Məhkəmə qərarları › İş №2-2(103)-933/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-933/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-933/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e- 2-2(113)-1551/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 304.820,32 manat həcmində əsas borc, 9.662,7 manat həcmində qanunvericiliklə nəzərdə tutulmuş faiz borcları, 217.946,3 manat (iki yüz on yeddi min doqquz yüz qırx altı manat otuz qəpik) (126.500,3 manat+ 91446 AZN= 217946,3) müqavilə üzrə cərimələr olmaqla, ümumilikdə, 522.766,62 manat həcmində pul məbləğinin və 812,7 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1551/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4.813 (dörd min səkkiz yüz on üç) manat, 06 (altı) qəpik, 240 (iki yüz qırx) manat, cəmi 5.053 (beş min əlli üç) manat, 06 (altı) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 68 (altmış səkkiz) manat, 32 (otuz iki) məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(113)-1551/2024 nömrəli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilərək, iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materialları və məhkəmə iclaslarının audio-video yazı materiallarına baxdıqda məlum olur ki, cavabdeh tərəf vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdləri imzaladığını və onların bu səbəbdən etibarsız (saxta) olmasını iddia edir. Cavabdehin etirazının əsası kimi istinad etdiyi dəlillərə nəzər saldıqda görünür ki, cavabdeh Mülki Məcəllənin 347.2.3-cü maddəsinin təbirincə əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmamasını (malların təhvil verilməməsini və sənədlərin ləğv ediləcəyini) əsas gətirir. Məhkəmə də məhz bu mövqedən çıxış edərək həmin sənədlərin etibarsız olması qənaətinə gələrək iddianı rədd etmişdir. Lakin məhkəmə kəsici müddətlərə dair maddi hüquq normasını kobud surətdə pozmuşdur. Belə ki, Mülki Məcəllənin müvafiq normasına əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən görünür ki, iddiaçının əsas dəlillərini təşkil edən 5 sənədin (14 saylı razılaşdırma protokolu (1), elektron qaimə-faktura (2), təhvil təslim aktı (3),hesabfaktura (4) və 161 nömrəli anbar qaiməsi (5)) hər biri 16 noyabr 2023-cü il tarixində cavabdeh tərəfindən təsdiq edilmiş və həmin tarixdə ona məlum olmuşdur. Lakin cavabdeh tərəf həmin əqdlərin etibarsız olması barədə ilk məktubu 2 ay sonra göndərmişdir. Əgər cavabdeh tərəf həmin əqdlərin vacib əhəmiyyətli yanılma təsiri altında bağlandığını iddia edirdisə nəyə görə 2 (iki) ay ərzində susqunluq nümayiş etdirmiş və buna dair tərəfə heç bir 1 Mülki Məcəllənin 354.2- ci maddəsi bildiriş göndərməmişdir? Məhkəmə bu halı əsas tutaraq iddianı rədd edərkən belə maddi hüquq normasını kobud surətdə pozmuş, 1 (bir) aylıq kəsici müddəti işə tətbiq etməməklə yanlışlığa yol vermişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, isə etibarsızlığın növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Lakin məhkəmənin yanaşması bu məsələdə ümumiyyətlə birtərəfli olmuş, həmin əqdlərin etibarlı olmaqla qanunvericliyin və müqavilənin tələblərinə uyğun tərtib və təsdiq edilməsi gözardı edilmiş, qarşı tərəfin formal mülahizələrini mütləq həqiqət kimi qəbul etmişdir. Amma işin faktiki hallarından cavabdeh tərəfindən borcun ödənilməsindən yayınmaq üçün bu xarakterli etiraz mövqeyi tutulduğu açıq şəkildə özünü büruzə verir. Qeyd edilənlər isə məhkəmənin düzgün hüquqi əsaslandırma mövqeyi tutmadığını və iddiaya yanlış maddi hüquq normasını tətbiq etməklə yanaşı yanlış tətbiq edilmiş hüquq normasının özünü belə səhv tətbiq edildiyini göstərir. İşdən görünür ki, iddiaçı tərəfindən mallar tam şəkildə və müvafiq həddə cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə malın təhvil alınmasına dair bütün sənədlər imzalanmışdır. Əgər cavabdeh tərəf həqiqətən də həmin malları qəbul etməsə idi, böyük həcmdə olan sənədləri imzalamaqla faktı təsdiq etməzdi. Hətta tərəflər arasındakı malların təhvil verilməsinin sırf həmin gün olmamasını qəbul etsək belə, cavabdeh tərəfindən sonradan verilən razılıqla malların təhvil verilmə faktı təsdiqlənmişdir. Mülki Məcəllənin müvafiq maddəsinin tələbinə görə isə sonradan verilən razılıq əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Lakin məhkəmə qeyd edilən maddi hüquq normasını da nəzərə almadan iş üzrə əsassız qətnamə qəbul etmişdir. Tərəflər arasında olan münasibətlərin xarakterinə nəzər saldıqda görünür ki, həmin münasibətlər mülki hüquqi nöqteyi-nəzərdən alqı-satqı müqaviləsinin xüsusi növü olan mal göndərmə müqaviləsidir. Mülki Məcəllənin müvafiq normasına əsasən müqavilədə müəyyənləşdirilmiş əsaslar olmadan alıcı mal göndərəndən malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə mal göndərən alıcıdan malı ödəməyi tələb edə bilər. Hazırkı işdə aşkar şəkildə görünür ki, cavabdeh malı iddiaçının anbarından qəbul etmiş, buna dair bütün zəruri sənədləri imzalamışdır. Əgər cavabdeh malları qəbul etməkdən imtina etmək niyyətində olsa idi, bu barədə malın verilməsindən əvvəl və ya bir müddət sonra iddiaçıya məlumat verməli idi. Halbuki işdən aşkar şəkildə görünür ki, cavabdeh malları qəbul etmiş, lakin sonradan onun dəyərini ödəməkdən yayınmaq üçün ödəniş barədə müvafiq tələbləri aldıqda belə addımlar atmağa başlamışdır. Bununla yanaşı Mülki Məcəllənin müvafiq normasının tələbinə görə hətta cavabdeh tərəf malı qəbul etməkdən imtina etmək istəsəydi belə, malın dəyərini tam şəkildə iddiaçıya ödəməyə borclu olacaqdı. Görünür ki, məhkəmə qeyd edilən maddi hüquq normasını da işə tətbiq etmədən əsassız qətnamə qəbul etmişdir. İşdən də görünür ki, cavabdeh tərəf müvafiq elektron qaimə fakturanı, təhvil-təslim aktını və qiymətlərin razılaşdırılması protokolunu elektron qaydada imzalamışdır. Bu hal məhkəmə mübahisəsi zamanı da cavabdeh tərəfindən təkzib edilməmiş, əksinə qeyd edilən sənədlərin imzalanması etiraf edilmişdir. Yəni, tərəflər arasında imzalanmış müqavilənin tələblərinə əsasən həmin sənədlərin imzalanması artıq malların təhvil verilməsi faktını sübut edir. Çünki adi mülki dövriyyə şəraitində çoxsaylı alıcılarla işləyən topdansatış məntəqələri satdıqları malın sonrakı taleyi ilə maraqlanmamalı və satılan malın hansı məqsədlə alınmasını müəyyən etməyə borclu deyillər. Əgər hər hansı şəxs malı sifariş verərək malı qəbul etdiyinə dair sənədləri imzalayırsa və təsdiq edirsə malın sonrakı taleyi alıcının məsuliyyət dairəsində olan məsələdir. İşdən də aşkar şəkildə görünür ki, cavabdeh tərəf qeyd edilən sənədləri imzalamış, sonradan işin məhkəməyə getməsi dövründə borcu ödəməkdən yayınmaq üçün belə bir mövqe tutmağa başlamışdır ki, həmin sənədlər özünün iradəsindən kənar şəkildə imzalanmışdır. Halbuki bu hal müqavilənin tələbləri ilə tam inkar edilir. Digər tərəfdən, məhkəmə digər sənədlərlə yanaşı iş materiallarında xx.xx.2023-cü il tarixli 161 nömrəliqaiməni gözdən qaçırmışdır. Həmin qaimə ilə malların anbardan təhvil alındığı cavabdehin imzası (qanuni təmsilçinin) və möhürü ilə təsdiq edilmişdir. Lakin məhkəmə həmin sübutu ümumiyyətlə nəzərə almamış, ona münasibət bildirməmişdir. Cavabdeh tərəf yalnız elektron-qaimə faktura ilə bağlı şübhə doğuran dəlillər gətirsə də, qeyd edilən sənədə dair heç bir etiraz xarakterli dəlilləri olmadığı üçün susqunluq nümayiş etdirmişdir. Bunun səbəbi isə elektron qaiməfakturanın vergi uçotu baxımından “qayğı yaradan” sənəd olmasıdır. Mühasibatlıq xidmətinin həmin sənədlə bağlı xüsusi həsasslıq göstərməsi də bu haldan irəli gələn məsələdir. Necə ola bilər ki, cavabdeh tərəf malların qəbuluna dair bir neçə sənəd imzalayır, lakin yalnız elektron qaimə-fakturaya dair etirazını bildirir və hakim də sırf bu halı iş üzrə əhəmiyyətli sübut kimi qələmə verərək iddianı rədd edir? İş materialları (audio-video yazılar və iclas protokolları) ilə tanış olduqda görünür ki, cavabdeh tərəfindən, demək olar ki, bütün sübutlar nümayəndə qismində iştirak edən X3 tərəfindən təqdim edilmişdir. Eləcə də, adı çəkilən şəxs tərəflərin nümayəndələrinə və şahidlərə suallar vermiş, bu isə hakimin daxili inamının formalaşdırılmasında rol oynamışdır. Lakin iş materiallarında onun nümayəndə qismində iştirakına icazə verən prosessual sənədlər yoxdur. Belə ki, adı çəkilən şəxs prosessual qanunvericilikdə qeyd edilməsinə baxmayaraq, əsas iş yeri üzrə yox, əlavə iş yeri əvəzçilik qaydasında cavabdeh hüquqi şəxsdə çalışır. Dolayı formada, məhkəmənin həmin şəxsi nümayəndə kimi qəbul edərək proses iştirakçısına çevirməsi kobud prosessual pozuntu olmaqla, işin gedişatına birbaşa təsir edən amil olmuşdur. Halbuki, hakim nümayəndə qismində iştirak edən şəxsin səlahiyyətlərini prosessual qanunvericiliyə uyğun olaraq yoxlamalı idi. Qanun konkret halda hüquqi şəxslərin işçiləri üçün iki əsas meyarı (birlikdə) nümayəndə qismində məhkəmədə təmsilçilik üçün qəbul edir. Birincisi, şəxsin təmsil etdiyi hüquqi şəxsdə əsas iş yeri üzrə çalışmasını, ikinci isə ona müvafiq səlahiyyətlərin verilməsini təsdiq edən sənədin (etibarnamə) olmasını. Şəxs yalnız bir hüquqi şəxsdə əsas iş yeri üzrə çalışa bildiyi halda, əvəzçilik üzrə sayına məhdudiyyət qoyulmadan bir neçə hüquqi şəxsdə çalışa bilər. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Göründüyü kimi, məhkəmə nümayəndənin səlahiyyətlərini yoxlamadan onun proses iştirakçısını təmsil etməsinə şərait yaratmış, nəticədə, prosessual qanunvericiliyi kobud surətdə pozmuşdur. Qanuna və yadigər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin göstərişindən açıq şəkildə görünür ki, hazırkı iş üzrə müqavilə və ondan irəli gələn sənədləşmə işləri qanunvericiliyə və müqaviləyə uyğun həyata keçirilməli idi. Birinci instansiya məhkəməsində aparılan iclasların audi video yazısından da aşkar şəkildə görünür (eşidilir) ki, cavabdeh tərəfin qanuni təmsilçisi təqdim edilmiş təhvil-təslim aktını özü möhürlədiyini və bu zamana kimi formalaşmış işgüzar qaydaya uyğun olaraq təhvil-təslim işlərinin elektron şəkildə yerinə yetirildiyini etiraf etmişdir. Yəni, malların təhvilinə dair sənədlərin imzalanması təhvil yerində yox, rəhbər şəxslər arasında işgüzar qaydaya uyğun olaraq həyata keçirilmişdir. Tərəflərin işgüzar davranış qaydası da məhz malların şifahi sifarişlər əsasında realizasiyası yönündə olmuşdur. Lakin cavabdeh tərəf borc məbləğindən yayınmaq üçün müəyyən sübutetmə vasitələri ilə sübut edilməli halı guya başqa hallarla əsaslandırıb borcdan yayınmağa çalışmışdır. Hansıki, məhkəmə iclaslarının audio-video yazısından görünür (eşidilir) ki, hansısa yazışmaların və ya səsyazıların fraqmental hissələri məhkəməyə sübut kimi təqdim edilərək hakimin daxili inamının formalaşmasına yanakı təsir kimi istifadə edilmişdir. Halbuki, həmin hissələr müəyyən formada təsdiq edilmiş sübutlarla birbaşa təkzib edilir. Lakin məhkəmə həmin sübutları gözardı edərək iddianı rədd etmişdir. Bu isə prosessual qanunvericiliyin sübutlara dair olan tələbləri ilə qəti şəkildə uzlaşmır. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin təqdim etdiyi səsyazıları həmin səsyazıların ünvanlandığı şəxsin razılığı və iştirakı olmadan dinləməklə şəxsi yazışmaların gizliliyini pozmuşdur. Halbuki, bu cür hərəkətlər həmin səsyazıların ünvanladığı şəxsin razılığı olmadığı halda yalnız qapalı məhkəmə iclasında dinlənilə bilərdi. Bu səbəbdən məhkəmə həmin hissədə də prosessual pozuntuya yol vermişdir. Necə ola bilər ki, hakim hər hansı şəxsi işə aidiyyəti olmaması əsası ilə icraata cəlb etmir, lakin ona ünvanlanan səsyazıları açıq məhkəmə iclasında dinləyərək sübut qismində qəbul edir? Digər bir sual doğuran məqam isə odur ki, məhkəmə şəxsi yazışmalara istinad edərkən öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Belə çıxır ki, məhkəmə işdə şahid kimi dindirilən şəxsi tərəf kimi qəbul edir və onun səsyazılarını sübut qismində qiymətləndirir. O halda həmin şəxs necə həm də şahid kimi dindirilə bilərdi? Əgər şahid idisə, necə onun səsyazılarını tərəfin səsyazıları kimi qəbul edə bilərdi? Görünür ki, məhkəmə şahid qismində dindirilən şəxsi həm şahid, lazım gələndə isə həm də tərəf kimi qələmə verməklə özünün mövqeyini əsaslandırmağa cəhd etmiş, lakin uğursuz olmuşdur. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində (19-cu hissə) ”whatsapp” ani mesajlaşma platformasından göndərilən mesajlardan fraqmenti arqument kimi qəbul edərək, tərəflərarasında lazımi qaydadaimzalanmış hüquqi sənədlərin saxta olması qənaətinə gəldiyini qeyd edir. İşdən isəgörünürki, cavabdehin qanuni təmsilçisi faktiki münasibətlərin rəsmiləşdirilməsindən sonra kənar şəxslərin məsləhəti ilə borcu etiraf etdiyini öyrənmiş, sonrakı dövrdə borcdan yayınmaq üçün belə bir mövqe sərgiləmişdir. Çünki məhkəmə iclasında cavabdeh tərəf özü də etiraf etmişdirki, tərəflər malları verdikdən bir müddət sonra onun rəsmiləşdirməsini həyata keçirirdilər. Bu qəbildən olan münasibətlər çərçivəsində malların təhvil verilməsindən sonra da onun ənənəvi qaydada rəsmiləşdirilməsi əslində tam obyektiv məsələdir. Lakin məhkəmə bu hala şübhəci yanaşmaqla bərabər bir mesaja xüsusi həssaslıq göstərərək həmin mesaja görə bütün sübutları pərdə arxasına atmışdır. Təqdim edilmiş səsyazılarda bir neçə kənar şəxslərin adı çəkilir ki, məhkəmə ən azından həmin şəxsləri dindirməklə həqiqi münasibətləri müəyyən edə bilərdi. Məhkəmə adi işgüzar dövriyyə münasibətlərini nəzərə almadan qətnamə qəbul etmişdir. Biznes subyektləri arasındaelektron qaimə-fakturanın təqdim edilməsi onu təqdim edən şəxs üçün vergi öhdəlikləri yaratdığından (yarada bildiyindən) həmin sənədin təqdim edilməsində mühasibatlıq işçiləri hər zaman xüsusi diqqətli olurlar. Çünki əgər elektron qaimə-faktura təqdim edilirsə, o halda müvafiq vergi bəyannaməsində (cari vergi ödəməsi arayışında) həmin məbləğ mənfəət kimi qeyd edilir ki, ödəniş vaxtında edilmədikdə vergi uçotu baxımından uyğunsuzluqlar yaranır. Mühasibatlıq işçilərinin belə bir məsələdə xüsusi həssaslıq nümayiş etdirməsi məhkəmə sual doğurmamalı olduğu halda, nədənsə hakim bu məsələyə fərqli mövqedən yanaşaraq işin taleyini ona uyğun həll etmişdir. Məhkəmənin gözündən qaçan məqam da məhz elə ondadır ki, mühasib xüsusi diqqəti məhz elektron qaimə-fakturaya (digər sənədlərə yox!) yönəldir. Çünki digər sənədlər elektron vergi sistemində görünmədiyindən onlar vergi uçotu baxımından gələcəkdə “xüsusi qayğı”-ya çevrilmir. Lakin hakim elektron qaimə-faktura ilə yanaşı, təhvil-təslim aktının, anbar qaiməsinin və malların siyahısını təsdiq edən sənədin (protokolun) niyə imzalandığını cavabdehdən bir dəfə belə olsun soruşmur. Bunun əvəzində isə imzalanmış elektron qaimə-fakturayaxüsusi şübhə ilə yanaşaraq işin taleyini ona uyğun həll edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ilkin olaraq etirazının əsası kimi guya iddiaçı hüquqi şəxsdə yoxlamalar olmasını əsas kimi gətirmiş, buna görə belə bir sənədlərin imzalanma zərurətinin olduğunu qeyd etmişdir. Lakin nə iş materiallarında buna dair sübut var, nə də hər hansı bu faktı təsdiq edən dəlil. Reallıqda da belə bir hal olmamışdır. Sonradan cavabdeh tərəf özünə sərf edən bəzi elektron mesajları fraqmental olaraq məhkəməyə təqdim edərək məhkəmənin diqqətini əsas məsələdən yayındırmağa çalışmışdır. Çünki cavabdehin mövqeyincə iddia edilən hallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış və fakt təsdiqini tapmamışdır. O halda məhkəmə hansı əsasla tərtib və təsdiq edilmiş sənədlərin saxta olması qənaətinə gəlmişdir? Belə çıxır ki, məhkəmə hüquq-mühafizə orqanının gəldiyi nəticə ilə razılaşmamış, araşdırmanı qeyri-obyektiv hesab etmişdir? Cavabdeh özü belə hüquqmühafizə orqanının həmin qərarından şikayət verməmişdir. Lakin məhkəmə həmin araşdırmanın nəticəsini heçə saymış, iddiaçı qəbul etdiyi qətnamə ilə bir növ cinayətdə ittiham etmişdir. Digər sual doğuran məqam odur ki, adi mülki dövriyyə şəraitində heç bir əsas və motiv olmadan cavabdeh tərəf nəyə görə malların təhvil verilməsini təsdiq edən aktı, elektron qaimə-fakturanı və digər sənədləri imzalaya bilərdi ki? Əslində, məhkəmə məhz bu halın motivini müəyyən etdikdən sonra ancaq belə bir qənaətə gələ bilərdi ki, həmin sənədlər başqa məqsədlə imzalanıb. Lakin məhkəmə işə birtərəfli yanaşaraq müəyyən sübutetmə vasitələri ilə sübut edilən halı təhrif etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.

12. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

14. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq onlara münasibətdə aşağıdakıları qeyd edir.

19. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti arasında 20 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

20. İddiaçının tələbinin cavabdehdən tələb etdiyi əsas borcun 300.007,26 manat hissəsi xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, eyni tarixli təhvil-təslim aktı, eyni tarixli hesab faktura, eyni tarixli anbardan malların təhvil alınmasına dair qaimə və xx.xx.2023cü il tarixli EBDS 856146 saylı elektron qaimədə qeyd edilən 10 adda olan malların verilməsi, 4.813,06 manat hissəsi isə xx.xx.2024-cü il tarixli hesab fakturada qeyd edilən 2 adda malın verilməsi ilə bağlıdır. Eyni zamanda iddiaçı illik 5 faiz və dəbbə pulunu cavabdehdən tələb etmişdir.

21. Cavabdeh iddiaçıya müqavilə üzrə 4.813,06 manat borcunun olmasını etiraf etmiş, lakin 300.007,26 manat əsas borcunun olmasını qəbul etməmişdir. Belə ki, cavabdeh malların reallıqda ona verilmədiyini və formal sənədlərin tərtib edildiyini bildirmişdir. Bu əsasla borcunun olmamasına istinad etmişdir. Məhkəmə iddiaçının mühasibinin ifadəsi və cavabdehin direktoru ilə yazışmalarını əsas götürərək, cavabdehin arqumenti ilə razılaşaraq iddianın 300.007,26 manat hissəsini rədd etmişdir.

22. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli sənədləri, yəni müqaviləni, razılaşma protokolunu, təhvil-təslim aktını, hesab fakturanı, qaiməni cavabdeh möhürü və direktorunun imza ilə təsdiq etmişdir.

23. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməsini təsdiq edən kifayət qədər sayda, mötəbər sübutlar təqdim etmişdir. Bu sübutlar cavabdeh tərəfindən imzalanmış və möhürlənmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirmiş, lakin cavabdeh istinad etdiyi halı, yəni sənədlərin formal olmasını, malların verilməməsini sübuta yetirə bilməmişdir.

25. Belə ki, birinci instansiya məhkəməsinin iclaslarında iştirak edən cavabdeh tərəf iddiaya etiraz edərək xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 856146 saylı elektron qaimənin tamamilə əsassız olduğunu, tərəflər arasında həmin elektron qaimə əsasında malların alqı-satqısına dair heç bir razılaşmanın həyata keçirilmədiyini, satıcı tərəfindən alıcıya heç bir malın təqdim olunmadığını, satıcı tərəf alıcı tərəf ilə aralarında olan tanışlıq, dostluq və işgüzar münasibətlərə güvənərək, 2023-cü ilin noyabr ayında sahibkarlıq fəaliyyəti üzrə aparılan vergi yoxlaması ilə əlaqədar, xərclərindən azad olmaq və əlavə mənfəət vergisi ödəməmək üçün, mənfəət vergisindən azad olmaq üçün, belə bir elektron-qaimə tərtib edərək alıcıya göndərdiyini və həmin elekton-qaimənin alıcı tərəfindən təsdiq edilməsini xahiş edərək, sonradan ləğvə göndəriləcəyinə söz verdiyini, elektron qaimənin alıcı tərəfindən təsdiqlənmədiyini, “sistem tərəfindən təsdiqlənmiş” statusunda olduğunu, sonradan həmin elektron-qaiməni ləğv edilmədiyini, təhvil-təslim aktındakı imzanın direktor tərəfindən icra edilmədiyini, M.Orxan adlı şəxs rəhbərliyin etibarından sui-istifadə edərək xx.xx.2024-cü il tarixində əvvəlcədən rəhbərliyin otağında elektron qaiməyə aid sənədləri direktorun imzasına oxşayan imza ilə imzalayaraq möhürlədiyini və skan edərək iddiaçı şirkətin mühasibatlıq işçisi kimi tanınan Nərgiz adlı əməkdaşa göndərdiyini bildirmiş, Nərgiz adlı işçi tərəfindən qaimənin maksimum bir ay sonra ləğvə göndəriləcəyi ilə bağlı səs və vatsap yazışmalarının olduğunu bildirərək elektron qaimə-faktura uydurma olduğu üçün iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.

26. Cavabdehin mövqeyindən aydın olur ki, onun təqdim etdiyi sübutlar (mühasiblə olan eyni məzmunlu səs yazısı, yazışma) yalnız elektron qaimənin formal olmasına aiddir və iddiaçının təqdim etdiyi digər sübutların (21-ci bənddə göstərilən) mötəbərsizliyinə yönəlməmişdir. Göründüyü kimi cavabdeh tələbi inkar etsə də, iddiaçının təqdim etdiyi sübutların mötəbər olmamasına dair özü sübutlar təqdim etməmişdir. Hətta iddiaçının pretenziyasından sonra cavabdehin direktorunun vergi orqanına verdiyi şikayətində də yalnız elektron qaimə mübahisələndirilir.

27. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin rəhbəri olan X5 məhkəməyə izahatında Cavabdeh MMC-nin hazırkı iddiaya aidiyyətinin olmadığını bildirmişdir. Həmçinin cavabdeh tərəf izahatlarına əlavələrində 300.000 manat dəyərində malın "xxxx" MMC-nin rəhbəri olan X5 tərəfindən sifariş verildiyini, onlar arasında ödənilməmiş borc öhdəliklərinin olduğunu bildirmiş və qeyd edilən dəyərdə malların Cavabdeh MMC-yə verilmədiyini bildirmişdir.

28. Cavabdeh tərəfin bu mövqeyi də ona görə əsassızdır ki, iddiaçı tərəfindən təqdim edilən sübutlarda üçüncü şəxsin deyil, cavabdehin müqavilə bağlaması və malları alması aşkardır.

29. Qeyd edilənlərdən aydın olur ki, məhkəmə sübutları tədqiq edərkən onları düzgün qiymətləndirməmiş, elektron qaimənin əsassızlığına yönələn eyni məzmunlu səs yazısı, yazışma və şahid ifadəsinə istinad edərək, təhvil-təslim aktı, hesab faktura, anbardan malların təhvil alınmasına dair qaiməyə qiymət verməmişdir. Beləliklə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və sübutlara uyğun olmamışdır.

30. İş materialları və məhkəmə iclaslarının audio-video yazı materiallarına baxdıqda məlum olur ki, cavabdeh tərəf vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdləri imzaladığını və onların bu səbəbdən etibarsız (saxta) olmasını iddia edir. Cavabdehin etirazının əsası kimi istinad etdiyi dəlillərə nəzər saldıqda görünür ki, cavabdeh Mülki Məcəllənin 347.2.3cü maddəsinin təbirincə əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmamasını (malların təhvil verilməməsini və sənədlərin ləğv ediləcəyini) əsas gətirir. Məhkəmə də məhz bu mövqedən çıxış edərək həmin sənədlərin etibarsız olması qənaətinə gələrək iddianı rədd etmişdir. Lakin məhkəmə kəsici müddətlərə dair maddi hüquq normasını kobud surətdə pozmuşdur. Belə ki, Mülki Məcəllənin müvafiq normasına əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən görünür ki, iddiaçının əsas dəlillərini təşkil edən 5 sənədin (14 saylı razılaşdırma protokolu (1), elektron qaimə-faktura (2), təhvil təslim aktı (3),hesab-faktura (4) və 161 nömrəli anbar qaiməsi (5)) hər biri 16 noyabr 2023-cü il tarixində cavabdeh tərəfindən təsdiq edilmiş və həmin tarixdə ona məlum olmuşdur. Lakin cavabdeh tərəf həmin əqdlərin etibarsız olması barədə ilk məktubu 2 ay sonra göndərmişdir.

31. Bundan başqa məhkəmənin gəldiyi həm də mahiyyətcə ziddiyyətlidir. Belə ki, məhkəmə bir tərəfdən tərəflər arasında olan bir müqavilə əsasında bəzi malların təhvil verilməsini müəyyən etmiş, digər tərəfdən həmin müqavilənin formal olması əsası ilə malların verilməsi niyyətinin olmamasını müəyyən etmişdir. Qeyd edilən əsaslar məhkəmənin qətnaməsinin əsassız və qanunsuz olmasını göstərir. Ona görə qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.

32. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Bundan başqa cavabdehin 4.813,06 manat borcunun olmasını etiraf etməsi müəyyən edilmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. (bax 15-ci bənd)

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsas borc hissəsində (304.820,32 manat) əsaslıdır.

34. İddiaçının digər tələbi illik 5 faiz borcunun tutulmasından (3810,20 manat) ibarətdir. Tələbin bu hissəsi ilə qismən razılaşaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. Tələbin maddi hüquqi əsası Mülki Məcəllənin 445.7-ci maddəsi (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) təşkil edir. (bax 11-ci bənd)

36. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir: “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.”

37. İşdən göründüyü kimi, 4,813,06 manat məbləğində malın təqdim edilməsi ilə bağlı 18 nömrəli razılaşma protokolu və hesab-faktura xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə təxmini 30 gün sonra, xx.xx.2024-ci il tarixində müraciət etmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, gecikdirilmiş vaxt üçün əsas borca illik 5 % hesablanmaqla 19,77 (4.813,06x5/100=240,653 (1 il üçün); 240,653/365=0,659323 (1 gün üçün); 0,659323X30=19,77 (30 gün üçün) ) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. İşdən göründüyü kimi, tələbin 300.007,26 manat məbləğində malların təqdim edilməsi ilə bağlı təhvil-təslim sənədləri xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə təxmini 86 gün sonra, xx.xx.2024-ci il tarixində müraciət etmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, gecikdirilmiş vaxt üçün əsas borca illik 5 % hesablanmaqla 3534,33 (300.007,26x5/100=15000,36 (1 il üçün); 15000,36/365=41,09 (1 gün üçün); 41,09X86=3534,33 (86 gün üçün) ) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hər iki faiz borcunun cəmi 3554,1 manat təşkil edir.

39. İddiaçının digər tələbi Mərkəzi Bankının uçot dərəcəsinə görə 5.852,5 manat faiz məbləğinin tutulmasından ibarətdir. Tələbin bu hissəsi ilə razılaşmayaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

40. Tələbin maddi hüquqi əsası Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. (bax 12-ci bənd)

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.

42. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

43. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf cavabdehin qaytarmalı olduğu puldan faydalanması halını sübut edə bilməmişdir. Halbuki qeyd edilən maddə üzrə dispozisiya şərtləri ödənilməmişdir. Belə ki, MM-in 449.1-ci maddəsi verilmiş malın deyil, pul vəsaitinin qanunsuz saxlanmasını və faydalanmasını nəzərdə tutur. Odur ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Qeyd edilən səbəbdən iddia bu hissədə rədd edilməlidir.

44. İddiaçının digər tələbi 217946,3 manat dəbbə pulunun tutulmasından ibarətdir. Tələbin bu hissəsi ilə qismən razılaşaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

45. Tələbin maddi hüquqi əsası Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir. (bax 13-cü bənd)

46. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

47. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

48. Məhkəmə kollegiyası qeyd edilənləri, işin hallarını, əsas borcun 304820,32 manat məbləğində olmasını, təxmini 3 ay gecikdirmənin olmasını, tələbin qismən etiraf edilməsini və kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq və məhkəmə təcrübəsini əsas götürərək, hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində qismən təmin edilməli və tənasübsüz surətdə yüksək dəbbə pulu məbləği azaldılmalı və 15241,16 manat həddində müəyyən edilməlidir.

49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri qismən təmin edilməli, cavabdеh Cavabdehndən 304.820,32 manat həcmində əsas borc, 3554,10 manat həcmində illik 5 faiz borcu və 15241,16 manat dəbbə pulu tutularaq İddiaçınə ödənilməli, iddia tələbləri qalan hissələrdə təmin edilməməlidir.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1551/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 304.820,32 manat məbləğində əsas borc, 3554,10 manat həcmində illik 5 faiz borcu və 15241,16 manat dəbbə pulu, cəmi 323615,58 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinə və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumlarının cəmi 1219,7 manatın 60,7 faizi olan (iddianın təmin edilməsinə mütənasib olaraq) 740,35 manat cavabdеh Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Rüsumların 479,35 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar