Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-81/2023 08.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 aylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti vermək hüququ olmayan şəxs, apellyasiya şikayətinin geri qaytarılması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və X4 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinə qarşı "siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)-167/2020 nömrəli qərardadından işdə iştirak etməyən X3 tərəfindən verilmiş şikayətə 08 may 2023cü il tarixdə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Sumqayıt Kommersiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli e-2-2(119)- 167/2020 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilmiş və qanuni qüvvəsini almış həmin Qətnamə müvafiq qaydada icraya yönəldilmişdir.
2. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 30 mart 2023-cü ildə həmin iş üzrə işdə iştirak etməyən (proses iştirakçısı və yaxud, tərəf olmayan) X3 tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli e-2-2(119)-167/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş və həmin şikayət – "X3 06 iyul 2022-ci ildən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olduğuna görə siyahıya alınan əmlak barədə qəbul edilən qərarların və görülən tədbirlərin onun hüquqlarına toxunması" ilə əsaslandırılmışdır.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)- 167/2020 nömrəli qərardadı ilə həmin apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır.
4. İşdə iştirak etməyən X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)-167/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün aidiyyatı üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
5. Sumqayıt Kommersiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli e-2-2(119)- 167/2020 nömrəli qərardadı ilə işdə iştirak etməyən X2 Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(119)-167/2020 nömrəli qərardadından şikayəti təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini hal-hazırda apellyasiya şikayəti vermiş X2 işdə proses iştirakçısı, yəni tərəf (cavabdeh və s.) olmaması və eyni zamanda, hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia ərizəsi üzrə məlum qətnamə qəbul edilərkən, həmin qətnamənin X2 hüquq və vəzifələrinə toxunmasının müəyyən olunmaması ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Nəticədə, qətnamə qəbul edilərkən məhkəmə yalnış qənaətə gəlmişdir. Belə ki, sözügedən qətnamənin hüquqi nəticələri onun maraqlarına toxunmaqla hüquqlarını məhdudlaşdırır. X1 "xxxx" ASC-nin səhmdarlarından biridir. Necə ola bilər ki, səhmdarı olduğu bir şirkət barəsində qəbul edilmiş qətnamə səhmdarın maraqlarına toxunmasın. Buna görə də hesab edir ki, qəbul edilmiş qətnamə tamamilə əsassız və qanunsuzdur, bu səbəbdən də ləğv olunmalıdır. Birinci instansiya məhkəməsində Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi izahatında qeyd etmişdir ki, “Vergi ödəyicisinin siyahıya alınmış əmlkaın məsul saxlanmaya verilməsi haqqında” akt tərtib edilmişdir və həmin akt X9 təqdim edilmişdir. Halbuki qanunvericiliyin tələblərindən göründüyü kimi, cəmiyyətin mülkiyyətində olan əmlak siyahıya alınması vergi ödəyicisinin və ya onun qanuni təmsilçisinin iştirakı ilə həyata keçirilməlidir. Hazırkı iş üzrə isə əmlak siyahıya alınarkən iddiaçının iştirakı təmin olunmamışdır. Ümumiyyətlə əmlakın siyahıya alınması və vergi orqanının vergi borclarının ödənilməsi ilə bağlı görülən tədbirlər barədə bir səhmdar kimi məlumatlandırılmamışdır. Nəticədə iddiaçının qanunla təmin olunan hüquqları kobud surətdə vergi orqanı və məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən digər səhmdarların hüquqlarını nəzərə almamışdır və işə birtərəfli qiymət vermişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq səhmdarın hüququdur. Baxmayaraq ki, cəmiyyətin maliyyə vəziyyəti ilə bağlı məlumatlandırılmaq iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş hüququdur, lakin onun həmin hüququ da məhdudlaşdırılmışdır. Belə ki, cəmiyyətin maliyyə vəziyyəti ilə bağlı məlumatlandırılmamış və nəticədə səhmdar kimi mülki hüquqları pozulmuşdur. Cəmiyyət səhmdarların (təsisçilərin) ona verdiyi əmlakın, təsərrüfat fəaliyyəti nəticəsində istehsal olunmuş məhsulun, qazanılmış gəlirin, həmçinin qanunvericilikdə yol verilən əsaslarla əldə edilmiş əmlakın sahibidir. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin hüquqi nəticələri birbaşa onun hüquqlarına toxunur. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə araşdırması aparılarkən qətnamənin hüquqi nəticələri onun hüquqlarına toxunduğu uçün həmin iş üzrə üçüncü şəxs qismində məhkəmənin təşəbbüsü ilə cəlb edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində cəlb edilməmiş və nəticədə məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Hazırkı iş üzrə məhkəmə hərtərəfli araşdırma aparmadığı üçün nəticədə o, üçüncü şəxs qismində cəlb olunmamış və öz hüquqlarını müdafiə edə bilməmişdir. Belə olan halda, dinlənilmə hüququ ilə yanaşı məhkəmə tərəfindən çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən qətnamə qəbul edilərkən hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Digər səhmdarların qanunla qorunan və təmin olunan mülki hüquqları nəzərə alınmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-ci il tarixli , e-2-2(119)-167/2020 nömrəli qərardadının ləğv edilərək tərəfindən verilmiş apellyasiya şikayətinin aidiyyatı üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 46. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Maddə 357. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər və üçüncü şəxslər, xüsusi icraat işlərində isə ərizəçilər və maraqlı şəxslər və yaxud, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər apellyasiya şikayəti verə bilərlər. Maddə 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
11. Apellyasiya baxışının hədləri
Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-ci il tarixli , e-2-2(119)-167/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-ci il tarixli , e- 2-2(119)-167/2020 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-ci il tarixli , e-2-2(119)-167/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, kommersiya işinin materialları nəzərdən keçirilərkən müəyyən edilir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli e-2-2(119)-167/2020 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilmiş və 18 iyul 2019-cu il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 73595,70 (yetmiş üç min beş yüz doxsan beş manat 70 qəpik) manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) məxsus siyahıya alınmış bir ədəd “Membran Pres”in (Almaniya istehsalı) ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli e-2-2(119)-167/2020 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 noyabr 2020- ci il tarixli 2-2(105)-112/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli e-2-2(119)- 167/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli e-2-2(119)-167/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada icraya yönəldilmişdir.
14. Hazırda apellyasiya şikayəti vermiş X3 şikayətini 06 iyul 2022-ci ildən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olduğunu bildirərək siyahıya alınan əmlak barədə qəbul edilən qərarların və görülən tədbirlərin onun hüquqlarına toxunması ilə əsaslandırılmışdır.
15. Məhkəmə kollegiyası, qeyd edir ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın yuxarıda qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
16. Kollegiya özünü işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs hesab edən X3 tərəfindən verilmiş apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə istinadla, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə qaytaran birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
17. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə baxılarkən və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli e-2-2(119)-167/2020 nömrəli qətnaməsi qəbul edilən zaman X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli e- 2-2(119)-167/2020 nömrəli qətnaməsi qəbul edildikdən təxminən iki il sonra, yəni 06 iyul 2022-ci ildə X2 cavabdeh "xxxx" ASC-nin səhmdarı olması isə həmin qətnamənin onun hüquqlarına və mənafelərinə toxunması kimi qiymətləndirilə bilməz.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sonradan yaranmış hər hansı vəziyyət və şəraitlə əlaqədar qətnamənin işdə iştirak etməyən digər bir şəxsin ehtimal edilən “hüquq və vəzifələrinə toxunması” - həmin şəxsə məlum Qətnamədən apellyasiya şikayəti vermək və qətnaməni mübahisələndirmək hüququ vermir.
19. İşdə iştirak etməyən X2 hazırkı şikayətini əsaslandırdığı "qətnamə qəbul edərkən işin araşdırılmasında yalnız X7 izahatının dinlənilməsi və digər səhmdarların hüquq və mənafeləri məhkəmə tərəfindən nəzərə alınmaması" kimi dəlillərlə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, məlum qətnamənin çıxarılması ilə nəticələnmiş kommersya işinə baxıldığı dövrdə hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi X10 olmuş və bu səbəbdən də sonuncunun həmin hüquqi şəxsi təmsil etməsi tamamilə qanuni olmuşdur (məlum qətnamədən apellyasiya şikayətini də cavabdeh "xxxx" ASC-nin adından qanuni təmsilçisi X10 imzalayaraq, məhkəməyə təqdim etmişdir).
20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.
21. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2023-ci il tarixli , e-2-2(119)-167/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.