Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-936/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2590/2022 saylı 29 avqust 2022-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx/xx/2022 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1759,10 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Baki şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən telefon mağazasında 1 vahidinin qiyməti 1400 manat olan 1 ədəd Sony PS-4 və 1 vahidinin qiyməti 1500 manat olan 1 ədəd İphone XS Max ümumilikdə 2900 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2022-ci il tarixə yaranan 2756,04 manat borcuna görə Baki şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən telefon mağazasında 1 vahidinin qiyməti 1400 manat olan 1 ədəd Sony PS-4 və 1 vahidinin qiyməti 1500 manat olan 1 ədəd İphone XS Max ümumilikdə 2900 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2022-ci il tarixli **********3 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1759,10 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2590/2022 saylı 29 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə izah edilmişdir ki, hazırkı iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi şikayət verərək qərardadının ləğv edilməsini və vergi ödəyicisi X2 dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün həmin şəxsin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2590/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2590/2022 saylı 29 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə tərəflərindən iddiaçı inzibati orqan, cavabdeh isə vergi ödəyicisi fiziki şəxsdir. Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ (hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması) ilə bağlıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.8-ci maddəsinə görə, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, 23.1.15-1-ci maddəsinə əsasən isə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüququdur. (xx.xx.2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 23.1.15-1-ci maddə yeni redaksiyada verilmişdir: 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək); 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər (xx.xx.2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 90.1-ci maddədə “ixtisaslaşdırılmış açıq hərracda” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bu konstitusiya vəzifəsi Konstitusiyanın 7, 12 və 16-cı maddələrinin mənasına görə dövlət və dövlət hakimiyyətinin ictimaihüquqi təbiəti ilə şərtləndirilən xüsusi hüquqi (mülki hüquqi) deyil, məhz ictimai-hüquqi xarakterə malikdir. ... Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin – vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiyanın müddəalarına əsaslanan VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir.” İddiaçı da iddia ərizəsində özünün inzibati orqan (vergi orqanı) səlahiyyətlərinə və Vergi Məcəlləsinin müvafiq müddəalarına istinad etmişdir. Mübahisə iddiaçının inzibati orqan olaraq inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İşdə olan, iddiaçının cavabdehin əmlakının siyahıya alınması haqqında qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. Çünki:
1. inzibati orqan (iddiaçı) tərəfindən qəbul edilmişdir;
2. ümumi (publik) hüquq sahəsinə (vergi qanunvericiliyinə) aid olan müəyyən məsələni (hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə ödənilməsinin təmin olunmasını) həll etmək məqsədilə qəbul edilmişdir;
3. ünvanlandığı hüquqi şəxs (cavabdeh) üçün müəyyən hüquqi nəticələr (sərəncam vermək hüququndan məhrum etmə, əmlakdan istifadənin vergi orqanının nəzarəti ilə həyata keçirmə, israf, dəyişdirmə, gizlətmə hallarında cinayət məsuliyyətinə cəlb edilmə və sair) yaratmışdır;
4. qərar formasında qəbul edilmiş hakimiyyət tədbiridir. Qeyd olunanlardan hasil olan nəticəyə görə, hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 455-VQD nömrəli Qanunu ilə MPM-in 26.1-ci maddəsində “fiziki şəxslər arasında” sözlərindən sonra “, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında” sözləri, 26.2.8-ci maddəsində isə “vergi ödəmələri barədə” sözlərindən sonra “, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə” sözləri əlavə edilmiş, xx.xx.2017-ci il tarixdən etibarən həmin işlərə mülki mühakimə icraatı qaydasında baxılmağa başlanmışdır. Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli 1633-VQD nömrəli Qanunu ilə 26-cı maddə hazırkı redaksiyada verilmiş, bununla da vergi orqanının hesablanmış vergilər üzrə borcların ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə qaldırdığı iddialara mülki mühakimə icraatı qaydasında baxılması tələbi xx.xx.2020-ci il tarixdən ləğv edilmişdir. Vergi Məcəlləsinin 90.2-ci maddəsinin “Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır.” tələbinə gəldikdə isə, həmin norma Vergi Məcəlləsi ilk dəfə xx.xx.2000-ci il tarixli Qanunla təsdiq edilən dövrdə qüvvədə olan MPMin İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat, 24-1-ci fəslinə (l. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) uyğunlaşdırılmış, bununla da öz normativ missiyasını illər əvvəl başa vurmuşdur. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Eyni Konstitusiya Qanununun 10.5-ci maddəsinə görə isə, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. MPM Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydasını müəyyən edən sahə normativ hüquqi aktı olduğundan, məhkəmə aidiyyəti ilə bağlı kolliziya meydana gəldikdə, Vergi Məcəlləsinə münasibətdə MPM tətbiq olunmalıdır. Konstitusiya Qanununun 10.5-ci maddəsində nəzərdə tutulan “yeni normativ hüquqi akt” anlayışı isə eyni zamanda əvvəllər qəbul olunmuş normativ hüquqi akta yeni əlavə və dəyişiklik edilmiş müvafiq hissə və normaları da əhatə edir. Digər tərəfdən, qanunverici MPM-in 1.4-cü maddəsi ilə tələb etmişdir ki, digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində mülki icraat qaydasında baxılması üçün hüquqi əsaslar mövcud deyildir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2590/2022 saylı 29 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2590/2022 saylı 29 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.