Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-937/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh1 və "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə iddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin (bundan sonra - iddiaçılar) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə (bundan sonra - cavabdehlər) qarşı yaradılmış maneələrin aradan qaldırılması və sair tələblər barədə, cavabdehlərin iddiaçılara qarşı müqavilələrə xitam verilməsi və sair tələblərə dair iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-296/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qərardadından iddiaçılar və cavabdehlər tərəfindən verilmiş şikayətlərə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Megafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 441,9 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsi (“Famous Brands” mağazası) ilə bağlı İddiaçı1 icarə hüququna Cavabdeh1 və cavabdeh "xxxx" MMC tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması vəzifəsinin həmin cavabdehlərin üzərinə qoyulması, reklamların yayımlanmasına maneə yaradılmasının qadağan olunması, cavabdehlərin hərəkətləri nəticəsində 01.05.2021-ci il tarixə İddiaçı1 dəymiş 16.344 manat, 01.05.2021-ci il tarixdən başlayaraq hər ay üzrə 812,46 manat real zərərin, 01.05.2021-ci il tarixə 37.830,74 manat, 01.05.2021-ci il tarixdən başlayaraq hər ay üzrə 4.775 manat əldən çıxmış fayda və 5.000 manat mənəvi ziyanın, o cümlədən 2.360 manat audit rəyinə görə ödənilmiş məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsi, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Megafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 843,1 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsi (“Famous Brands” mağazası) ilə bağlı "xxxx" MMC-nin istifadə hüququna Cavabdeh2 və "xxxx" MMC tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması vəzifəsinin həmin cavabdehlərin üzərinə qoyulması, reklamların yayımlanmasına maneə yaradılmasının Cavabdeh2 və"xxxx" MMC-yə qadağan olunması, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı "xxxx" MMC-yə 01.05.2021-ci il tarixə dəymiş 51.979,20 manat, 01.05.2021-ci il tarixdən başlayaraq hər ay üzrə 3.160 manat real zərərin, 01.05.2021-ci il tarixinə 79.828,82 manat, 01.05.2021-ci il tarixdən başlayaraq hər ay üzrə 3.160 manat əldən çıxmış fayda və 5.000 manat işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş ziyanın, o cümlədən 2.360 manat audit rəyinə görə ödənilmiş məbləğin cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər də iddiaçılara qarşı məhkəməyə iddia ərizəsi təqdim edərək, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 15.08.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, 5.596,28 manat icarə haqqının, 5.000 manat mənəvi zərərin, 50.000 manat əldən çıxmış faydanın, cəmi 60.596,28 manat pul vəsaitinin İddiaçı1 tutularaq Cavabdeh1 ödənilməsi və iddiaçının Bakı şəhəri Nobel prospekti 15 ünvanda yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 441,9 kv.m. qeyri-yaşayış sahəsinin öz hesabına boşaldaraq çıxarılması, Cavabdeh2 ilə ‘‘FB Company” MMC arasında bağlanmış 10.08.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, 8.661,8 manat icarə haqqının, 5.000 manat mənəvi zərərin, 50.000 manat əldən çıxmış faydanın, cəmi 63.661,8 manat pul vəsaitinin iddiaçı "xxxx" MMC-dən tutularaq Cavabdeh2 ödənilməsi və iddiaçının Bakı şəhəri Nobel prospekti 15 ünvanda yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 843,1 kv.m. qeyri-yaşayış sahəsini öz hesabına boşaldaraq çıxarılması, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış 10.08.2019-cu il tarixli xidmət müqavilələrinə xitam verilməsi, 7.171,22 manat və 10.780,47 manat xidmət haqqının, 50.000 manat əldən çıxmış faydanın, cəmi 67.951,69 manat pul vəsaitinin iddiaçılardan tutularaq cavabdeh "xxxx" MMC-yə ödənilməsi, 30 manat manat dövlət rüsumunun iddiaçılardan müştərək qaydada tutularaq onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-757/2021 nömrəli üzrə 18.05.2021-ci il tarixli qərardadı ilə cavabdehlərin iddiası üzrə kommersiya işi iddiaçıların iddiasına dair e- 2-2(113)-296/2021 nömrəli kommersiya işinə birləşdirilmişdir. Daha sonra iddiaçılar iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılıb qurtarana qədər cavabdehlərə məxsus bank hesablarının üzərinə 209.450,02 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 22.06.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 banklarda olan hesablarındakı 16.344 manat məbləğdə pul vəsaitinin üzərinə və Cavabdeh2 banklarda olan hesablarındakı 51.979 manat məbləğində pul vəsaitinin üzərinə, işçilərin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan, həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Qərardadla razılaşmayan tərəflər ondan şikayət verərək, iddiaçılar ərizənin təmin edilməyən hissəsində ləğv edərək, ərizənin həmin hissədə təmin edilməsini, cavabdehlər qərardadın ləğv edilməsini xahiş etmişlər. İddiaçıların şikayətinin dəlillərinə görə, məhkəmə qərardadda ərizəni hansı səbəbdən qismən təmin etdiyini əsaslandırmamış, bu barədə cavabdehlərin hər hansı bir dəlilinin olmamasına baxmayaraq, ərizəni tam təmin etməməklə yanlışlığa yol vermişdir. Qanunun mənasına görə iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir, özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Digər tərəfdən, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsini istəyən şəxslə digər şəxslərin mənafeləri arasında ədalətli balans yaradılsın və heç kimin mənafeyi bərpa olunmaz şəkildə pozulmasın. Cavabdehlərin şikayətinin dəlillərinə görə, onların bank hesabının üzərinə həbsin qoyulmasının bu işlə bağlı gələcəkdə çıxarılacaq qətnamənin icrasını çətinləşdirməsi və ya qeyri-mümkün etməsi arasında heç bir hüquqi bağlılıq yoxdur. İşə baxan məhkəmənin qərardadında Cavabdeh1 və Cavabdeh2 hansı bankda hesabına həbs qoyulması qeyd edilməyib. Çünki, əsas olan məsələ hər hansı bankda hesabının olmasının təsdiqini tapmasıdır. Lakin bununla bağlı hər hans sübut iş materiallarında yoxdur. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2-2(103)-394/2021 saylı qərardadına əsasən mübahisəli icarə obyektində hər hansı təmir-quraşdırma işlərinin aparılması Cavabdeh1 və Cavabdeh2a qadağan edilmişdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Göründüyü kimi, qətnamənin gələcəkdə icrasını çətinləşdirəcək və qeyri-mümkün hesab edəcək əsaslar yoxdur. Lakin məhkəmə bu hallara diqqət yetirməmiş və əsassız olaraq pul vəsaitlərinin üzərinə həbs qoyulması qərarına gəlmişdir. Bundan əlavə, cavabdehlər sahibkarlıq subyektləri olduğundan pul vəsaitlərinə həbsin qoyulması onların hazırda və gələcəkdə normal sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsinə imkan verməyəcək. Bunun nəticəsində fərdi sahibkar öz potensialından tam istifadə edə bilmir, yəni qanunla nəzərdə tutulmuş hüquqlardan tam və ya qismən məhrum olur. Qanunvericilikdə iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının məqsədi göstərilsə də, qərardadda bu tədbirlərin tətbiqinin zəruriliyi meyarları müəyyən edilmir. Ona görə də hakim iddianın təmin edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxarkən işin konkret hallarını nəzərə almalı və məsələyə iddianın əsaslılığı prezumpsiyası baxımından yanaşmalıdır. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin vəkil və nümayəndələri öz şikayətlərini müdafiə edib, qarşı tərəfin şikayətini qəbul etməyib, şikayətlərə uyğun izahatlar vermişlər. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki iş, kommersiya mübahisəsi üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər, bu tədbirin tətbiq olunması isə o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təmin etmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, iddianı təmin tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. İddianı təmin tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianı təmin tədbiri bilavasitə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə yönəlməmiş, tədbirlə qorunan maraq iddianın məqsədləri ilə üst-üstə düşməmişdir. Belə ki, iddiaçıların iddia ərizəsindən müəyyən olunduğu kimi, hazırkı iddianı qaldırmaqdan əsas məqsədləri “Megafun” Ticarət Mərkəzində yerləşən qeyri-yaşayış sahəsi (mağaza) ilə bağlı onların icarə hüququna cavabdehlər tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması və reklamların yayımlanmasına maneə yaradılmasının qadağan olunmasından ibarətdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 2- 2(103)-394/2021 nömrəli kommersiya mübahisəsi üzrə 17.03.2021-ci il tarixli qərardadı ilə mübahisəli icarə obyektində hər hansı təmir-quraşdırma işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi də məhz bu məqsədə xidmət etmişdir. Həmçinin, iddiaçıların iddianı təmin tədbiri barədə ərizəsində iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurəti faktiki cəhətdən əsaslandırmamışdır. Ərizədən, qərardaddan və ümumiyyətlə işdən aydın olmur ki, cavabdehlərin bank hesabları üzərinə həbs qoyulmazsa, qətnamənin icrası gələcəkdə hansı qaydada çətinləşə və ya qeyrimümkün ola bilər. Nəzərə alınsa ki, cavabdehlər də sahibkarlıq subyektləridir, onların qətnamənin icrasını gələcəkdə təmin etməyə yetəcək qədər pul vəsaitlərinə və əmlaka sahib olmamaları iş materialları ilə təsdiqini tapmır, iddiaçılar da cavabdehlərin belə bir iqtisadi imkana malik olmadıqlarını irəli sürmürlər. Halbuki, mövcud vəziyyətin dəyişəcəyi halda iddiaçıların hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalı, yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalı idi ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, iddiaçıların hüquqlarının qorunmasını mümkünsüz edə yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Odur ki, bank hesablarının üzərinə həbs qoyulması indiki mərhələdə cavabdehlər üçün əsassız ağır yükə çevrilməklə, mütənasibliyə cavab vermir və sonuncuların qanuni mənafelərini təmin etmir. Bu mənada məhkəmə kollegiyası cavabdehlərin şikayətinin dəlilləri ilə tam, iddiaçıların şikayəti ilə isə qərardadın ləğvi hissədə qismən razılaşır. MPM-in 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianı təminetmə tədbiri barədə ərizə təmin edilməməli, cavabdehlərin şikayəti təmin olunmalı, iddiaçıların şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-296/2021 nömrəli iş üzrə 22 iyun 2021ci il tarixli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. İddiaçıların şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-937/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-937/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver