Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-93/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Açar söz: borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3585/2022 saylı 26 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında 08 iyun 2020-ci il tarixli, 1629 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndində malların sifarişinin telefon vasitəsilə verilməsinin mümkün olduğu, 3.5-ci bəndində malların təhvil verilməsinin təhvil-qəbul aktı ilə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 8.5-ci bəndində satıcı tərəfindən ödəniş üçün alıcıya hər iki tərəfin imzaladığı təhvil-təslim aktı, elektron qaimə və elektron hesab faktura təqdim edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 10.4-cü bəndinə görə alıcı təhvil alınmış malların dəyərini 10 gündən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı həmin müqavilə əsasında Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “50 qəpik” adlı restoranda iddiaçının işçilərinə təhvil verilmiş mallara görə 17.574 manat borcun xx.xx.2021-ci il tarixədək ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərmişdir. Malların təqdim edilməsinə sübut olaraq birinci instansiya məhkəməsinə 18 ədəd “Malların təhvil-qəbul aktı adlı sənəd təqdi edilmişdir. Həmin sənədlərdə malları təhvil alan şəxslərin “R.Elvin”, “M.Fərhad”, “Murad”, “Hümbət”, “Rinat”, “Ağa” adlı şəxslər olduğu qeyd edilmişdir.
3. Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan əvvəllər mal aldığını qəbul etsə də, dəyəri tələb edilən malların ona təhvil verildiyini qəbul etmir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı cavabdehin təhvil aldığı mallara görə ödəməli olduğu 17.574 manat məbləğində vəsaitin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 iyun 2020-ci il tarixli, 1629 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehi onun sifarişləri əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malla təmin etməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində iddiaçı ilə cavabdeh arasında bir sıra malların təhvil-təslimi həyata keçirilmişdir. Həyata keçirilən hər bir təhvil-təslim əməliyyatı iddiaçının səlahiyyətli nümayəndəsi və cavabdehin birbaşa özü tərəfindən imzalanmaqla təsdiq olunan “Malların təhvil-qəbul aktı” əsasında rəsmiləşdirilmişdir. Lakin, cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini ödəmiş, müəyyən bir hissəsinin dəyərini ödəməmişdir. Dəyəri ödənilməmiş malların ölçüsü, miqdarı, vahidinin qiyməti və məbləğini özündə əks etdirən “Malların təhvil-qəbul aktı” iddia ərizəsinə əlavə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışı ilə müəyyən olunur ki, cavabdehin qeyd olunan müqavilənin icrası üzrə təhvil aldığı mallara görə iddiaçıya 17.574 manat məbləğində borcu yaranmışdır.
6. Cavabdeh məhkəmə baxışı iclasında iddiaya etiraz edərək dəyəri tələb edilən malların ona təhvil verilmədiyini bildirmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3585/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 08 iyun 2020-ci il tarixli, 1629 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehi onun sifarişləri əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malla təmin etməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ƏDV daxil ümumilikdə 18696,74 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixinə iddiaçıya 17574 manat ödənilməmiş borcu qalmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdeh və onun nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsi üçün istinad etdiyi dəlilləri əsaslandıra bilməmiş, həmin dəlillərin əsası kimi hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin dəlilləri formal mülahizələrə əsaslanmaqla əsassızdır
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3585/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, hər iki tərəfin vergi ödəyicisi olmasına baxmayaraq iddiaçı tərəfindən malların verilməsinə dair heç bir elektron qaiməfaktura tərtib vətəqdim edilməmişdir. Bununla da həm Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1.1.2-ci yarımbəndləri və “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.2.1-ci yarımbəndi və 3.1-ci bəndi, həm də iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, 1629 saylı alqı-satqı müqaviləsinin 8.5-ci bəndinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən elektron qaimə faktura tərtib edilməli və təqdim edilməli idi. Lakin iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş həmin prosedurlara əməl edilmədiyinə baxmayaraq məhkəmə iddiaçının iddia tələbini təmin etmişdir. İddiaçı ilə cavabdeh arasında üzləşdirmə aparılmamış, heç bir üzləşdirmə aktı tərtib edilməmişdir. İş materiallarında olan təhvil-təslim aktları uydurma xarakterlidir və malların təhvil alınmasını sübut etmir. Buna görə də, cavabdeh tərəfindən təhvil alınmamış mallara görə iddiaçının pul tələbinə dair iddiası məhkəmə tərəfindən təmin edilə bilməzdi. Məhkəmə tərəfindən iş materiallarında olan təhvil təslim aktlarına düzgün hüquqi qiymət verilməmişdir. Təhviltəslim aktları cavabdeh tərəfindən imzalanmamış, mallar cavabdeh tərəfindən təhvil alınmamışdır. Təhvil-təslim aktlarındakı həmin imzalar cavabdehə məxsus deyildir. Həmçinin iş materiallarında olan 08 iyun 2022-ci il tarixli, 1629 saylı alqı-satqı müqaviləsi məhkəmə tərəfindən tədqiq edilməmiş, müqavilənin yuxarıda qeyd olunan maddələrinə diqqət yetirilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili sonuncu məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək iclasın təxirə salınmasını xahiş etmiş, işə baxılması üçün qanunla müəyyən edilmiş 3 aylıq prosessual müddət bitdiyindən vəsatət təmin edilməmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 433.1-ci maddə-borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddə-əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 448.1-ci maddə- borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddə-əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddə-əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər kəs öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddə-Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3585/2022 nömrəli qətnaməsi qismən ləğv edilərək iddia cavabdehdən iddiaçının xeyrinə 1855 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış 08 iyun 2020-ci il tarixli, 1629 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin sahibkar kimi fəaliyyət göstərdiyi (cavabdehin adminstratoru olduğunu iddia etdiyi) “50 qəpik” restoranına müxtəlif ərzaq malları satılmış, satılmış malların dəyəri əvvəllər ödənilsə də 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayınadək hissə-hissə təhvil verilmiş 17.574 manat məbləğində malın dəyərinin ödənilmədiyini iddia etmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə malların təhvil verildiyini təsdiq etmək üçün təhvil-təslim aktları təqdim edilmişdir.
18. Cavabdeh və nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən hazırlıq iclaslarında iştirak etməmiş, MPM-nin 154.1-ci maddəsinə nəzərdə tutulmuş müddət ərzində iddiaya yazılı və ya şifahi münasibət bildirməmiş, yalnız sonuncu baxış iclasında iştirak edərək iddiaya etiraz etmiş və malların ona təhvil verilməsinə dair sübut qismində təqdim edilmiş təhvil-təslim aktlarını mübahisələndirmişdir. Həmin iclasda cavabdeh bildirmişdir ki, hazırda “50 qəpik” restoranının Qaradağ şöbəsində deyil, digər şöbəsində adminstrator işləyir, müqavilə onun tərəfindən bağlansa da işlədiyi dövrdə mallara dair sifarişlər həmişə restoranın əməkdaşı Müşfiq adlı şəxs tərəfindən verilmiş, sifarişlər barədə onun ümumiyyətlə məlumatı olmamışdır. İddiaçıya sonuncu dəfə öz borcuna görə deyil, başqa şəxsin borcuna görə 4-5 il əvvəl 20.000 manat ödəniş etmişdir.
19. Cavabdeh iddia ilə bağlı öz mövqeyini sonuncu məhkəmə iclasında bildirdiyindən işə baxılması üçün qanunla nəzərdə tutmuş müddət bitdiyi üçün iddiaçının məhkəməyə əlavə sübutlar-malların təqdim edilməsi ilə bağlı elektron qaimələri təqdim etmək imkanı olmadığından məhkəmə işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş elektron qaimələrin sübut kimi qəbul edilməsini mümkün hesab etmişdir. Həmin qaimələrə əsasən müəyyən edilmişdir ki, cavabdehə EBAN seriyalı 869931 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 1262,70 manat, EBAP seriyalı 479805 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 1262,70 manat, EBAQ seriyalı 220396 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 1010,16 manat, EBAS seriyalı 031154 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 1327,20 manat, EBAS seriyalı 913159 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 1080,60 manat, EBAS seriyalı 816499 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 1230,89 manat, EBAT seriyalı 228361 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 1235,25 manat, EBAT seriyalı 869931 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 3445 manat, EBAX seriyalı 495869 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 627,60 manat, EBAX seriyalı 495892 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 591,20 manat, EBAX seriyalı 556898 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 1013,31 manat, EBAX seriyalı 648987 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 609,40 manat, EBAX seriyalı 877325 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 359 manat, EBAX seriyalı 945080 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 664 manat, ümumilikdə 15719,01 manat dəyərində malların təhvil verilməsi ilə bağlı elektron qaimə göndərilmiş, cavabdeh bu qaimələrlə bağlı iddiaçıya hər hansı etiraz bildirdiyini və ya ləğvi ilə bağlı müraciət etdiyini sübut edə bilməmişdir.
20. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinin və vəkilinin vəsatəti əsasında iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/335 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş “Malların təhvil-qəbul” aktlarında “təhvil aldım” qrafalarındakı imzalar cavabdeh tərəfindən deyil, başqa şəxslər tərəfindən icra edilmişdir. Məhkəmə tərəfindən ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edildiyi iddia edilən mallar cavabdehin özünə təqdim edilməmişdir. İş materiallarının 63-cü vərəqinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktın isə ümumiyyətlə mübahisəyə aid olduğu müəyyən edilmir. Belə ki, həmin aktda malın göndərildiyi vergi ödəyicisinin X1 (VÖEN **********) qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qətnamədə bu sübuta hər hansı hüquqi qiymət verməmişdir.
21. Məhkəmə kollegiyası işdəki sübutları və tərəflərin izahatlarını qiymətləndirərək hesab edir ki, cavabdehin dəyəri tələb edilən malın 15719,01 manat hissəsinin iddiaçı tərəfindən təhvil verilmədiyinə dair dəlili əsassızdır. Belə ki, təhvil-qəbul aktlarında cavabdehin imzası olmasa da 15719,01 manat dəyərində malın təhvil verilməsi ilə bağlı vergi ödəyicisi kimi elektron poçtuna daxil olmuş elektron qaimələrə hər hansı etiraz bildirməməsi təsdiq edir ki, cavabdeh MM-nin 433.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada malların iddiaçı tərəfindən təqdim edilməsi faktını qəbul etmişdir. Cavabdeh “50 qəpik” restoranının Qaradağ şöbəsində fəaliyyətini dayandırdığı vaxtdan bu barədə müqavilə tərəfinə məlumat verməyə və bağladığı alqı-satqı müqaviləsini ləğv eməyə borclu idi. Cavabdeh onunla bağlanmış alqı-satqı müqaviləsini ləğv etmədiyinə və elektron göndərilmiş qaimələrə etiraz etmədiyinə görə məhkəmə hesab edir ki, MM-nin 448.1-ci maddəsinə görə həmin müqavilə əsasında sifariş edilmiş malların dəyərinin ödənilməsinə görə məsuliyyət də cavabdehin üzərinə düşür. 22.İddiaçı cavabdehdən 17.574 manat borcun tutulmasını tələb etsə də, yalnız 15719,01 manat hissədə cavabdehə elektron qaimə göndərdiyindən, o cümlədən 51,35 manat dəyərində malın təhvil-qəbul aktına əsasən X1 adlı verdiyi ödəyicisinə göndərdiyi müəyyən edildiyindən 1855 manat hissədə iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyinə görə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən qətnamə qismən ləğv edilərək iddia 1855 manat hissədə rədd edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, 138 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3585/2022 nömrəli qətnaməsi qismən ləğv edilərək iddia cavabdehdən iddiaçının xeyrinə 1855 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3585/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1855 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. 138 manat ekspertiza xərci Cavabdeh Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.