Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-929/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-168/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh İB tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abunəçi kodu **********05901 olan İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur şadlıq sarayının arxası ünvanında yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılan 80088347№-li sayğacdan istifadəyə görə hesablanmış 30770,52 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.05.2021-ci il tarixli e-2-2(113)-168/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********05901) hesablanmış 12420 manat məbləğində borcun silinməsi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun 60,54 manatın İddiaçı, 89,46 manatın isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iddiaçının ehtimal əsasında irəli sürdüyü dövrü (2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayının sonunadək) heç bir sübutla təsdiq edilmədən mübahisəli dövr kimi qəbul etmişdir. Məhkəmə tərəfindən silinməli məbləğin müəyyən edilməsi heç bir qanuna və hüquqi akta əsaslanmadan həyata keçirilmişdir. Abonent saldosundan da göründüyü kimi məhkəmə tərəfindən qəbul edilən mübahisəli dövr ərzində (6 ay ərzində) orta aylıq qaz sərfi 11096,20 manat təşkil etmiş, məhkəmənin əsaslandığı ötən ilin müvafiq dövrü ərzində isə orta aylıq qaz sərfi 9026,20 manat təşkil etmişdir. Göründüyü kimi orta aylıq qaz sərfində 2000 manat civarında artım müşahidə olunur bu da istehsal sahəsini (çörək zavodu) nəzərə alsaq kəskin dərəcədə sərfiyyat artımı kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, onun istifadəsində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur şadlıq sarayının arxası ünvanında yerləşən qeyri-yaşayış sahəsində istifadə olunan G-100 markalı, 80088347 saylı sayğacında sərfiyyat 2019-cu ilin dekabr ayından başlayaraq normadan artıq olmuşdur. Qeyd edilən ünvandakı qeyri-yaşayış sahəsində icarə hüququ əsasında "xxxx" MMC-nin istifadəsində olmaqla çörək zavodu fəaliyyət göstərir. İcarə müqaviləsinin 3.2.6-cı bəndinə əsasən kommunal xərclər icarədarın öhdəliyində olduğundan qazdan istifadə ilə əlaqədar yaranmış fərqin araşdırılması üçün "xxxx" MMC tərəfindən çox saylı müraciətlər edilsə də, nəticəsi olmamışdır. Yalnız 2020-ci ilin may ayında şikayətləri ilə əlaqədar sayğac laboratoriya müayinəsinə aparılıb və yoxlama nəticəsində sayğacın yararsız olduğu məlum olub. Sayğacın yerinin dəyişdirilməsi və artıq sərfiyyatın silinməsinə dair müraciətlər təmin edilməmişdir. Sayğacın təmiri üçün alınan mexanizmlərə görə 1138 manat vəsait ödənilmişdir. Təmir müddətində müvəqqəti sayğac yerləşdirilmiş, həmin sayğacın aylıq göstəriciləri həqiqətən də iddiaçıya məxsus sayğacın faktiki qazda istifadəni deyil, normadan artıq qeydiyyat apardığı təsdiqini tapmışdır. Sayğac ərazidən 3 km-lik məsafədə yerləşir, yaranan qüsurların iddiaçıya heç bir aidiyyəti yoxdur, ümumiyyətlə sayğaca görə iddiaçı heç bir cavabdehlik daşımadığı üçün yaranan qüsurlara görə də heç bir cavabdehlik daşımır. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Lakin hazırki işdə cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc məbləği düzgün hesablanmamışdır. Belə ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, iddiaçı 2019-cu ilin dekabr ayından qaz sayğacında yaranmış nasazlıqlarla bağlı, onun dəyişdirilməsi üçün 2020-ci ilin yanvar, mart, aprel aylarında rəsmi məktublarla dəfələrlə cavabdehə müraciətlər etmiş, yalnız 05.05.2020-ci il tarixdə cavabdehin əməkdaşları qaz sayğacına baxış keçirərək, eyni tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmişlər. Akta əsasən həmin sayğac çıxarılaraq növbəti yoxlamaya göndərilmiş və müvəqqəti qaz təminatı G-100 markalı, 80111221 saylı sayğacla bərpa edilmişdir. Dövlət yoxlamasının rəyinə əsasən qaz sayğacının bəzi hissələri (1 dəst şesternilər 37/45 (32/41) xətalara uyğun deyil) sıradan çıxdığına görə əvəzlənməsinə zərurət yaranmışdır. Bu səbəbdən 17.06.2020-ci il tarixli KT 09437 nömrəli qüsur aktı tərtib edilmiş və sayğac təmir olunaraq 23.06.2020-ci ildə tam saz vəziyyətdə təkrarən yerinə quraşdırılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən 2019-cu ilin dekabr ayında qaz sayğacının nasaz vəziyyətdə olması aşkar olunmuş və o, onun dəyişdirilməsi üçün çoxsaylı məktublarla cavabdehə müraciətlər etmiş, yəni iddiaçı tərəfindən «Qazdan istifadə Qaydaları»nın 3.2 və 3.2.7-ci bəndlərinə tam əməl olunmuş və qaz qurğusunda nasazlıq olması barədə cavabdehə məlumat verilmişdir. «Qazdan istifadə Qaydaları»nın 3.1 və 3.1.6-cı bəndlərində isə müəyyən edilmişdir ki, qaz paylayıcısı bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməlidir. Lakin cavabdeh tərəfindən həmin vəzifəyə əməl edilməmiş və iddiaçının müraciətləri cavabsız qalaraq yalnız bundan 4 ay sonra, yəni 05.05.2020-ci il tarixdə cavabdehin əməkdaşları qaz sayğacına baxış keçirərək, onu dövlət yoxlamasına göndərmişlər və nəticədə qaz sayğacında həqiqətən də nasazlıqların olduğu təsdiq olunmuşdur. Göründüyü kimi cavabdehin öz vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində qaz sərfiyyatı 5 ay müddətində nasaz vəziyyətdə olan sayğac əsasında aparılmışdır. Lakin, «Qazdan istifadə Qaydaları»nda bununla bağlı müvafiq tənzimləmə, yəni qazpaylayıcısının təqsiri üzündən sayğacın nasaz vəziyyətdə işlədiyi dövr üzrə hesabatın aparılması ilə bağlı qaydalar tənzimlənməmisdir. Ona görə də, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu baxımdan kollegiya hesab edir ki, mübahisənin həllində qanunun analogiyası üzrə «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndi tətbiq edilməlidir. Belə ki, həmin bəndə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin bəndə əsasən hesablandıqda isə müəyyən olunur ki, 2019-cu ilin dekabr- 2020-ci ilin aprel ayları üçün hesablanmalı olan qazın dəyəri 38873 manat təşkil edir. Çünki abonent saldosundan müəyyən olunur ki, 2019-cu ilin dekabr ayından əvvəlki, yəni noyabr ayı üzrə olan qaz sərfiyyatı 38873 kub metr olmuşdur. Bu həcmdə qaz sərfiyyatı əsas götürüldükdə isə müəyyən olunur ki, həmin ay üzrə ödənilməli olan məbləğ 7774,6 manat və 5 ay üzrə ödənilməli olan məbləğ 38873 manat təşkil edir. Eyni zamanda abonentin saldosundan görünür ki, 2019-cu ilin dekabr ayından 2020ci ilin may ayınadək iddiaçının hesabına yazılmış ümumi borc məbləği 58068,2 manat təşkil edir (10833,2 + 11865,4 + 14820,4 + 10137,2 + 10412 = 58068,2) Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən 38873 manat məbləğində borcun hesablanması əsaslı, qalan məbləğin, yəni 19195,2 manat borcun (58068,2 – 38873 = 19195,2) hesablanması isə əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və heç bir maddi hüquq normasına əsaslanmadan əvvəlki il üzrə analoji dövrü əsas götürərək hesablama aparmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdeh tərəfindən əsassız hesablanmış 19195,2 manat məbləğində borc silinməlidir. İş üzrə verilmiş 05 mart 2021-ci il tarixli 10/2726 nömrəli ekspert rəyini isə məhkəmə mötəbər sübut kimi qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsi bununla bağlı düzgün olaraq qeyd etmişdir ki, gündəlik tələbat məhsulları olan un məmulatları istehsal edən çörək zavodunun müxtəlif sobaların 5 ay ərzində hər ay cəmi 22 gün işləməsi inandırıcı deyil, həmçinin ekspert özü nasaz sayğacın qaz sərfiyyatının artıq hesablanmasını “ola bilər” kimi qeyd etmişdir. Bu isə onu göstərir ki, nasaz qaz sayğacı qaz sərfiyyatını artıq, həm də az hesablaya bilər, həmçinin ekspert sərfiyyatı nasaz olan sayğacın texniki göstəricilərinə görə deyil, 30-31 gün üçün yox, sobaların işləyən günlərə (22 gün) uyğun hesablamışdır. Göründüyü kimi ekspert dəqiq faktlara deyil, özünün ehtimallarına əsaslanaraq hesablamanı aparmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməli və Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-168/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin və Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 19195,2 manat məbləğində borc silinsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-929/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-929/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver