Məhkəmə qərarları › İş №2-2(103)-938/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-938/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-938/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddiası, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3104/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdən görünür ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında 17 noyabr 2022-ci il tarixli FB 297/22 saylı nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu müqavilənin ayrılmaz hissəsi hesab edilən sifariş orderi ilə müəyyən edilir.

2. 4.6-cı bəndə əsasən ödəniş hesab-faktura təqdim edildiyi andan 5 (beş) iş günü ərzində həyata keçirilir. Göstərilmiş xidmətin dəyərinin ekspeditora ödənilməsinin digər şərtləri və qaydaları sifariş orderlərində göstərilə bilər.

3. 5.14-cü bəndə əsasən xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında, müştəri hər ləngidilmiş günə görə ekspeditora ödənilməmiş məbləğin 0.5% həcmində cərimə ödəyir.

4. 17 noyabr 2022 tarixli FB 297/22 saylı nəqliyyat ekspedisiyası müqaviləsinə № 1 əlavədə xx.xx.2022-ci il tarixli müştəri tərəfindən sifarişin verildiyi tarix, daşınmanın təxmini müddəti 30-35 gün, 2 ədəd konteynerin Cavabdeh MMC-yə göndərilməsi qeyd edilmişdir.

5. 17 noyabr 2022 tarixli FB 297/22 saylı nəqliyyat ekspedisiyası müqaviləsinə № 1 əlavə olan 30 yanvar 2023 tarixli 01 nömrəli hər iki tərəfin möhürləri ilə təsdiq edilmiş aktın 1-ci bəndində qeyd edilmişdir ki, müvafiq müqavilənin birinci maddəsinə uyğun olaraq, ekspeditor yükün daşınması və ekspedisiyası üzrə öhdəlikləri öz üzərinə, müştəri isə bu xidmətləri qəbul etməyi və onlarının dəyərinin ödənişi üzrə öhdəlikləri öz üzərinə götürür. 2-ci bəndə əsasən bu aktın imzalanması ilə tərəflər qəbul edirlər ki, ekspeditor öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirdi. Ekspeditor tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora qarşı etirazı yoxdur.

6. 3-cü bəndə əsasən müştəri ekspeditor tərəfindən göstərilmiş xidmətlərin dəyərini müvafiq müqavilənin 4-cü maddəsinə uyğun olaraq ödəyir. Ödənişin məbləği 7.500 USD təşkil edir. Bu məbləğ müvafiq müqavilədə göstərilmiş rekvizitlər üzrə bu aktın müştəri tərəfindən imzalandığı tarixdən 3 iş günü ərzində ekspeditorun hesabına ödənilir.

7. 4-cü bəndə əsasən müştəri aktın məzmunu ilə razılaşdırıldıqda, onu aldığı gündən bir iş günü ərzində imzalamalıdır. Akt hər iki tərəfin imzalandığı və möhürləndiyi andan hüquqi gücə malikdir. Onun faksmile surəti əsli kimi qəbul edilir.

8. EBCO seriyalı 847815 nömrəli xx.xx.2023 tarixli elektron qaiməyə əsasən 12.750 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

9. xx.xx.2023 tarixli ödəniş tapşırığına əsasən 6.375 manat, xx.xx.2023 tarixli ödəniş tapşırığına əsasən 5.327 manat İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.

10. xx.xx.2023-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən 65- manat "xxxx" MMC tərəfindən “X3 Vəkil Bürosu” bank hesabına köçürülmüş, ödənişin təyinatı olaraq “AG Company Bakı Kommersiya Məhkəməsi” qeyd edilmişdir.

11. 17 noyabr 2022-ci il tarixli FB 297/22 saylı nəqliyyat ekspedisiyası müqaviləsi üzrə malların təhvil-təslim aktında cəmi 2.771,949 m2 invoys üzrə miqdar, 2.758,509 m2 sağlam formada çatdırılmış, 13.44 m2 zədəli və qeyri-sağlam formada çatdırlımışdır. Akt Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2023-cü il tarixli malların mədaxil uçotu məlumatında 13.44 kv.m yararsız mal qeyd edilmiş, Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən 1.048 (bir min qırx səkkiz) manat məbləğində xidmət haqqı, tələb edilən xidmət haqqına münasibətdə 13,10 (on üç manat on qəpik) manat məbləğində əldən çıxmış fayda və 106 (bir yüz altı) gün üçün hər ləngidilmiş günə görə hesablanmış 555,44 (beş yüz əlli beş manat qırx dörd qəpik) manat məbləğində cərimə məbləği, habelə ödənilmiş 650 (altı yüz əlli) manat məbləğində hüquqi yardım, 60 (altmış) manat məbləğində ilkin mediasiya xərci və 30 (otuz) manat məbləğində notariat xərci olmaqla, cəmi 2.356,54 (iki min üç yüz əlli altı manat əlli dörd qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra-müştəri) ilə İddiaçı (bundan sonra-ekspeditor) arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, ekspeditor müştərinin hesabına müvafiq müqavilə ilə nəzərdə tutulmuş xidmətləri yerinə yetirməyi, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür. Ekspeditor tərəfindən müştərinin sifarişi əsasında İtaliya Respublikasının Kasalqrande adlı şəhərindən Bakı şəhərinə “X5 Spa” adlı yük göndərəndən iki ədəd konteynerin gəmi və dəmiryolu nəqliyyat növləri ilə Kasalqrande-Poti-Bakı daşınma marşrutu əsasında 12.750 (on iki min yeddi yüz əlli) manat xidmət dəyəri müəyyən edilməklə daşınması nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış 30 yanvar 2023- cü il tarixli 01 nömrəli xidmətlərin göstərilməsi haqqında aktın məzmunundan göründüyü kimi, ekspeditor olaraq iddiaçı şəxs müvafiq müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada və tam həcmdə yerinə yetirmiş, göstərilmiş nəqliyyat ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab vermiş və bununla bağlı cavabdehin iddiaçı şəxsə qarşı heç bir etirazı olmamışdır. Ödəniş məbləği müvafiq müqavilədə göstərilmiş rekvizitlər üzrə bu aktın cavabdeh tərəfindən imzalandığı tarixdən, yəni 30 yanvar 2023-cü il tarixdən 3 (üç) iş günü ərzində iddiaçı şəxsin hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, tərəflər arasında müəyyən edilmiş 12.750 (on iki min yeddi yüz əlli) manat məbləğində xidmət dəyərindən müştəri ümumi məbləğin köçürülməsi tarixindən 43 (qırx üç) gün sonra, yəni 17 mart 2023-cü il tarixdə 6.375 (altı min üç yüz yetmiş beş) manat və 2 (iki) ay sonra, yəni 03 aprel 2023-cü il tarixdə 5.327 (beş min üç yüz iyirmi yeddi) manat olmaqla, cəmi 11.702 (on bir min yeddi yüz iki) manat məbləğində pul vəsaiti ödəmişdir. Bununla da, tərəflər arasında müəyyən edilmiş və razılaşdırılmış xidmət haqqından 1.048 (bir min qırx səkkiz) manat məbləğində olan hissəsi bu günə kimi iddiaçı şəxsin hesabına cavabdeh tərəfindən ödənilməsi təmin edilməmişdir. Dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara, keçirilmiş görüşlərə və 3 (üç) aydan çox vaxt keçməsinə baxmayaraq, hazırkı vaxtadək qeyd edilən borc məbləğinin ödənişi cavabdeh tərəfindən təmin edilməmiş və bununla da tərəflər arasında bağlanmış müvafiq müqavilənin ödəniş şərtləri cavabdeh tərəfindən kobudcasına pozulmuşdur.

15. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İddiaçın cəmi 2.356,54 (iki min üç yüz əlil altı manat əlli dörd qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutulması tələbinə dair iddiasının rədd edilməsini, Cavabdeh qarşılıqlı iddiasının təmin edilməsini və 7.083,10 manat pul məbləğində maddi zərər və ödənilmiş 91 (doxsan bir) manat məbləğində dövlət rüsumu, cəmi 7.174,10 manat İddiaçındən tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Qarşılqılı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi işin faktiki hallarını gizlətməklə formal xarakter daşıyır. İddiaçı MMC ilə olan əməkdaşlığı qorumaq və işbirliyinin gələcəkdə də baş tutacağını ehtimal etdiyindən, həmçinin həmin şirkətin əməkdaş(lar)ının məsuliyyətsizliyini şirkətin ümumi fəaliyyəti kimi qiymətləndirməməklə hazırkı qarşılıqlı iddia ərizədə qoyulan tələbləri yarandığı zaman irəli sürmək imkanı olsa da biznes etikası baxımından bunu doğru hesab etməmişdir. Belə ki, aşağıda ardıcıl qaydada və müvafiq mötəbər sübutlara istinad olunmaqla qeyd olunan işin faktiki hallarına əsaslanaraq, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsinin iddiası təmin olunmadan rədd edilməli və qaldırdığı qarşılıqı iddia tam təmin olunmalıdır: Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, ekspeditor müştərinin hesabına müvafiq müqavilə ilə nəzərdə tutulmuş xidmətləri yerinə yetirməyi, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür. Ekspeditor tərəfindən müştərinin sifarişi əsasında İtaliya Respublikasının Kasalqrande adlı şəhərindən Bakı şəhərinə Сеrаmiсhе Atlas Соnсоrdе Spa adlı yük gəmisindən iki ədəd konteynerin gəmi və dəmiryolu nəqliyyat növləri ilə Kasalqrande-Poti-Bakı daşınma marşurutu əsasında 12.750 (оn iki min yeddi yüz əlli) manat xidmət dəyəri müəyyən edilməklə daşınması nəzərdə tutulmuşdur, qeyd olunan müqaviləyə əlavə edilən 1 nömrəli Sifariş Orderindən görünür ki, daşımanın təxmini müddəti 30-35 gün müəyyən edilmişdir. İddiaçı MMC-nin logistika məsləhətçisi Həcər Rzaşuvari isə şirkətin xidmətləri barədə təqdimatında, həmçinin elektron poçt ünvanına imzalanmaq üçün göndərdiyi sifariş orderində daşıma müddətini 27-30 gün olaraq göstərmişdir. Bununla da, ilkin iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi sifariş orderinin birinci vərəqinin Həcər adlı əməkdaş tərəfindən sonradan dəyişdirildiyi müəyyən olunur. Lakin bütün bunlara baxmayaraq, sifariş olunan yük razılaşdırılmış 30-35 gün müddətində deyil, müqavilənin bağlandığı gündən 73 gün sonra Cavabdeh MMC-yə çatdırılmışdır. Bu həm “xidmətlərin göstərilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli aktla, həm də iddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC-nin logistika məsləhətçisi Həcər Rzaşuvari (Khadjar Rzashuvari: KRElektron ünvan 1), əməliyyatlar üzrə mütəxəssis Fərid Turabov (Farid Turabov: FElektron ünvan 2) və kommersiya direktoru Elmar Rzayevlə (ERElektron ünvan 3) aparılmış danışıqlarla təsdiq olunur. Həmin yazışmalara diqqət yetirdikdə əməliyyatlar üzrə mütəxəssis Fərid Turabovun 21 noyabr 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək olan müddətdə ancaq yalnış informasiyalar verdiyi (yük göndərənin guya yük alan barədə məlumatları daşıyıcıya təqdim etmədiyini bildirməsi, özünün yükün olduğu yeri dəqiq bildirməməsi və s.) müəyyən olunur. İddia ərizəsində tələb olunan 1.048 manat xidmət haqqı məbləğinin İddiaçı MMCyə ödənilməməsinə gəldikdə isə bunun səbəbi İddiaçı MMC-nin əməkdaşlarına əvvəlcədən bildirilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş FB297/22 saylı 17 noyabr 2022-ci il tarixli müqavilə üzrə 31 yanvar 2023-cü il tarixli təhvil-təslim aktından və həmin akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, 7.68 kvadratmetr BR. AVANA 80x80 ölçülü keramogranit plitələr və 5.76 kvadratmetr MOOV ANTHR. 60x120 sm ölçülü keramogranit piltələr, ümumilikdə 13.44 kvadrametr keramogranit piltələr yarasız (sınmış və qırılmış) vəziyyətdə olmuşdur. Bu barədə İddiaçı MMC-yə şəxsən özü məlumat verməklə mallara baxış keçirilməsini və təhvil təslim edilməsini tələb etsə də şirkətin heç bir əməkdaşı təhviltəslimində iştirak etməmişdir. İddiaçı MMC-nin əməkdaşlarına ödəniş zamanı bu halın nəzərə alınacağı bildirilmişdir. Bunları təsdiq edən müvafiq fotoşəkillər iddia ərizəsinə və “elektron məhkəmə” sistemində şəxsi kabinetə əlavə edilir. İddia ərizəsinə əlavə olunmuş malların mədaxil-uçot sənədindən görünür ki, həmin konteynerdə xüsusi sifariş olunan 95.040 m² BEAT GREY 20x120 adlı keramoqranit mal olmuş, lakin sifariş olunan yük müəyyənləşdirilmiş müddətdə çatdırılmadığından həmin sifarişi edən müştəri sifarişdən imtina etmişdir. Həmin mal xüsusi dizayn üzrə sifarişli olduğundan sonradan satılmaq imkanı demək olar ki, mümkün olmamışdır. Çünki həmin mal müştərinin zövqünə əsasən sifariş olunmuşdur. Həmin 95.040 m² BEAT GREY 20X120 adlı keramoqranit malın maya 5.448 manat 11 qəpik təşkil etsə də, həmin müştəriyə satılması 7.083 manat 10 qəpik nəzərdə tutulmuşdur. Məhz İddiaçı MMC-nin müqavilə şərtlərini pozaraq yükü vaxtında çatdırmaması səbəbindən müştəri sifarişdən imtina etmiş, nəticədə Cavabdeh MMC-yə 7.083 (yeddi min səksən üç) manat 10 qəpik məbləğində ziyan dəymişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli “nəqliyyat ekspedisiyası müqaviləsinin” 3.1.7-ci bəndinə əsasən, уükün razılaşdırılmış müddətdə və keyfiyyətdə daşınmasını təmin etmək eskpeditorun vəzifəsi olaraq müəyyən edilmişdir. İşin qeyd olunan faktiki halların ümumiləşdirərək, İddiaçı yükün nəzərdə tutulmuş müddətdə çatırılmasını təmin etməməklə və malların yararsız (sınmış) şəkildə təqdim etməklə 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli “Nəqliyyat ekspedisiyası müqaviləsinin” tələblərini pozmuş və bununla həm yükün nəzərdə tutulmuş müddətdə çatırılması və malların yararsız şəkildə Cavabdehnə maddi zərər vurmuşdur.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3104/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) ilk iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən 1.048 manat məbləğində xidmət haqqı, tələb edilən xidmət haqqına münasibətdə gecikdirilmiş vaxt üzrə 5 faiz dərəcəsi ilə 13,10 manat və 31 manat cərimə, 650 manat hüquqi yardım xərci, 60 manat məbləğində ilkin mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması, qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nəqliyyat ekspedisiyası müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə ilkin iddia üzrə iddiaçı müqavilə öhdəliklərini tam olaraq icra etmiş, razılaşdırılmış malları cavabdeh təhvil tərəfə vermişdir. Bununla belə ilkin iddia üzrə cavabdeh təhvil verilmiş malların dəyərini tam olaraq ödəməmiş, ödəniş etməməsini onunla əsaslandırmışdır ki, qabaqcadan razılaşdırılmış vaxtda və müddətdə mallar çatdırılmamış, eyni zamanda təhvil verilmiş mallar qüsurlu olmuşdur.

19. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə sübuta yetirilmişdir ki, ilkin iddia üzrə iddiaçı qarşı tərəfə ödənilməsi üçün ümumilikdə 12.750 manat məbləğində elektron qaimə göndərmişdir. Eyni zamanda cavabdeh tərəfindən 6.375 manat və 5.327 manat məbləğində ümumi ödəniş olmuşdur. İlkin iddia üzrə cavabdeh tərəf isə eyni zamanda iddia tələbinə etirazlarında qarşı tərəfə olan ödənilməli məbləği mübahisələndirməmişdir.

20. Məhkəmə 555,44 manat məbləğində cərimə məbləğinin ödənilməsi hissəsində qeyd etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 31 manat məbləğində müəyyən edilməlidir.

21. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqaviləyə № 1 əlavədə malların təxmini olaraq 30-35 gün ərzində çatdırılması qeyd edilsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında malların həmin vaxt ərzində çatdırılması razılaşdırılmışdır. Məhkəmə hesab edir ki, malların müəyyən edilmiş müddətdən daha gec müddətdə çatdırılmasında iki əsas hal mövcuddur. Öhdəliyin icrası zamanı vicdanlılıq prinsipinə riayət olunması və öhdəliyin ağlabatan müddət ərzində icra edilməsi.

22. Məhkəmə malların lazımi keyfiyyətdə verilməməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericilik daşıma zamanı daşıyıcının yüklə bağlı yalnız zahirən görünən qüsurlarla bağlı məsuliyyətini müəyyən etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 5.4 bəndində tərəflər öz aralarında razılaşdırmışdır ki, yükün korlanması, zədələnməsi və ya itkisi daşınma prosesində ekspeditorun və onun kontragentlərinin təqsiri üzündən baş veribsə tərəflər ekspeditorun hesabına müstəqil ekspert dəvət edirlər. Həmin ekspertin verdiyi qərar əsasında ekspeditor müştəri qarşısında dəymiş zərərlər üçün məsuliyyət daşıyır. Eyni zamanda 5.5 bəndə əsasən ekspeditor, əgər yük üstündə saz plomblar olan salamat konteynerdə təhvil verilibsə, bu halda ekspeditor yükün daxili zədəsi və əskiyi üçün məsuliyyət daşımır.

23. Bundan başqa iş materiallarında olan və hər iki tərəfin möhürləri ilə təsdiq edilmiş aktda yerinə yetirilmiş işlərin keyfiyyəti ilə bağlı hər-hansı problemin olmadığı göstərilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələb olunan 7.083,10 manat məbləği qarşılıqlı iddia ərizəsində onunla əsaslandırmışdır ki, müqavilə şərtlərinin pozularaq yükün vaxtında çatdırılmaması səbəbindən müştəri sifarişdən imtina etmiş nəticədə qarşılıqlı iddia üzrə iddiaçıya ziyan dəymişdir. Məhkəmə onu qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı 7.083,10 manat ona maddi ziyanın vurulduğunu qeyd etsə də həmin arqumentini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3104/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılaraq ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, sorğu əsasında yük göndərən KEOPE şirkətindən alınmış və məhkəmə çıxışına əlavə edilmiş məktubdan görünür ki, daşınması nəzərdə tutulan iki konteyner yük tam sağlam halda daşıyıcı şirkətin angentinə təhvil verilmişdir. Bundan əlavə nümayəndə yükün yararsız şəkildə təhvil verilmiş hissəsindən məsuliyyətdən kənar qalmaq üçün X1 (İncoterms İnternational Commercial Terms) istinad etmişdir. Həmin qaydalar alıcı ilə satıcı, yəni yük alan olaraq AG Company ilə yük göndərən KEOPE şirkəti arasında olan ticarət əlaqələrinə münasibətdə tətbiq olunur. Həmin qaydaların çatdırılma şərtlərindən biri olan EXW (EX WORKS) – Anbarda təhvildir. Bu satıcıya ən az risk gətirən çatdırılma növüdür ki, burada satıcının öhdəliyi minimum dərəcədədir. EXW çatdırılma şərtində satıcının əsas vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda ixrac ediləcək malın yükləməsinin ediləcəyi yerdə (fabrik, anbar, və s) malları qablaşdırılmış halda hazır saxlaması kifayətdir. Burada alıcı tam məsuliyyət daşıyır. Alıcı ixrac ölkəsindəki malları alması üçün nəqliyyat vasitəsini göndərir, malları yükləyir, gömrükdən keçirir (aralıq daşıyıcı istifadə edərsə əsas daşıyıcıya yükləyir) öz ölkəsinə gətirir və öz ölkəsindəki gömrükdən də keçirərək malın boşaldılacağı yerə gətirir. Hər iki ölkədə gömrük, nəqliyyat, daşınma, yükləmə, boşaltma və onların xərcləri alıcıya aiddir. Yuxarıda qeyd olunan məktubdan göründüyü kimi, yük göndərən İtaliyanın yük göndərən KEOPE şirkəti daşınması nəzərdə tutulan yükü tam yararlı şəkildə yük daşıyıcının nümayəndəsinə təhvil vermişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1.3-cü bəndinə yük göndərəndən yükü qəbul etmək və 3.1.10-cu bəndində yükün razılaşdırılmış müddətdə və keyfiyyətdə daşınmasını təmin etmək ekspeditorun vəzifəsi olaraq müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən qarşılıqlı iddia ərizəsində göstərilən sübutlara qiymət vermədən formal əsaslandırma aparmaqla qətnamə çıxarmışdır. Halbuki məhkəmə iclası zamanı qarşılıqlı iddia ərizəsində qeyd etdiyimiz bütün hallar tam şəkildə sübuta yetirilmiş, mübahisənin əsasını təşkil edən və bizim tərəfimizdən əsas arqument kimi irəli sürülən malların nəzərdə tutulmuş müddətdə çatdırılmaması ilə "xxxx" MMC-nin müqavilənin şərtlərini pozduğu və xalis zərərçəkən tərəfin "xxxx" MMC-nin olduğu təsdiq olunmuşdur. Lakin bununla bağlı məhkəməyə təqdim etdiyimiz "xxxx" MMC-nin əməkdaşları ilə aparılmış yazışmalara məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş, bir növ məhkəmə həmin sübutları görməzdən gəlmişdir. Məhkəməyə təqdim edilmiş yük göndərən İtaliyanın "Ceramiche Keope" şirkətindən alınmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli 62021 qaimə ilə göndərilmiş mallar yaxşı vəziyyətdə olması və yükləmə zamanı heç bir zədə almadığı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş FB297/22 saylı 17 noyabr 2022- ci il tarixli müqavilə üzrə 31 yanvar 2023-cü il tarixli təhvil təslim aktından və həmin akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, 7.68 kvadratmetr BR. AVANA 80x80 ölçülü keramogranit plitələr və 5.76 kvadratmetr MOOV ANTHR. 60x120 sm ölçülü keramogranit piltələr, ümumilikdə 13.44 kvadrametr keramogranit plitələr yararsız (sınmış və qırılmış) vəziyyətdə olmuşdur. Bu barədə "xxxx" MMC-yə məlumat verməklə mallara baxış keçirilməsini və təhvil- təslim edilməsi tələb olunsa da şirkətin heç bir əməkdaşı təhviltəslimdə iştirak etməmiş, "xxxx" MMC-nin əməkdaşlarına ödəniş zamanı bu halın nəzərə alınacağı bildirilmişlər. Bunları təsdiq edən müvafiq fotoşəkillər iddia ərizəsinə və "Elektron məhkəmə" sistemində şəxsi kabinetə əlavə edilmişdir. Məhkəmənin mövqeyinə görə qarşısı alınmaz halların mövcud olması səbəbindən "xxxx" MMC-nin malları vaxtında çatdırmamışdır. Bir daha qeyd olunur ki, məhkəmə iclasında bu hal təsdiq olunmamış və bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. "xxxx" MMC-nin nümayəndəsi etirazında heç bir sübuta istintaq etmədən malların müştərinin özünün daşıyıcı ilə bağlı yeddi gün sonra gec qərar verdiyini, gəmi xəttinin sənədinin bir həftə gec təsdiq etməsini və bunun nəticəsi olaraq müvafiq gəmi xəttində yer olmadığından qeyd edilən yükün növbədə olan başqa bir gəmi ilə daşınması ilə bağlı olduğunu bildirib bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməyərək əsassız fikir irəli sürmüşdür. Halbuki aparılmış bütün yazışmalara diqqət yetirdikdə belə bir halın mövcud olmadığı təsdiq olunur. Malların geçikdirilməsinin yeganə səbəbi "xxxx" MMC-nin əməkdaşlarının məsuliyyətsizliyidir. Bu yazışmalarla açıq şəkildə təsdiq olunur. Lakin məhkəmə normanı düzgün qiymətləndirməmiş və yalnış tətbiq etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdehin qanuni nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

27. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

28. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddə- icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddə- öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (maddə 445.2.1), icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (maddə 445.2.2.) borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında mübahisə yaranan vaxt qüvvədə olmuş redaksiyada 445.7-ci maddə-borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 850.1-ci maddə- yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 851-ci maddə-yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 855.1-ci maddə- yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır. 855.2-ci maddə- öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır. 859.2-ci maddə- bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.5-ci maddə-daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

29. Qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən qismən – ilk iddianın təmin edildiyi və qarşılıqlı iddianın təmin edilmədiyi hissədə mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3104/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli FB 297/22 saylı nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə məxsus yüklərin daşınması X2 EXW (satıcının anbarında təhvil) şərtinə uyğun həyata keçirilmiş, yük cavabdehə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır.

32. Tərəflər arasında imzalanmış 30 yanvar 2023- cü il tarixli 01 nömrəli xidmətlərin göstərilməsi haqqında aktın məzmununda qeyd edilmişdir ki, ekspeditor olaraq iddiaçı şəxs müvafiq müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada və tam həcmdə yerinə yetirmiş, göstərilmiş nəqliyyat ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab vermiş və bununla bağlı cavabdehin iddiaçı şəxsə qarşı heç bir etirazı olmamış, daşımanın dəyəri olaraq 7.500 ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

33. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 6.375 manat, xx.xx.2023 tarixdə 5.327 manat ödəniş edilmişdir.

34. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, sifarişçi yükü daşıyıcıdan təhvil alarkən malın çatdırılma müddətinə və daşımanın keyfiyyətinə hər hansı pretenziya bildirmədən onun dəyərini ödəməyi imzaladığı xx.xx.2023-cü il tarixli aktla öz üzərinə götürdüyündən və daşımanın dəyərinin bir hissəsini ödədiyindən qalıq 1.048 manat borcun ödənişindən imtinası əsassız olmuşdur. İddiaçının tələbi ödənişin gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə əldən çıxmış fayda və müqavilə şərtlərinə uyğun olaraq cərimə tutulması hissəsində də əsaslı hesab edilir

35. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilədə yükün çatırılma müddəti olaraq 30-35 gün təxmini olaraq nəzərdə tutulduğundan yüklərin həmin müddət ərzində çatdırılmamasına görə daşıyıcı məsuliyyətə cəlb oluna bilməz. Bundan əlavə qeyd edilməlidir ki, daşımanın müddəti müqavilə bağlandığı gündən yox, yükün satıcı tərəfindən daşıyıcı təşkilata təhvil verildiyi gündən hesablanmalıdır. İşdəki sənədlərdən görünür ki, yük xx.xx.2023-cü il tarixdə qaimə daşımaya təhvil verilmiş, həmin gün İtaliyanın Ravenna limanından çıxmışdır. Həmin tarixdən hesablandıqda yükün 56-cı gün təhvil verildiyi müəyyən olunmur. Bundan əlavə iş materiallarında malın xx.xx.2023-cü il tarixdə çatdırılması ilə əlaqədar sifarişçiyə 7.083,10 manat məbləğində maddi ziyan dəydiyini (malları sifarişçidən almalı olan müştərinin malın çatıdırlmasının gecikdirilməsi ilə əlaqədar malı qəbul etməkdən imtina etməsi və s) təsdiq edən hər hansı sübut yoxdur.

36. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən yükün tamlığı üzrə pretenziyalar, yəni onu korlanması, zədələnməsi və ya itkisi daşınma prosesində (yükün daşıyıcı tərəfindən qəbula anından, yük alana və ya digər səlahiyyətli şəxsə təhvil verilənədək) baş veribsə, müştəri tərəfindən ekspeditora qarşı mallar təhvil verildiyi gündən 3 gün ərzində bununla bağlı müvafiq pretenziyalar irəli sürə bilər. Qeyd edilən müddətdən kənar hər-hansı iradların bildirilməsi yolverilməzdir. Ekspeditor ona qarşı irəli sürülmüş pretenziyalar üzrə müstəqil şəkildə müvafiq yükdaşıyıcya müraciət edir. 5.4-cü bəndinə əsasən yükün korlanması, zədələnməsi və ya itkisi daşınma prosesində ekspeditorun və onun kontragentlərinin təqsiri üzündən baş veribsə tərəflər ekspeditorun hesabına müstəqil ekspert dəvət edirlər. Həmin ekspertin verdiyi qərar əsasında ekspeditor müştəri qarşısında dəymiş zərərlər üçün məsuliyyət daşıyır. 5.5-ci bəndə əsasən ekspeditor, əldən çıxmış fayda üçün, əgər yük üstündə saz plomblar olan salamat konteynerdə təhvil verilibsə, bu halda ekspeditor yükün daxili zədəsi və əskiyi üçün məsuliyyət daşımır. Hazırkı halda daşınan mallardakı qüsurların (fotoşəkillərdə öz əksini tapan) daşıma prosesi zamanı yarandığını və buna görə daşıyıcının təqsirli olduğunu təsdiq edən hər hansı sübut yoxdur.

37. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3104/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İlk iddia üzrə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3104/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar