Məhkəmə qərarları › İş №2-2(103)-934/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-934/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-934/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2783/2022 nömrəli iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 123 nömrəli Alqı-satqı müqaviləsinə əsasən, iddiaçı (alıcı) cavabdehdən (satıcı) dəyəri 12.000 manat olan FQ A24 göy model kosmetoloji avadanlıq almış, alıcı satılan malın dəyərinin 2.000 manat məbləğdə ilkin ödənişi etdikdən sonra qalıq məbləğinin 12 ay ərzində kredit cədvəlinə müvafiq olaraq ödəniş tarixindən gec olmayaraq kredit şəkilində nağd ödəməyi öz üzərinə götürmüşdür.

2. Tərəflər arasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli Satılmış avadanlıqların (müqavilə üzrə) qaytarılması barədə aktda göstərilmişdir ki, alıcı (iddiaçı) tərəflər arasında bağlanan xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə olunmuş xx.xx.2020-ci il tarixli “İadə aktı” ilə sənədləşdirilərək, təhvil aldığı avadanlıqları satıcıya (cavabdehə) qaytarmışdır. FQ adlı aparat Cavabdeha qaytarıldıqdan sonra müəssisənin köməkliyi ilə nə zaman satılsa, o zaman aparatın alıcıya çatacaq dəyəri geri qaytarılacaq.

3. xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərinə əsasən, iddiaçı cavabdehin hesabına 500, 1.500 və 400 manat olmaqla, cəmi 2.400 manat ödəmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında tərtib edilmiş Satılmış avadanlıqların (müqavilə üzrə) qaytarılması barədə xx.xx.2020-ci il tarixli akta əsasən ödənilməli olan 3.400 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə, iddiaçı gözəllik salonunda işləməklə fərdi sahibkarlıqla məşğul olur. İşinin genişləndirilməsi ilə əlaqədar bir sıra avadanlıqların alınması zərurəti yaranmış, bununla əlaqədar cavabdehlə xx.xx.2020-ci il tarixli 123 nömrəli alqı-satqı müqaviləsi bağlamış, müqaviləyə əsasən cavabdehdən dəyəri 12.000 manat olan FQA20- 4 GOY model kosmetoloji avadanlıq almış, cavabdehə 2.000 manat ilkin ödəniş etmiş, sonradan isə 850 manat, 150 manat və 400 manat olmaqla, ümumilikdə 3.400 manat məbləğdə pul ödəmişdir. Pandemiya ilə əlaqədar bütün gözəllik salonları bağlı olduğuna görə avadanlıqdan istifadə etməmiş, avadanlığın pulunu ödəməkdə çətinlikləri yaranmışdır. Cavabdehlə danışıqlar aparmış, aralarında bağlanmış razılığa əsasən aldığı avadanlığı xx.xx.2020-ci il tarixdə olduğu kimi cavabdehə qaytarmış, bu barədə akt tərtib edilmişdir. Həmin aktda aparatın cavabdehə qaytarıldıqdan sonra müəssisənin köməkliyi ilə nə zaman satılsa o zaman aparatın alıcıya çatacaq dəyərinin geri qaytarılması nəzərdə tutulmuşdur. Həmin avadanlıq cavabdehə təhvil verildikdən bir müddət sonra satılmış, buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən ödənilmiş məbləği geri qaytarmamışdır. Hətta cavabdeh həmin avadanlığı satmasa belə, avadanlığın satılması üçün nəzərdə tutulan müddət ağlabatan müddət olmalı, həmin müddət bir ildən artıq çəkməməlidir. Bu baxımdan artıq iddiaçının həmin avadanlığın alınması üçün ödədiyi məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Qətnamənin əsaslarına görə, “Məhkəmə hesab edir ki, alqi-satqı müqavilıəsinin predmeti olan avadanlıq iddiaçı tərəfindən tərəflərin qarşılıqlı razılığı əsasında geri qaytarıldığından cavabdehə ödənilmiş 3400 manat pul məbləgi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.”

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, iddiaçı öz ərizəsində 2.000, 850, 150 və 400 manat olmaqla, ümumilikdə 3.400 manat ödəniş həyata keçirdiyini bildirsə də, qeyd olunan ödənişlərdən yalnız 1.500, 500 və 400 manat məbləğdə ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş, 850 və 150 manat məbləğdə ödəniş etdiyinə dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə hər iki tərəfin iradə ifadələri nəticəsində razılığa gəlinərək bağlanan xx.xx.2020-ci il tarixli iadə aktında qeyd olunan “FQ adlı aparat AzBeauty groupa qaytarıldıqdan sonra, müəssənin köməkliyi ilə nə zaman satılsa o zaman aparatın alıcıya çatacaq dəyəri geri qaytanlacaq” bəndinə münasibət bildirməmişdir. Bu bəndə əsasən, yalnız avadanlıq satıldıqdan sonra cavabdehin pulu geri qaytarmaq öhdəliyi yaranır. İddiaçının iddia ərizəsində irəli sürdüyü mülahizədə qeyd olunur ki, avadanlıq satılmışdır, lakin bunu sübut edəcək heç bir dəlil olmamışdır. Nəticə olaraq, cavabdehin pulu qaytarmaq öhdəliyi mövcud deyil. Bundan əlavə, avadanlıq 6 ay istifadə olunduqdan sonra cavabdehə qaytarıldığını və 6 ay ərzində istifadə olunduğundan avadanlığın dəyərinin kəskin şəkildə azaldığını məhkəmə nəzərə almamış, iddiaçının cavabdehə ödədiyini iddia etdiyi tam məbləği cavabdehdən geri qaytarmasını tələb etmişdir ki, həmin məbləğin ödənilməsi ilə bağlı sübutlar natamamdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçı şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar aşkar olunmur, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixli Satılmış avadanlıqların (müqavilə üzrə) qaytarılması barədə akt “FQ adlı aparat ... nə zaman satılsa, o zaman aparatın alıcıya çatacaq dəyəri geri qaytarılacaq.” hissədə tərəflər arasında bağlanmış yeni müqavilə olmaqla, cavabdehin öhdəliyinin əmələ gəlməsinə səbəb olmuşdur.

19. Bu baxımdan, sözügedən müqaviləyə əsasən satılmalı aparatın alıcıya çatacaq dəyərinin geri qaytarılması ilə bağlı öhdəliyini pozaraq, müqavilə ilə nəzərdə tutulan şərtin (aparatın satılmasının) baş verdiyi vaxtdan icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh aparatın alıcıya çatacaq dəyərini iddiaçıya ödəməlidir.

20. Cavabdeh iddiaya və birinci instansiya məhkəməsinin qətnaməsinə etiraz edərək, apellyasiya şikayətində ilk olaraq bildirir ki, iddiaçı 3.400 manatdan yalnız 1.500, 500 və 400 manat məbləğdə ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş, 850 və 150 manat məbləğdə ödəniş etdiyinə dair heç bir sübut təqdim etməmişdir.

21. Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlilini əsassız sayır. Belə ki, cavabdeh iddiaçının tələb etdiyi 3.400 manatdan 1.000 manatının ödənişini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilmədiyini irəli sürsə də, həmin 1.000 manatın ona ümumiyyətlə ödənilmədiyini mübahisə etmir.

22. Şikayətin iddiaçının irəli sürdüyü kimi avadanlığın satıldığı, lakin bunu sübut edəcək heç bir dəlilin olmadığı barədə dəlili də əsaslı deyil. Belə ki, cavabdehin nümayəndəsinin izahatlarından məlum olmuşdur ki, aparat sökülərək, ehtiyat hissələri realizə olunmuşdur. Başqa sözlə, cavabdeh aparat ona geri qaytarılarkən məhz iddiaçının ona ödədiyi məbləğin sonuncuya ödəniləcəyi öhdəliyini götürmüş, avadanlığı satıbsatmamaq, ondan hər hansı qaydada faydalanmaq barədə qərar vermək və bununla bağlı lazımi addımları atmaq imkanı tamamilə onun özünə aid olmuşdur. Bu da onu göstərir ki, mübahisəli avadanlıq tam sərəncamında olan, onu bütöv şəkildə satmaqdan müxtəlif səbəblərdən imtina edərək, ehtiyat hissələrindən istifadə etmək (satmaq, başqa aparatlarda sıradan çıxan hissələri dəyişdirmək) qərarına gələn cavabdehin bu hissələrdən istifadəyə başladığı an onun iddiaçı qarşısında götürdüyü öhdəliyin icra müddətinin başlanğıcı kimi qəbul edilməlidir.

23. Apellyasiya şikayətinin avadanlığın 6 ay istifadə olunduqdan sonra qaytarılması və dəyərinin kəskin şəkildə azalmasına dair dəlili də əsassızdır. Belə ki, cavabdeh iddiaçıdan mübahisəli aparatı geri götürərkən xx.xx.2020-ci il tarixli aktda bu barədə heç bir qeyd etməmiş, onun öhdəliyi qaytarılan andakı vəziyyətdə olan aparatın satılacağı vaxt alıcıya çatacaq dəyərinin, yəni iddiaçının cavabdehə ödədiyi məbləğin qaytarılması ilə bağlı olmuşdur. Cavabdehin aparatı satmaqdan imtina edərək, ehtiyat hissələrindən istifadə etməyə başlaması onun iddiaçı qarşısında götürdüyü öhdəliyə xitam vermir.

24. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2783/2022 nömrəli iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar