Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-148/2023 20.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(119)- 339/2020 nömrəli qərardadından Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2- 2(119)339/2020 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilmiş və qanuni qüvvəsini almış həmin Qətnamə müvafiq qaydada icraya yönəldilərək, icra olunmuşdur. 18 oktyabr 2023-cü ildə həmin iş üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)- 339/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2- 2(119)339/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Konstitusiya normalarından irəli gəlməklə onları inkişaf etdirən Mülki Məcəllənin müddəalarında da mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, həmçinin pozulmuş hüquqların bərpa edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi əsas prinsiplər kimi müəyyənləşdirilmişdir. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin, nə də müqavilə tərəfləri və ya üçüncü şəxslərin hüquqları və qanuni mənafələrinə xələl gəlməsin. Azərbaycan RespublikasıKonstitusiyasının 125 və 127-ci maddələrinin məzmununa əsasən məhkəmə təminatının həmçinin məhkəmə baxışının qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun olaraq, o cümlədən, müvafiq məhkəmə icraatının qanunla müəyyən edilmiş hədləri çərçivəsində həyata keçirilməsini tələb edir. Lakin Sumqayıt Kommersiya Məhkəməsi apellyasiya şikayəti üzrə işə baxarkən Mərkəzi Bankın bütün kreditorlara nisbətən üstün qaydada təminat almaq hüququnun olmasını yoxlamadan, əksinə qətnamədə Mərkəzi Bankın hüquq və vəzifələrinə toxunmasının müəyyən olunmamasına əsaslanmaqla apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir ki, bu da Konstitusiyanın hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verən 60-cımaddəsi ilə ziddiyyət təşkil edir. Mərkəzi Bank kommerisya işi üzrə işdə iştirak edilməyə cəlb edilməsə də, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamə Mərkəzi Bankın girov saxlayan kimi hüquq və vəzifələrinə toxunur. Məhkəmə çıxarılmış qətnamənin Mərkəzi Bankın hüquq və vəzifələrinə toxunması hissəsində tam araşdırma aparmadan mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Mərkəzi Bank tərəfindən verilmiş kreditlərin təminatı qismində "xxxx" ASC-nin nominal dəyəri 2 (iki) manat olan 23 891 (iyirmi üç min səkkiz yüz doxsan bir) ədəd sənədsiz adi adlı səhm Mərkəzi Bankın xeyrinə girov qoyulmuşdur. Hazırda "xxxx" ASC-nin vergi borcu müqabilində daşınmaz əmlakının satılması üçün açıq hərraca çıxarılması barədə qəbul edilmiş məhkəmə qətnaməsi Mərkəzi Bankın girov saxlayan kimi hüquqlarını məhdudlaşdırır. LPO "xxxx" ASC-nin yuxarıda qeyd olunan kredit müqavilələrindən irəli gələn öhdəlikləri icra edilmədiyindən "xxxx" ASC-yə məxsus səhmlərin girov saxlayanı kimi Mərkəzi Bankın digər bütün kreditorlara nisbətən üstün qaydada təminat almaq hüququ vardır. Məhkəmə "xxxx" ASC-yə məxsus siyahıya alınmış əmlakın hərrac yolu ilə satılmasına dair işə baxarkən səhmdar cəmiyyətinin səhmlərinə münasibətdə üçüncü şəxslərin girov hüququnun olub-olmamasını və qəbul ediləcək qətnamə ilə onların maraqlarına hansı dərəcədə təsir edib-etməyəcəyinə qiymət verməli idi. Səhmdar cəmiyyətinin mülkiyyətindəki siyahıya alınmış əmlakın məhkəmə qaydasında qiymətləndirmə aparılmadan satışına dair qərar qəbul edilməsi səhmlərin dəyərinə ciddi təsir göstərməklə onların bazar dəyərini əhəmiyyətli dərəcədə azaldır. Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Ərizəçi1 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KBQ15-1678 nömrəli və xx.xx.2016-cı il tarixli, KBS161853 nömrəli kredit müqavilələri üzrə Mərkəzi Bank tərəfindən verilmiş kreditlərin təminatı qismində Ç.R.Əsədullayevə məxsus, "xxxx" ASC-nin nominal dəyəri 2 (iki) manat olan 23 891 (iyirmi üç min səkkiz yüz doxsan bir) ədəd sənədsiz adi adlı səhm (MDMnin xx.xx.2014-cü il tarixli 86577 saylı X1) Mərkəzi Bankın xeyrinə girov qoyulmuşdur. xx.xx.2016-cı il tarixli, GBS16-1853/2 nömrəli sonrakı girov müqaviləsinin 1.2-ci bəndində göstərilmişdir ki, "xxxx" ASC-yə məxsus əmlakın ümumi dəyəri (torpaq sahəsi və qeyri-yaşayış binaları) müstəqil qiymətləndirici tərəfindən ******* (səkkiz milyon) manat məbləğində qiymətləndirilmişdir. Əmlakın Ç.R.Əsədullayevə məxsus səhm paketinə aid hissəsi 7 000 000 (yeddimilyon) manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmənin bu qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. Belə ki, girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Bu səbəbdən də qanunverici ipoteka (girov) saxlayanın ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstün hüququnu müəyyən etmişdir. İşin hallarına diqqət yetirən zaman müəyyən edilir ki, kredit müqaviləsinin təminatı qismində Ç.R.Əsədullayevə məxsus "xxxx" ASC-nin nominal dəyəri 2 (iki) manat olan 23 891 (iyirmi üç min səkkiz yüz doxsan bir) ədəd sənədsiz adi adlı səhmin girov götürməsinin əsasında ASC-yə məxsus əmlakın ümumi dəyərinin (torpaq sahəsi və qeyriyaşayış binaları) müstəqil qiymətləndirici tərəfindən 8 000 000 (səkkiz milyon) manat məbləğində qiymətləndirilməsi olmuşdur(girov müqaviləsinin 1.2-ci bəndində qeyd edilmişdir). Həmin dövrdə qüvvədə olan girov qanunvericiliyində əmlak kompleksinin girovu nəzərdə tutulmadığından, ASC-nin aktivlərinin dəyəri əsas götürülməklə Mərkəzi Bankın xeyrinə ASC-nin səhmləri girovla yüklü edilmişdir. Lakin "xxxx" ASC-yə məxsus əmlakın müstəqil qiymətləndiricinin rəyi əsasında 8000 000 (səkkiz milyon) manat məbləğində qiymətləndirdikləri halda üzərindən 4 ilə yaxın bir müddət keçəndən sonra apellyasiya şikayətində mübahisələndirilən qətnamədə ASC-nin 207266,03 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ASC-yə məxsus Dövlət Vergi Xidməti tərəfindən siyahıya alınmış 13729,15 m2 sahəsi olan 15 (on beş) ədəd ofis və binalar (daş) daşınmaz əmlakların borc həddinə yaxın bir qiymətlə cəmi 220 000 (iki yüz iyirmi min) manat qiymətləndirilməsi reallığı əks etdirmir və qiymətləndirmənin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələbləri pozulmaqla obyektiv qiymətləndirilməsi ciddi şübhə yaradır. Yuxarıda qeyd edilən əmlakların dəyərindən qat-qat aşağı məbləğdə qiymətləndirilərək açıq hərracdan satılması Mərkəzi Bankın xeyrinə girov qoyulmuş səhmlərin real dəyərinin azalmasına səbəb olmuş və girov saxlayan kimi Mərkəzi Bank üçün çox əlverişsiz vəziyyət yaranmışdır. Məlum olduğu kimi, səhmin dəyəri əsas etibarilə səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərindən formalaşır, ona görə də təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105-1.3-cü maddəsinə əsasən səhmin səhmdar cəmiyyəti tərəfindən geri alınmasını fond birjası vasitəsilə keçirildiyi hal istisna olmaqla, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə (yəni, nominal qiymətlə deyil, alışın baş verdiyi vaxtda real qiyməti ilə) həyata keçirilməsini nəzərdə tutur ki, bu da səhmdarların hüquqlarının təmin olunmasına xidmət edən bir normadır. Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsi e-2-2(119)-339/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə qəbul etməklə Mərkəzi Bankın səhmlər üzrə girov saxlayan hüququnun realizə imkanlarıını əhəmiyyətli dərəcədə pisləşdirmişdir. Belə ki, girov əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq kreditorun əmlak mənafeyinin qorunması baxımından mühüm funksiyanı yerinə yetirir və Ç.R.Əsədullayevlə bağlanmış girov müqaviləsi Mərkəzi Bankın tələbinin "xxxx" ASC yetirilməsini təminat altına alaraq kreditorun əşya hüququnu təmin edir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023,e-2-2(119)-339/2020 nömrəli qərardadı ləğv edilməli, Mərkəzi Bankın prosessual hüquqları bərpa edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli e-2-2(119)- 339/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Z.Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadı və qərardadın dəyişdirilmədən saxlanılmasına dair 02 noyabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2- 2(119)339/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmin qətnamədən məlumatlı olmadığını, qətnamənin bankın hüquq və mənafelərinə toxunduğunu bildirmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e2-2(119)-339/2020 nömrəli qətnaməsi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia tələbi üzrə qəbul edilmişdir. Apellyasiya şikayəti vermiş Azərbaycan Respublikası Mərkəzi Bankı isə həmin işdə proses iştirakçısı, yəni tərəf (cavabdeh və s.) olmamışdır. Eləcə də, hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsi üzrə 19 avqust 2020-ci il tarixli e-22(119)-339/2020 nömrəli qətnamə qəbul edilərkən, həmin qətnamənin Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq və vəzifələrinə toxunması müəyyən olunmur. Qətnamənin Azərbaycan Respublikası Mərkəzi Bankının maraqlarına toxunubtoxunmaması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair 24 iyul 2020-ci il tarixli qərarında ifadə olunmuş mövqeyə görə, “Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.” Azərbaycan Respublikası Mərkəzi Bankının şikayətinin dəlillərindən məlum olur ki, Mərkəzi Bank tərəfindən verilmiş kreditlərin təminatı qismində "xxxx" ASC-nin nominal dəyəri 2 (iki) manat olan 23 891 (iyirmi üç min səkkiz yüz doxsan bir) ədəd sənədsiz adi adlı səhm Mərkəzi Bankın xeyrinə girov qoyulmuşdur. Hazırda "xxxx" ASC-nin vergi borcu müqabilində daşınmaz əmlakının satılması üçün açıq hərraca çıxarılması barədə qəbul edilmiş məhkəmə qətnaməsi Mərkəzi Bankın girov saxlayan kimi hüquqlarını məhdudlaşdırır. LPO "xxxx" ASC-nin kredit müqavilələrindən irəli gələn öhdəlikləri icra edilmədiyindən "xxxx" ASC-yə məxsus səhmlərin girov saxlayanı kimi Mərkəzi Bankın digər bütün kreditorlara nisbətən üstün qaydada təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və qərardaddan verilmiş şikayətin dəlilləri nəzərə alınmaqla işdə iştirak edən şəxslər, şikayətçi məhkəmə iclasına çağırılmalı, çəkişmə prinsipinə riayət edilməklə hərtərəfli araşdırma aparılmalı, həmin dəlillərə qiymət verilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamə maraqlarına toxunan şəxs kimi məhkəmə icraatına cəlb edilməsi məsələsi bir daha müzakirə olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək etmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Azərbaycan Respublikası MPM-in 357, 397.2, 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Mərkəzi Bankının şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(119)- 339/2020 nömrəli qərardadı və qərardadın dəyişdirilmədən saxlanılmasına dair 02 noyabr 2023-cü il tarixli e-2-2(119)-339/2020 nömrəli qərardadı ləğv edilsin. e-2-2(119)-339/2020 nömrəli iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-148/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-148/2023
20.11.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver