Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-934/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1150/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış 08.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən borc 9.500 AZN, ƏDV 1.710,01 AZN olmaqla, ümumilikdə 11.210,01 AZN və gecikdirilmiş vaxt üçün 1.200 AZN məbləğdə pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 9.500 manat əsas borc, 1.710,01 manat ƏDV, gecikdirilmiş vaxt üçün 1.200 manat olmaqla, cəmi 12.410,01 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, təhvil-təslim aktı və müqavilə ortada yoxdur, iddiaçının göndərmiş olduğu e-qaimə görünür avtomatik təsdiq edilmişdir, qaimədə onun hansı tarixli və nömrəli müqaviləyə əsasən tərtib edildiyi qeyd edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Konstitusiya Məhkəməsinin şərhini rəhbər tutan məhkəmə kollegiyasının qənaətinə görə, baxmayaraq ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilmişdir, onun şikayətinin dəlilləri üç məsələ - 1. təhvil-təslim aktının olmaması; 2. yazılı alqı-satqı müqaviləsinin olmaması; 3. iddiaçının göndərmiş olduğu e-qaimənin avtomatik təsdiq edilməsi və qaimədə müqaviləyə istinad edilməməsi ilə bağlı olduğundan, hazırkı apellyasiya araşdırmasının predmetini də yalnız həmin dəlillər təşkil etməli, qətnamənin tərəflərin mübahisələndirmədiyi, əsaslılığını şübhə altına almadığı qalan hissələrinə isə toxunulmamalıdır. Bu kontekstdə hüquqi qiymətləndirmə apardıqda işdən müəyyən edilir ki, iddiaçı tərəfindən 08.07.2018-ci il tarixli EAAK 429664 nömrəli elektron qaimə tərtib edilərək, cavabdehdən 23.396,21 manat məbləğdə pulun ödənilməsi tələb edilmişdir. İddiaçının 01.01.2018-31.12.2018 dövr üzrə hesabından "xxxx" QSC tərəfindən 03.03.2021-ci il tarixdə verilmiş çıxarışa görə, cavabdeh tərəfindən 14.06.2018-ci il tarixdə avans olaraq 8.474,58 manat, EAAK 429664 nömrəli elektron qaimə üzrə isə 25.07.2018ci il tarixdə 1.352,72 manat, 14.09.2018-ci il tarixdə 500 manat ödəniş edilmişdir. İddiaçının 01.01.2018-31.12.2018-ci illər üçün ƏDV subuçot hesabından 03.03.2021-ci il tarixli çıxarışa əsasən, cavabdeh tərəfindən 14.06.2018-ci il tarixdə 1.525,42 manat, EAAK 429664 nömrəli elektron qaimə üzrə isə 25.07.2018-ci il tarixdə 243,48 manat, 14.09.2018-ci il tarixdə 90 manat ƏDV ödənişləri edilmişdir. Cavabdeh onunla iddiaçı arasında alqı-satqı münasibətlərinin olduğunu, malları aldığını, avans, əsas borc və ƏDV ödədiyini mübahisə etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli borcun yaranması alqı-satqı müqaviləsi, müqaviləyə əsasən cavabdeh tərəfindən avans ödənilməsi, elektron qaimə, cavabdeh tərəfindən əsas və ƏDV borcunun bir hissəsinin məhz həmin elektron qaiməyə əsasən ödənilməsi ilə təsdiqini tapır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işin hazırkı vəziyyətində, qanunla müəyyən edilən sübutetmə yükü cavabdehin üzərindədir. Əgər əksini irəli sürürsə, məhz o, sübuta yetirməlidir ki, əslində nə qədər mal almışdır, həmin malların dəyərini nə vaxt, hansı qaydada iddiaçıya ödəmişdir. Lakin cavabdeh belə dəlillərə istinad etmir. Bu qaydada, cavabdeh sübuta yetirməli idi ki, 08.07.2018-ci il tarixli 23.396,21 manat məbləğdə elektron qaiməni niyə, sərəncamında 5 gün olduğu halda, rədd etməmişdir, razılaşmadığı qaiməyə istinadən niyə əsas və ƏDV borcundan ödənişlər etmişdir və sair. Odur ki, onun mülahizələri formal olmaqla, öhdəliyin icrasından yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1150/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-934/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-934/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver