Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-194/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-130/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-130/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 1360 manat 74 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 15000 manat olan “T-170” markalı, Az s/t 450 qeydiyyat nişanlı traktor-buldozerin açıq hərracda satılması, 33 manat 60 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-130/2022 saylı qətnaməsini ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1360 manat 74 qəpik (o cümlədən əsas borcu 1084 manat 58 qəpik, faiz borcu 236 manat 16 qəpik və maliyyə sanksiyası 40 manat) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində (1 ədəd 15000 manat dəyərində 1998-ci il buraxılışı sarı rəngli “T-170” markalı AZ s/t 450 qeydiyyat nişanlı traktor-buldozer) siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 1493 manat 85 qəpik borcuna görə 15000 manat məbləğində (1 ədəd 15000 manat dəyərində 1998-ci il buraxılışı, sarı rəngli “T-170” markalı AZ s/t 450 qeydiyyat nişanlı traktor-buldozer) əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********5 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1360 manat 74 qəpik (o cümlədən əsas borcu 1084 manat 58 qəpik, faiz borcu 236 manat 16 qəpik və maliyyə sanksiyası 40 manat) manat ödənilməmiş borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, o, 2020-ci ildə vergilər idarəsinə bəyannamə verən zaman 150000 manatlıq mal qalığının olması haqqında bəyannamə vermişdir. 2020-ci ildə olan mal qalığından bir halda 30000.00 (otuz min manat) manat dəyərində kipləşmə materialı satmışdır. Məlumdur ki, kipləşmə materialı istehsal olunur, sonra satılır. O, da həmin məhsulu istehsal etmiş və satmışdır. 2020-ci ilə qədər sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. 2020-ci ildə də sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərmiş və sadələşdirilmiş vergi bəyannamələrini tərtib edib vergi orqanına təqdim etmişdir. 2020-ci ildə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə zidd olaraq ona gəlir vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının və Vergi Məcəlləsinin müvafiq maddələri pozularaq məni əsassız olaraq gəlir vergisinə cəlb etmişlər. Gəncə Kommersiya Məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadan, ona əsassız vergi hesablanmasını əsas gətirərək iştirakı olmadan işə baxmış və yuxarıda qeyd olunan qərarı vermişdir. Məhkəmə verdiyi qərarın bir nüsxəsinin ona verilməsini də məqsədə müvafiq hesab etməmiş, məlumatım olanda qərarın surətinin verilməsini tələb etmişdir. Məlumdur ki, məhkəmə qərarı qərarın surətinin alındığı müddətdən 30 gün keçdikdən sonra qüvvəyə minir. Ancaq məhkəmə qərarından uzun müddət keçməsinə baxmayaraq qərarın surəti ona verilməmişdir. Onun 2020-ci ildən əvvəlki dövrdə istehsal etdiyi kipləşmə materiallarının qalıqda olması barədə Vergi orqanına təqdim etdiyi hesabatlarda göstərilmişdir. O, da 2020-ci ildə həmin materialın bir hissəsini satmışdır. 2023-cü ilin may ayında vergi orqanı tərəfindən qalan mala baxış keçirildi və təsdiq olundu ki, istehsal olunmuş malların bəyannamədə göstərilən qalığı anbarda saxlanılır. Ona görə də, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Əmlakının siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli, **********5 saylı protokoldan və “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi barədə” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisi olan Cavabdeh məxsus 15000 manat dəyərində “T-170” markalı AZ s/t 450 qeydiyyat nişanlı traktor-buldozer Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi müfəttişi tərəfindən siyahıya alınmaqla borclunun özünə, yəni Cavabdeh məsul saxlancına verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə siyahıya alınmış əmlakların satılması üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir İş materiallarında olan Vergi ödəyicisi olan Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1360 manat 74 qəpik borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri, bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair), hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər, istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər, inventarizasiya aparılmaqla digər əmlak. Həmin Məcəllənin 89.14-cı maddəsinə əsasən siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. Malların obyektdən götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir:protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, protokolun tərtib edildiyi tarix və yer, malları götürülən şəxs barədə məlumat, protokolun tərtibində iştirak edən müşahidəçilər barədə məlumat, götürülən malların siyahısı və miqdarı barədə məlumat. Malların götürülməsi haqqında protokol vergi orqanının vəzifəli şəxsləri, habelə vergi ödəyicisi (və ya onun nümayəndəsi), obyektin məsul şəxsi və müşahidəçilər tərəfindən imzalanır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə həmin protokolda bu barədə müvafiq qeyd aparılır. Götürülən mallar inzibati xəta haqqında işə baxılanadək, vergi orqanının müəyyən etdiyi yerdə digər vergi ödəyicisinə və ya vəzifəli şəxsə məsul saxlamaya qoyulmaq üçün təhvil verilir. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. İddia tələbini təmin etmiş birinci istansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə ödənilməmiş 1360 manat 74 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus 15000 manat məbləğində “T-170” markalı, Az s/t 450 qeydiyyat nişanlı traktor-buldozer ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Birinci istansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi cavabdehin dövlət büdcəsinə borcu 1360 manat 74 qəpik (o cümlədən əsas borcu 1084 manat 58 qəpik, faiz borcu 236 manat 16 qəpik və maliyyə sanksiyası 40 manat) manat ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən də iddia hazırkı tələblə məhkəmə meraciət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, 2020-ci ilədək o, sadələşdirilmiş vergi ödəyicisisi olduğu halda vergi orqanı düzgün olmayaraq ona vergi hesablamışdır. Ona görə də hesab edir ki, onun vergi borcu yoxdur, məhkəmə isə iddianı təmin etməkdə haqlı olmamışdır. Şikayətin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, yaranmış vergi borcu ilə bağlı cavabdehə məlumat verilmiş olsa da, iş materiallarından cavabdehin həmin borcu mübahisələndirdiyi görünmür. Ona görə də kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsaslı saymır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi mahiyyəti üzrə düzgün olduğuna, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğuna görə həmin şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-130/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-194/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-194/2023
16.08.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver