Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-931/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə hesab-fakturanın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2178/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin vaqonların vaxtında boşaldılmamasına görə ona hesabladığı 6.574,84 manat xidmətlərə görə yığımı əsassız hesab etməklə, bu barədə tərtib edilmiş 19.01.2021-ci il tarixli hesab-fakturanın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birincisi, iddiaçının nümayəndəsinin müəssisənin Bakı şəhərində yerləşdiyi və əməkdaşların isə ölkədə tətbiq edilmiş karantinə görə buğda vaqonlarının Zabrat dəmiryolu satansiyasına daxil olduğu 01.01.2021-ci il tarixdə boşaldılmamasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsinə dair məhkəmənin mülahizəsi əsassızdır. Belə ki, Respublika ərazisində koronovirus (COVİD- 19) pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə 14.12.2020-ci il tarixdən 18.01.2021-ci il tarixədək Bakı şəhərinə, Sumqayıt şəhərinə və Abşeron rayonuna girişçıxışın məhdudlaşdırılması və Yeni il bayramı günlərində isə tamamilə qadağan olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarında əks olunmuşdur ki, bu hal hamıya bəlli olduğundan mübahisəsizdir və və onların sübuta ehtiyacı yoxdur (MPM-in 82.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556.1-ci maddəsinə əsasən, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Həmin Məcəllənin 557.1-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər. İkincisi, cavabdehin və məhkəmənin "xxxx" QSC ilə "xxxx" MMC arasında dalan dəmiryolunda xidmətlərin göstərilməsinə dair 21.01.2021-ci il tarixli 36594 nömrəli müqaviləyə istinad etməsi və bu müqavilənin tanışlıq üçün "xxxx" MMC-nin möhürü və səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilməsinə görə onun da müqavilədən irəli gələn ödəliklərə görə məsuliyyət daşıması barədə qənaəti əsassızdır. Göründüyü kimi müqavilənin "xxxx" MMC-nin direktoru A. Tağıyevlə "xxxx" QSC-nin sədr müavini V. Aslanov arasında 21.01.2021-ci il tarixdə bağlanması və 01.01.2021-ci il tarixdən qüvvəyə minməsi göstərilsə də, iddiaçıya göndərilmiş 02 nömrəli hesab-faktura 19.01.2021-ci il tarixdə tərtib edilmişdir. Yəni əsas tərəflər ("xxxx" MMC və "xxxx" QSC) arasında müqavilə mövcud olmadığı halda, cavabdehin və məhkəmənin həmin müqaviləyə istinad etməsi və gələcəkdə işgüzar münasibətə görə tanışlıq üçün müqaviləyə möhür vurmuş üçüncü tərəfin geri tarixə məsuliyyət daşıması barədə məhkəmənin gəldiyi nəticə tamamilə yanlışdır. Üçüncüsü, qətnamənin hüquqi dəyərləndirmə hissəsində "xxxx" QSC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən Cəmiyyətin əsas məqsədinin ‘fiziki və hüquqi şəxslərin dəmir yol ilə daşımalara və dəmiryolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən,... dəmiryolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi” olduğu göstərilməklə, yığımların həyata keçirilməsinin "xxxx" QSC-nin 24 aprel 2017-ci il tarixli 44s nömrəli əmri ilə təsdiq edilmiş “Yuk daşımaları üzrə əlavə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydalar”ının 6.8-ci bəndinə əsaslanmaqla düzgün hesab etməsi qanunsuz olmuşdur. Belə ki, həmin “Qaydalar yuxarıda qeyd edildiyi kimi birtərəfli qaydada "xxxx" QSC-nin sədri tərəfindən təsdiq edilmiş və X4 Reyestrinə daxil edilməmişdir ki, bu formada qəbul edilmiş aktın hüquqi qüvvəsi yoxdur və tətbiq edilə bilməz. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 01.12.2020-ci il tarixli “Zarat dəmir yolu stansiyasına birləşən dalan dəmir yoluna vaqonların verilib-götürülməsi ilə bağlı istifadəçi kimi əlavə olunmağa dair” müqavilənin 1-ci bədinə əsasən istifadəyə verən ("xxxx" MMC) ona məxsus olan Azərbaycan Respublikası Siyəzən rayonu Zarat kəndində yerləşən X5 istifadəçinin ("xxxx" MMC) istifadə edə bilməsi üçün ona istifadə hüququ verir, istifadəçi isə bunun müqabilində istifadəyə verənə bu müqavilə ilə razılaşdırılmış haqq ödəyir. Müqavilə tərəflərin möhürləri və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilmişdir. İddiaçı Boşdayanmağa görə tətbiq olunmuş yığımın ləğv edilməsi haqqında 26.01.2021-ci il tarixli 06 nömrəli məktubla cavabdehə müraciət edərək 01.01.2021-ci il tarixdə Zarat stansiyasına iddiaçının ünvanına daxil olmuş 17 buğda vaqonuna görə tətbiq olunmuş 6.574,84 manat xidmətlərə görə yığımın ləğv olunması barəndə sərəncam verilməsini xahiş etmişdir. Məktubda göstərilmişdir ki, iddiaçı Bakı şəhərində yerləşdiyinə və əməkdaşları isə giriş-çıxışın qadağan olunduğu ərazilərdə yaşadıqlarına görə buğda vaqonları Zarat stansiyasına daxil olduqları gündən, yəni 01.01.2021-ci ildən 05.01.2021ci il tarixə qədər karantin postundan keçə bilməmişlər. Bu zaman ezamiyyət vərəqələri və icaze.gov.az portalında qeydiyyat da nəzərə alınmamışdır. Buna görə də vaqonların vaxtında boşaldılmaması iddiaçının özündən asılı olan səbəbdən baş vermədiyi üçün yaranan məsuliyyətdən azad edilməlidir. Cavabdehin iddiaçıya ünvanladığı 18.02.2021-ci il tarixli 43685 nömrəli cavab məktubundan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 dekabr tarixli 488 nömrəli qərarının 2 saylı əlavəsi ilə təsdiq edilmiş kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətlərinə dair “Təlimat”ın 4.1-ci bəndinə əsasən yaranmış hüquqlarından (hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, Təlimatın 2.1-ci bəndində göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşlar barədə məlumatları gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə nəqliyyat vasitələri ilə birgə yol verilir) yararlanma imkanları olmuşdur. Cəmiyyət fors-major halların təsirinə məruz qaldığı zaman xüsusi karantin rejimində sahibkarlıq fəaliyyətinə icazə verilməməsi və tam məhdudiyyət qoyulması hallarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilə və belə halların baş verdiyi gündən etibarən tərəf 3 təqvim günündən gec olmayaraq yazılı surətdə Cəmiyyətə məlumat verilə bilərdi. Ünvanlarına daxil olan vaqonlara görə dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımalaarı) göstərilən xidmətlərin tariflərinin, yığımların müəyyən edilməsi baxımından yük əməliyyatları aparan stansiyalarda yükalanın (yükgöndərənin) ünvanına daxil olan vaqonlara görə Cəmiyyət sədrinin müvafiq əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə əlavə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nın tələblərinə uyğun olaraq, yığımlar tətbiq olunmuşdur. Tətbiq edilən bu yığımların müəssisənin xeyrinə ləğv edilməsi qeyd-şərtsiz olaraq dəmir yolu ilə daşımaları həyata keçirən digər hüquqi və fiziki şəxslərlə münasibətdə ayrıseçkiliyə gətirib çıxaracaqdır. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış “Dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair” 21.01.2021-ci il tarixli 36594 nömrəli müqavilədən aydın olur ki, icraçı ("xxxx" QSC) Zarat stansiyasında məntəqə Dalan yolu sahibinə məxsus olan dalan dəmir yoluna sifarişçinin ("xxxx" MMC) istifadəsində olan lokomotivin stansiyasının ümumi istifadə yollarına (stansiyanın X3 əsasən qatarların qəbul edilməsi və göndərilməsi üçün nəzərdə tutulmuş bütün yollara) çıxmaqla vaqonların verilib-götürülməsinin, zərurət yarandığı təqdirdə isə sifarişçinin yazılı müraciəti əsasında icraçı öz lokomotivi ilə dalan dəmir yolunun yükləmə-boşaltma sahələrinə vaqonların verilib-götürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin (eyni vaxtda verilən vaqonların yükləməboşaltma sahələrinə paylanması, yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, bir yükləmə-boşaltma yerindən digərinə və ya başqa yola verilib götürülməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması, vaqonların tərəziyə verilib-götürülməsi və s.) həyata keçirilməsi xidmətini yerinə yetirməyi, sifarişçi isə bu Müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin: 4.1-ci bəndinə əsasən, bu Müqavilədə nəzərdə tutulmuş xidmətin yerinə yetirilməsinə görə ödəniləcək xidmət haqqı qanunvericilikdə nəzərdə tutulduğu hallarda ƏDV tətbiq edilməklə dalan dəmir yolunda yük əməliyyatı aparan istifadəçilərə göstərilən xidmət haqqı, "xxxx" QSC-nin 24 aprel 2017-ci il tarixli 44/s nömrəli əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nda (6.4-cü bəndi nəzərə alınmaqla) dalan dəmir yolunda yük əməliyyatı aparan digər hüquqi və fiziki şəxslərlə münasibətdə nəzərdə tutulmuş əsaslara görə istifadəçilərin ünvanına taxıl (ərzaq buğdası) yüklü vaqonlar gəldiyi halda isə “Yük daşımalar üzrə əlavə xidmətlərə dair yığımların hesablanması və tətbiqi qaydaları”nda dalan yolu sahibinə uyğun nəzərdə tutulmuş əsaslara görə aparılır; 6.4-cü bəndinə görə, fors-major hallarının baş verməsi barədə yazılı xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 6.5-ci bəndinə əsasən, fors-major halların baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 8.1ci bəndinə əsasən, həmin müqavilə ... 01.01.2021-ci il tarixdən qüvvəyə minir və 31.12.2024-cü ilədək qüvvədədir. Müqavilə "xxxx" MMC, iddiaçı və cavabdehin möhürləri, səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. 19.01.2021-ci il tarixli 02 nömrəli hesaba görə, cavabdeh tərəfindən iddiaçıya xidmətlərə görə 6.574,84 manat yığım hesablanmışdır. "xxxx" QSC tərəfindən təsdiq “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, X6, X2, X1 haqqında Sazişi rəhbər tutaraq dəmir yolu xidmətlərindən istifadə edən bütün yük göndərənlərdən, yükalanlardan və dalan yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilmiş xidmətlərə görə yığımlar tutulur. Qaydaların 6.8-ci bəndinə görə, dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (konteynerlər) (məxsusluğundan asılı olmayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilərsə, vaqonların (konteynerlərin) ümumi istifadə yollarında dayanmasına görə yığım stansiyanın texnoloji iş prosesi nəzərə alınmaqla müvafiq olaraq cədvəl № 8 və cədvəl № 9-dakı qiymətlərlə 1.5 əmsalı tətbiq edilməklə hesablanmalı və əgər stansiyanın işində çətinliklər yaranarsa, Cəmiyyət rəhbərliyi tərəfindən yığımın məbləği yükalanı (yükgöndərəni) yazılı formada məlumatlandırdıqdan 24 saat sonra 5 dəfəyə qədər artırıla bilər. İddiaçı müəssisənin Bakı şəhərində yerləşdiyi və əməkdaşların isə ölkədə tətbiq edilmiş karantinə görə giriş-çıxışı qadağan olunan Bakı və Sumqayıt şəhərlərində yaşadıqlarına görə buğda vaqonlarının Zarat dəmiryolu stansiyasına daxil olduğu tarixdə, yəni 01.01.2021-ci ildə boşalda bilmədikləri, iddiaçının öz işçilərini bu məqsədlə “https:icazə.gov.az” portalında qeydiyyata aldırmaq üçün vaxtında müraciət etdiyini, lakin yalnız 05.01.2021-ci il tarixdə həmin portalda icazələrin qeydiyyata alındığı, vaqonların vaxtında iddiaçıdan asılı olmayan səbəbdən boşaldıla bilməyəcəyi barədə əvvəlcədən cavabdehə məlumat verildiyini göstərsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçı “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”na əsasən yükləri qəbul etdiyi, buna görə yığımları ödədiyi və nəticədə Qaydaları mübahisə etmədiyi halda, onun təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirmələrə görə həmin Qaydalara əsasən ona müvafiq sanksiyalar tətbiq edildiyi halda artıq eyni Qaydaların qanunsuzluğunu irəli sürməsi inandırıcı və əsaslı olmamışdır. Digər tərəfdən, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməklə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2178/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-931/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-931/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver