Məhkəmə qərarları › İş №2-2(103)-936/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-936/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-936/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, işgüzar adətlər, öhdəliyin icra olunmaması, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 17 avqust 2023-cü il tarixdə xx/xx/2023 nömrəli müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə satıcı sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları və akkumulyatorları (mallar) alıcıya satmağı, alıcı isə malları satıcıdan qəbul edib müqabilində satıcıya sifariş ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 3.2-ci bəndinə əsasən, ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 60 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesabına və ya nağd qaydada satıcıya ödənilir.

3. Müqavilənin 5.2-ci bəndinə görə, mallar təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar.

4. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli MT2408 10388050 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 34,692 manat), xx.xx.2024-cü il tarixli MT2408 10596056 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 1085,6 manat), xx.xx.2024-cü il tarixli MT2408 11535211 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 1328,68 manat), xx.xx.2024-cü il tarixli MT2408 11621515 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 17,936 manat), xx.xx.2024-cü il tarixli MT2408 11857462 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 991,2 manat), xx.xx.2024-cü il tarixli MT2408 11968206 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 322,494 manat), xx.xx.2024-cü il tarixli MT2409 10945967 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 800,04 manat), xx.xx.2024-cü il tarixli MT2409 11933427 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 8221,65 manat), xx.xx.2024-cü il tarixli MT2410 10534209 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 3169,48 manat), xx.xx.2024-cü il tarixli MT2410 10795644 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 1924,58 manat) və xx.xx.2024-cü il tarixli MT2410 11649991 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 5567,24 manat), cəmi ƏDV daxil olmaqla 23 463,59 manat dəyərində malın verilməsi üçün təqdim edilmiş, həmin 11 ədəd elektron qaimədən xx.xx.2024-cü il tarixli MT2408 10388050, xx.xx.2024-cü il tarixli MT2408 10596056 və xx.xx.2024-cü il tarixli MT2409 10945967 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən, digərləri isə Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir.

5. mailto:Ramin.gurbanov@roadtrans.netElektron ünvan 3 email ünvanından mailto:Mirvari@nazim1001.comElektron ünvan 2 email ünvanına ünvanlanan 15 dekabr 2023-cü il tarixli elektron məktub vasitəsi ilə alıcı müxtəlif məhsulları sifariş vermiş, mailto:mirvari@nazim1001.comElektron ünvan 2 email ünvanından mailto:ramin.gurbanov@roadtrans.netElektron ünvan 3 email ünvanına 18 dekabr 2023-cü il tarixində göndərilən elektron məktuba görə isə, alıcı tərəfindən 2 ədəd “Balwin B76” markalı, 1 ədəd “SP 940 HT” markalı, 1 ədəd “AS 1511” markalı, 4 ədəd “SP 424” markalı məhsulların təqdim edildiyi bildirilmiş, bununla bağlı 16 dekabr 2023-cü il tarixində o117-5533 nömrəli 2884,73 manat məbəğində, o117-5544 nömrəli 3008,43 manat məbləğində, o117-5522 nömrəli 2716,63 manat məbləğində, o117-5551 nömrəli 2683,83 manat məbləğində, o117-5555 nömrəli 3292,03 manat məbləğində hesab fakturalar və 18 dekabr 2023-cü il traixində hesab-faktura tərtib edilmiş, həmçinin 18 dekabr 2023-cü il tarixində EBDV seriyalı 336594 nömrəli 1846,26 manat məbləğində elektron qaimə də satıcı tərəfindən alıcıya göndərilmişdir.

6. mailto:Mirvari@nazim1001.comElektron ünvan 2 email ünvanından mailto:ramin.gurbanov@roadtrans.netElektron ünvan 3 email ünvanına 30 mart 2024-cü il tarixində göndərilən elektron məktuba əsasən, İddiaçı MMC-nin korporativ satış üzrə meneceri Cavabdeh MMC-yə malların 02 may 2024-cü il tarixində təqdim edilməsi barədə öhdəlik götürmüşdür.

7. 02 may 2024-cü il tarixli təhvil-təslim aktına əsasən, “BOTO 235/75R17.5 BT957 arxa” adlı 2832 manat məbləğində mal satıcı tərəfindən alıcıya təqdim edilmiş, həmin tarixdə bununla bağlı satış fakturası və hesab fakturası tərtib olunmuş, eyni zamanda 01 may 2024-cü il tarixində MT2405 seriyalı ******* nömrəli 2832 manat məbləğində elektron qaimə alıcı tərəfindən satıcıya təqdim olunmuşdur.

8. İş materiallarına, tərəflər arasında 17 avqust 2023-cü il tarixdə xx/xx/2023 nömrəli müqavilə bağlanmamışdan öncəki dövrə təsadüf edən elektron məktublar, hesab və satış fakturları da əlavə edilmişdir (Cild İ, səhifə 69 - 93).

9. 10 yanvar 2025-ci il tarixli aşağıdakı ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə köçürmələr etmişdir:

- 01 may 2024-cü il tarixli MT 2405 elektron qaimə faktura əsasında 432 manat məbləğində; - 15 iyul 2024-cü il tarixli MT 2407 elektron qaimə faktura əsasında 215,28 manat məbləğində; - 17 iyul 2024-cü il tarixli MT 2407 seriyalı elektron qaimə faktura əsasında 67,5 manat məbləğində; - 30 iyul 2024-cü il tarixli MT 2407 elektron qaimə faktura əsasında 163,08 manat məbləğində; - 06 avqust 2024-cü il tarixli MT 2408 elektron qaimə faktura əsasında 359,68 manat məbləğində.

10. "xxxx" QSC tərəfindən təqdim edilən çıxarışa görə, Cavabdeh MMC tərəfindən 10 yanvar 2025-ci il tarixində aşağıdakı ödənişlər həyata keçirilmişdir:

- 01 may 2024-cü il tarixli MT 2405 elektron qaimə faktura əsasında 2400 manat məbləğində; - 15 iyul 2024-cü il tarixli MT 2407 elektron qaimə faktura əsasında 1196 manat məbləğində; - 17 iyul 2024-cü il tarixli MT 2407 seriyalı elektron qaimə faktura əsasında 375 manat məbləğində; - 30 iyul 2024-cü il tarixli MT 2407 elektron qaimə faktura əsasında 906 manat məbləğində; - 06 avqust 2024-cü il tarixli MT 2408 elektron qaimə faktura əsasında 1998,20 manat məbləğində.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 17 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 23 463,59 manat məbləğində pul vəsaitinin və ödənilmiş 161 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında mühərrik, sənaye, sürtkü yağları, akkumulyatorların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli xx/xx/2023 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə xx.xx.2024-cü il tarixdən sonra ümumi dəyəri ƏDV daxil 23 463,59 manat olan mal nisyə satılmışdır. Həmin malların satılmasına dair 11 ədəd olan elektron-qaimə (xx.xx.2024-cü il tarixli MT2408 10388050 seriya və nömrəli – 34,692 manat, xx.xx.2024-cü il tarixli MT2408 10596056 seriya və nömrəli – 1085,6 manat, xx.xx.2024-cü il tarixli MT2408 11535211 seriya və nömrəli – 1328,68 manat, xx.xx.2024-cü il tarixli MT2408 11621515 seriya və nömrəli – 17,936 manat, xx.xx.2024-cü il tarixli MT2408 11857462 seriya və nömrəli – 991,2 manat, xx.xx.2024-cü il tarixli MT2408 11968206 seriya və nömrəli – 322,494 manat, xx.xx.2024-cü il tarixli MT2409 10945967 seriya və nömrəli – 800,4 manat, xx.xx.2024-cü il tarixli MT2409 11933427 seriya və nömrəli – 8221,65 manat, xx.xx.2024-cü il tarixli MT2410 10534209 seriya və nömrəli – 3169,48 manat, xx.xx.2024- cü il tarixli MT2410 10795644 seriya və nömrəli – 1924,58 manat və xx.xx.2024-cü il tarixli MT2410 11649991 seriya və nömrəli – 5567,24 manat) cavabdehə təqdim edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə təqdim edilən qaimələr üzrə alınan malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir ki, cavabdehin borcu hazırda ƏDV daxil 23 463,59 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır.

13. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya qarşı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh uzun müddət əməkdaşlıq etmiş və hər zaman göndərilən malların dəyəri ödənilmişdir. Bundan başqa, tərəflər arasında formalaşmış işgüzar münasibətə əsasən, hər hansı malların alqı-satqısına dair qaimə göndərilməzdən öncə elektron poçt (e-mail) üzərindən razılaşdırılma aparılır, bundan sonra müvafiq qaimə göndərilir və mallar alınan zaman təhvil-təslim aktı tərtib edilir. Qaimənin göndərilməsi həmin malların cavabdeh tərəfindən qəbul edilməsinin göstəricisi deyildir.

14. Məhkəmə iclaslarında iştirak iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddiaya etiraz edərək elektron qaimələrin malların verilməsini təsdiq etmədiyini, tərəflər arasında formalaşmış işgüzar münasibətin malların elektron poçt vasitəsilə dəqiqləşdirilməsi, təhvil-təslim aktı ilə təhvil verilməsi şəklində olduğunu, bu cür sübutların təqdim olunmadığını bildirmişdir.

15. Birinci instansiya məhkəməsinin 29 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

16. Məhkəmə gəldiyi qənaəti aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

16.1. İddiaçı 17 avqust 2023-cü il tarixli xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 11 elektron qaimə əsasında verilmiş malların dəyərinin – ƏDV daxil olmaqla 23 463,59 manat məbləğində pulun tutulmasını tələb edir. 16.2. Cavabdeh iddiaya etiraz edərək elektron qaimələrin malların verilməsini təsdiq etmədiyini, tərəflər arasında işgüzar münasibətin malların elektron poçt vasitəsilə sifariş verilməsi, təhvil-təslim aktı əsasında təhvil alınması şəklində olduğunu bildirir və hazırda həmin sübutlar təqdim edilmədiyindən iddianın rədd edilməsini tələb edir. 16.3. Cavabdehin etirazının dəlillərinə münasibətdə aşağıdakılar qeyd edilməlidir. Əvvəla, cavabdeh tərəfindən formalaşmış işgüzar münasibətin təsdiqi kimi təqdim edilən sənədlərdən bir hissəsi 17 avqust 2023-cü il tarixli xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəlki tarixə aiddir. Həmin tarixdən sonra isə iddiaçı tərəfindən yalnız 2 ədəd – 02 may 2024-cü il və 22 may 2024-cü il tarixli təhvil-təslim aktı təqdim edilmişdir ki, bu da tərəflər arasında malların təhvil-təslim aktı tərtib edilməklə verildiyinə dair hər hansı işgüzar münasibəti təsdiq etmir. 16.4. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə iddianın faktiki əsası kimi təqdim edilən 11 ədəd elektron qaimədən 8-i sistem tərəfindən deyil, məhz cavabdeh tərəfindən təsdiq edilmişdir. Bu isə cavabdehin etirazının əksinə, elektron sisteminə aktiv nəzarət etdiyi, tərəflər arasında işgüzar münasibətin məhz elektron qaimə əsasında formalaşdığı, elektron qaimələrin təhvil-qəbul aktı kimi çıxış etdiyinin göstəricisidir. Eyni zamanda elektron qaimələrə nəzər saldıqda da təqdim edilən mallar barədə təfərrüatı ilə məlumatın qeyd olunduğu, 17 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə istinad edildiyi görünür. Elektron qaimələri qəbul edən cavabdehin iddiaçıya hər hansı etiraz bildirməməsi isə adıçəkilən elektron qaimələri təsdiq edən cavabdehin onlara təhvilqəbul aktı kimi yanaşdığını deməyə əsas verir. 16.5. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının dəyərini tələb etdiyi elektron qaimələrdən sonuncunun təqdim olunduğu 11 oktyabr 2024-cü il tarixdən sonra cavabdeh tərəfindən 10 yanvar 2025-ci il tarixdə ödənişlər edilmiş, bu ödənişlər məhz elektron qaimələrə istinadən edilmişdir. Bu isə cavabdehin elektron qaimələrə təhvilqəbul aktı kimi yanaşmasına dair gəlinən nəticəni bir daha təsdiqləyir. 16.6. Qeyd edilməlidir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Bu mənada elektron vergi hesabatları təqdim edən, mühasibat uçotu aparan cavabdehin ötən müddət ərzində təsdiq edilmiş elektron qaimələrə münasibətdə hər hansı əməliyyat aparmaması da sonuncunun etirazının əsassızlığını göstərir. 16.7. Beləliklə məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 442-ci, 448.1-ci, 467-ci 567.1-ci, 597.1-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.

18. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin faktiki hallarını aydınlaşdırmadığını, tərəflər arasında formalaşmış işgüzar münasibətə düzgün qiymət verməməklə əsassız nəticəyə gəldiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

20. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndələri (vəkili) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

22. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

23. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

28. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

32. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

33. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

35. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

36. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

43. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

44. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.

45. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

46. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

47. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Apellyasiya baxışının həddi

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının mövqeyi

50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

51. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı il bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

52. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

53. İddiaçı, satdığı malları cavabdehə təhvil verdiyini, təqdim olunan qaimələrin və satış fakturalarının bu halı təsdiq etdiyini bildirmişdir (§ 12).

54. Cavabdeh buna etiraz edərək bildirir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə görə malların alqı-satqısına dair qaimə göndərilməzdən öncə elektron poçt (e-mail) üzərindən razılaşdırılma aparılmalı, bundan sonra müvafiq qaimə göndərilməli və mallar alınan zaman təhvil-təslim aktı tərtib olunmalıdır (§ 13).

55. Bu kontekstdə kollegiya, tərəflər arasında bağlanmış müqavilənin və onların formalaşdırdıqları işgüzar münasibətərin rolunu izah etməyi zəruri hesab edir.

56. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).

57. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə, tərəflərin münasibətlərinə qiymət verərkən, o cümlədən malların verilməsi məsələsini araşdırarkən məhkəmələr, müqavilənin şərtinə və işgüzar adətlərə ayrı-ayrılıqda deyil, birgə qiymət verməlidirlər.

58. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir (Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarı).

59. Müqavilə iştirakçıları arasında işgüzar adətlər isə (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

60. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 27, 28).

61. Ali Məhkəmənin bir sıra qərarlarında sərgilənən mövqeyə görə də, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə4 qiymət verilməsi zəruridir.

62. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

63. Hazırkı mübahisənin tərəfləri müqavilədə malların təhvil verilməsi ilə bağlı konkret prosedur müəyyən etmişlər; belə ki, mallar təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar (§ 3).

64. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasında azad şəkildə razılaşdırılmış müqavilənin və onun şərtlərinin icrası həmçinin “tərəflərin muxtariyyəti” prinsipi baxımından da önəmlidir. Belə ki, mülki qanunvericilikdə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır.

65. Belə olan halda tərəflər arasında təşəkkül tapan işgüzar adət həmin şərtə tamamlayıcı ünsürdür və tərəflərin həqiqi niyyətinin göstəricisidir.

1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17

66. İddiaçı tərəfindən iddianın faktiki əsası kimi təqdim edilən 11 ədəd elektron qaimə üzrə elektron poçt (e-mail) üzərindən yazışma aparıldığı və təhvil-təslim aktı adlandırılan sənəd tərtib olunduğu müəyyən edilməsə də, işin materiallarından görünür ki, cavabdehin əməkdaşları malları təhvil aldıqlarını “satış fakturası” adlandırılan sənədləri imzalamaqla təsdiq etmişlər.

67. Apellyasiya baxışı zamanı cavabdehin əməkdaşları tərəfindən imzalanmış sözügedən “satış fakturaları”nın müvafiq elektron qaimələrlə (11 ədəd) müqayisəli tədqiqi həyata keçirilmiş, onların məhz həmin qaimələrə aid olduğu müəyyən edilmişdir.

68. Cavabdeh, tərəflər arasında işgüzar münasibətlərin “malların alqı-satqısına dair qaimə göndərilməzdən öncə elektron poçt (e-mail) üzərindən razılaşdırılma aparıldığı, bundan sonra qaimə göndərildiyi və mallar alınan zaman təhvil-təslim aktı tərtib olunduğu” kimi formalaşdığını irəli sürsə də, işdə olan sübutların məcmusu bu qənaətə gəlməyə kifayət etmir.

69. Belə ki, sözügedən arqumentini sübuta yetirmək üçün cavabdehin təqdim etdiyi sənədlərdən bir hissəsi 17 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəlki tarixə aiddir; həmin tarixdən sonra isə yalnız 2 ədəd – 02 may 2024-cü il və 22 may 2024-cü il tarixli təhvil-təslim aktı təqdim edilmişdir ki, bu da tərəflər arasında malların mütləq olaraq təhviltəslim aktı tərtib edilməklə verildiyinə dair hər hansı işgüzar münasibəti təsdiq etmir.

70. Digər tərəfdən, birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, iddiaçı tərəfindən məhkəməyə iddianın faktiki əsası kimi təqdim edilən 11 ədəd elektron qaimədən 8-i sistem tərəfindən deyil, məhz cavabdeh tərəfindən təsdiq edilmişdir. Bu isə cavabdehin elektron sisteminə aktiv nəzarət etdiyi, tərəflər arasında işgüzar münasibətin məhz elektron qaimə əsasında formalaşdığı, elektron qaimələrin təhvil-qəbul aktı kimi çıxış etdiyinin göstəricisidir. Eyni zamanda elektron qaimələrə nəzər saldıqda da təqdim edilən mallar barədə təfərrüatı ilə məlumatın qeyd olunduğu, 17 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə istinad edildiyi görünür. Elektron qaimələri qəbul edən cavabdehin iddiaçıya hər hansı etiraz bildirməməsi isə adıçəkilən elektron qaimələri təsdiq edən cavabdehin onlara təhvil-qəbul aktı kimi yanaşdığını deməyə əsas verir.

71. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının dəyərini tələb etdiyi elektron qaimələrdən sonuncunun təqdim olunduğu 11 oktyabr 2024-cü il tarixdən sonra cavabdeh tərəfindən 10 yanvar 2025-ci il tarixdə ödənişlər həyata keçirilmiş, bu ödənişlər məhz elektron qaimələrə istinadən edilmişdir. Bu isə cavabdehin elektron qaimələrə və “satış fakturaları”na təhvilqəbul aktı kimi yanaşmasına dair gəlinən nəticəni bir daha təsdiqləyir.

72. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

73. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3496/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29 iyul 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar