Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-929/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh (ləğv prosesində olan) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəliyin icrası tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından cavabdeh Banka qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 661601 saylı ödəniş tapşırığına əsasən köçürülmüş 250.000 manat pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsinə, hüquqi xidmətin göstərilməsinə dair ödənilmiş 600 manat vəsaitin ödənilməsinə və dövlət rüsumu olaraq ödənilmiş 540 manat vəsaitin Bankdan tutularaq MMc-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Bakı Kommersiya Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı MMC-nin cavabdeh – ləğv prosesində olan Banka qarşı irəli sürdüyü iddia üzrə tələb ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxıla bilməz və buna görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Bununla bağlı iddiaçı MMC-yə izah olunur ki, o, pozulmuş hüquqlarının müdafiə edilməsi üçün Bankın iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməlidir. İddiaçı MMC həmin qərardaddan Bakı Kommersiya Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək, baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı MMC yuxarıda qeyd edilən tələb ilə ləğv prosesində olan cavabdeh Banka qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Çünki MMC tərəfindən Banka qarşı irəli sürülmüş iddia kreditor tələb olmaqla müflis elan olunmuş Bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə deyil, bank fəaliyyəti ilə bağlı münasibətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2017-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür (maddə 72.1.3.). Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir (maddə 77.1.). Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir (maddə 77.5.). Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər (maddə 77.6.). Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq, aydınlaşdırmaq məqsədi ilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin kütləvi informasiya vasitələrində dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir (maddə 77.7.). Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir (maddə 77.8.). Ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır (maddə 77.9.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1.). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1.). Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur (maddə 153.5.). İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir (maddə 153.6.). Göstərilənlər nəzərə alındıqda müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur. Çünki sadalanan qanunvericilik normalarından da göründüyü kimi, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı məhkəmə icraatına başlanılmır və banka qarşı göstərilən tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. İddia ərizəsinin məzmunundan isə görünür ki, tələbin bank tərəfindən icra edilməsi təşkil edir. Belə olan halda hesab edilməlidir ki, tələb ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan iddia ərizəsinə məhkəmədə baxılmalı deyildir. Beləliklə də yuxarıda göstərilənlərə əsasən hesab edilməlidir ki, barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Barəsində şikayət verilmiş qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyul 2024cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-2(103)-929/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-929/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver