Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-939/2025 21.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı (X11 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: sığorta müqaviləsi, sığorta haqqı ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X12 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə3 və Nümayəndə4 Nizamı oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı (X11 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-752/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “Alıcı” "xxxx" QSC ilə “Satıcı” X13 arasında bağlanmış xx.xx.2022-ci il tarxli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən satıcı bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş avtomaşının (bundan sonra “Əmlak” adlandırılacaqdır) alıcıya satılmasını, alıcı isə həmin əmlakın bu Müqavilənin 2.1. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. alıcı əmlakı X11 (lizinq alan) lizinqə verilməsi məqsədi ilə əldə edir.
2. “Lizinq verən” "xxxx" QSC ilə “Lizinq alan” X11 arasında imzalanmış MR0016169- 2022 saylı xx.xx.2022-ci il tarixli maliyyə lizinq müqaviləsinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş, etibarnamə əsasında X5 (Şəxsiyyət vəsiqəsi: AA3699903 Asan 2 xx.xx.2022) istifadəsində olan BMW 520 D Minik markalı avtomobilini (mühərrik: 1995 sm3, ban: WBANX310AC183603, buraxılış ili: 2009, rəngi: Gümüşü metalık) mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin muddəaldiıııa uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür.
3. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən BMW 520 D markalı (mühərrik: 1995 sm3, ban: WBANX310AC183603, buraxılış ili: 2009, rəngi: Gümüşü metalık) avtomobil X13 tərəfindən X8 verilmişdir.
4. Lizinq predmeti olan avtomobilin qiymətləndirilməsinə dair akta əsasən, “BMW 520 D” minik markalı, gümüşü rəngli 10FM888 dövlət qeydiyyat nişanı olan avtomobilin likvid dəyəri 17.000 manat, avtomobilin bazar dəyəri isə 20.000 manat müəyyən olunmuşdur.
5. xx.xx.2022-ci il tarixli hesablaşma aktına əsasən, lizinq məbləği 13.500 manat olan, Komissiya məbləği 945 manat, ilkin ödəniş 6.500 manat olmaqla, satıcının hesabına köçürüləcək məbləğ 20.000 manat müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, KSK********** saylı Sığorta Şəhadətnaməsinə əsasən BMW/520 markalı, 77AF208 qeydiyyat nömrəli, 2009-cu il buraxılışlı, gümüşü-metalik rəngli avtomobilin dəyəri 20000 manat, sığorta məbləği 13500 manat, sığorta haqqı 733,05 manat, azadolma məbləği 200 manat, faydalanan şəxs və sığortalı "xxxx" QSC, sürücü X11 müəyyən edilmiş, avtomobil qismən, 67,50% sığortalanmışdır.
7. xx.xx.2022-ci il tarixli, 04/2022 saylı, "xxxx" QSC ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış “Sığorta sahəsində əməkdaşlığa dair” müqayiləyə əsasən sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal sığorta hadisəsi hesab edilir. Sığorta ödənişi -sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinäyət törətməsi; Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə gorə sığorta hadisəsi hesab edilməməsi; Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Sığorta müqaviləsinin şərtlərində sığorta ödənişinin verilməsindən imtina üçün qanunvericiliyə zidd olmayan başqa əsaslar da göstərilə bilər. Sığorta ödənişjnin verilməsindən imtina edilməsi barəsində qərar sığortalıya yazılı şəkildə verilir və burada imtinanın səbəbləri əsaslandırılır. Sığortalı sığortaçının sığorta ödənişini verməkdən imtina etməsi barədə məhkəməyə şikayət edə bilər.
8. 01.02.2024-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərara əsasən 30 avqust 2023-cü il tarixdə, saat 23 radələrində "xxxx" ASC-nə məxsus, X6 idarə etdiyi, “BMW 520 D" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, nəticədə avtomobilin mühərrik və ön bölmələri yanaraq yararsız vəziyyətə düşmüş və əmlaka maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsinin araşdırılması Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin səlahiyyətinə aid olmadığından toplanmış material aidiyyəti üzrə Bakı şəhəri Suraxanı RPl-nə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmişdir.
9. 15.07.2024-cü il tarixli, MT2407, 11029693 nömrəli hesab-fakturaya və elektron qaiməyə əsasən dəymiş zərərin həcminin qiymətləndirilməsi üçün 250 manat xidmət haqqı müəyyən edilmiş, ödənilməsi üçün X9 tərəfindən "xxxx" QSC-yə təqdim edilmişdir.
10. Müstəqil sığorta eksperti - X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, avto yol nəqliyyat qəzasına uğramış BMW 520 D minik markalı, ** AF *** dövlət nömrə nişanlı, ban №WBA3d5C51F291222,2009-cı il buraxılışdan, Gümüşü metallik rəngdə, "X18 Kredit Təşkilatı” QSC-nin mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, avtomobilə yanğın zamanı zədə ön hissədən dəymişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri (manatla): 18551 manat, işçilərin (rəngsaz, dəmirçi, elektrik, çilingər, armaturçu və s.) gördüyü iş üzrə məbləğ 3080 manat olmaqla, avtomobilə dəymiş zərər cəmi 21631 manat müəyyən edilmişdir.
11. Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkətinin təqdim etdiyi 0111DS nömrəli, 01 noyabr 2025-ci il tarixli qiymətləndirməyə dair hesabatında göstərilmişdir ki, BMW 520 D minik markalı, ** AF *** DQN olan nəqliyyat vasitəsinin qalıq dəyəri 3000 manat ,real bazar dəyəri isə 18500 manat təşkil edir.
12. 10.10.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" QSC 156 manat dövlət rüsumu ödəmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
13. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) əmlaka dəymiş zərərə görə 21631 manat məbləğində sığorta ödənişinin, ekspert rəyinin alınması üçün ödənilmiş 250 manat xidmət haqqı və ödənilmiş 156 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X13 arasında bağlanmış xx.xx.2022-ci il tarxli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan “BMW 520 D” minik markalı, gümüşü rəngli avtomobili X8 lizinqə verilməsi məqsədilə iddiaçı tərəfdən əldə edilmişdir. MR0016169-2022 saylı xx.xx.2022-ci il tarixli maliyyə lizinq müqaviləsinə əsasən “BMW 520 D” minik markalı avtomobilini lizinq alanın, yəni X6 müvəqqəti istifadəsinə və sahibliyinə verilmişdir. Bundan sonra, lizinq obyekti olan “BMW 520 D” minik markalı, gümüşü rəngli, **-AF-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı avtomobil "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 3 il müddətinə 13500 manat dəyərində sığorta edilmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında KSK********** saylı nömrəli sığorta şəhadətnaməsi imzalanmışdır. 30 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində “BMW 520D” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, nəticədə avtomobilin mühərrik və ön hissələri yanaraq yararsız vəziyyətə düşmüş və avtomobilə maddi ziyan dəymişdir. Bundan əlavə, baş vermiş məlum hadisənin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində təhqiqatı aparılmış, habelə həmin idarənin təhqiqatçısının 01 aprel 2024-cü il tarixli qərarında “BMW 520 D” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində X11 tərəfindən idarə edildiyi təsbit edilmişdir. 12 iyul 2024-cü il tarixli müstəqil ekspert rəyinə əsasən yol nəqliyyat qəzasına uğramış BMW 520D minik markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 21631 manat məbləğində müəyyən edilmişdir. Həmçinin ekspert rəyinin alınması üçün tərəfimizdən 250 manat məbləğində xidmət haqqı ödənilmişdir. "xxxx" ASC tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən BMW 520D minik markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş, habelə 30 sentyabr 2024-cü il tarixli “sığorta ödənişinin ödənilməsindən imtina barədə” bildirişində sığorta ödənişinin ödənilməsindən imtinanın səbəbi kimi sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər arasında X2 olmaması qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısının 01 aprel 2024-cü il tarixli qərarında “BMW 520 D” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində Valid Kazımlı tərəfindən idarə edildiyi açıq aşkar göstərilmişdir ki, sonuncunun da adı xx.xx.2022-ci il tarixli “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında KSK********** saylı nömrəli sığorta şəhadətnaməsində əks etdirilmişdir. Deməli, cavabdeh tərəfin sığorta ödənişini ödəməkdən imtina etməsi tam əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə(ləğv prosesindədir) pretenziya qaydasında müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmiş, lakin bunun hər hansı bir formada nəticəsi olmamışdır.
15. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 443, 445.1, 883, 884.6, 922.1, 927-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 2-ci bəndləri, 927.4-cü, 933.1.1-ci maddələrinə "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 1-ci hissəsinə istinad etmişdir.
16. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddianı qəbul etmədiklərini, iddia tələbi əsassızdır və rədd edilməsini xahiş edir. İşin faktiki halları ondan ibarətdir ki, “Merkuri BOKT" ASC ilə X11 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0016169-2022 saylı maliyyə lizinq müqaviləsinə əsasən, X8 avtomobil alınması məqsədi ilə 36 ay müddətinə 13500 manat məbləğində vəsait verilmişdir. Lizinq obyekti sayılan “BMW 520” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ləğv prosesində olan Şirkət tərəfindən 3 il müddətinə 13500 manat dəyərində sığorta edilmiş, bununla bağlı olaraq “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında xx.xx.2020-ci il tarixli, KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmışdır. 30 avqust 2023-cü il tarixində saat 23:00 radələrində "BMW 520 D" markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, nəticədə avtomobilin mühərrik və ön hissələri yanaraq yararsız vəziyyətə düşmüş və avtomobilə maddi ziyan dəyişmişdir. Baş vermiş hadisə barəsində Şirkətə məlumat verildikdən sonra əməkdaşlar tərəfindən müvafiq araşdırılma aparılmış və məlum olmuşdur ki, Şirkətin iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamışdır. Belə ki, iddiaçı və Şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız X6 qeyd edilməsinə baxmayaraq, hadisə ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sığortalanmış avtomobil iddiaçı tərəfindən X4 və digərlərinin istifadəsinə verilmiş, hadisənin baş verdiyi zaman avtomobil X3 istifadəsində olmuşdur. Bu fakt Xəyal Niftəlizadə tərəfindən Şirkətə verilən video izahatla öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı qeyd olunan avtomobili üçüncü şəxsə təqdim etməsinə baxmayaraq bu barədə Şirkətə məlumat verməmişdir. Bu hal qanunvericiliyin və Şirkətin “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının tələblərinə ziddir. Azərbaycan Respublikası Maliyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydalarının 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunanqismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. İş üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir.
17. Etirazın maddi hüquqi əsası kimi AR Mülki Məcəllənin 912.1, 912.2, 922.1, 922.2, 935.1.8-ci maddələrinə istinad etmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-752/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) əmlaka dəymiş zərərə görə 13300 manat məbləğində sığorta ödənişi, ekspert rəyinin alınması üçün ödənilmiş 250 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 130 manat 65 qəpiyinin əvəzinin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, "xxxx" ASC-nin mülkiyyətində olan lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən “BMW 520 D” minik markalı, gümüşü rəngli avtomobili X8 lizinqə verilməsi məqsədilə Fuad Muradovdan əldə etmişdir. Sığorta məbləği 13500 manat olan (qismən sığorta-67.50%, azadolma məbləği 200 manat) avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən qismən sığorta edilmişdir. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində nəqliyyat vasitəsinə zərər dəymiş və dəymiş zərərin müəyyən edilməsi ilə bağlı müstəqil ekspert tərəfindən rəy tərtib edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı sığortalı olaraq baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı olan cavabdehdən sığorta ödənişini tələb etməkdə haqlıdır, lakin sığorta ödənişinin məbləği hissəsində tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı yönəldilmiş tələb üzrə işin mübahisəli halı sığorta hadisəsi zamanı avtomobili sığorta şəhadətnaməsində qeyd edilmiş X6 idarə edib- etməməsi ilə bağlıdır. Bununla bağlı cavabdehin nümayəndəsi etirazında bildirmişdir ki, yanğın hadisəsi baş verən zaman avtomobili sürücü olaraq Valid Kazımov deyil, sonuncunun dostu Xəyal Niftəlizadə idarə etmiş, sığorta şəhadətnaməsində isə yalnız sürücü Valid Kazımov göstərilmiş, Qaydalara əsasən qeyd edilən sürücüdən başqa sürücü idarə etdiyi halda sığorta ödənişi ödənilmir. İddiaçının nümayəndəsi isə bildirmişdir ki, cavabdehlə iddiaçı arasında olan razılaşmada sürücünün şəhadətnamədə göstəriləndən başqası olduğu halda sığorta ödənişindən imtina əsası qeyd edilməmişdir. Hər iki tərəfin qeyd etdikləri ilə əlaqədar məhkəmə bildirmişdir ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə bu Qaydalara Əlavədə nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir. Cavabdehin nümayəndəsi etirazının əsası kimi istinad etdiyi həmin Qaydaların Əlavəsində nəzərdə tutulmuş ərizənin iddiaçı tərəfindən doldurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki həmin Əlavədə nəzərdə tutulmuş ərizədə avtomobilin kimin idarə edəcəyi ilə bağlı ayrıca bənd və qeyd göstərilmişdir ki, orada da sığortalıya avtomobilin qeyd etdiyi şəxslərdən başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərərin sığorta təminatına daxil olmadığı və belə hallarda sığorta ödənişi verilməyəcəyi, həmçinin avtomobili idarəetmə hüququnun qeyd etdiklərindən başqa digər şəxslərə verilməsindən əvvəl həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi məqsədilə sığortaçıya yazılı məlumat verməli olduğu izah edilməlidir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Sığorta sahəsində əməkdaşlığa dair” müqayilədə də bu barədə heç bir qeyd aparılmamış, avtomobili idarə edəcək sürücü dəyişdiyi halda məlumat verməli olması və ya sığorta ödənişindən imtina olunacağı göstərilməmişdir. Odur ki, cavabdehin etirazı əsassızdır. Buna görə də məhkəmə qanunvericilik normalarını, iddiaçı ilə cavabdeh arasındakı müqavilənin şərtlərini, avtomobili idarə edəcək şəxs barədə tərəflər arasında ayrıca razılaşma olmadığını nəzərə alaraq hesab etmişdir ki, avtomobildə baş vermiş yanğın sığorta hadisəsi hesab olunmalı və iddiaçıya sığorta ödənişi ödənilməlidir. Lakin, bununla belə, məhkəmə sığorta ödənişinin məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı sığorta hadisəsi nəticəsində 21631 manat sığorta ödənişi tələb etsə də, sığorta müqaviləsi bağlanarkən avtomobil qismən, 67.50%-lə sığortalanmaqla, cəmi 13500 manat sığorta məbləği nəzərdə tutulmuş və 200 manat azadolma məbləği müəyyən edilmişdir. Belə olan halda iddiaçı dəymiş ziyanın hamısını, 21631 manatı deyil, 67,50%-ni (21631x67,5%=14600,93) tələb edə bilər, həmin 14600,93 manat məbləğ isə 13500 manat sığorta məbləğindən çox olduğu və 200 manat azadolma məbləği olduğu üçün iddiaçının tələbi sığorta məbləği həddində, azadolma məbləği çıxılaraq (13500- 200=13300), 13300 manat məbləğində təmin olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab etmişdir ki, ekspert rəyinin alınmasına görə ödənilmiş 250 manat məbləğində pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 156 manat dövlət rüsumunun 130,65 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.1, 884.3, 884.6, 896.1, 898.1, 898.2, 904.1, 904.2, 915, 922, 923.1, 925.1, 925.2, 925.5, 926.1, 926.2, 927.2, 935.1.5, 935.3, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.3, 1.1.4, 1.1.5, 1.1.19, 1.1.21, 3.3, 16.5, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014- cü il tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 1, 5.3, 5.4, 6.1, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları”na Əlavənin 6-cı bəndi göstərilmişdir.
21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnaməsi ləğv edilməsi, iddianın rədd edilməsi və iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 78 manat dövlət rüsumu iddiaçıdan apellyatorun xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Merkuri BOKT" ASC ilə X11 arasında baglanmış xx.xx.2022-ci il tarixli MR0016169-2022 saylı maliyyə lizinqi müqaviləsinə əsasən, X8 avtomobil alınması məqsədi ilə 36 ay müddətinə 13500 manat məbləğində vəsait verilmişdir. Lizinq obyekti sayılan “BMW 520” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ləğv prosesində olan Şirkət tərəfindən 3 il müddətinə 13500 manat dəyərində sığorta edilmiş, bununla bağlı olaraq “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında xx.xx.2020-ci il tarixli, KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmışdır. 30 avqust 2023-cü il tarixində saat 23:00 radələrində "BMW 520D" markalı 77- AF-208 dövlətqeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, nəticədə avtomobilin mühərrik və ön hissələri yanaraq yarasız vəziyyətə düşmüş və avtomobilə maddi ziyan dəyişmişdir. İddiaçı tərəfindən Şirkətə daxil olmuş müraciət əsasında aparılmış araşdırma nəticəsində Şirkətin iddiaçı qarşısında heç bir öhdəliyi yaranmadığı məlum olmuş və iddiaçıya sığorta ödənişindən imtinaya dair bildiriş ünvanlanmışdır. Belə ki, iddiaçı və Şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız X6 qeyd edilməsinə baxmayaraq, hadisə ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sığortalanmış avtomobil X3 istifadəsinə verilmiş, hadisənin baş verdiyi zaman avtomobil X3 istifadəsində olmuşdur. Bu fakt Xəyal Niftəlizadə tərəfindən hadisə barəsində Şirkətə verilmiş video izahatda öz əksini tapmışdır. Göründüyü kimi sığortalanmış avtomobil üçüncü şəxsə təqdim edilməsinə baxmayaraq bu barədə Şirkətə məlumat verilməmişdir. Bu hal qanunvericiliyin və sığorta qaydalarının tələblərinə ziddir. Belə ki, AR Maliyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli, Q-20 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 7.2-ci bəndinə əsasən, Sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə, yaxud müqaviləyə xitam verə bilər. Həmin Qaydaların 9.2.5-ci bəndinə əsasən sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat vermək sığortalının vəzifəsidir. Sığortalı qeyd olunan öhdəliklərini icra etməmiş və sığortaçını əlavə sığorta haqqı tələb etmək və ya müqaviləyə xitam vermək hüququndan məhrum etmişdir. Həmin Qaydaların 17.1.1.2-ci bəndinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığorta təminatı verilmir. Göründüyü kimi Qaydalarda müqavilə üzrə sürücü olmayan şəxsin sığortalı avtomobili idarə etməsi halında dəyən zərər birbaşa imtina əsası kimi çıxış edir. Qeyd etmək lazımdır ki, sığorta şəhadətnaməsində müvafiq şəhadətnamənin göstərilən Qaydalar əsasında bağlandığı aşkar surətdə əks etdirilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müvafiq Sazişdə də buqeyd öz əksini tapmışdır. Bildirir ki, qanunvericiliyə əsasən, sığorta müqaviləsi bağlanması yollarından biri və praktikada ən çox istifadə olunanı sığorta qaydaları əsasında hazırlanmış şəhadətnamənin buraxılmasıdır. Qeyd olunan müqavilənin şərt və tələbləri sığorta qaydalarında qeyd olunur. Birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən müvafiq ərizə formasının təqdim edilməməsi əsası ilə iddiaçının qeyd olunan istisna haldan məlumatsız olmasını bildirməsi absurddur. Sığorta qaydalarından qeyd olunan istisna hal aşkar surətdə göstərilmişdir. Həmçinin, sığorta şəhadətnaməsində də sürücü qrafası müəyyən edilmişdir. Bundan başqa, Suraxanı Rayon Məhkəməsinin 6(010)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli müvafiq qərarı ilə müvafiq hadisə üzrə yekun qərar olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X7 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 mart 2024-cü il tarixli qərar qanunsuz hesab edilmiş və ləğv edilmişdir. Qaydaların 20-ci bəndinə əsasən, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdən biri də müvafiq səlahiyyətli qurumun hadisə barəsində təqdim etdiyi sənəddir. Hazırki mübahisənin əsasını təşkil edən yekun qərar olmadığı birinci instansiya məhkəməsinin diqqətinə çatdırılsa qeyd olunan hala münasibət bildirilməmişdir. Odur ki, məhkəmə işin hallarını tam və obyektiv araşdırmamış və şirkətin mənafelərinə toxunan qanunazidd və əsassız qətnamə çıxarmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə tamamilə ləğv edilməli və iddianın rədd edilməsi barədə qəbul edilməlidir. Mülki Məcəllənin 912.1-ci maddəsinə əsasən sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. Lakin iddiaçı şirkətə məlumat vermədən avtomobili üçüncü şəxsin istifadəsinə vermiş, bununla da qeyd olunan normanın tələblərini pozmuşdur.
23. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmə işin hallarını tam araşdırmamışdır. Belə ki, məhkəmənin mötəbər hesab etdiyi müvafiq qüsur aktına əsasən, hadisə nəticəsində “BMW 520” markalı,**-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 21631 manat zərər dəymişdir. Müvafiq sığorta şəhadətnaməsinə əsasən, sığorta predmetinin dəyəri 20000 manat müəyyən edilmişdir. Hadisə nəticəsində avtomobilə dəymiş zərər avtomobilin dəyərinin 75%- ni keçdiyi üçün avtomobil tam məhv olmuş hesab edilir. Bu halda avtomobilin qalıq dəyəri müəyyən edilməli və həmin qalıq dəyəri sığorta ödənişindən çıxılmalıdır. Baş vermiş hadisəni apellyasiya şikayətimizdə qeyd etdiyimiz hallara əsasən sığorta hadisəsi hesab etmələrinə baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab etsə də qeyd etdiyi nüansı nəzərə almayaraq qanunvericiliyə zidd qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
25. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.
26. Məhkəmə iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz etdi şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
27. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır -884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Bu Məcəllənin 884.3 və 884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi kimi göstərmişdir. -896.1-ci maddəsinə görə mlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. -896.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir. -915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında*' Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında'* Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. -916.1.2-ci maddəsinə əsasən sığorta qaydalarında sığorta olunanların konkret kateqoriyası müəyyən edilir. -922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. -922.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. -935.1-ci maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: -935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
28. AR Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 2.0.7.-ci bəndinə əsasən sürücü –sığortalanmış avtomobili idarə etməsi halında baş verən sığorta hadisələrinə sığorta təminatı verilən fiziki şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən fiziki şəxs 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. 5.4.-cü bəndinə əsasən sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 17.1.1.2-ci bəndinə əsasən sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunarsa sığorta təminatı verilmir. 33.2.2-ci bəndinə əsasən avtomobilin tam məhv olması dedikdə avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi hesab olunur. 33.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır; 33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək. 33.2.2.2. sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi.
29. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin qismən təmin edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmiş mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir.
34. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli, KSK********** saylı Sığorta Şəhadətnaməsinə əsasən iddiaçı "xxxx" QSC-nin mülkiyyətində olan BMW/520 markalı, 77AF208 qeydiyyat nömrəli, 2009-cu il buraxılışlı, gümüşü-metalik rəngli avtomobil cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 3 il müddətinə avtomobillərin tam sığortası növü üzrə qismən (67,5%) sığortalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən avtomobilin dəyəri 20000 manat, sığorta məbləği 13500 manat, azadolma məbləği 200 manat məbləğində müəyyən edilmiş, şəhadətnamədə sürücü qismində X6 adı qeyd edilmişdir. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində, 30 avqust 2023-cü il tarixdə, saat 23 radələrində həmin avtomobil Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, nəticədə avtomobilin mühərrik və ön bölmələri yanaraq yararsız vəziyyətə düşmüş və əmlaka maddi ziyan dəymişdir. Hazıda iddiaçı sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 21631 manat sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmasını tələb edir.
35. Cavabdeh isə yanğın hadisəsi baş verərkən avtomobilin sığorta şəhadətnaməsində səlahiyyətləndirilmiş sürücü kimi göstərilməyən şəxs tərəfindən idarə olunmasına, yəni sözügedən hadisənin sığorta hadisəsi hesab edilməməsinə istinad etməklə iddianın rədd edilməsini tələb edir.
36. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilməli olan mübahisəli hal baş vermiş yanğın hadisəsinin sığorta haqqında qanunvericiliyin, sığorta qaydalarının və müqavilənin tələbləri baxımından sığorta hadisəsi hesab edilib-edilməməsidir.
37. Bununla bağlı kollegiya əvvəla qeyd edir ki, cavabdeh sığorta şəhadətnaməsində adı qeyd edilməmiş sürücü tərəfindən avtomobilin idarə olunması ilə bağlı risklərin sığorta şəhadətnaməsinə əsasən sığortalanmaması barədə dəlillərinə əsas olaraq AR Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2-ci bəndinə istinad etmişdir. Halbuki adından da göründüyü kimi həmin qaydalar hüquqi şəxslərlə bağlanmış sığorta müqavilələrinə şamil edilmir.
38. İş materiallarından isə görünür ki, mübahisəli sığorta şəhadətnaməsi sığortalı qismində Merkuri BOKT ilə bağlanmış, eyni zamanda şəhadətnamədə faydalanan şəxs qismində də Merkuri BOKT-un adı qeyd edilmişdir. Odur ki, hazırkı müqavilənin fiziki şəxsə təqdim edilən sığorta müqaviləsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur.
39. Lakin o da vurğulanmalıdır ki, cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə könüllü sığorta qaydaları mövcud deyildir, cavabdeh tərəfindən hüquqi şəxslərə təqdim edilən sığorta müqavilələrində (o cümlədən mübahisəli sığorta şəhadətnaməsində) isə AR Maliyyə Nazirliyinin Kollegiyasının q Kollegiyasının qərarı ilə təsdiq edilmiş yuxarıda göstərilən qaydalara istinad edilir.
40. Bu halda yuxarıda göstərilən qaydaların analogiya üzrə hüquqi şəxslərə təqdim edilən müqavilələrə tətbiq edilməsinin mümkün olmasını ehtimal etsək belə qeyd edilməlidir ki, yuxarıda göstərilən qaydaların 17.1.1.2-ci və 5.3-cü bəndləri sistemli şəkildə şərh edildikdə aydın olur ki, həmin qaydalara əsasən nəqliyyat vasitəsinin sürücü kimi qeyd edilməyən şəxs tərəfindən idarə olunması ilə bağlı risklər avtomobil nəqliyyatı vasitələrinin tam sığorta müqaviləsi ilə yalnız o zaman sığortalanmamış hesab edilir ki, sığorta şəhadətnamədə yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda sığorta təminatının verilməsi nəzərdə tutulmuş olsun. Hazırkı halda isə sığorta şəhadətnaməsində yalnız sürücü (sığorta olunan) kimi qeyd edilmiş şəxslərin avtomobilin idarə etməsi ilə bağlı sığorta təminatının verildiyi xüsusi qeyd edilməmişdir.
41. Odur ki, hazırkı halda sığorta şəhadətnaməsinin şərtlərinə əsasən yanğın hadisəsinin sığorta təminatına daxil edildiyini və mübahisəli yanğın hadisəsinin sığorta hadisəsi sayılmasını istisna edən hər hansı bir halın mövcudluğunun müəyyən edilmədiyini nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsi ilə razılaşır ki, hazırkı cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsassız olmuşdur.
42. Cavabdehdən tutulmalı olan sığorta ödənişinin məbləğinə gəldikdə kollegiya ilk növbədə qeyd edir ki, sığorta şəhadətnaməsində avtomobilin dəyəri 20.000 manat olaraq göstərildiyi halda avtomobilə dəymiş zərər qiymətləndirici şirkətin rəyinə əsasən 21631 manat təşkil etmişdir, odur ki, avtomobil sığorta hadisəsi nəticəsində tam məhv olmuş hesab edilməlidir.
43. Digər tərəfdən mübahisəli sığorta şəhadətnaməsi ilə sığorta təminatı qismən – 67,5 % həddində olmuşdur.
44. Belə olan halda isə cavabbdeh Mülki Məcəllənin 896.2-ci maddəsinin tələbləri baxımından sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində sığorta predmetinin qalıqlarına mülkiyyət hüququnu əldə etmək və ya avtomobilin qalıq dəyərinin ona çatmalı olan hissəsinin sığorta ödənişindən çıxmaq hüququna malikdir.
45. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən biri də məhz birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən avtomibilin qalıqlarının dəyərinin sığorta ödənişindən çıxılmamasından ibarət olmuşdur.
46. Kollegiya hesab edir ki, hazırkı halda avtomobilin qalıqlarına mülkiyyət hüququ iddiaçıda qaldığından cavabdeh avtomobilin qalıq dəyərinin ona çatmalı olan hissəsinin sığorta ödənişindən çıxmasını tələb etməkdə haqlıdır.
47. Sığorta ödənişindən çıxılmalı olan avtomobilllərin qalıqlarının dəyəri illə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinə əsasən avtomobillərin qalıqlarının dəyəri 3000 manat təşkil etmiş və iddiaçı məhkəmə iclasında həmin qiymətləndirmə rəyi ilə razılaşdığını bildirmişdir. Odur ki, məhkəmə hər iki tərəfin təylə razıladığını nəzərə alaraq avtomobilin qalıq dəyərinin həmin rəy əsasında müəyyən edilməsini mümkün hesab edir.
48. Beləliklə, sığorta şəhadətnaməsinə əsasən avtomobilin qismən – 67,5% həddində sığortalandığını nəzərə alsaq avtomobilin qalıqlarının dəyəri həmin nisbətdə olan hissəsi, yəni 2025 manat məbləği (3000x67,5%) sığortaçıya aid edildiyindən həmin məbləğ birinci instansiya məhkəməsinin müəyyən etdiyi sığorta ödənişi məbləğindən çıxılmalı (13.300-2025) və cavabdehdən iddiaçının xeyrinə tutulacaq sığorta ödənişi 11.275 manat məbləğində müəyyən edilməlidir.
49. O da vurğulanmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən sığorta məbləğində 200 manat azadolma məbləği çıxılmış və həmin hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə həmin hissədə qətnamənin əsaslılığını yoxlamır.
50. Birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli, dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 78 manat məbləğində müəyyən edilməlidir.
51. Apellyasiya şikayətinin qismən təmin edildiyini (təxmini 15% hissədə) nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti verilərkən ödənilmiş 78 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq 12 manat məbləğində hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-752/2025 saylı qətnaməsi əmlaka dəymiş zərərə görə tutulmalı olan sığorta ödənişi və dövlət rüsumunun əvəzi olaraq tutulacaq məbləğ hissələrində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) əmlaka dəymiş zərərə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan sığorta ödənişi 11275 manat məbləğində, dövlət rüsumunu əvəzi olaraq tutulacaq pul vəsaiti isə 78 manat məbləğində müəyyən edilsin, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,70 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilsin, dövlət rüsumunun qalan hissəsi cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov