Məhkəmə qərarları › İş №2-2(105)-82/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-82/2023

05.05.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-82/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2- 2(119)-339/2020 nömrəli qərardadından Ərizəçi2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilmiş və qanuni qüvvəsini almış qətnamə müvafiq qaydada icraya yönəldilmişdir. Ərizəçi2 05 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin şikayət – "Ərizəçi2 06 iyul 2022-ci ildən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olduğuna görə siyahıya alınan əmlak barədə qəbul edilən qərarların və görülən tədbirlərin onun hüquqlarına toxunması" ilə əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Ərizəçi2 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi2 "xxxx" ASC-nin səhmdarlarından biridir. Necə ola bilər ki, səhmdarı olduğu bir şirkət barəsində qəbul edilmiş qətnamə səhmdarın maraqlarına toxunmasın. Buna görə də hesab edir ki, qəbul edilmiş qətnamə tamamilə əsassız və qanunsuzdur, bu səbəbdən ləğv olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 15.4-cü maddəsinə əsasən, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsində Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi izahatında qeyd etmişdir ki, 13 fevral 2020-ci il tarixli əmlakın siyahıya alınması barədə protokol və əlaqəli sənədlər tərtib edilmişdir və həmin akt X5 təqdim edilmişdir. Halbuki qanunvericiliyin tələblərindən göründüyü kimi, cəmiyyətin mülkiyyətində olan əmlak siyahıya alınması vergi ödəyicisinin və ya onun qanuni təmsilçisinin iştirakı ilə həyata keçirilməlidir. Hazırki iş üzrə isə əmlak siyahıya alınarkən iddiaçının iştirakı təmin olunmamışdır. Ümumiyyətlə əmlakın siyahıya alınması və vergi orqanının vergi borclarının ödənilməsi ilə bağlı görülən tədbirlər barədə bir səhmdar kimi məlumatlandırılmamışdır. Nəticədə iddiaçının qanunla təmin olunan hüquqları kobud surətdə vergi orqanı və məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən digər səhmdarların hüquqlarını nəzərə almamışdır və işə birtərəfli qiymət vermişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-339/2020 xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilmiş və 07 fevral 2020-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 207266,03 (iki yüz yeddi min iki yüz altmış altı manat 03 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "Sumqayıt Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) məxsus siyahıya alınmış cəmi 13729,15 m2 sahəsi olan 15 (on beş) ədəd ofis və binalar (daş) ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada icraya yönəldilmiş və icra olunmuşdur. Qətnamədən Ərizəçi2 05 aprel 2023-cü ildə apellyasiya şikayəti vermişdir. Kollegiya qeyd edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia tələbi üzrə qəbul edilmişdir. Lakin, hal-hazırda apellyasiya şikayəti vermiş Ərizəçi2 isə həmin işdə proses iştirakçısı, yəni tərəf (cavabdeh və s.) olmamış və eləcə də, hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsi üzrə məlum qətnamə qəbul edilərkən, həmin qətnamənin Ərizəçi2 hüquq və vəzifələrinə toxunması müəyyən olunmur. Ərizəçi2 qərardaddan verdiyi şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin səhmdarlarından biridir. Səhmdarı olduğu bir şirkət barəsində qəbul edilmiş qətnamə onun maraqlarına toxunur, qəbul edilmiş qətnamə tamamilə əsassız və qanunsuzdur, bu səbəbdən ləğv olunmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə baxılarkən və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsi qəbul edilən zaman Ərizəçi2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olmamış və qətnamə qəbul edildikdən təxminən iki il sonra, yəni 06 iyul 2022-ci ildə "xxxx" ASC-nin səhmdarı olması isə qətnamənin onun hüquqlarına və mənafelərinə toxunması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər və üçüncü şəxslər, xüsusi icraat işlərində isə ərizəçilər və maraqlı şəxslər (maddə 357.1) və yaxud, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər (maddə 357.2) - apellyasiya şikayəti verə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası qətnamə qəbul edərkən işin araşdırılmasında yalnız X4 izahatının dinlənilməsi və digər səhmdarların hüquq və mənafelərinin məhkəmə tərəfindən nəzərə alınmaması" kimi şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, kommersya işinə baxıldığı dövrdə hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi X6 olmuş, bu səbəbdən də sonuncunun həmin hüquqi şəxsi təmsil etməsi tamamilə qanuni olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "X2 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarında qeyd edir ki, hüquqi müəyyənlik tələbi res judikata prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Ərizəçi2 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar