Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-940/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Əzoizalı oğluna qarşı müqavilə üzrə borcun tutulması Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh Əzoizalı oğluna qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-2-2(113)- 2409/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. 02 noyabr 2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 114 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.
2. 23 oktyabr 2021-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış üzləşdirmə aktından görünür ki, Cavabdeh iddiaçıya 14005,98 manat məbləğində borcu vardır.
3. 15 aprel 2022-ci il tarixli MŞB/11-00020 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 200 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir.
4. 06 aprel 2022-ci il tarixli 25570 nömrəli qəbzdən görünür ki, Cavabdeh 500 manat məbləğində borcunu ödəmişdir.
5. 27 aprel 2022-ci il tarixli 14783 nömrəli qəbzdən görünür ki, Cavabdeh 200 manat məbləğində borcunu ödəmişdir.
6. 06 iyun 2022-ci il tarixli 16507 nömrəli qəbzdən görünür ki, Cavabdeh 100 manat məbləğində borcunu ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 13505,98 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 114 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satıcıya satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Təqdim edilmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli qaimə faktura sənədlərinə əsasən, xx.xx.2020-ci il tarixli, 114 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh bu günə kimi ümumilikdə 15315,30 manat məbləğində gips və sement əsaslı inşaat materialları təhvil verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 13505,98 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2409/2022 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 13205,98 manat əsas borcu və 200 manat mediasiya xərci cəmi 13405,98 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcunu tam olaraq ödəməmişdir.
11. Məhkəmə tərəflər arasında bağlanmış 23 oktyabr 2021-ci il tarixli üzləşmə aktı ilə cavabdehin həmin tarixə 14005,98 manat borcu olduğunu təsdiq etdiyini, bu borcun 13205,98 manat hissəsinin ödənildiyinə dair sübutlar olmadığını nəzərə alaraq iddianı bu hissədə təmin etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2-2(113)- 2409/2022 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında mübahisə olduğunu, cavabdehin ödənişləri dayandırdığı ilə bağlı halları sübut edə bilməmişdir. Məhkəmədən öncə, məhkəmə iclasları zamanı da cavabdeh ödənişlər etmiş, bu da onun tərəfindən öhdəliyin icra olunduğu deməkdir. Belə olan halda iddiaçı cavabdehi öhdəliyin icrasından yayınmaqda təqsirləndirməkdə haqlı deyil. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hazırki işdə zərər yoxdur, razılaşmaya görə cavabdeh ödənişləri hissə-hissə ödəməlidir. Cavabdeh də hissə-hissə ödəyir. Cavabdehin qeyd etdiyinə görə zərər yoxdursa, mübahisə də yoxdur, iddia tələbi əsaslı deyil, ona görə də rədd edilməlidir. Cavabdehin mövqeyinə görə tərəflər arasında mübahisə bitib, ödənişləri ilə öhdəliyini icra edir, məhkəməyə müraciət etməklə iddiaçı tərəfindən süni mübahisə görüntüsü yaratmaq düzgün deyil, ona görə də iddiayanı qəbul etmir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının qanuni nümayəndəsi X1 xx.xx.2022-ci il tarixində “AZE MİS” elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
19. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi; 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə -öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsi- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsi- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 20.Apellyasiya şikayətində cavabdeh yol verilmiş maddi və prosessual hüquq normalarına görə qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2-2(113)-2409/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 02 noyabr 2020-ci il tarixdə tərəflər arasında bağlanmış 114 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə satılmış mallara görə 23 oktyabr 2021ci il tarixə cavabdehin 14005,98 manat məbləğində borcu olmuş, cavabdeh həmin borcun 13205,98 manat hissəsinin ödənilməsi barədə məhkəməyə sübutlar təqdim edə bilmədiyindən məhkəmə iddianı bu hissədə təmin etmişdir.
23. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, razılaşmaya əsasən cavabdeh ödənişləri hissə-hissə ödəməli olduğundan iddianın təmin edilərək borcun birdəfəyə tutulması əsassızdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, 02 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 5.1-ci bəndində öhdəliyin icra müddəti müəyyən edilərək qeyd edilmişdir ki, ödəmə bank köçürülməsi yolu ilə və yaxud nağd hesablaşmas (ödəniş) yolu ilə mallar alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilməlidi. Borcun hissə-hissə ödənilməsi barədə tərəflər arasında razılaşma əldə edilməsi barədə iş materiallarında hər hansı sübut mövcud olmadığından apellyasiya şikayəti əsassız hesab edilir.
25. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verildiyi müəyyən edilmədiyindən mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.
26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2409/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ..27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh Əzoizalı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2409/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.