Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-93/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3434/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10920 manat əsas borc və 1650 manat ƏDV borcun, borcun gecikdirilməsinə görə 3142,65 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.10.2021-ci il tarixli e-2-2(113)-3434/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “X1 Company” MMC-dən 10920 (on min doqquz yüz iyirmi) manat əsas borc və 1650 (bir min altı yüz əlli) manat ƏDV borcu, ümumilikdə 12570 (on iki min beş yüz yetmiş) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış alqısatqı müqaviləsinin 4.3-ci maddəsinə əsasən mal təhvil verilərkən, tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Lakin məhkəmə prosesi zamanı iddiaçı malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmiş, yalnız elektron qaimələr təqdim etməklə kifayətlənmişdir. Halbuki həmin qaimələrdə malların cavabdeh tərəfindən qəbul edilməsinə dair müvafiq imzalar mövcud olmamışdır. Bunlara baxmayaraq məhkəmə iddiaçı tərəfin təqdim etdiyi elektron qaimələri əsas götürmüş və əsassız qətnamə qəbul etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 23.02.2017-ci ildə HA 004/0217 saylı müqavilə bağlanılmış, həmin müqavilənin 1-ci bəndinə görə alıcı müqaviləyə əlavə edilən qaimə-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə xırdavat malları satıcıdan almağı və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 10920 manat, ƏDV 3670,20 1650 manat, borcun gecikdirilməsinə görə dəbbə pulu 3142,65 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, iş materiallarında olan EAAS 830351 nömrəli 09.04.2019-cu il tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 13865 manat, EBAL 114375 nömrəli 13.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 8319 manat, EBAL 114390 nömrəli 13.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 2501,60 manat məbləğində mallar təhvil verilmişdir. Həmin elektron qaimələr Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən avtomatik təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh həmin elektron qaimələrə etirazını bildirməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı ona heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bundan başqa iş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən iddiaçının bank hesabına 17.09.2019-cu il tarixdə 5000 manat, 20.05.2019-cu il tarixdə 5000 manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi cavabdeh ona heç bir mal verilmədiyini bildirsə də, iddiaçı tərəfindən ona verilən malların bir qisminin dəyərini ödəmişdir. Apellyasiya şikayətində isə qeyd etmişdir ki, həmin ödənişlər yanlışlıq nəticəsində edilmişdir. Lakin bununla bağlı sübutları təqdim etməmiş, həmin məbləğlərin geri qaytarılması barədə pretenziya göndərməmiş və ya iddia irəli sürməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı həmin mallara görə ödənilməyən ümumilikdə 12570 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3434/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01.10.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-93/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-93/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver