyən hallarıdır. Həmçinin MMC-nin əvvəlki direktoru olmuş Məhəmməd Rzayev tərəfindən QSC-yə (Vüsal Ağakişiyev) ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron poçt məktubunun məzmununda qeyd olunmuşdur ki, biz sizə 71.387,43 manat güzəşt etmiş oluruq. Lakin, siz də bizimlə əməkdaşlığı davam etdirirsiniz. Bundan əlavə, MMC-nin əvvəlki direktoru olmuş X1 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndi ilə xx.xx.2023-cü il tarixində xitam verilmişdir.

20. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iddianın qismən təmin edilməsi ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, X3 müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmadığı üçün onun tərəfindən müəssisəyə ödənilməli borcun güzəşt edilməsi səlahiyyəti də yoxdur. Çünki məktubu yazan zaman müəssisənin direktoru olmamış və ya hər hansısa formada müəssisəni təmsil edərək güzəşt məktubu yazmaq üçün səlahiyyətinin olması halı müəyyən olunmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir.

21. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair Müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçinin aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməli olduğunu, belə bir bildirişin ekspeditora təqdim edilməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də cavabdeh apellyasiya şikayətində dəlili kimi əsaslandırdığı bu hal da əsassızdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalar ilə əsaslandırmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-406/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-326/2025 nömrəli qətnaməsi ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – B.Məmmədli və A.Abbasov).

25. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi isə həmin maddənin dispozisiya şərtlərini müəyyən etməklə işdə olan sübutlar və cavabdehin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmamış və yalnız qeyd etmişdir ki, X3 müqavilə üzrə borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmadığı üçün onun tərəfindən müəssisəyə ödənilməli borcun güzəşt edilməsi səlahiyyəti də yoxdur. Çünki məktubu yazan zaman müəssisənin direktoru olmamış və ya hər hansısa formada müəssisəni təmsil edərək güzəşt məktubu yazmaq üçün səlahiyyətinin olması halı müəyyən olunmamışdır. Lakin məhkəmə tərəfindən cavabdehin istinad etdiyi hallar, yəni həmin məktubun iddiaçı MMC-nin korporativ elektron poçt ünvanı vasitəsi ilə göndərilməsi, yazışmanın surətinin MMC-nin digər əməkdaşlarının elektron poçt ünvanlarına da göndərilməsi, digər aidiyyəti əməkdaşların həmin güzəşt məktubundan məlumatı olması, MMC-nin direktorunun bu məsələyə reaksiya verməməsi, müqavilənin bağlandığı tarixdən 2023-cü il 1 may tarixinə kimi direktor olmuş M.Rzayevin telefon danışıqlarında, görüşlərdə və elektron poçt vasitəsilə yazışmalarda iştirak etməsi, iddiaçının nümayəndəsinin ilk məhkəmə iclaslarında M.Rzayevin direktor olmasının və borcun güzəşti ilə bağlı elektron məktub yazmasının etiraf etməsi ilə bağlı hallar və cavabdehin istinad etdiyi MM-in 331, 358, 406.3-ci maddələri üzrə hüquqi dəyərləndirmə aparılmamışdır.

26. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 358.1, 358.2, 406.1, 406.2, 406.3 və 546-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 220.4, 392 və 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

28. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. 852.4-ci maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 546-cı maddəsinə əsasən kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-5692/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin bağlanması, müqavilənin ümumi dəyərinin 934.065 manat razılaşdırılması, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə drezinlərin daşınması xidmətlərinin göstərilməsi, cavabdeh tərəfindən müqavilə üzrə cəmi 900881,14 manat ödənişin həyata keçirilməsi işin mübahisələndirilməyən hallarıdır.

36. Məhkəmə kollegiyası, ilk növbədə, İddiaçı əvvəlki direktoru olmuş Məhəmməd Rzayev tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (Vüsal Ağakişiyevə) ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron poçt məktubu ilə bağlı qeyd edir ki, Məhəmməd Rzayev məktub göndərilən vaxtı artıq həmin qurumda rəsmi işləməsə də, həmin məktubun iddiaçı MMC-nin korporativ elektron poçt ünvanı vasitəsi ilə göndərilməsi, yazışmanın surətinin MMC-nin digər əməkdaşlarının elektron poçt ünvanlarına da göndərilməsi, digər aidiyyəti əməkdaşların həmin güzəşt məktubundan məlumatı olması, MMC-nin direktorunun bu məsələyə reaksiya verməməsi, müqavilənin bağlandığı tarixdən xx.xx.2023-cü il tarixinə kimi direktor olmuş M.Rzayevin telefon danışıqlarında, görüşlərdə və elektron poçt vasitəsilə yazışmalarda iştirak etməsi, iddiaçının nümayəndəsinin ilk məhkəmə iclaslarında M.Rzayevin direktor olmasını və borcun güzəşti ilə bağlı elektron məktub yazmasını etiraf etməsi ilə bağlı hallar nəzərə alınaraq, X6 Logistics” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından məktub ünvanlamaqda səlahiyyətli olmuşdur.

37. Həmin məktubla bağlı məhkəmə kollegiyası bildirir ki, məktubun məzmununda “biz sizə 71.387,43 manat güzəşt etmiş oluruq. Lakin, siz də bizimlə əməkdaşlığı davam etdirirsiniz.” ifadələri qeyd olunmuşdur. Göründüyü kimi, həmin məktub qeyd-şərtlə, yəni “siz bizimlə əməkdaşlığı davam etdirsəniz” şərti ilə yazılmışdır. Lakin həmin şərt realizə olunmadığından, borcun güzəştə gedilməsi barədə qeyd də qüvvəyə minməmişdir və bu hal heç bir hüquqi nəticə yaratmır. Belə ki, həm iş materialları, həm də tərəflərin nümayəndələrinin ifadələrindən qurumlar arasında sonradan hər hansı əməkdaşlığın aparılmaması faktı müəyyən edilmişdir.

38. Cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilən digər məqam isə İddiaçı tərəfindən göndərilmiş 18-ci drezinin digər drezinlərdən fərqli olaraq qüsurlu çatdırılmasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin drezinin qüsurlu çatdırılması ilə bağlı tərəflər arasında hər hansı qüsur aktı və ya bu halı təsdiqləyən digər bir sənəd tərtib edilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair Müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçinin aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməlidir. Lakin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən belə bir bildirişin ekspeditora təqdim edilməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin dəlili kimi əsaslandırdığı bu hal da əsassızdır.

39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-5692/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5692/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar